Məhkəmə qərarları › İş №e-2-2(3-6)-985/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-985/2026

17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-985/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil vəkil2, Cavabdehin nümayəndəsi, vəkil vəkil1 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul”” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. “xxxx” MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında ## ###### 2026-cı il tarixdə imzalanmış NBK-KAl/**/**** nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya avtomobil(lər) satır. Alıcı isə satın alır. Satışa çıxarılan avtomobıl(lər) barədə bütün məlumatlar marka-, model-, buraxılış ili-, kodu, rəng-, komplektasiya, ədəd və qiymət — AZN bu müqavilənin aynlmaz tərkib hissəsi olan Əlavə N1 ilə müəyyən edilir.

3. 2.1-ci bəndinə əsasən alıcı sifarişini və ya təklifini Satıcıya həm elektron poçt vasitəsilə, həm də Satıcının ofisinə şəxsən müraciət etməklə təqdim oluna bilər. Sifariş və Təklif müqavilə ilə razılaşdırıldıqdan sonra sifariş tamamlanmış hesab olunur.

4. 3.2-ci bəndinə əsasən Avtomobil(lər)in satışı üzrə ödəniş Alıcı tərəfindən Satıcının yalnız bank hesabına tam şəkildə əvvəlcədən ödənilməlidir.

5. 3.3-cü bəndinə əsasən ödənişin satıcının bank hesabında təsdiq edilməsindən sonra avtomobil alıcıya təhvil verilir.

6. 5.1-ci bəndinə əsasən avtomobil(lər) "Alıcı"ya rəsmi şəkildə təhvil verildiyi və ya "Alıcı" tərəfindən "Satıcı"nın ərazisindən çıxarıldığı andan mülkiyyət hüququ və risklər "Alıcı"ya keçir.

7. 6.1-ci bəndinə əsasən satıcı avtomobil(lər)i Alıcıya Təhvil-Təslim Aktı imzalanmaqla təhvil verdiyi andan etibarən avtomobil(lər) üzrə heç bir gizli və ya aşkar qüsura, texniki nasazlığa, komplektasiya çatışmazlığına, sonradan yaranan hər hansı mexaniki və ya elektron dəyişikliyə görə məsuliyyət daşımır. Satıcı tərəfindən avtomobil(lər)ə dair heç bir zəmanət verilmir.

8. Müqaviləyə ** saylı Əlavə (qiymət razılaşdırma protokolu) ilə LYNK&CO 900 2.OT Ultra /2025/ 250822G0259 markalı, L6T79END3ST230471 ban nömrəli nəqliyyat vasitəsinin ƏDV daxil dəyəri 107 450.00 manat müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli təhvil-təslim aktına əsasən dəyəri 107 450.00 manat olan LYNK&CO 900 2.OT Ultra /2025/ 250822G0259 markalı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı tərəf də aktı imzalamaqla nəqliyyat vasitəsini qəbul etmişdir.

9. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nin direktoruna ## ###### 2026-cı il tarixdə məktub ünvanlayaraq tərəfindən təzə avtomobil üçün ödənilmiş pulun geri qaytarılmasını və bununla bağlı tez bir zamanda məlumat verilməsini xahiş etmişdir.

10. Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ## ###### 2026-cı il tarixli müraciətinə baxılmışdır. Hazırda avtomobil üzrə texniki diaqnostika aparılıb nasazlıqların aradan qaldırılması üçün Çin Xalq Respublikasından sifariş edilmiş ehtiyyat hissəsi ölkəyə daxil olduqdan və quraşdırılması təmin edildikdən sonra nəqliyyat vasitəsi təhvil veriləcəkdir. Ehtiyyat hissəsinin tədarük müddətinin təxminən 2-3 ay çəkəcəyi gözlənilir. “xxxx” MMC-nin direktoru tərəfindən “xxxx” MMC və Cavabdeh MMC-yə ünvanlanmış ## ### 2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, yoxlama təsviri: gəldikdən sonra şirkətimiz dərhal Çində peşəkar texniklərin sınaq sürüşünü təşkil etdi və bir anormallıq aşkar etdi. Nəqliyyat vasitəsi yoxlama üçün qaldırıcıya qaldırıldı və arxa reduktor sahəsinə yapışmış çoxlu miqdarda palçıq və qum aşkar edildi. Kompüter təhlili göstərdi ki, nasazlıq mühərrik müqavimətinin artması nəticəsində arxa mühərrikin həddindən artıq yüklənməsinə və həddindən artıq istiləşməsinə səbəb olur. Zəif naqil təması da komponentlər daxilində məlumat itkisinə səbəb ola bilər. Peşəkar fikirləri və təmir planlarını birləşdirərək, reduktor komponentinin idarəetmə lövhəsi sökuldü, proqram oxunub yazıldı və sonra Çində peşəkar texniklərimiz tərəfindən düzəldildi və bərpa edildi. Tətbiq proqramını tənzimlədikdən sonra onlayn proqramlaşdırma və komponent modulu daxilində uyğunlaşdırmadan sonra xəta həll edildi. Qeyd: Servis haqqı Cavabdeh MMC-tərəfindən qarşılanmışdır, 5 gün ərzində avtomobilinizi götürməyinizi xahiş edirik.

11. ##.##.2026-cı il tarixli protokola əsasən **AC*** nömrəli avtomobil 10 manat cərimə edilmişdir.

