Məhkəmə qərarları › İş №e-2-2(3-7)-101/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-101/2026

09.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-101/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “X2” MMC-yə qarşı iş üzrə Açar sözlər: iddia müddəti; iddia müddətinin keçməsi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh “X2” MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)- ***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. “xxxx” ASC ilə “X1” MMC arasında bağlanmış ## ### 2014-cü il tarixli “729-L/14” nömrəli lizinq müqaviləsinə əsasən, lizinq verən “AGTTT-1” markalı 1 ədədin qiyməti 9550 manat olan texnikanı 8 illik ödəmə müddəti ilə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikaların dəyərindən 955 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.

2. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanına əsasən “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış, “xxxx” ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri İddiaçı ötürülmüşdür.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən ##.##.2018-ci il tarixli **************** nömrəli çıxarışın surətindən görünür ki, qurumun əvvəlki adı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırki adı isə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” “xxxx” ASC ilə“X2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ### 2014-cü il tarixli "729-L/14" nömrəli müqavilə üzrə 1844 manat qalıq borc, 2768,55 manat cərimə borcu olmaqla, cəmi 4612,55 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” “X1” MMC arasında bağlanmış ## ### 2014-cü il tarixli “729-L/14” nömrəli müqaviləyə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi ##.##.2025-ci il tarixə ## ### 2014-cü il tarixli, “729- L/14” nömrəli müqavilə üzrə 1844 manat qalıq borc, 2768,55 manat cərimə borcu olmaqla, cəmi 4612,55 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur.

6. Cavabdeh “X2” MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “xxxx” ASC ilə aralarında bağlanmış ## ### 2014-cü il tarixli “729L/14” nömrəli müqaviləyə əsasən 2022-ci ilin sonuna qədər ödəniş cədvəli əsasında ödəniş ödənilməlidir. Onlar tərəfindən son ödəniş 2020-ci ildə olmuşdur. Qeyd olunan müqavilənin müddəti isə 2022-ci ildə bitmişdir. Buradan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin iddia qaldırmaq müddəti keçibdir. Belə ki, 2021-ci il # ### tarixində “X2”nda rəhbər dəyişikliyi zamanı tərtib olunmuş debitor-kreditor borclarının vəziyyətinə dair təhviltəslim aktına da nəzər saldıqda bu borc barədə heç bir məlumata rast gəlinmir. Həmçinin 2022ci ildə maliyyə uçotunun auditi zaman toplanmış sənədlərdə bu borcla bağlı heç bir məlumat qeyd olunmur. Bu keçən illər ərzində iddiaçı onlara qarşı bu borcla bağlı heç bir məlumat verməmiş, xəbərdarlıq göndərməmişdir. Bütün bunlardan görünür ki, bu müddət ərzində iddiaçı tərəf müddəti keçirmişdir. Odur ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) iddiaçı İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 372.1, 373.2, 374.1, 375.1, 375.2, 377.2, 385.1, 386.1, 419.2, 421.2, 442, 445.1, 445.2, 448.1, 448.2, 554.4, 747.1, 747-5.2, 748-1.12.4, 748-10.1 və 748-10.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, dövlət büdcəsinin vəsaitlərinin geri qaytarılması ilə bağlı məsələlər ümumi mülki hüquqi tələblərdən fərqlənir və bu xüsus nəzərə alınmadan qəbul edilən qərar hüququn təməl prinsipləri ilə uzlaşmır. Hüquqi yanaşma baxımından, məhkəmənin yalnız iddia müddətinin keçməsinə əsaslanaraq qərar verməsi düzgün deyildir. Iddia müddəti hüququn müdafiəsinin vaxt çərçivəsini müəyyən etsə də, bu müddətin keçməsi avtomatik olaraq borcun ödənilməli olmadığını təsdiq etmir. Xüsusilə də, cavabdehin iddia müddətinin tətbiq olunmasını tələb etməsi borcun hüquqi aspektdən tanındığı ehtimalını doğurur. Məhkəmə bu faktı nəzərə almalı və işin hallarını bütövlükdə qiymətləndirməlidir. Əks halda, yalnız formal müddəalara istinad edilərək iddianın rədd edilməsi, hüququn məqsəd və prinsipləri baxımından qeyriadekvat nəticəyə gətirib çıxara bilər. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması məsələsinin xüsusi ictimai əhəmiyyət daşıması da nəzərə alınmalıdır. Belə hallarda, məhkəmənin işə yanaşması fərqli olmalı, iddia müddətinin tətbiqi mexaniki olaraq deyil, işin konkret halları və ədalət prinsipi çərçivəsində həyata keçirilməlidir. Dövlətin maliyyə maraqlarının qorunması hüquq siyasətinin əsas istiqamətlərindən biri olduğuna görə, cavabdehin iddia müddətinin tətbiqini tələb etməsi, lakin borcu açıq şəkildə inkar etməməsi şəraitində məhkəmənin iddianı tam araşdırmadan rədd etməsi hüquqi baxımdan əsassız hesab edilməlidir. Bu qərar, dövlət büdcəsi vəsaitinin qaytarılması kimi ictimai maraq doğuran məsələlərdə xüsusilə əhəmiyyətlidir. Belə hallarda, məhkəmələrin iddia müddətinin keçməsinə görə iddianırədd etməsi, dövlətin maliyyə mənafelərinin qorunmasına mənfi təsir göstərə bilər. Ona görə də, dövlət büdcəsi vəsaitinin qaytarılması ilə bağlı işlərdə məhkəmələr, iddia müddətinin keçməsinə baxmayaraq, iddiaçının subyektiv hüququnun mövcudluğunu və həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdırlar. Beləliklə, məhkəmənin gəldiyi nəticə, dövlət büdcəsinin vəsaitlərinin qorunması baxımından yenidən qiymətləndirilməlidir. Cavabdeh lizinq müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lakin borclu olduğunu da inkar etməmişdir. Məhz bu amil göstərir ki, cavabdeh borcu ödəmək vəzifəsini daşıyır və bu öhdəliyin yerinə yetirilməsi hüquqi baxımdan tələb oluna bilər. Bu arqumentlərə əsasən, məhkəmə borclunun borcunu açıq şəkildə qəbul etdiyini, dövlət vəsaitlərinin qaytarılmasının ictimai əhəmiyyətini, iddia müddətinin tətbiqinə daha çevik yanaşılmasını və hüquqdan suiistifadənin qarşısının alınmasını nəzərə alaraq iddianın təmin edilməsinə qərar verməlidir. Hüquq ədalət və məntiqə əsaslanmalı, formal müddəaların arxasında ədalətsiz nəticələrin yaranmasına yol verilməməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər:

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi, mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

14. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

18. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

21. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.

22. Maddə 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir).

23. Maddə 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

24. Maddə 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

25. Maddə 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “xxxx” ASC ilə “X1” MMC arasında bağlanmış ## ### 2014-cü il tarixli “729-L/14” nömrəli lizinq müqaviləsinə əsasən, lizinq verən “AGTTT-1” markalı 1 ədədin qiyməti 9550 manat olan texnikanı 8 illik ödəmə müddəti ilə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikaların dəyərindən 955 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.

38. Işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik icra edilərək müqavilənin spesifikasiyasında adı göstərilən kənd təsərrüfatı texnikası ##.##.2014-ci il tarixli təhvil-qəbul aktına əsasən lizinq alana təhvil verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmiş, nəticədə onun iddiaçıya 1844 manat əsas borcu qalmışdır.

39. Bununla belə, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə verərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi də iddia müdddətini tətbiq edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, birincisi, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

41. Iddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

42. Çünki, iddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

43. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair ## #### 2013-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır

44. Işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış ## ### 2014-cü il tarixli ***-L/** nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən “AGTTT-1” markalı 1 ədədin qiyməti 9550 manat olan texnikanı 8 illik ödəmə müddəti ilə lizinq alanın istifadəsinə vermişdir. Müqavilənin 9-cu bəndinə isə qeyd edilmişdir ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.

45. Müqavilə üzrə ödənişlərin 2022-ci ilin II rübündə başa çatmalı olması barədə tərəflərin müqavilə üzrə qarşılıqlı razılaşması olduğu halda, müqavilədə öhdəliklər tam yerinə yetirilənədək onun qüvvədə olması barədə şərt əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz.

46. Belə ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər; Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

47. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər.

48. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə lizinq müqavilələrinin nümunəvi formaları bir qayda olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təklif olunur.

49. Bu mənada, tərəflər arasında bağlanmış lizinq müqaviləsi, müqavilə üzrə ödənişlərin icrası müddətinin bitdiyi 2022-ci ilin may ayınadək qüvvədə olmuşdur. Iddiaçı lizinq verən isə ##.##.2026-cı il tarixdə, yəni müqavilə tələbləri üçün Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

50. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

51. Hazırkı işdə iddiaçı ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır.

52. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, iddia müddətinin tətbiqi ilə bağlı əsaslar mövcuddur. Çünki, yuxarıda da qeyd edildiyi kimi müqavilə üzrə öhdəliyin icrasının lizinq alandan tələb edilməsi üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüş, o cümlədən cavabdeh də birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 10000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar