Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-971/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, 5%, non bis in idem) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni təmsilçisi HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=RQ9egXoNnZ8=" Qanuni nümayəndə iştirakı ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “xxxx” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında imzalanmış ##.##.2024-cü il tarixli, SU-**/****** nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu Müqaviləyə əsasən, “Satıcı” “Alıcı”nı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrində (bundan sonra “Əlavə” adlanacaq) göstərilən mal və ya xidmətlərlə təmin etməyi, “Alıcı” isə həmin mal və ya xidmətləri qəbul etməyi və müəyyən olunmuş müddətdə və şərtlər əsasında dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, tərəflər arasında bu müqavilədən irəli gələn hər bir malın alınmasına və ya xidmətin göstərilməsinə dair prosedurla bağlı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunacaq Əlavələr tərtib olunur. Əlavədə, başqa məlumatlarla yanaşı, aşağıdakılar öz əksini tapmalıdır: Müqavilə predmetinin tam təfsilatı (alınan malın və ya göstərilən xidmətin adı, forması, növü, çeşidi və sayı); Müqavilənin dəyəri və ödəniş şərtləri. 1.3-cü bəndinə əsasən, Əlavə yazılı formada tərtib olunur, ardıcıllıqla nömrələnir, tərəflərin imza və möhürü ilə təsdiq olunur. 3.2-ci bəndinə əsasən, “Satıcı” tərəfindən hazırlanan mallar və ya görülən işlər “Alıcı” tərəfindən yoxlanılır və tərəflər arasında alınan mallar və ya göstərilən xidmətlərlə əlaqədar olaraq hesab-faktura və təhvil-təslim aktı tərtib olunur və müvafiq qaydada imzalanır. 4.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən malların və ya göstərilən xidmətlərin növü, forması, çeşidi, sayı və dəyəri Əlavələrlə müəyyən olunur. Müqavilənin 4.2-ci bəndinə əsasən, Əlavə üzrə ödəniş məbləği Azərbaycan manatı (AZN) ilə həyata keçirilir. 4.3-cü bəndinə əsasən, göstərilən xidmətlərin və ya alınan malların həcmi və dəyəri Hesab-Faktura ilə müəyyən edilir və ödəniş üçün qarşı tərəfə təqdim olunur. 4.4-cü bəndinə əsasən, ödəniş (əgər Əlavədə başqa qayda nəzərdə tutulmayıbsa) mallar və ya xidmətlər “Alıcı”ya təhvil verildikdən və müvafiq sənədlər (hesab-faktura, elektron qaiməfaktura və təhvil-təslim aktı) tam şəkildə təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir. 4.5-ci bəndinə əsasən, ödəniş tarixi məbləğin “Satıcı”nın bank hesabına daxil olduğu tarix hesab olunur. 5.2-ci bəndinə əsasən, Əlavələrdə göstərilmiş mal və ya xidmətlər bu müqavilədə müəyyən olunmuş müddət ərzində təhvil-təslim aktı və elektron qaimə əsasında “Alıcı”ya təhvil verilməlidir. 6.3-cü bəndinə əsasən, “Alıcı” bu müqavilənin 4.5- ci bəndində nəzərdə tutulan tələblərə riayət etmədiyi halda o, hər müddəti ötmüş günə görə “Satıcı”ya müqavilədə nəzərdə tutulmuş mal və/və ya xidmətin ümumi dəyərinin 0,1%-i həcmində, lakin ümumi dəyərin 10%-indən artıq olmamaq şərtilə cərimə ödəməlidir.
2. ##.##.2024-cü il tarixli, SU-**/****** nömrəli alqı-satqı müqaviləsinə ** saylı Əlavədən görünür ki, tərəflər Software product X1 Premise – 5 targets 2 years adlı malın qiymətinin ƏDV daxil 33.630 manat olması barədə razılığa gəlmişlər.
3. ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən “xxxx” MMC tərəfindən ƏDV daxil 33.630 manat məbləğində Software product X1 Premise – 5 targets 2 years adlı mal Cavabdeh MMC-yə təhvil vermişdir.
4. MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil 33.630 manat məbləğində ƏDV daxil 33.630 manat məbləğində Software product X1 Premise – 5 targets 2 years adlı mal “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
5. Hüquqi yardımın göstərilməsi haqqında *** nömrəli, ##.##.2026-cı il tarixli müqavilədən görünür ki, iddiaçıya göstəriləcək hüquqi yardıma görə haqq 800 manat razılaşdırılmışdır.
6. İş materiallarında olan MT2605 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron qaiməyə əsasən 800 manat dəyərində hüquqi xidmət ödəniş üçün iddiaçıya təqdim edilmişdir.
7. Məhkəməyə təqdim edilən ##.##.2026-cı il tarixli ödəniş tapşırığından görünür ki, MT2605 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron qaimə üzrə 800 manat məbləğində pul “Femida” Vəkil Bürosuna ödənilmişdir.
8. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ##.##.2026-cı il tarixli pretenziya məktubunda ##.##.2024-cü il tarixli, SU-**/****** nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
9. ##.##.2026-cı il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, “xxxx” MMC tərəfindən dövlət büdcəsinə 210,95 manat dövlət rüsumu ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən Müqavilə üzrə ödənilməli ƏDV daxil 33,630 manat məbləğində pul vəsaitinin, 3,363 manat məbləğində cərimə məbləğinin, 2,522.25 manat məbləğində faiz məbləğinin, vəkilə ödənilmiş 800 manat olmaqla, cəmi 40,315.25 manat və dövlət rüsumu qismində ödənilmiş 210.95 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN:**********) (arasında İddiaçı tərəfindən Cavabdehə mal və xidmətlərin təchiz edilməsi ilə əlaqədar ## ####### 2024-cü il tarixli SU-**/****** saylı Alqı-satqı Müqaviləsi (bundan sonra“Müqavilə”) bağlanmışdır. Müqavilənin və * saylı Əlavəsinin şərtlərinə əsasən, İddiaçı (“Satıcı”) Cavabdehə (“Alıcıya”) (birlikdə “Tərəflər”) ƏDV daxil 33,630.00 manat dəyərində müvafiq proqram təminatı lisenziyasını (“Mal”) satmağı, Alıcı isə Malın dəyərini Mal təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və qarşılıqlı təsdiq edilmiş ## ####### 2024-cü il tarixli təhvil-təslim aktı və ## ####### 2024-cü il tarixli MT2410 seriyalı ******** saylı e-qaimə, eyni zamanda təqdim edilmiş hesab-faktura olmasına baxmayaraq, cavabdeh tərəfindən bu günədək malın dəyəri ödənilmədən qalmışdır. Bu barədə iddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıqlar edilmiş, yazılı qaydada pretenziya göndərilmiş, lakin cavabdeh bütün bunlara məhəl qoymamış və malın dəyərini hələ də ödəməmişdir. Sübutlar: İddiaçı ilə cavabdeh arasında mal və xidmətlərin təchiz edilməsi ilə əlaqədar bağlanmış ## ####### 2024-cü il tarixli SU-**/****** saylı Alqı-satqı Müqaviləsi və * saylı Əlavə; 2. ## ####### 2024-cü il tarixli Təhvil-təslim aktı; 3. ## ####### 2024-cü il tarixli MT2410 seriyalı ******** saylı e-qaimə; 4. ## ####### 2024-cü il tarixli Hesab-faktura. Beləliklə, ƏDV daxil 33,630.00 manat məbləğində malın dəyəri cavabdeh tərəfindən ödənilmədən qalmış və həmin məbləğ tam şəkildə iddiaçıya ödənilməlidir. Eyni zamanda, müqavilənin 6.3-cü bəndinə əsasən, alıcı bu müqavilənin 4.5-ci bəndində nəzərdə tutulan tələblərə riayət etmədiyi halda o, hər müddəti ötmüş günə görə satıcıya müqavilədə nəzərdə tutulmuş “mal və / və ya xidmətin” ümumi dəyərinin 0,1 %-i həcmində, lakin ümumi dəyərin 10 % həcmindən artıq olmamaq şərtilə cərimə ödəməlidir. Beləliklə, malın dəyərindən əlavə, malın ümumi dəyərinin 10 %-i - 3,363.00 manat məbləğində cərimə də iddiaçıya ödənilməlidir. Həmçinin, cavabdeh ödənişi vaxtında icra etmədiyinə görə gecikdirilən məbləğdən faiz də ödəməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Beləliklə, 2024-cü ilin oktyabr ayına cavabdehin ümumilikdə ƏDV daxil 33,630.00 manat borcu yarandığı və həmin müddətdən artıq 1 il 6 ay il keçdiyi üçün, yuxarıda göstərilənlərə əsasən, gecikdirilmiş məbləğ üzrə illik 5 % olmaqla, ümumilikdə 7.5 % məbləğində faiz hesablanmalı və 2,522.25 manat məbləğində faiz məbləği Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də, iddiaçı tərəfindən ## ### 2026cı il tarixli *** saylı müqaviləyə əsasən vəkilə ödənilmiş 800 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 8.1.3-cü maddəsinə əsasən,hazırki iddia üzrə ödənilməli dövlət rüsumu 210.95 manat təşkil edir. Buna görə də, dövlət rüsumu qismində ödənilmiş 210.95 manat məbləğində pul vəsaiti də Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir.
12. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 445.7-ci maddələrinə istinad olunmuşdur.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 33.630 manat əsas borc, 1.681 manat cərimə borcu, illik 5 % əldən çıxmış fayda qismində zərərə görə 2522,25 manat, 300 manat vəkil xərci və 197 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 33.630 manat dəyərində malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, təhvil-təslim aktı və e-qaimə) öz təsdiqini tapır. Həmçinin, cavabdeh iddiaya qarşı etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia tələbi əsas borc hissəsində təmin olunmalı, 33.630 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən 3,363 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edib ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Lakin məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1.681 manat məbləğində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 2014cü il tarixli Plenum Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır. Bununla yanaşı, dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Konstitusiyada təsbit olunmuş quruluşunun, idarəetmə üsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir. Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildəşərh edilməsinə dair ## #### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdakı mövqeyindən aydın olur ki, borclu müqavilə üzrə pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor qanundan irəli gələrək minimum təminat kimi illik 5% əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər. Ona görə də məhkəmə hesab edib ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və onun həmin tələbi haqlıdır. İddiaçı iddia ərizəsində cavabdehin əsas borcunu 1 il 6 ay müddətinə ödənilməsini gecikdirdiyini bildirmiş və məhkəmə iddiaçının hesablaması ilə razılaşaraq hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməli və əldən çıxmış fayda formasında zərərə görə 2522,25 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı 800 manat hüquqi yardıma görə vəkil qonorarı xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edib ki, iş materiallarına əsasən iddiaçı tərəfindən “Femida” Vəkil bürosuna 1 ədəd hüquqi xidmətə görə 800 manat vəsait ödənilməsi nəzərdə tutulsa da, məhkəmə mübahisənin sadəliyini, iclasların sayını (1 hazırlıq, 1 baxış iclası) nəzərə alaraq, 300 manat məbləğdə vəsaitin digər tərəfdən alınıb iddiaçıya verilməsini ağlabatan hesab edir.
49. Bundan başqa, məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 210,95 manat dövlət rüsumunun 197 manat olan hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 6, 390.1, 462.1, 463.1, 465.2, 467, 445.1, 445.7, 567, 600.1, 600.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına istinad etmişdir.