12. Flaşkartda olan video görüntülərdən görünür ki, iddiaçının əməkdaşı avtomobilin təmir olunduğu yerə gedərək avtomobildəki qüsur və inzibati cərimə ilə bağlı təmir sexinin əməkdaşları ilə görüntülü danışır.

13. Flaşkartda olan vatsap yazışmalardan görünür ki, tərəflər qeyd etdikləri xüsusatlar barədə məhkəmədən qabaq öz aralarında danışıqlar aparmışlar. Həmçinin, flaşkartda olan vatsap yazışmaları üzrə videodan görünür ki, mübahisə predmeti olan nəqliyyat vasitəsini təmir edən avtoservisin əməkdaşı nəqliyyat vasitəsini idarə edərkən qeydə aldığı videonu iddiaçıya göndərməklə avtomobilin birazdan ona təhvil veriləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı “xxxx” MMC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “NBK” МMC-dən onun tərəfindən avtomobilin alışı üçün ödənilmiş 107450 manat pulun, 105301 manat dəbbə pulunun, 20000 manat mənəvi ziyan, ödənilmiş 861 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə 233 912 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə Cavabdeh MMC ilə “xxxx” MMC arasında bağlanmış NBK-K/M/**/**** saylı alqı-satqı müqaviləsinə əsasən tərəfindən Cavabdeh MMC-nin Bakı şəhəri Babək prospektində yerləşən satış ofisindən qarşılıqlı razılaşmaya görə 107450 manat ödəməklə sıfır yürüşü olan “LYNK&CO 900 PLUG-IN Hibrid” markalı, L6T79END35T230471 ban nömrəsi olan qara metal rəngli avtomaşın alınmışdır. Avtomaşın alındıqdan sonra evakuator vasitəsilə gətirilib onların qarajına yerləşdirilmişdir. Səhəri gün, yəni ## ###### 2026-cı il tarixdə alınmış avtomaşın Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçərək ona ** AC *** dövlət qeydiyyat nişanı verilmişdir Məhz həmin gündən avtomaşın istifadə edilməyə başlanmışdır. ##.##.2026-cı il tarixdə avtomobili idarə edən zaman avtomobildə ciddi nöqsanlar olması müşahidə edildi, belə ki, sükanı hər iki tərəfə döndərən zaman dəmirin dəmirə dəyməsini hiss etdirən səslər müşahidə edildi. Bundan başqa, avtomobilin elektron stabilizasiya sistemində, avtopilot, toqquşmaya qarşı xəbərdarlıq sistemində, avtomatik əyləc sistemində, rekiperasiya sistemində, həmçinin mühərrikin nasazlığını göstərən işıqların yanaraq sönməməsi müşahidə edildiyindən yerindəcə saxlayaraq dərhal Cavabdeh MMC-nin səlahiyyətli əməkdaşlarına mobil telefon vasitəsilə məlumat verilmış və onlarla daim mobil telefonla əlaqədə olmuşdur. Bu müddət ərzində həm telefon danışıqları, həm də telefon vasitəsilə yazışmaları olmuşdur Bunun nəticəsində Cavabdeh MMC-nin satış mərkəzinin səlahiyyətlı nümayəndəsi İlqar Hüseynov adlı şəxsdən məlum olmuşdur ki, avtomaşının arxa reduktor dəstinin (mühərrik, elektron idarəetmə və arxa diferensial yağ möhürü daxil olmaqla) qüsurlu olması müşahidə edilmişdir. Həmin hissələrin düzəldilməsinin qeyri-mümkün olmasını bildirəndə o başa düşdü ki, bu olduqca ciddi defektdir, istehsalçı zavodun buraxdığı məhsulun tam yararsız olan avtomaşın olmasıdır, buna görə də belə qərara gəldi ki, avtomaşını satış mərkəzinə qaytarıb pulunu tələb etsin. Belə ki, cəmi bir gün işləmiş avtomaşında belə ciddi nöqsanlar olması istehsalçı zavoda inamı itirir, belə çıxır kı, istehsal olunmuş avtomaşının keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş, avtomaşında aradan qaldırıla bilməyən qüsurlar mövcuddur. “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış ## ###### 2026-cı il tarixli alqı-satqı müqaviləsinin şərtinə əsasən avtomaşının təhvil-təslim aktı imzaladıqdan sonra alıcı bütün risklərı öz üzərinə götürür. Satıcı müqavilə şərtini pozaraq keyfiyyətinə aid tələbləri əhəmiyyətli dərəcədə pozulmuş, gözlə görünməyən zavod qüsurları olan avtomaşını mənə təhvil vermişdir Bundan sonra avtomaşını satış mağazasına təhvil verərək bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinı və ödədıyı məbləğın geri qaytarılması xahiş etmişdir. Bu barədə artıq ## ###### 2026-cı il tarixdə rəsmi qaydada Cavabdeh MMC-nin rəhbərliyinə məlumat vermişdir. Buna cavab olaraq Cavabdeh MMCnin rəhbərliyi ##.##.2026-cı il tarixli məktubu ilə bildirmişdir ki, avtomobilin tərəfindən geri təqdim edilməsı ilə bağlı məsələ operativ qaydada araşdırılması üçün rəsmi servis mərkəzinə yönləndirilmişdir. Bağlanmış müqavilədə avtomobil üzrə ayrıca zəmanət öhdəliyi nəzərdə tutulmamışdır. Bununla belə, tərəfi müştəri məmuniyyətinə xüsusı önəm verdiyindən məsələnı diqqətdə saxlayır və avtomobilin texniki vəziyyətınin obyektiv şəkildə müəyyən edilməsı üçün istehsalçı tərəfindən səlahiyyət verilmiş servis mərkəzi ilə əməkdaşlıq edir. Hazırda avtomobil üzrə texniki diaqnostika aparılır və nasazlıqların səbəbi yalnız rəsmi texnikı rəy əsasında müəyyən ediləcəkdir. Həmin rəy əldə edildikdən sonra vəziyyətə uyğun olaraq tərəfinizə əlavə məlumat veriləcək və mümkün həll yolları birgə müzakirə olunacaqdır. Verilmiş cavab özünü məsuliyyətdən kənarlaşdırmaq kimi qiymətləndirildiyindən təkrar olaraq eyni məzmunlu məktubla ## ###### 2026-cı il tarixdə Cavabdeh MMC-nin rəhbərliyinə yeni etiraz məktubu göndərmişdir. Verilmiş bu məktuba Cavabdeh MMC tarixi göstərilməyən, lakin bizə ## ###### 2026-cı il tarixli məktubu ilə cavab vermişdir ki, hazırda avtomobil üzrə texniki diaqnostika aparılıb nasazlıqların aradan qaldırılması üçün Çin Xalq Respublikasından sıfariş edilmiş ehtiyat hissəsi ölkəyə daxil olduqdan və quraşdırılması təmin edildikdən sonra nəqliyyat vasitəsi tərəfə təhvil veriləcəkdir Ehtiyat hissəsinin tədarük müddətinin təxminən 2-3 ay çəkəcəyi gözlənilir

16. İddia tələbinin həcminin artırılması barədə onunla əsaslandırılmışdır ki, satıcı olan Cavabdeh MMC zəmanət müddətində mühüm qüsuru olan malı sataraq onlara külli miqdarda ziyan vurmuş və bugün də dəymiş zərəri ödəməkdən yayınır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun ümumi müddəalarında qeyd edilmişdir ki, mühüm qüsur - maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurdur. Həmin müddəalara əsasən zəmanət müddəti - müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş öhdəliklərinin qüvvədə olduğu müddətdir. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyətdə olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, saticı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehlakçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin maddənin 4-cü bəndində isə qeyd edilir ki, istesalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istelakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. İstehlakçının malı dəyişmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. Təəssüflər olsun ki, satıcı olan “xxxx” MMC bu günədək əvəzsiz olaraq nə oxşar mal vermiş, nə maşını təmir etməmiş, nə də ki, dəymiş ziyanı ödəməmişdir. ## ### 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili rəsmi olaraq bildirmişdir ki, MMC tərəfindən avtomaşın tam təmir edilmişdir, lakin iddiaçı avtomaşını qəbul etməkdən imtina edir. Qeyd edilməlidir ki, avtomaşının təmirə qoyulduğu avtotəmir emalatxanası ilə ## ### 2026-cı il tarixdə tərəfindən videogörüntülü telefon əlaqəsi saxlanılmış və sırf avtomaşının təmiri ilə əlaqədar söhbət aparılmışdır. Söhbət zamanı məlum olmuşdur ki, elə həmin gün ustalar tərəfindən avtomaşın saatda 120-130 km. sürətlə sürülərək test edilmiş və maşında problem olmadığını müəyyən etmişlər. Bundan sonra Elçin adlı şəxs də həmin gün avtomaşını yoxlamışdır. Danışıq zamanı tərcüməçi vasitəsilə Çinli rəhbərə bildiriləndə ki, özlərinin deməsinə görə avtomaşının reduktoru sıradan çıxmışdır və əgər onu sifariş edib dəyişiblərsə, üstündən çıxan hissəni göstərsinlər, lakin onun deməsinə görə avtomaşında beyin xarab olmuşdur və onun da şəklini çəkib göndərə bilər. Sonradan hansısa avtomaşının beynini onlara telefonda göstərmişlər. Bundan sonra isə Kitaylı nümayəndə onun avtomaşınını yoxlamağa getmişdir. Bu isə o deməkdir ki, avtomaşın həmin tarixdə hələ də test edilir və nəticəsi hələ də məlum deyil. ## ### 2026-cı il tarixdə isə onlara Baş Dövlət Yol Polisi İdarəsindən ** AC *** dövlət qeydiyyat nişanlı avıtomaşının sürücüsü tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar 10 AZN məbləğində cərimə gəlmişdir və həmin sənəddən görünür ki, avtomaşın ## ### 2026-cı il tarixdə saat 20-38-də Yasamal rayonu M.Müşfiq küçəsi Nəbatət bağının yaxınlığında N.Nərimanov heykəli istiqamətində sürət həddi 60 km/saat qoyulduğu halda 73 km/saat sürətlə hərəkət etmişdir. Buradan belə çıxır ki, avtomaşın tam hazır olmadığı halda, Cavabdeh MMC-nin nümayəndəsi qeyri-səmimi olaraq həqiqəti əks etdirməyən məlumatı məhkəmyə bildirmişdir. Bu da cavabdehin özünün qeyri-səmimi olmasını göstərir. Nəzərə alınsa ki, avtomaşını onlar ## ###### 2026-cı il tarixdə cavabdehə təhvil vermişdir və qanunla nəzərdə tutulan 14 gün müddəti ## ###### 2026-cı il tarixdə bitir və həmin tarixdən bu günədək 98 gün keçmişdir. Hesab edir ki, həmin 98 gün üçün cavabdeh Cavabdeh MMC onlara dəbbə pulu üzrə 105301 manat pulu da ödəməlidir. “xxxx” MMC istifadə üçün külli miqdarda dəyəri olan avtomaşın almışdır, demək həmin Cəmiyyət kifayət qədər nüfuza malik bir təşkilatdır. Buna görə də hesab edir ki, Cavabdeh MMC-nin bu hərəkətləri nəticəsində onlara 20000 manat dəyərində mənəvi ziyan da dəymişdir. Həmin Qanunun 12-ci maddəsində göstərilir ki, istehlakçının bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, stehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.

17. Cavabdeh tərəf məhkəməyə elektron qaydada ünvanladığı “məhkəmə çıxışı”nda qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC tərəfindən verilmiş iddia ərizəsi ilə tanış olduqdan və iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iddia tələbləri əsassızdır, təqdim olunmuş sübutlarla təsdiq olunmur və təmin edilməməlidir. Belə ki, tərəflər arasında ## ###### 2026-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən “LYNK&CO 900” markalı avtomobil alınmışdır. Avtomobil təhvil verilmiş, təhvil-təslim aktı imzalanmış, sonradan dövlət qeydiyyatına alınmış və istifadəyə başlanılmışdır. Beləliklə, avtomobil faktiki olaraq iddiaçının sahibliyinə və istifadəsinə keçmişdir. İddiaçı avtomobilin zavod qüsurlu olduğunu iddia edir. Lakin iş materiallarında bu iddianı təsdiq edən hər hansı müstəqil ekspertiza rəyi, istehsalçı zavodun rəyi və ya digər texniki sübut mövcud deyildir. İddia yalnız ehtimallara və fərziyyələrə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Bu halda avtomobilin məhz təhvil verildiyi anda zavod qüsurlu olması iddiaçı tərəfindən sübuta yetirilməlidir. Lakin belə bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən müraciət daxil olduqdan dərhal sonra Cavabdeh MMC məsələni diqqətə götürmüş, avtomobili servisə yönləndirmiş, diaqnostika təşkil etmiş, istehsalçı ilə əlaqə saxlamış və problemin aradan qaldırılması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. İddia ərizəsində avtomobildə mövcud olan qüsurun aradan qaldırıla bilməyən ciddi istehsal qüsuru olduğu göstərilir. Lakin sonradan təqdim olunmuş rəsmi servis sənədində bunun tam əksi qeyd edilmişdir. Servis tərəfindən aparılmış yoxlama nəticəsində müəyyən olunmuşdur ki, nasazlıq aradan qaldırılmış, proqram təminatı yenilənmiş, zəruri texniki işlər görülmüş və xəta tam şəkildə aradan qaldırılmışdır. Bundan sonra avtomobilin təhvil götürülməsi üçün iddiaçıya müraciət edilmişdir. Belə olan halda iddiaçının “aradan qaldırılması mümkün olmayan qüsur” barədə mövqeyi öz təsdiqini tapmır. Onlar nasazlığın məhz hansı səbəbdən yarandığını iddia etmir. Lakin eyni zamanda iddiaçının iddia etdiyi kimi bunun mütləq zavod qüsuru olması da sübuta yetirilməmişdir. Hamıya məlumdur ki, qış mövsümündə Azərbaycanın dağlıq rayonlarında, o cümlədən Qusar və Şahdağ istiqamətində yollar ağır iqlim və relyef şəraitinə malik olur. Lakin onlar bu halı nasazlığın səbəbi kimi təqdim etmir və bununla bağlı heç bir ittiham irəli sürmür. İddiaçı maliyyə tələbləri irəli sürmüşdür. Hesab edir ki, həmin tələblər əsassızdır. İddiaçı avtomobili alarkən onun Çin Xalq Respublikasında istehsal olunduğunu dəqiq bilirdi. Məlum məsələdir ki, Çin avtomobilləri Azərbaycan bazarında nisbətən yeni olduğundan onların bəzi ehtiyat hissələrinin ölkə daxilində daim mövcud olması mümkün deyildir. Xüsusilə yeni model avtomobillər üzrə ehtiyat hissələri birbaşa istehsalçı ölkədən sifariş edilir. xxxx tərəfindən iddiaçıya göndərilmiş məktubda da açıq şəkildə göstərilmişdir ki, zəruri ehtiyat hissəsi Çin Xalq Respublikasından sifariş edilmişdir və onun çatdırılma müddəti təxminən 2-3 ay təşkil edir. Bu barədə iddiaçı əvvəlcədən məlumatlandırılmışdır. Belə olan halda beynəlxalq təchizat müddətindən irəli gələn gecikmələr cavabdehin təqsiri kimi qiymətləndirilə bilməz. İddiaçının davranışı belə qənaət yaradır ki, onun məqsədi avtomobilin təmir olunaraq istifadəyə verilməsi deyil, ödənilmiş pulun geri qaytarılması və əlavə maliyyə tələblərinin əldə edilməsidir. Halbuki cavabdeh tərəfindən nasazlıq aradan qaldırılmış, servis xərcləri ödənilmiş, problemin həlli üçün bütün tədbirlər görülmüş və hətta məhkəmə araşdırması zamanı da iddiaçıya əlavə təminatlar və həmin nasazlıq üzrə əlavə zəmanət verilməsi imkanları təklif edilmişdir. Bu isə cavabdehin vicdanlı davranışının, əməkdaşlığa hazır olmasının və müştəri məmnuniyyətinə önəm verməsinin bariz nümunəsidir. Əgər məqsədi məsuliyyətdən yayınmaq olsaydı, nə servis təşkil edilərdi, nə təmir işləri görülərdi, nə ehtiyat hissələri sifariş edilərdi, nə də əlavə zəmanət təklif olunardı. Hesab edir ki, “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddia tələbləri əsassız hesab edilərək rədd edilməlidir.

18. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi bildirmişdir ki, bir neçə gün bundan öncə onunla əlaqə saxlayıb Çin dilində servis mərkəzindən məktub gəldiyini bildirdilər. Qarşı tərəfdə İlqar adında şəxs var, o dövrdən onların heç bir zənginə cavab vermir. Əgər 1 nəqliyyat vasitəsinin ehtiyat hissəsi 4 aydan sonra gəlirsə buna necə etibar yarana bilər. Hər dəfə bir bəhanə ilə bu işə ciddi yanaşmırlar. Bu səbəbdən də onlar da artıq ciddi yanaşmır və iddia tələbini bugünkü gündə müdafiə edir. Çünki artıq bu şirkətə inamı yoxdur, güvəni də itmişdir. Maşını yanvar ayının axırında servisə vermişdi. Son məhkəmə iclasından 1-2 gün keçdikdən sonra qarşı tərəflə əlaqə saxladıqda hələ də test olunduğunu bildiriblər. Yəni hələ ki, nəqliyyat vasitəsi hazır deyil. Maşın hazırdırsa test etməyə nə ehtiyac var. Hazırda əsas tələbləri pul vəsaitidir. Qarşı tərəfin səmimiliyinə inanmır. Nəqliyyat vasitəsinin tam texniki cəhətdən düzəldiyinə inanmasa da iş üzrə ekspertiza təyin edilməsi işin lüzumsuz formada uzanmasına səbəb olacaqdır. Yekun izahatında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, artıq iddiaçı tərəf 4-5 aydır ki, maşınsızdır. İş ekspertizaya gedəcəyi təqdirdə də 5-6 ay iş lüzumsuz uzanacaq. Odur ki, ekspertiza təyin edilməsini istəmir. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitəsini cavabdehin etibar etdiyi, bildirdiyi Servis Mərkəzinə aparmışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı zavoddan çıxmış maşını 1 gün sürmüşdü və gətirib ustaya göstərdikdə ona bildirdilər ki, problem avtomobilin reduktorundadır. Daha sonra dedilər ki, xəta elektron idarəetmə blokunda qeydə alınıb, yəni problem avtomobilin beynindədi. Nə ustaya inandı, nə də qarşı tərəfin nümayəndəsinə. Əvvəl deyirdilər maşın hazırdı gəlin aparın, daha sonra maşının şəhərdə sürüldüyünü eşitdi və cərimə məbləği də hesablanmışdı. O 1 günə cəmi 400 km yol sürmüşdü, profilaktikada olduğu müddət ərzində də 400 km yol sürülmüşdü. Həmin nəqliyyat vasitəsini öz malları kimi istifadə edirdilər. Hesab edir ki, nəqliyyat vasitəsində olan qüsur istehsalçı qüsurudur. Cavabdeh zavod qüsuru olan mal satmışdır. O ağlabatan müddət ərzində qarşı tərəfə qüsurun aradan qaldırılması üçün müraciət etdi. Ehtiyyat hissəsinin nə zaman sifariş verilməsi, nə zaman gəlməsi barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 4 ay ərzində qarşı tərəfdən ehtiyat hissəsinin gəlməsini gözləmişdir. O müraciət etdi ki, qüsur aradan qalxsın. Qarşı tərəf uzun müddət keçməsinə baxmayaraq hərəkətsizlik etməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Nəqliyyat vasitəsini qarşı tərəfin yönləndirdiyi ünvana aparmışdı. İş məhkəmənin icraatında olduğu dövr ərzində də iddiaçı tərəf gedib nəqliyyat vasitəsinə baxış keçirib və görüb ki, profilaktika dövründə də nəqliyyat vasitəsi 400 km sürülmüşdür.

19. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisə predmeti olan avadanlıq artıq gəlib, gömrükdədir. Bəyannamə də verilib. Aprel ayının axırları idi, maşına əlavə edildi. Qarşı tərəfə bununla bağlı servis də maşının hazır olması barədə məlumat vermişdir. Düzdür, həmin məktub çin dilində yazılmışdır, çünki həmin servis Çin şirkətinin servisidir, lakin onlar bu məktubu tərcümə edib vətəndaşa da göndərdilər ki, məlumatlı olsun. Onlar özü də iddiaçıya təklif etdi ki, servisə yaxınlaşsın və satış menecerləri də onlarla əlaqə saxladı. Hazırda nəqliyyat vasitəsi tam hazırdır. Yekun izahatında iddiianı qəbul etmədiklərini bildirmişdir. Nəqliyyat vasitəsi tərəfə verilərkən sürülüb təhvil verilmiş, həmin zaman da hər hansı qüsur ortaya çıxmamışdır. Tərəflər arasında bağlanmış müqavilədə də qeyd edilmişdir ki, onlar heç bir cavabdehlik daşımır. Qarşı tərəf nəqliyyat vasitəsini götürdükdən 1 gün sonra Şahdağa getmiş, dağlıq, qarlı yerə sürmüş orada nəsə olmuşdur. Qış fəslində dağlıq rayonlarında yollar ağır iqlim və relyef şəraitinə malik olur. Lakin onlar bu halı nasazlığın səbəbi kimi təqdim etmirivə bununla bağlı da heç bir ittiham irəli sürmür. Həmin zaman iddiaçı tərəf nümayəndələrlə əlaqə saxlayaraq ona vəziyyəti izah etmiş, nümayəndələri iddiaçı tərəflə çox xoş danışmış və nəqliyyat vasitəsini X5 aparmasını bildirmişdir. Nəqliyyat vasitəsi Servis Mərkəzinə aparıldıqdan sonra özü də oraya yaxınlaşmış, qüsur aktını tələb etmişdir. Nəqliyyat vasitəsi yoxlanıldıqdan sonra da qüsur bilindikdən sonra tərəfindən xərc çəkilmiş, ehtiyyat hissə sifariş verilmiş və gətirilmişdir. X1 özü gətirmiş olsaydı 6-7 aya ancaq gətiriləcəkdi. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Servis Mərkəzinin cavabdehə aidiyyatı yoxdur. Onlar sadəcə köməklik xatirinə nəqliyyat vasitəsini Servis Mərkəzinə yönəltmişdir. Nəqliyyat vasitəsini qarşı tərəf özü aparmışdı. Yazışmalara əsasən onlar tərəfindən aparıldığı kimi qeyd edilsə də onların əməkdaşı sadəcə oranın işçisidir. Məlumatı olmaya bilər. X2 ilə dəfələrlə onlar özü əlaqə saxlamışdır. Servis Mərkəzi də qarşı tərəfə məktub göndərmişdi ki, 5 gün ərzində nəqliyyat vasitəsini təhvil alın. Cərimə məbləği ilə bağlı Servis Mərkəzindən məlumat əldə etdikdə bildirdi ki, gecə yol rahat olduğu üçün əməkdaş həmin problemin olub-olmamasına əmin olmaq, test etmək üçün nəqliyyat vasitəsini yüksək sürətlə sürmüş və cərimə olunmuşdur. Bugünkü gündə nəqliyyat vasitəsinə nəsə olsa onlar məsuliyyət daşımır. Bununla bağlı qarşı tərəfin e-mailinə rəsmi məktub da göndərmişdir. Yaranmış qüsurun konkret olaraq nədən yarandığı barədə onlara məlumat verilmədi. Qarşı tərəf avtomobildə mövcud olan qüsurun aradan qaldırıla bilməyən ciddi istehsal qüsuru olduğunu bildirir. Lakin sonradan təqdim olunmuş rəsmi servis sənədində bunun tam əksi qeyd edilmişdir. Çin maşınlarının təmiri ilə bağlı əsas bu Servis Mərkəzidir. Əsas mütəxəssislər bu Mərkəzdə fəaliyyət göstərir. X3 ustaları da Çin ölkəsinin öz vətəndaşlarıdır. Maşın iddiaçı tərəfin yanında sürülərək tərəfə təhvil verilmişdir. Hər hansı qüsur olsaydı həmin an da ortaya çıxa bilərdi.

20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsi çıxarılana qədər avtomobil cavabdehin müəyyən etdiyi avtomobil təmiri emalatxanasında olmuş və yalnız qətnamə çıxarılandan sonra tərəfimizdən avtomobil oradan götürülmuşdür. Bundan da bir neçə gün sonra avtomobili saatda təxminən 100-110 km. sürətlə surən zaman həmin taqqıltı səsləri müşahidə edilmişdir. Bu zaman müstəqil ekspert rəyi almaq üçün ekspertizaya müraciət edilmiş, lakın ekspertlər bildirmişlər ki, avtomaşın servis mərkəzində texniki diaqnoqstika aparılmalıdır. Bunun üçün bir neçə Mərkəzə müraciət etdikdə isə məlum olmuşdur ki, onlarda bu markada olan avtomobilləri texnikı diaqnostika etmək üçün lazımi texniki imkanları yoxdur. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi rəsmi olaraq bildirmişdir ki, avtomobilin yalnız proqramm təminatı yenilənmiş və bunu da sifariş edərək Çindən gətızdırmışlər. Bunu guya sübutetmək üçün nümayəndə Çın dilində yazılmış bir kağız təqdim edərək bildirmişqdir ki, guya bu gələn avtomobil hissəsinin yol sənədidir və orada nə yazılmasını tərcümə belə etdirməmişdır. Buna baxmayaraq «xxxx» MMC-nin təqdim etdıyı məktubdan görünür ki, onlar tərəfindən avtomobilin reduktor komponentinin idarəetmə lövhəsi üzrə müvafiq texniki işlər görülmüş, proqramm təminatı yenilənmişdir. Buradan da görünür ki, avtomobilin reduktorunun dəyişilməsi baş verməmiş və bunun nəticəsidir ki, bu gün də reduktorda yenə də həmin taqqıltı səsləri müşahidə edilir. Nəzərə alsaq ki, hərəkətdə olan avtomobilin reduktorunun qəfl sıradan çıxması hansı nəticələrə səbəb ola bilər, bunun məsuliyyəti kimin üzərinə düşəcək. Məhkəmə isə qüsurun aradan qaldırılması üçün beş ay müddəti ağlabatan hesab etmişdir. İddia qaldırılandan dörd ay sonra axırıncı məhkəmə hazırlıq iclası zamanı, yəni ## ### 2026-cı il tarixdə hakım iş üzrə ekspertiza təyin edilməsini təklif etmiş, lakin biz bundan imtina etdik və səbəbini də onunla izah etmişik ki, külli miqdarda pul verib cəmi iki gün avtomobildən istifadə etmişik və ekspertiza keçirilməsı də ən azı dörd ay çəkəcəkdir Məhkəmə dəbbə pulunun tutulması hissəsində iddianı təmin etməməkdə də haqlı olmamışdır, belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində istehlakçının şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxıd almaq və ya sifariş vermək niyyəti olan şəxs olması qeyd edilmişdir. Bu zaman qanunda onun fiziki və ya hüquqi şəxs olması qeyd edilməmışdır. Eyni qaydada da cavabdehin hərəkətlərı nəticəsində hüquqi şəxs olaraq bizim işgüzar nüfuzuna zərər vurulmasını da qeyri-obyektiv qiymətləndirmişdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştriak edən iddiaçının nümayəndəsi, vəkil vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında iştriak edən cavabdehin nümayəndəsi, vəkil vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

28. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

29. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.

30. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

31. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən

43. aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

32. 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.

33. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir

34. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

35. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

36. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığını tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. İş materillarına əsasən tərəflər arasında ## ###### 2026-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən LYNK&CO 900 markalı avtomobil iddiaçıya satılmış, avtomobil iddiaçıya təhvil verilmiş və iddiaçı tərəfindən onun dəyəri tam ödənilmişdir.

48. Hazırda iddiaçı avtomobil təhvil verildikdən qısa müddət sonra onda aşkar edilmiş texniki nasazlıqla əlaqədar alqı-satqı müqaviləsindən imtina edərək ödədiyi pul vəsaitinin geri qaytarılması, dəbbə pulu və digər tələblərlə məhkəməyə müraciət etmişdir.

49. İş materiallarından görünür ki, avtomobildə nasazlıq aşkar edildikdən dərhal sonra iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh isə həmin müraciəti cavabsız qoymayaraq avtomobili texniki baxış və təmir üçün ixtisaslaşmış servis mərkəzinə yönləndirmişdir. Həımçinin cavabdeh iddiaçının müraciətindən sonra avtomobil üzrə texniki diaqnostikanın aparılmasını təmin etmiş, nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görmüş, ehtiyat hissələrinin sifariş olunmasını təşkil etmiş və təmir prosesini həyata keçirmişdir.

50. Apellyator hazırda avtomobilin qətnamə çıxarıldıqdan sonra servisdən götürüldüyünü və bir neçə gün sonra 100-110 km/saat sürətlə hərəkət zamanı taqqıltı səslərinin yenidən eşidildiyini bildirərək qüsurun aradan qaldırılmadığı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal özlüyündə həmin səsin əvvəlki nasazlıqla eyni səbəbdən yarandığını və cavabdeh tərəfindən aparılmış təmirin nəticəsiz olduğunu sübut etmir. Avtomobildə sonradan hər hansı səsin yaranması ilə əvvəlki nasazlığın eyni olması arasında avtomatik əlaqə mövcud deyildir. İddiaçı bunun üçün həmin səsin məhz əvvəlki qüsurun davamı olduğunu, onun hansı texniki səbəbdən yarandığını və aparılmış təmirin bu səbəbi aradan qaldırmağına dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə bu halları təsdiq edən müstəqil ekspert rəyi təqdim etməmişdir.

51. Kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsində də məhz bu məsələlərin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi imkanının olduğu iddiaçıya məlum olmuş, lakin iddiaçı həmin ekspertizanın keçirilməsindən imtina etmişdir.

52. İddiaçı apellyasiya şikayətində reduktorun dəyişdirilmədiyinindən nasazlığın aradan qaldırılmadığını bildirir.

53. Bununla bağlı kollegiya hesab edir ki, qüsurun aradan qaldırılması üçün mütləq şəkildə reduktorun bütövlükdə dəyişdirilməsi tələb olunması barədə iş materiallarında hər hansı sübut mövcud deyil, əksinə, “xxxx” MMC-nin məktubundan avtomobilin reduktor komponentinin idarəetmə lövhəsi üzrə texniki işlərin görüldüyü, proqram təminatının yeniləndiyi, proqramlaşdırma və uyğunlaşdırmanın aparıldığı və nəticədə aşkar edilmiş nasazlığın aradan qaldırıldığı göstərilir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

55. Tərəflər arasında ## ###### 2026-cı il tarixdə imzalanmış NBK-KAl/**/**** nömrəli alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən avtomobil(lər) "Alıcı"ya rəsmi şəkildə təhvil verildiyi və ya "Alıcı" tərəfindən "Satıcı"nın ərazisindən çıxarıldığı andan mülkiyyət hüququ və risklər "Alıcı"ya keçdiyi qeyd olunmuş və Müqaviləyə ** saylı Əlavə (qiymət razılaşdırma protokolu) ilə LYNK&CO 900 2.OT Ultra /2025/ 250822G0259 markalı, L6T79END3ST230471 ban nömrəli nəqliyyat vasitəsinin ƏDV daxil dəyəri 107 450.00 manat müəyyən edilmiş, ##.##.2026-cı il tarixli təhvil-təslim aktına əsasən dəyəri 107 450.00 manat olan LYNK&CO 900 2.OT Ultra /2025/ 250822G0259 markalı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı tərəf də aktı imzalamaqla nəqliyyat vasitəsini qəbul etmişdir.

56. Müqavilənin 6.1-ci bəndinə əsasən satıcı avtomobil(lər)i Alıcıya Təhvil-Təslim Aktı imzalanmaqla təhvil verdiyi andan etibarən avtomobil(lər) üzrə heç bir gizli və ya aşkar qüsura, texniki nasazlığa, komplektasiya çatışmazlığına, sonradan yaranan hər hansı mexaniki və ya elektron dəyişikliyə görə məsuliyyət daşımır. Satıcı tərəfindən avtomobil(lər)ə dair heç bir zəmanət verilmir.

57. Göründüyü kimi İddiaçı qeyd edilən müqavilə şərtlərini qəbul edərək, müqaviləni imzalamamış və yaranacaq qüsurlarla bağlı bütün riskləri qəbul etmişdir.

58. Bundan başqa məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, müqavilə şərtlərinə əsasən avtomobildə yaranmış qüsurla bağlı cavabdehin hər hansı öhdəliyi olmasada, qüsurun aradan qaldırılması üçün iddiaçıya yardım etmiş və son nəticədə yaranmış nasazlıq aradan qaldırılaraq iddiaçı tərəfindən təhvil alınmışdır.

59. İddiaçı apellyasiya şikayətində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad edərək həmin normada istehlakçının fiziki və ya hüquqi şəxs olmasının ayrıca göstərilmədiyi dəlilinə münasibətdə qeyd edir ki, Qanunun 1-ci maddəsində istehlakçı “şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs” kimi müəyyən edilmişdir. Deməli, istehlakçı statusunun müəyyən edilməsində əsas meyar şəxsin adının və ya təşkilati-hüquqi formasının fiziki və ya hüquqi şəxs olması deyil, malın hansı məqsədlə əldə edilməsidir.

60. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində avtomobilin məhz şəxsi tələbatını ödəmək məqsədilə əldə edildiyini bildiriməmiş və ya təsdiq edən konkret hal göstərməmişdir.

61. Həmçinin iş materiallaırndan göründüyü kimi “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsi hüquqi şəxslər arasında, onların sahibkarlıq fəaliyyəti çərçivəsində bağlanmış müqavilə olmaqla, iş üzrə avtomobilin şəxsi tələbatın ödənilməsi məqsədilə əldə edilməsi müəyyən edilmədiyindən, iddiaçının istehlakçı kimi müdafiə olunmasına və bunun əsasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun dəbbə pulu ilə bağlı müddəalarına istinad edilə bilməz.

62. Apellyator şikayətin dəlillərində birinci instansiya məhkəməsinin hüquqi şəxs olaraq onun işgüzar nüfuzuna vurulduğu iddia edilən zərəri qeyri-obyektiv qiymətləndirdiyini bildirir.

63. İş materiallaırna əsasən avtomobil iddiaçı tərəfindən hüquqi şəxs kimi və sahibkarlıq fəaliyyəti çərçivəsində əldə edilmişdir. Belə olan halda avtomobilin alınmasının şəxsi tələbatın ödənilməsinə xidmət etməsi barədə hər hansı mötəbər sübut mövcud deyildir. İddiaçı da apellyasiya şikayətində avtomobilin məhz şəxsi tələbatını ödəmək məqsədilə əldə edildiyini təsdiq edən konkret hal göstərməmişdir.

64. Qeyd olunmalıdır ki, hüquqi şəxsin işgüzar nüfuzunun qanunla qorunması onun avtomatik olaraq hər hansı müqavilə mübahisəsi nəticəsində mənəvi zərər alması demək deyildir. İşgüzar nüfuza zərər vurulduğunun qəbul edilməsi üçün konkret olaraq hansı hüquqazidd hərəkətin törədildiyi, hansı məlumatın yayıldığı və ya hansı hərəkətlə hüquqi şəxsin işgüzar nüfuzuna xələl gətirildiyi sübut etməlidir.

65. Kollegiya qeyd edir ki, hazırkı işdə isə cavabdehin iddiaçı haqqında hər hansı həqiqətə uyğun olmayan, nüfuzdan salan məlumat yayması, həmin məlumatı üçüncü şəxslərə ötürməsi, iddiaçının sahibkarlıq fəaliyyətinə və ya bazardakı nüfuzuna xələl gətirən hər hansı hərəkətə yol verməsi barədə sübut yoxdur.

66. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

67. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

68. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar