Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-989/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil vəkil2 , Cavabdehin nümayəndəsi, vəkil vəkil1 İzahət oğlunun iştirakları ilə, İddiaçı “xxxx” X1 Firmasının cavabdeh “Garanti-Az İnşaat” MTK-ya qarşı torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh “Garanti-Az İnşaat” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamının 1-ci bəndinə əsasən Nərimanov rayonu İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli, *** saylı məktubu nəzərə alınaraq Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllədə "xxxx" X1 şirkətinə göz xəstəlikləri klinikasının layihələşdirilməsi və tikintisi üçün 0,032 hektar torpaq sahəsi ayrılmışdır. 3-cü bəndinə əsasən ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə diqqət artırmaq, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılmışdır.
2. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin ##.##.2000-ci il tarixli, ***** saylı “torpaq sahəsinin ayrılmasına dair inşaat pasport”da “memarlıq-planlaşdırma göstərişləri” hissəsində sahənin mənsubiyyəti "xxxx" X1 şirkəti, sahənin təyinatı göz xəstəlikləri klinikasının layihələşdirilməsi və tikintisi, ünvanı Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllə, sahəsi 0,032 ha. Ayrılan sahəni əhatə edən ərazi, tikinti və qurğular: Sahə şimaldan avtobazanın hasarı, şimalşərqdən boşluq və cənub-şərqdən boş sahə ilə, şimalqərbdən isə Ə.nəvai küçəsi ilə əhatə olunmuşdur. Sahə haqqında məlumat: Sahənin relyefi qabarıqdır, tikinti və qurğu yoxdur. Yaşıllıqdan azaddır. Ayrılan sahə və tikinti ilə bağlı sifarişçi qarşısında qoyulan tələblər: Layihələndirmə zamanı sanitariya-gigiyena və epidemioloji tələblər, həmçinin yanğından mühafizə və qaz təchizatı sahəsində qüvvədə olan normativ qaydalar nəzərə alınmalıdır. Layihənin memarlıq və tikinti orqanlarında razılaşdırılması haqqında: Layihənin razılaşdırılması üçün sənədlər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməlidir. Layihə razılaşdırıldıqdan sonra, tikinti işlərinə başlanılmazdan əvvəl layihə sənədləri Bakı Şəhəri Tikinti və Şəhərsalma üzrə Dövlət Agentliyinin müvafiq qurumları tərəfindən qeydiyyatdan keçirilməlidir. Memarlıqplanlaşdırma göstəricilərinin müddəti: Memarlıqplanlaşdırma göstəriciləri 2 il müddətində qüvvədədir. Əgər 2 il ərzində torpaq sahəsi üzrə inşaat pasportunda nəzərdə tutulmuş məqsədlə istifadə edilməzsə, AR Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinə əsasən ayrılmış torpaq sahəsi geri alına bilər. Qeyd: tikinti işlərinə başlandıqdan sonra obyektin dəqiq poçt ünvanı Memarlıq və Şəhərsalma Baş İdarəsindən alınmalıdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X2 * saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, Sual 1: "xxxx" X1 Firmasına Bakı Şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllədə yerləşən 0.032 hektar torpaq sahəsi "Qaranti-Az İnşaat" MTK-ya məxsus torpaq sahəsi ilə mövcud vəziyyətdə və ya sənəd üzərində üst-üstə düşürmü, əgər düşürsə hansı hissədə, hansı formada və hansı ölçüdə düşür? Cavab: Elektron kadastr baza məlumatlarına əsasən "xxxx" X3 Firmasına Bakı Şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllədə yerləşən 0.032 hektar torpaq sahəsi ilə "Qaranti-Az İnşaat" MTK-nın (torpaq sahəsi 1,6390 ha olmaqla X5 adına xüsusi mülkiyyətdədir) sənəd üzrə sahəsi arasında üst-üstə düşmə halı yoxdur. Mövcud vəziyyətdə isə qeyd olunan 0.032 ha torpaq sahəsinin şimal tərəfindən 0.015 ha hissəsi "xxxx" MTK tərəfindən abadlaşdırılmış əraziyə düşür. Sual 2: "xxxx" X1 Firmasına Bakı Şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllədə yerləşən 0.032 hektar torpaq sahəsinin mövcud vəziyyətdə zəbt olunmuş hissəsi varmı? Cavab: Elektron baza məlumatlarına əsasən qeyd olunan 0.032 ha torpaq sahəsinin cənub-qərb tərəfindən 0.0055 ha (55.0 kv.m) hissəsi Koroğlu Rəhimov küçəsinin genişləndirilməsi zamanı yolun tikinti sahəsinə düşməklə azalmışdır. Bundan əlavə olaraq şimal tərəfindən 0.015 ha (150.0 kv.m) hissəsi "Qaranti-Az İnşaat" MTK tərəfindən abadlaşdırılmış əraziyə, cənub tərəfindən 0.0115 ha (115.0 kv.m) hissəsi isə qonşuluqda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi istifadəsində olan həyətyanı sahəyə düşür. Sual 3: Tərəflərin torpaq sahələri faktiki vəziyyətdə üst-üstə düşürsə kim kimin torpağını zəbt etmişdir? Cavab: Yuxarıda göstərildiyi kimi 0.032 ha torpaq sahəsinin şimal tərəfindən 0.015 ha hissəsi "xxxx" MTK tərəfindən abadlaşdırılacaq əraziyə düşür. Sual 4: Tərəflərin torpaq sahələrinin naturadakı ölçüləri ilə həmin torpaq sahəsinin texniki sənədlərdəki koordinatları üst-üstə düşürmü? Cavab: "xxxx" X3 Firmasına verilmiş Bakı Şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı əsasında tərtib edilmiş ##.##.2000-ci il tarixli ***** nömrəli İnşaat Pasportunun tərkibində olan Ayrıc aktında sahənin döngə nöqtələrinin koordinatları göstərilməmişdir. Sahənin yerləşməsi situasiya cizgisinə, coğrafi istinadlara və tərəf ölçülərinə nəzərən müəyyən olunur. Sual 5: Dövlət reyestrində qeyd olunmuş məlumatlara əsasən mübahisə predmeti olan torpaq sahəsi tərəflərdən kimin mülkiyyətində və ya istifadəsindədir? Cavab: Elektron baza məlumatlarına əsasən mübahisə predmeti olan torpaq sahəsi dövlət reystrində qeydiyyata alınmayıb, tərəflərdən hansısa birinin mülkiyyətində deyil. Bundan əlavə olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının *** nömrəli ##.##.1998-ci il tarixli sərəncamının qüvvədə olubolmaması barədə məlumat verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq sorğu göndərilmişdir. Cavab olaraq qeyd olunmuşdur ki, mövzu ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmışdır. Sonuncunun cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sözügeden sərəncamı ilə ayrılmış torpaq sahəsində halhazırda hər hansı tikinti işləri aşkar olunmamış və "Torpaq sahəsinin ayrılması Qaydaları'na və "Inşaat pasportunun qüvvədə olma müddəti"nə istinadən sözügedən sərəncamın ləğv edilməsi haqqında aidiyyəti səlahiyyətli qurumların müvafiq hüquqi aktları barədə Nərimanov Rayon İcra Hakimiyyətində rəsmi məlumat yoxdur. Eyni zamanda sözügedən sərəncamdan irəli gelen öhdəliklərin yerinə yetirilməsi barədə yuxarıda qeyd olunanları nəzərə alaraq, sərəncamın ləğv edilib edilməməsi məsələsinə mövcud qanunvericiliyin tələblərinə əsasən, aidiyyəti qurumlar tərəfindən baxılmasının məqsədəuyğun olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunanları və inzibati icraat haqqında qanunvericiliyin tələblərini nəzərə alaraq, inzibati icraat başlanacağı təqdirdə əlavə məlumat təqdim ediləcəkdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı “xxxx” X1 Firması iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllədə yerləşən 0,032 hektar torpaq sahəsinin cavabdeh “QarantiAz İnşaat” MTK tərəfindən əvvəlki vəziyyətinin bərpa edilməsi və boşaldılaraq iddiaçı ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllədə “xxxx” X1 firmasına göz xəstəlikləri klinikasının layihələndirilməsi və tikintisi üçün 0,032 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi cavabdeh “Qaranti-Az İnşaat” MTK tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. ##.##.2025-ci il tarixdə cavabdehə göndərilən pretenziya məktubunda qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin 5 gün müddətində boşaldılaraq “xxxx” X1 firmasına təhvil verilməsi cavabdehdən tələb edilmişdir. Lakin müraciəti müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır .
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad olunmuşdur.
7. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəf məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan və iş üzrə faktı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən rədd edilməlidir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Belə ki, iddiaçı Bakı Şəhəri İcra Hakimiyyətinin *** saylı ##.##.1998-ci il tarixli Sərəncamına əsaslanaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Navai küçəsində *** saylı məhəllədə yerləşən 0,032 hektar torpaq sahəsinin boşaldılmasını tələb edir. Lakin iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin cizgi planı və sərhəd koordinatları təqdim edilməmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsinin sərhədlərini müəyyən edilmir. Belə olan halda, iddiaçının qeyd etdiyi kimi cavabdeh “Qaranti-AZ İnşaat” MTK tərəfindən zəbt edilmiş torpaq sahəsinin iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi olması sübuta yetirilmir. İddiaçı birmənalı olaraq iddia etdiyi halları sübut etməlidir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, iddiaçı mülkiyyət hüquqlarının pozulduğunu iddia etsə də, faktiki olaraq iddiaçının hər hansı hüququ pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı iltarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Əlavə olaraq qeyd edir ki, iddiaçı Bakı Şəhəri İcra Hakimiyyətinin *** saylı ##.##.1998-ci il tarixli Sərəncamını artıq 27 ildir ki, icra etmir. Bu qədər uzun həmin torpaq sahəsi ilə bağlı həm faktiki, həm də hüquqi münasibətlərdə mühüm dəyişikliklər baş vermişdir. Belə ki, torpaq sahəsinə dair Sərəncam 1998-ci ildə verilsə də, iddiaçı tərəf tərəfindən bu müddət ərzində həmin ərazi ilə bağlı faktiki istifadə, mülkiyyətə və ya istifadəyə dair hüquqi prosedurların tamamlanması, ölçü və planlama işlərinin aparılması, yaxud tikinti və sair fəaliyyətlərin həyata keçirilməsi istiqamətində heç bir konkret addım atılmamışdır. Bu isə onu göstərir ki, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyini qəbul etməmiş və ya bu hüququ uzun müddət ərzində həyata keçirməyə təşəbbüs göstərməmişdir. Bu şəraitdə, “hüquqi sabitlik” və “hüquqi müəyyənlik” prinsipləri xüsusi əhəmiyyət kəsb edir. Həmin prinsiplər beynəlxalq hüquq və Azərbaycan Respublikasının konstitusiya hüququnda, xüsusən də Konstitusiya Məhkəməsinin Qərarlarında tanmır. Hüquqi sabitlik prinsipi hüquqi münasibətlərin zamanla sabit və qorunan şəkildə saxlanılmasını, hüquqi müəyyənlik prinsipi isə vətəndaşların və hüquqi şəxslərin mövcud hüquqi vəziyyətə güvənərək gələcək fəaliyyətlərini planlaşdırmasını nəzərdə tutur. Bu prinsiplərin pozulması — yəni, uzun illər hüququndan istifadə etməyən tərəfin qəfil iddia qaldırması — digər şəxslərin qanuni gözləntilərini, investisiyalarını və fəaliyyətlərini sarsıdır və ədalətli məhkəmə araşdırmasının əsaslarını sual altına alır. Buna görə də, belə uzun müddət ərzində heç bir hüquqi tədbir görməyən və hüququndan istifadə etməyən şəxsin iddia qaldırması həm hüquqi baxımdan əsassızdır, həm də hüquqi sabitlik və müəyyənlik prinsiplərinə ziddir. Bu cür iddianın qəbul edilməsi hüququn sabitliyinə və mülki dövriyyəyə mənfi təsir göstərər.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahatlar verərək bildirmişdir ki, bu şirkətin direktoru Musayev Paşa İsmayıl oğlu məşhur göz həkimidir. Sərəncam əsasında həmin torpaq sahəsi göz klinikası tikilməsi üçün "xxxx" X1 Firmasına ayrılmış, lakin maliyyə çatışmazlığı səbəbindən klinikanı tikib başa çatdırmaq mümkün olmamışdır. Bu o demək deyil ki, iddiaçı həmin torpaq sahəsinə hüququnu itirmişdir. Qarşı tərəf hansı sənəd əsasında orada tikinti işləri görülməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Həmin torpaq sahəsinin 0,032 kv sahəsi onların ərazisi tərəfdə hasara alınıb. İddia tələbi ilə bağlı ayrıc aktı, inşaat pasportu var. Həmin torpaq sahəsi ilə bağlı çıxarışları yoxdur. ##.##.1998-ci il tarixli sərəncam bugünkü gündə də qüvvədədir. İşin uzadılmaması baxımından mütəxəssis rəyi ilə razıdır. 150 kv torpaq sahəsi qarşı tərəfə lazım deyildirsə həmin hasarı geri çəksələr onlar orada işlər görə bilərlər. Mütəxəssis rəyində qeyri-müəyyən hallar var. Bu halların aradan qaldırılması üçün yerində müayinə keçirilməsinə zərurət yaranır. Yekun izahatında bildirmişdir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən zəbt olunan hissəyə 0,015 ha, yəni 150 kv.m düşür. Lakin orada “Qaranti-Az İnşaat” MTK gələnədək mövcud obyekt, tikili var idi. Həmin şirkətin şifahi müraciəti, xahişi əsasında kompensasiya ödəyəcəkləri barədə vəd verərək həmin tikili sökülmüşdü. Cavabdeh şirkət vədinə əməl etmədi. Hazırkı məhkəmə gedişatı zamanı da bir daha şahid oldular ki, dəfələrlə barışıq əldə ediləcəyi vəd edilsə də bununla bağlı heç bir təşəbbüs göstərilməmiş, addım atılmamışdır. Yerli müayinə zamanı da açıq-aşkar göründü ki, zəbt olunmuş torpaq sahəsində cavabdeh tərəfindən müəyyən tikinti, beton, armatur işləri aparılmış, torpağa beton tökülmüş, qaraja giriş, binanın həyətinə giriş üçün keçid düzəldilmişdir. Bu səbəbdən yerli müayinədən sonra iddia tələbində dəqiqləşmə aparılması zərurəti yarandı. Çünki həmin dövrə kimi zəbt olunmuş torpaq sahəsində hər hansı tikilinin aparılması barədə onlarda məlumat yox idi. Elə düşünürdülər ki, torpaq sahəsi sadəcə olaraq hasara alınıb, torpaq üzərində hər hansı tikinti işləri aparılmamışdır. Bununla bağlı fotoşəkillər də məhkəməyə təqdim edilmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Qarşı tərəf həmin sahəni tikinti təhlükəsizlik baxımından hasara aldığını bildirir. Tikinti işləri aparılan bina ilə zəbt olunmuş sahə arasında kifayət qədər böyük bir məsafə var. Orada açıq-aşkar görünür ki, ora təhlükəsizlik baxımından deyil, cavabdeh şirkət tərəfindən orada tikinti işləri aparılmışdır. Həm nəqliyyat vasitələri üçün, həm də binaya giriş edəcək piyadalar üçün torpaq sahəsindən istifadə edilərək yol çəkilmişdir. Bu da özlüyündə həmin torpaq sahəsinin zəbt edilmə faktını təsdiq edir. Sübutetmə yükü dəyişkən bir şeydir. Belə ki, iddiaçı sərəncamın əslini, inşaat parpostunu məhkəməyə təqdim edərək, həmin torpaq sahəsinin ona ayrılmasını sübut etmiş hesab olunur. Bununla da sübutetmə yükü iddiaçının üzərindən qalxır. Əgər cavabdeh həmin sərəncamın, inşaat pasportunun qüvvədə olub-olmamasını mübahisələndirirsə, bu halı qarşı tərəf sübut etməlidir. Məhkəməyə uzun müddətdən sonra müraciət edilmə səbəbi tərəflər arasında danışıqların aparılması, razılığa gəlinəcəyi barədə vədlərin verilməsidir. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, inşaat pasportunda qeyd edilən “Göz Xəstəlikləri” Xəstəxanası tikilməmişdir. Lakin ilkin işlər aparılmış, texniki şərtlər alınmış, zəruri olan sənədlər toplanmışdır. Tikiliyə başlamaq üçün müəyyən prosedurlar lazımdır. 26 il ərzində heç bir tikili tikilməsə də, tikintinin aparılması üçün müvafiq qurumlardan bütün texniki şərtlər alınmışdır. Maddi imkanın olmaması səbəbindən tikinti aparılmamışdır. İnşaat Pasportunun 13-cü bəndinə əsasən qeyd edilən hal üzrə bugünkü gündə torpaq sahəsinin iddiaçıdan geri alınıb-alınmaması məsələsinin “xxxx” MTK tərəfindən mübahisələndirilməsi barədə subyektiv hüququ yoxdur. Torpağı verən Bakı Şəhər İcra Hakimiyyətidir və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq qurumunun mütəxəssisi öz səlahiyyət həddini aşaraq aidiyyatı qurumlara sorğu göndərmiş və həmin qurumlar tərəfindən də hal-hazırda həmin sərəncamın qüvvədə olması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə cavab məktubları göndərilmişdir. Yəni ki, torpaq sahəsi "xxxx" X1 Firmasından geri alınmamışdır. Torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilərək geri qaytarılması dedikdə, məhz həmin torpaq sahəsinin əvvəlki vəziyyəti torpaq sahəsi idi, asfalt deyildi. Bununla bağlı konkret sübut yoxdur. Faktiki iddiaçının istifadəsində olan torpaq sahəsi 0,032 ha deyil, ondan çox olmuşdur. Orada olan tikintini cavabdeh kimi bir başqa şirkət zəbt edərək orada çörəkxana tikmişdi. Maddi imkanı olmadığından onlara problem yaratmırdı və qarşılıqlı razılıq əsasında onlar fəaliyyət göstərirdi. Onlar şifahi formada "xxxx" X1ra tikilinin sökülməsi barədə müraciət etdikləri gün tikilini sökməyə hazır olduqları barədə öhdəlik götürmüşdülər. “xxxx” MTK orada tikinti fəaliyyətinə başladıqda "xxxx" X1 Firmasına müraciət edərək tikilinin sökülməsini xahiş etmiş, müvafiq kompensasiya ödəyəcəkləri barədə vəd vermişdir. Bundan sonra tərəfindən digər şirkətin rəhbərliyinə müraciət edilmiş, tikinti onların özləri tərəfindən sökülmüşdür. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, əvvəlki vəziyyət dedikdə, torpaq sahəsinin təmizlənməsi nəzərdə tutulur.
9. Məhkəmə iclasında cavabdehin vəkili izahatlarında iddiaya etiraz ərizəsini müdafiə etmiş, əlavə olaraq qeyd etmişdir ki, inşaat pasportunun 13-cü bəndində Memarlıq Planlaşdırma göstərişləri 2 il müddətində etibarlı olduğu və bu 2 il müddətində torpaq sahəsindən inşaat pasportunda qeyd edilmiş məqsəd üçün istifadə olunmadıqda ayrılmış torpaq sahəsinin geri alınması barədə qeyd var. Bu 2 il ərzində qarşı tərəf heç bir iş görməmişdir. İddiaçı tərəfin bildirdiyi kimi bu hal zəbt deyil və hasar çəkilməmişdir. Sadəcə orada tikinti işləri getdiyi üçün təhlükəsizliklə bağlı oraya taxtalar qoyulmuşdur. Mütəxəssis rəyinə münasibətdə bildirir ki, bir növ mütəxəssis rəyi 2 mənalı başa düşülür. Mütəxəssis gah döngə nöqtəsinin, koordinatların olmadığını bildirir, digər tərəfdən də 150 kv sahənin nəyin əsasında zəbt edildiyi, hansı əsasla ölçü aparıldığı məlum deyil. Yekun izahatında bildirmişdir ki, özbaşına tikilinin mövcudluğu və ya sökülməsi barədə hər hansı sübut qarşı tərəfdən məhkəməyə təqdim edilməmişdir. Sərəncamın 2.5-ci bəndində torpaq sahəsinin bir məqsəd üçün istifadə olunduğu qeyd edilmişdir. Yerində müayinə zamanı da açıq-aşkar göründü ki, 0,032 ha sahənin bir hissəsi 0,0055 ha hissəsi çökək asfalt yerə, 9 mərtəbəli binanın həyətinə, digər yarısı da 0,015 ha hissəsi də cavabdehin tikinti meydançası hesab etdiyi müəyyən hissəyə düşür. Bu da onu göstərir ki, qarşı tərəf uzun müddət 25-26 il ərzində həmin sahədən istifadə etməmişdir. Sərəncamın qüvvədə olub-olmaması barədə qarşı tərəf hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İnşaat pasportunun 13-cü bəndində konkret qeyd edilmişdir ki, memarlıq-planlaşdırma göstərişləri 2 il müddətində etibarlıdır. 2 il müddətində torpaq sahəsindən inşaat pasportunda qeyd edilmiş məqsəd üçün istifadə olunmadıqda ayrılmış torpaq sahəsi onlardan geri alınır. Onlar heç kəsin torpaq sahəsini zəbt etməmiş, kiminsə torpaq sahəsində özbaşına tikinti-quraşdırma işləri görməmişdir. Düzdür, bugünkü gündə mütəxəssis öz rəyində müəyyən etmişdir ki, torpaq sahəsinin 320 kv.m 150 kv.m hissəsi onların hasarının daxilinə düşmüşdür. Həmin hasar da müvəqqəti qoyulmuş hasardır. Bu hasar da məhz tikinti sahəsindəki tikinti təhlükəsizliyi baxımından qoyulmuşdur. Hazırda tikintisi aparılan binanın bu ilin noyabr-dekabr ayında təhvil verilməsi nəzərdə tutulmuşdur. Hasar da təxminən sentyabr-oktyabr aylarında söküləcək və torpaq sahəsi açıqda qalacaqdır. Qarajın giriş hissəsinə ayırdığı sahə də ehtiyat yoldur. Belə ki, qaraja başqa yoldan da giriş var. Həmin sahə boş olduğundan ehtiyat yol kimi müəyyən etmişdilər. Belə ki, həmin yoldan istifadə etməyəcək və həmin yoldan istifadə olunmayacaq. Onlar həmin sahələri zəbt etməmişdir. Onların zəbt etmək niyyəti olsaydı binanın müəyyən bir hissəsinin tikintisini həmin sahəyə salardılar. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən tərəfə hər hansı mülkiyyət hüququ, müstəsna hüquq verilməmişdir. Bugünkü gündə həmin sərəncam özü-özlüyündə əhəmiyyətini itirmişdir. Sərəncam əsasında verilmiş inşaat pasportunun da müddəti keçmişdir. Torpaq sahəsi də geri alınmışdır. Geri alınma dedikdə yerində müayinə zamanı da açıq-aşkar göründü ki, Koroğlu Rəhimov küçəsini genişləndirmək üçün həmin torpaq sahəsinidən istifadə edilərək onun bir hissəsinə yol, səki çəkilmişdir. Odur ki, hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli sərəncamı inzibati aktdır və bu inzibatı akt bir məqsəd üçün verilmişdir. Qarşı tərəf sərəncamı 27 il ərzində icra etməmişdir. Bu, hüquqdan sui-istifadə halıdır. 2021- ci ildən orada taxta hasar çəkilmiş və tikinti işləri başlamışdır. 5 il ərzində qarşı tərəf bununla bağlı hər hansı tədbir görməmiş, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət etməmişdir. İddiaçı hazırda sərəncamı gələcəkdə icra etmək istəsə belə mövcud şəhərsalma prinsiplərinə ziddir. Tərəfindən hər hansı torpaq sahəsinin zəbt edilməsindən isə söz gedə bilməz. Belə ki, bugünkü gündə tikinti sahəsində hər hansı tikintinin aparılması orada müvəqqəti olan, narahatçılığın aradan qaldırılması üçün müvəqqəti diktdən, hasardan istifadə edilməsi zəbt hesab edilə bilməz. Mütəxəssis rəyinə əsasən də şimal tərəfdən 0,015 ha hissəsi onlar tərəfindən abadlaşdırılacaq əraziyə düşür. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh tərəf bu torpaq sahəsini sərəncam əsasında istifadə edir. Qarşı tərəf ilk öncə onların tikdiyi binanın sahəsinin iddiaçının torpaq sahəsinə aid olmasını sübut etməlidir. Öncədən orada hər hansı tikili olmamışdır. Oranı götürdükdə qarşı tərəflə hər hansı danışıqlar aparılmamış, razılığa gəlinməmişdir. Sərəncamın qüvvədə olub-olmaması barədə müvafiq qurumlara sorğu verilsə də onlara cavab verilməmişdir. Hazırda da Torpaq Məcəlləsinin 32-ci maddəsi qüvvədədir. Torpaq təyinatı üzrə istifadə edilmədiyi təqdirdə geri alınmalı olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən armatur, beton işləri görülmüşdür. Həmin ərazinin onlar üçün bugünkü gündə də əhəmiyyət kəsb etmir. Sadəcə olaraq təhlükəsizlik baxımından həmin ərazinin də daxil olduğu sahəyə hasar çəkilməli idi. Həmçinin abadlaşdırma işləri də davam edir. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, hasar daxilində olan bütün işlər, abadlaşdırma işləri onlar tərəfindən görülmüşdür. Bu, işin mübahisəsiz halıdır. Onların danışıqlar aparma məqsədi, barışığa cəhd etmə səbəbi həmin torpaq sahəsini zəbt etməyinə görə deyil, gələcəkdə həmin torpaq sahəsindən bina tikintisində əlavə torpaq sahəsi kimi istifadə etmək, bu niyyəti həyata keçirmək, üçün idi. Bir növ gələcək perspektiv baxımından razılığa gəlmək istəyirdilər. Cavabdeh tərəfindən iddiaçıya konkret olaraq barışıqla bağlı təklif olunmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllədə yerləşən 0,032 hektar torpaq sahəsinin şimal tərəfdən 0,015 ha hissəsinin cavabdеh “Qaranti-Az İnşaat” MTK tərəfindən əvvəlki vəziyyətinin bərpa edilməsi və boşaldılaraq iddiaçı “xxxx” X1 Firmasına təhvil verilməsi, cavabdeh “Qaranti-Az İnşaat” MTK-dan ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx” X1 Firmasının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. “Qaranti-Az İnşaat” MTK apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, inşaat pasportunun 13-cü bəndində MemarlıqPlanlaşdırma göstərişləri 2 il müddətində etibarlı olduğu və bu 2 il müddətində torpaq sahəsindən inşaat pasportunda qeyd edilmiş məqsəd üçün istifadə olunmadıqda ayrılmış torpaq sahəsinin geri alınması barədə qeyd var. Bu 2 il ərzində qarşı tərəf heç bir iş görməmişdir. İddiaçı tərəfin bildirdiyi kimi bu hal zəbt deyil və hasar çəkilməmişdir. Sadəcə orada tikinti işləri getdiyi üçün təhlükəsizliklə bağlı oraya taxtalar qoyulmuşdur. Mütəxəssis rəyinə münasibətdə bildirir ki, bir növ mütəxəssis rəyi 2 mənalı başa düşülür. Mütəxəssis gah döngə nöqtəsinin, koordinatların olmadığını bildirir, digər tərəfdən də 150 kv sahənin nəyin əsasında zəbt edildiyi, hansı əsasla ölçü aparıldığı məlum deyil. Yekun izahatında bildirmişdir ki, özbaşına tikilinin mövcudluğu və ya sökülməsi barədə hər hansı sübut qarşı tərəfdən məhkəməyə təqdim edilməmişdir. Sərəncamın 2.5-ci bəndində torpaq sahəsinin bir məqsəd üçün istifadə olunduğu qeyd edilmişdir. Yerində müayinə zamanı da açıq-aşkar göründü ki, 0,032 ha sahənin bir hissəsi 0,0055 ha hissəsi çökək asfalt yerə, 9 mərtəbəli binanın həyətinə, digər yarısı da 0,015 ha hissəsi də cavabdehin tikinti meydançası hesab etdiyi müəyyən hissəyə düşür. Bu da onu göstərir ki, qarşı tərəf uzun müddət 25-26 il ərzində həmin sahədən istifadə etməmişdir. Sərəncamın qüvvədə olubolmaması barədə qarşı tərəf hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İnşaat pasportunun 13-cü bəndində konkret qeyd edilmişdir ki, memarlıq-planlaşdırma göstərişləri 2 il müddətində etibarlıdır. 2 il müddətində torpaq sahəsindən inşaat pasportunda qeyd edilmiş məqsəd üçün istifadə olunmadıqda ayrılmış torpaq sahəsi onlardan geri alınır. Onlar heç kəsin torpaq sahəsini zəbt etməmiş, kiminsə torpaq sahəsində özbaşına tikinti-quraşdırma işləri görməmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin cizgi planı v ə sərhəd koordinatları təqdim edilməmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsinin sərhədlərini müəyyən edilmir. Belə olan halda, iddiaçının qeyd etdiyi kimi cavabdeh “Qaranti-AZ İnşaat”MTK tərəfindən zəbt edilmiş torpaq sahəsinin iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi olması sübuta yetirilmir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən "xxxx" X3 Firmasına Bakı Şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsindəki *** saylı məhəllədə yerləşən 0.032 hektar torpaq sahəsi ilə "Qaranti-Azİnşaat" MTK-nın (torpaq sahəsi 1,6390 ha olmaqla X5 adına xüsusi mülkiyyətdədir) sənəd üzrə sahəsi arasında üst-üstə düşmə halı yoxdur. İddiaçı tərəfin iddia etdiyi kimi, mövcud vəziyyəttorpaq sahəsinin zəbt edilməsi kimi qiymətləndirilə bilməz. Ərazidə daimi hasar çəkilməmiş, yalnız tikinti işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik məqsədilə müvəqqəti taxta konstruksiyalar quraşdırılmışdır. Mütəxəssis rəyinə münasibətdə qeyd olunmalıdır ki, həmin rəy ziddiyyətli və qeyrimüəyyəndir. Belə ki, mütəxəssis bir tərəfdən döngə nöqtələrinin və koordinatların müəyyən edilmədiyini göstərir, digər tərəfdən isə 150 kv.m sahənin guya zəbt edildiyini bildirir. Lakin bu nəticənin hansı ölçmə üsuluna və ya hansı hüquqi əsaslara söykəndiyi aydın deyil. Eyni zamanda mütəxəssis yekun izahatında qeyd etmişdir ki, özbaşına tikilinin mövcudluğu və ya sökülməsi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Sərəncamın 2.5-ci bəndində torpaq sahəsininmüəyyən məqsəd üçün ayrıldığı göstərilsə də, yerində aparılmış baxış zamanı müəyyən edilmişdir ki, 0,032 ha torpaq sahəsinin bir hissəsi (0,0055 ha) asfalt örtüklü sahəyə və çoxmənzilli yaşayış binasının həyətinə, digər hissəsi isə (0,015 ha) cavabdeh tərəfindən tikinti meydançası kimi istifadə edilən əraziyə düşür. Bu fakt onu göstərir ki, qarşı tərəf uzun müddət – təxminən 25-26 il ərzində həmin torpaq sahəsindən faktiki olaraq istifadə etməmişdir. cavabdehin torpaq sahəsini zəbt etmək niyyəti olmamışdır. Əks halda, tikinti işləri birbaşa həmin mübahisəli sahəni əhatə edərdi. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə qarşı tərəfə mülkiyyət və ya müstəsna hüquq verilməmişdir. Bundan əlavə, uzun müddət icra edilmədiyi üçün həmin sərəncam faktiki olaraq hüquqi əhəmiyyətini itirmişdir. qarşı tərəf uzun müddət – xüsusilə son 5 il ərzində – nə hər hansı hüquqi tədbir görmüş, nə də müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu isə onların hüquqlarını həyata keçirməməsi və faktiki olaraq hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil vəkil2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil vəkil1 İzahət oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Konstitusiyasının:
16. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. ## ###### 2001-ci il tarixdə qüvvədən düşmüş Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri xitam verir. APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsində yerləşən 0,032 ha torpaq sahəsi "xxxx" X1 Firmasına göz xəstəlikləri klinikasının layihələndirilməsi və tikintisi məqsədilə ayrılmış, həmin sərəncam əsasında ##.##.2000-ci il tarixli ***** nömrəli inşaat pasportu tərtib edilmiş, torpaq sahəsinin yerləşməsi ayrıc aktında situasiya planı, tərəf ölçüləri və coğrafi istinadlara əsasən müəyyən edilmişdir.
27. Apellyator apellyasiya şikayətinin dəlillərində inşaat pasportunun 13-cü bəndində memarlıq-planlaşdırma göstərişlərinin iki il müddətində etibarlı olması, həmin müddət ərzində torpaq sahəsindən inşaat pasportunda göstərilmiş məqsəd üçün istifadə edilmədiyi halda ayrılmış torpaq sahəsinin geri alınmasının nəzərdə tutulması və iddiaçının bu müddət ərzində tikinti işlərinə başlamaması ilə bağlıdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müddətin keçməsi cavabdehin istinad etdiyi hüquqi nəticəni – iddiaçının torpaq sahəsinə dair sahiblik və istifadə hüququna avtomatik xitam verilməsinə əsas vermir.
29. Belə ki, inşaat pasportunun qeyd olunan müddəasında torpaq sahəsinin geri alınmasının mümkünlüyü nəzərdə tutulsa da, bu halın baş verməsi üçün torpaq sahəsinin geri alınmasına yönəlmiş və səlahiyyətli dövlət orqanı tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş müvafiq hüquqi akt mövcud olmalıdır. Başqa sözlə, torpaq sahəsindən müəyyən müddət ərzində təyinatı üzrə istifadə edilməməsi hüquqa xitam verən müstəqil hüquqi fakt deyil, qanunla nəzərdə tutulmuş prosedur çərçivəsində müvafiq qərarın qəbul edilməsinə əsas yarada bilən haldır.
30. Hazırkı iş üzrə isə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamının ləğv edilməsi, dəyişdirilməsi, onun əsasında yaranmış hüquqlara xitam verilməsi və ya həmin sərəncamla ayrılmış torpaq sahəsinin geri alınması barədə səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş hər hansı hüquqi aktın mövcudluğu müəyyən edilməmişdir.
31. Cavabdehin 25-26 il ərzində torpaq sahəsindən istifadə edilməməsini ayrıca hüquqa xitam verməsinə dair şikayətin dəlilini kollegiya əsassız hesab edərək qeyd edir ki, hüququn uzun müddət həyata keçirilməməsi, qanunda belə nəticə birbaşa nəzərdə tutulmadığı halda, həmin hüququn mövcudluğunu avtomatik olaraq aradan qaldırmır. Bunun əksinin qəbul edilməsi hüquqi müəyyənlik prinsipinə zidd olaraq, səlahiyyətli orqanın müvafiq qərarı olmadan hüquqi vəziyyətin birtərəfli qaydada dəyişdirilməsi nəticəsini doğurardı.
32. Məhkəmə kollegiyası cavabdehin sərəncamla iddiaçıya mülkiyyət və ya müstəsna hüquq verilmədiyi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisənin predmeti iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun tanınması deyil, həmin torpaq sahəsindən qanuni əsasla irəli gələn sahiblik və istifadə hüququnun müdafiəsidir.
33. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamla 0,032 ha torpaq sahəsi “xxxx” X1 Firmasına konkret məqsədlə – göz xəstəlikləri klinikasının layihələndirilməsi və tikintisi məqsədilə ayrılmış, sonradan həmin sərəncam əsasında inşaat pasportu tərtib edilmişdir.
34. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin hüquqi məzmunundan da görünür ki, mülkiyyətçinin müdafiə vasitələri qanunda və ya müqavilədə nəzərdə tutulmuş əsasla əmlaka sahiblik edən şəxsə də şamil edilir. Bu baxımdan, iddiaçının torpaq sahəsinə dövlət qeydiyyatından keçmiş mülkiyyət hüququnun olmaması onun qanuni əsasla əldə etdiyi sahiblik və istifadə hüququnun məhkəmə müdafiəsindən kənarda qalmasına səbəb ola bilməz.
35. Apellyasiya şikayətinin mübahisəli ərazinin zəbt edilmədiyi, orada yalnız tikinti işlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvəqqəti taxta konstruksiyaların yerləşdirildiyi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil mübahisənin hüquqi mahiyyətini dəyişmir.
36. İş üzrə mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış 0,032 ha torpaq sahəsinin 0,015 ha hissəsi cavabdehin abadlaşdırdığı və tikinti meydançası kimi istifadə etdiyi əraziyə düşür. Deməli, həmin hissəyə münasibətdə cavabdehin faktiki istifadəsinin mövcudluğu müəyyən edilmişdir.
37. Bu halda ərazidə daimi hasarın çəkilib-çəkilməməsi, taxta konstruksiyaların müvəqqəti və ya daimi xarakter daşıması özlüyündə iddiaçının istifadə hüququna müdaxilənin mövcudluğunu təsdiq edir.
38. Cavabdehin 0,015 ha hissənin hansı ölçmə üsulu və hansı əsasla müəyyən edildiyinin məlum olmaması barədə dəlili də rəyin məzmunu ilə təkzib olunur. Mütəxəssis tədqiqatın aparılması zamanı mövcud sənədləri və kadastr məlumatlarını nəzərə almış və həmin məlumatlar əsasında mübahisəli torpaq sahəsinin faktiki vəziyyətə uyğunlaşdırılmasını həyata keçirmişdir.
39. Əgər cavabdeh mütəxəssis rəyinin nəticəsini şübhə altına alan konkret texniki və ya kadastr məlumatlarına malik idisə, həmin nəticələrin təkzibinə yönəlmiş alternativ ekspert rəyi, müstəqil ölçmə nəticələri və ya digər mötəbər sübutları təqdim etmək imkanına malik olmuşdur. Lakin belə sübutlar iş materiallarında mövcud deyildir.
40. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq faktiki vəziyyət nəzərə alınmaqla iddianı torpaq sahəsinin yalnız cavabdehin faktiki istifadəsində olduğu müəyyən edilmiş 0,015 ha hissəsinə münasibətdə təmin etmiş, digər 0,0055 ha və 0,0115 ha hissələr üzrə isə cavabdehin faktiki istifadəsi müəyyən edilmədiyindən təmin etməmişdir.
41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh “Garanti-Az İnşaat” MTK-tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlaınlsın. Ödənilmiş dövlət rüsumlarının qalan hissəsi cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.