16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə özü tərəfdən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. İş üzrə materiallardan göründüyü iddiaçı məhkəmədə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyini bildirsə də, bu, həqiqəti əks etdirmir, çünki mal faktiki olaraq onlara təqdim edilməmişdir. İddiaçının öhdəliyini yerinə yetirəcəyinə inanaraq təhviltəslim aktını və elektron qaiməni imzalamış, lakin həmin sənədlərin imzalanmasına baxmayaraq, mal onlara təhvil verilməmişdir. Buna baxmayaraq, məhkəmə yalnız təhvil-təslim aktı və elektron qaiməyə əsaslanaraq malın təhvil verildiyi qənaətinə gəlmiş, malın həqiqətən təhvil verilib-verilmədiyini araşdırmamışdır. Belə ki, ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmağını xahiş etsə də, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Nəticədə, iş üzrə əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim edə bilməmiş və cavabdehin öz mövqeyini müdafiə etmək imkanı olmamışdır. Belə olduqda, məhkəmə işin hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmadan qətnamə qəbul etmişdir. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə ziddir. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli, e-*-*(*- **)-****/**** saylı qətnaməsi əsassız çıxarılmışdır. Məhkəmənin qətnaməsindən də göründüyü kimi, iddiaçı İddiaçı MMC ilə aralarında ## ####### 2024-cü il tarixli SU**/****** saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin və * saylı Əlavəsinin şərtlərinə əsasən, iddiaçı ƏDV daxil 33,630 manat dəyərində müvafiq proqram təminatı lisenziyasını satmağı, alıcı isə malın dəyərini mal təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı bildirmişdir ki, cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 33.630 manat dəyərində malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini ödəməmişdir. Hesab edir ki, məhkəmənin qətnamədə qeyd etdiyi bu hal sübut edilmiş hal deyil, sadəcə məhkəmədə iddiaçının qeyd etdiyi izahatıdır. Belə ki, məhkəminin araşdırmasından da göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Qeyd edir ki, qeyd olunan müqavilə və onun * saylı Əlavəsinə əsasən, iddiaçı tərəfindən təhvil-təslim aktı və elektron qaimə hazırlanaraq cavabdehə göndərilmişdir, lakin bu sənədlərin imzalanması malın onlara faktiki olaraq təhvil verildiyini göstərmir. Tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətləri mövcud olduğu üçün cavabdeh iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirəcəyinə inanaraq həmin sənədləri imzaladı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -449.1-ci maddəsinə görə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-
Apellyasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayətində qətnamənin əsaslılığı iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə qismən – əsas borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC (satıcı) ilə cavabdeh Cavabdeh MMC (alıcı) arasında ##.##.2024-cü il tarixli, SU-**/****** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində göstərilən mal və ya xidmətlərin alıcının (cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqaviləyə əsasən tərəfindən cavabdehə “Software product X1 Premise – 5 targets 2 yars” adlı proqram təminatının təqdim edildiyini, lakin həmin proqram təminatının dəyərinin ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə 33.630 manat məbləğində borcun yarandığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.
28. Kollegiya qeyd edir ki, əsas bocun tutulması hissəsində iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
29. İşin mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mala görə iddiaçının cavabdehə 33.630 manat dəyərində malın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi faktı mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən düzəlişə qaytarılmamış elektron qaimə, habelə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslimi aktı ilə öz təsdiqini tapır. Cavabdeh isə mübahisəli müqavilə üzrə təqdim edilmiş malın dəyərini ödəməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
30. Apellyasiya şikayətinin dəlilləri cavabdehin iş materiallarında olan təhvil-təslim aktının malların gələcəkdə təqdim ediləcəyi inamı ilə imzalanması və bu səbəbdən həmin sənədin mövcudluğunun faktiki təhvil-təslimin aparılmasına dəlalət etməməsi ilə bağlı olmuşdur. Buna dair göstərilir ki, kifayət qədər yüksək dəyərə malik olan proqram təminatının mülki dövriyyənin professional iştirakçısı tərəfindən faktiki qəbul edilmədən təhvil-təslim aktının imzalanmasının səbəbləri cavabdeh tərəfindən əsaslandırılmamış və bu dəlilin əsaslılığına dair hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan, cavabdehin həmin sənədlərin gələcəkdə malın təqdim ediləcəyi inamı ilə imzalanması barədə izahları mötəbər sübutlarla təsdiq edilmədiyindən formal mülahizə xarakteri daşıyır.
31. Prosessual pozuntulara dair qeyd olunur ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etsə də, üzürlü səbəb kimi istinad halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, habelə sonradan müvafiq sübutların təqdim ediləcəyini də bildirməmişdir. MPM-in 185-ci maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə iclasının tərəfin xahişi əsasında təxirə salınması məhkəmənin mütləq vəzifəsi xarakter daşımır və tərəfin məhkəmə iclasına gəlməməsinin səbəbinin üzrlü olması müvafiq sübutlarla təsdiq edilməlidir. Kollegiya onu da nəzərə alır ki, cavabdeh məhkəməyə təqdim etmək imkanından məhrum olduğunu bildirdiyi sübutları hazırkı icraat çərçivəsində də təqdim etməmişdir.
32. Dəbbə pulunun tutulması tələbinə dair göstərilir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, eləcə də alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Dəbbə pulunun məbləğinə münasibətdə kollegiya ödənilməsi gecikdirilmiş məbləğin 33.630 manat təşkil etdiyini, həm iddiaçı, həm də cavabdehin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun 1.681 manat manat məbləğində müəyyən edilməsi mütənasiblik prinsipinin tələblərinə cavab verir. Odur ki, dəbbə pulunun tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması imkanına gəldikdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli müqavilə üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərlə yanaşı müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulunun ödənilməsi tələbini də irəli sürmüşdür.
35. Kollegiya əvvəla, dəbbə pulu ilə bağlı qeyd edir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərindən göründüyü kimi həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü (hər həftəsi) üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
36. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.
37. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.
38. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin fomalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.
39. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilələrdə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
40. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə eyni gecikdirmə müddəti üçün həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
41. Xatırladaq ki, hazırkı halda müqavilə üzrə tutulacaq dəbbə pulu 1.681 manat məbləğində müəyyənləşdirilmişdir.
42. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq hesablanmalı olan faizlərin məbləğinə gəldikdə qeyd edilməlidir ki, mübahisəli müqavilənin * saylı Əlavəsinə əsasən mal/xidmət təhvil verildikdən, təhvil-təslim aktı və qaimə imzalandıqdan sonra 5 təqvim günü ərzində ödəniş həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi, proqram təminatı ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təhvil verilmişdir. Bu səbəbdən ödəniş öhdəliyinin icra edilməsinin son tarixi ##.##.2024-cü il hesab edilməli, gecikməyə görə faizlər isə ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır.
43. 33.630 × 5% : 12 × 18 ay= 2.522,25 manat.
44. Beləliklə, hazırkı halda əldən çıxmış faydanın əvəzi olaraq hesablanmalı olan faizlərin məbləği məhkəmə tərəfindən tutulması qət edilmiş dəbbə pulu məbləğindən çox olduğundan həmin faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə olunmayan hissəsinin, yəni 841,25 (2522,25-1681) manat hissəsinin tutulması üçün hüquqi əsaslar mövcuddur.
45. Beləliklə, kollegiya hesab edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq faiz məbləği 841,25 manat məbləğində müəyyən edilməlidir. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Buna müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 190 manat məbləğində müəyyən edilməlidir.
47. Cavabdeh tərəfindən verilmiş apellyaisiya şikayəti iddia qiymətinin cüzi hissədə təmin edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi faiz borcunun tutulması və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin, cavabdeh Cavabdeh MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulacaq faizlərin məbləği 841,25 manat, dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ isə 190 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilsin. Qətnamədən cavabdeh Cavabdeh MMC tərəfindən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov