Məhkəmə qərarları › İş №e-2-2(3-7)-109/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-109/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-109/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Işin halları

1. Iddiaçı ilə cavabdeh2 (həmçinin – borcalan) arasında bağlanmış ##.##.2020-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinə əsasən, cavabdehin banka olan 14178,84 manat borcu 60 ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir.

2. ##.##.2021-ci il tarixli LM********* saylı sonrakı ipoteka müqaviləsinə əsasən, restrukturizasiya müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh1 Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2 fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir. Həmin müqavilələrin 3.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 46000 manat məbləğində müəyyən edilmişdir

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2 fərdi yaşayış evi ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. ##.##.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh2 kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə banka 13734,89 manat əsas bоrcu, 182,36 manat faiz bоrcu, 77,03 manat cərimə borcu olmaqla, cəmi 13994,28 manat məbləğində borcu var.

5. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2 fərdi yaşayış evinin bazar dəyəri 90000 manat, likvid dəyəri isə 81000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 300 manat təşkil edir.

6. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2 fərdi yaşayış evinin bazar dəyəri 87000 manat, likvid dəyəri isə 78,400 manat təşkil edir. Tədqiqatın dəyəri ödənilmişdir.

7. ##.##.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borcluya ##.##.2020-ci il tarixli LM********* saylı kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixə 4885,34 manat gecikdirilmiş əsas borc, 258,03 manat gecikdirilmiş faiz borcu, cərimə borcu 36,82 manat ümumilikdə isə 14242,21 manat yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

8. ##.##.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borcluya təkrarən yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh2 13734,89 manat əsas, 182,36 manat faiz, 77,03 manat cərimə borcu olmaqla cəmi 13994,28 manat borcun, iş üzrə ödənilmiş 131,98 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə cavabdeh1 məxsus olan Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2-yə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəldilərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2020-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 14178,84 manat borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Tərəflərin razılığına əsasən yaranmış öhdəliyin təminatı kimi mülkiyyət hüququ üzrə cavabdeh1 məxsus Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2 ipotekaya qoyulmuşdur. Restrukturizasiya müqaviləsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq izahatında göstərmiş ki, məhkəməyə iddia verildikdən sonra cavabdeh tərəfindən 3400 manat ödəniş edilmişdir. Həmin hal nəzərə alınmalıdır.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, ## ####### 2025-ci ildən ödəniş etmiş, maddi vəziyyəti ilə əlaqədar borcunu tam ödəyə bilməmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh2 arasında bağlanmış ##.##.2020ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsi üzrə cavabdeh2 10334 manat 89 qəpik əsas, 98 manat 71 qəpik faiz borcu, 77 manat 03 qəpik cərimə borcu olmaqla cəmi 10510 (on min beş yüz on) manat 63 (altmış üç) qəpik borc, iş üzrə ödənilmiş 131 (bir yüz otuz bir) manat 73 (yetmiş üç) qəpik dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun cavabdeh cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma cavabdeh cavabdeh1 məxsus olan Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2-yə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılması və fərdi yaşayış evinin ilkin satış qiyməti 81000 (səksən bir min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh cavabdeh1 qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdeh cavabdeh2 tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, H/h: AZ77AIIB400600C9447929844218, “xxxx” ASC-nin Bravo 3 filialı, VÖEN: **********, M/h:AZ37NABZ01350100000000001944, Kod:201296, S.W.İ.F.T. kod AIIBAZ2XXXX) ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh2 ilə bağladığı ##.##.2020-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 14178,84 manat borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Cavabdeh restrukturizasiya müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. cavabdeh2 iddiaçıya 13734,89 manat əsas, 77,03 manat cərimə borcu yaranmış, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən 3400 manat pul ödənilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehlərə ##.##.2024-ci il tarixli xəbərdarlıq məktublarnda ifadə etmişdir. Həmin xəbərdarlıq məktublarıda cavabdeh2 faiz borcu 98,71 manat olması qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc və cərimə borcu, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır.

16. Bundan başqa məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 mülkiyyətində olan Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2 fərdi yaşayış evinə yönəldiməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 81000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 445, 445.7 və 448.1-ci maddələrinə, ##.##.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

18. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilib cərimə və faiz borcunun ləğv edilməsi, eyni zamanda evin yeni likvid dəyərinin müəyyənləşdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

19. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hər iki mütəxəssis rəyi ilə razı deyil. Belə ki, 10 gün fərqlə alınmış 2 rəydə evin qiymətində 2600 manat fərq mövcud olsa da, əmlakın real bazar dəyəri, 150.000 manat, likvid dəyəri isə ən azı 145.000 manatdır. Azərbaycan reallığında daşınmaz əmlak bazarında əmlakların dəyəri günü-gündən artır. Qeyd etdiyi kimi onların evin real dəyəri yuxarıda qeyd etdiyi kimidir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən qiymətləndirmə təyin edilməli və obyektiv mütəxəssis rəyi ilə işə baxılması davam etdirilməlidir. Bundan başqa iddianın faiz və cərimə borcu hissəsini də qəbul etmir. Hesab edir ki, məhkəmə iddianın faiz və cərimə borcu hissəsini rədd edə bilərdi. Işin faktiki hallarından göründüyü kimi məhkəmə iddiaçının hüquqlarını müdafiə etmiş və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozmuş, faiz və cərimə borcunun məbləğinin azaldılması ilə bağlı kifayət qədər tədbir görməmişdir. Göründüyü kimi, iş məhkəmənin icraatında olan zaman tərəfimdən 3400 manat ödəniş edilmişdir. Məhkəmə bu halı nəzərə alaraq ən azından onun cərimə və faiz borcunu tamamilə sıfıra endirə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh cavabdeh2 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında səhhətilə əlaqədar iştirak edə bilməyəcəyini və məhkəməni başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə, cavabdeh2 məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzrsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

25. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

26. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

27. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

28. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

29. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

36. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

38. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

41. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

42. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

43. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

44. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu

45. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

46. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

47. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

48. Maddə 59. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı

49. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

50. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

51. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

60. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

61. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

62. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

66. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh cavabdeh2 qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamənin – borcun məbləği və ipoteka predmetinin likvid qiyməti hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını cavabdeh cavabdeh2 münasibətdə mübahisələndirilən hissələrində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

67. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə borcalan arasında bağlanmış ##.##.2020-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 14178,84 manat borcu 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Cavabdeh restrukturizasiya müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur.

68. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla və ipoteka bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

69. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

70. Iddia tələbinin kökündə tələb etmənin əsası kredit və ipoteka müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.

71. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

72. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

73. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

74. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

75. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

76. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.

77. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

78. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.

79. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

80. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).

81. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).

82. Iddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan ##.##.2020-ci il tarixli LM********* nömrəli “restrukturizasiya” müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh cavabdeh2 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.

83. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

84. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

85. Hazırkı iş üzrə tərəflər arasında mübahisələrdən biri tutulmalı olan faiz, cərimə və əsas borcun məbləğinin düzgün müəyyən edilməsinə aiddir.

86. Birinci instansiya məhkəməsi borcalanın öhdəliklərini yerinə yetirməməsini və iddiaçı olan əsas borcunu ödəməyindən yaranmış faiz və cərimə borcunun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, faiz və cərimə borcunun məbləğini düzgün müəyyən etməməklə iddianı qismən təmin etmişdir.

87. Məhkəmə iş materiallarını, tərəflərin təqdim etdiyi sübutları və hüquqi mövqeləri araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə ##.##.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə müraciət olunmuş, həmin məktubda kredit müqaviləsi üzrə qalıq əsas və faiz borcunun, o cümlədən cərimə borcunun qısa müddətdə ödənilməsi tələb edilmişdir. Bu xəbərdarlıqla iddiaçı öz iradəsini açıq şəkildə ifadə edərək müqavilə öhdəliklərinin pozulmasına istinad etmiş və kreditor kimi müqavilədən imtina etmə hüququnu həyata keçirmişdir.

88. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

89. Iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2022-ci il tarixli yazılı müraciət formal olaraq “qalıq əsas, faiz və cərimə borcunun ödənilməsi”ni tələb etsə də, onun hüquqi mahiyyəti sırf borcun xatırladılması ilə məhdudlaşmır. Həmin müraciətdə iddiaçı kreditor kimi yalnız ödənişin edilməsini istəməmiş, eyni zamanda öhdəliklərin icra olunmamasının hüquqi nəticələrinə (qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi) istinad etməklə, müqavilənin şərtlərinin kobud şəkildə pozulduğunu vurğulamışdır.

90. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə görə, müqavilə yalnız qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda birtərəfli qaydada ləğv edilə bilər.

91. 421.3-cü maddəsinə əsasən isə, müqavilənin birtərəfli qaydada ləğvi barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunur.

92. Bununla yanaşı, 447.1-ci maddə kreditorun müqavilə şərtlərinin pozulması halında müqavilədən imtina etmək hüququnu təsbit edir və bu imtina barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqaviləyə xitam verilir.

93. Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Plenum Qərarında da qeyd edilmişdir ki, müqavilədən imtina mexanizmi məhz iradə ifadəsinin qarşı tərəfə çatdırılması ilə hüquqi nəticə doğurur və bu, məhkəmədən kənar ləğvetmənin ümumi formasıdır. Yəni kreditor xüsusi olaraq “müqaviləni ləğv edirəm” ifadəsini işlətməsə də, müqavilə öhdəliklərinin pozulması əsasında borcun qaytarılmasını tələb etməsi və bu tələbə hüquqi nəticələr bağlaması (tədbirlərin görüləcəyini bəyan etməsi) artıq imtina iradəsi kimi qəbul olunmalıdır.

94. Buna görə də, ##.##.2022-ci il tarixli xəbərdarlıq məktubu sırf “ödəmə tələbi” yox, həm də müqavilənin bundan sonra qüvvədə saxlanılmayacağına dair açıq iradə ifadəsidir. Bu tarixdən sonra tərəflər arasındakı kredit münasibətləri artıq müqavilə əsasında davam edə bilməz, çünki müqavilə kreditorun birtərəfli imtina hüququnu həyata keçirməsi ilə ləğv olunmuş hesab edilir.

95. Belə ki, iş materiallarında olan ##.##.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2020-ci il tarixli LM********* saylı kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixə 4885,34 manat gecikdirilmiş əsas borcun, 258,03 manat gecikdirilmiş faiz borcunun və 36,82 manat cərimə borcunun, ümumilikdə isə 14242,21 manat borcun yarandığı barədə məlumat verilmiş, borcun könüllü qaydada ödənilməsi tələb edilmiş və öhdəliyin icra edilməyəcəyi halda qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

96. Işdə olan ##.##.2024-cü il tarixli sonrakı bildirişdən isə iddiaçı tərəfindən cavabdehlərə artırılmış borc məbləği barədə məlumat verilmiş və ödənilməsi tələb etmişdir.

97. Məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsi yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin qərarına düzgü istinad etsə də müqavilənin ləğvinə dair iradə ifadəsinin bəyanı tarixini düzgün müəyyən etməmişdir.

98. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsindən irəli gələn hüquqlarını həyata keçirməsi və müqavilədən irəli gələn münasibətə dair birtərəfli iradə ifadəsi ilk dəfə məhz ##.##.2022-ci il tarixli bildiriş vasitəsilə borclulara çatdırılmışdır. Sonrakı tarixdə göndərilmiş ##.##.2024-cü il tarixli bildiriş isə artıq birtərəfli qaydada ləğv edilmiş müqavilənin qüvvədə olmasına təsir etməmiş, birinci və ikinci bildirişlərin verilməsi tarixləri aralığında iddiaçıya müqaviləyə istinadən faiz və cərimə borcunun artırılmasına şərait yaratmamışdır.

99. Belə ki, artıq ##.##.2022-ci il tarixdə iddiaçıın iradə ifadəsinin bəyanı ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edimişdir ki, həmin tarixdən sonra müqaviləyə istnadən iddiaçı tərəfindən faiz və cərimə borcu hesablana bilməz.

100. Yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında belə hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqavilələrində müqavilədən imtina və ya müqavilənin ləğvi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə baş verir. Həmin qərarda xüsusi olaraq vurğulanmışdır ki, kreditorun müqavilədən imtina etməsi və ya müqaviləni ləğv etməsi barədə iradə ifadəsi borcluya çatdırıldığı andan etibarən müqavilə münasibətlərinin hüquqi rejimi dəyişir. Həmin ana qədər hesablanmış müqavilə faizləri qüvvədə qalır, lakin həmin tarixdən sonrakı dövr üçün artıq müqavilə üzrə faizlərin hesablanması deyil, yalnız qanunla nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqi mümkündür.

101. Həmin hüquqi mövqe Mülki Məcəllənin 447.1, 445.2 və 445.7-ci maddələrinin sistemli təhlilindən irəli gəlir.

102. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz iradə ifadəsini ilk dəfə ##.##.2022-ci il tarixli bildirişlə həyata keçirmişdir. Buna görə də həmin tarixədək yaranmış müqavilə faizləri və cərimə borcu müqavilə üzrə tələb edilə bilər. Lakin bundan sonrakı dövr üçün kredit müqaviləsinin davam etməsi əsası ilə yeni müqavilə faizlərinin və cərimənin hesablanması Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi ilə uzlaşmır.

103. Birinci instansiya məhkəməsi isə bu hüquqi əhəmiyyətli halı nəzərə almamış, ilk iradə ifadəsini deyil, ##.##.2024-cü il tarixli sonrakı bildirişi əsas götürərək borclanın borcunu həmin tarix üzrə formalaşmış məbləğ əsasında müəyyən etmişdir. Halbuki iş materiallarında mövcud olan sübutlar göstərir ki, kreditor artıq ##.##.2022-ci il tarixdə müqavilə münasibətinin taleyinə dair iradəsini bildirmiş və borclunu bunun hüquqi nəticələri barədə xəbərdar etmişdir.

104. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməlidir. Lakin birinci instansiya məhkəməsi işdə mövcud olan ##.##.2022-ci il tarixli bildirişi hüquqi qiymətləndirmədən kənarda saxlamış, sonrakı bildirişi əsas götürməklə iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halı düzgün müəyyən etməmişdir.

105. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan əsas, faiz və cərimə borcunun məbləğini müəyyən edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutları tam və hərtərəfli qiymətləndirməmiş, tərəflər arasında bağlanmış müqavilənin ödənişlərin növbəliliyini tənzimləyən şərtlərini nəzərə almamış və nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

106. Belə ki, iş materiallarında olan ##.##.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2020-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsi üzrə ##.##.2022-ci il tarixə ümumilikdə 14242,21 manat borcun yarandığı barədə məlumat verilmişdir. Həmin borcun tərkibi 4885,34 manat gecikdirilmiş əsas borcdan, 258,03 manat gecikdirilmiş faiz borcundan, 36,82 manat cərimə borcundan və ödəniş müddəti çatmış digər əsas borc hissələrindən ibarət olmuşdur.

107. Sadə riyazi hesablamadan görünür ki, ümumi borc məbləğindən 258,03 manat faiz borcu və 36,82 manat cərimə borcu çıxıldıqda həmin tarixə müqavilə üzrə qalan əsas borc 13947,36 manat təşkil etmişdir.

108. Iş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, cavabdeh tərəfindən 2023-cü ilin iyun ayında 300 manat, 2025-2026-cı illər ərzində isə ümumilikdə 3400 manat olmaqla, cəmi 3700 manat ödəniş edilmişdir. Tərəflər arasında həmin ödənişlərin həyata keçirilməsi barədə mübahisə mövcud deyildir.

109. Lakin birinci instansiya məhkəməsi həmin ödənişlərin kredit borcunun hansı hissəsinə aid edilməsini müəyyən edərkən tərəflər arasında bağlanmış restrukturizasiya müqaviləsinin şərtlərini nəzərə almamışdır.

110. Belə ki, ##.##.2020-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinin 3.7-ci bəndinə görə, borclu tərəfindən ödənilən məbləğ, restrukturizasiya müqaviləsində borclunun xeyrinə ayrı qayda müəyyən edilmədiyi halda, ilk növbədə hesablanmış dəbbə pulunun (cərimənin), daha sonra kredit üzrə hesablanmış faizlərin və yalnız bundan sonra əsas borcun ödənilməsinə yönəldilməsi göstərilmişdir.

111. Qeyd edilməlidir ki, fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda sərbəstdirlər və bağlanmış müqavilənin şərtləri tərəflər üçün məcburidir. Tərəflər qanunvericiliyin imperativ normalarına zidd olmayan istənilən müqavilə şərtlərini müəyyən edə bilərlər. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (Mülki Məcəllə - 390.1, 390.5 və 390.6).

112. Məcəllənin 425.1-ci maddəsi isə müəyyən edir ki, tərəflər öz hüquq və vəzifələrini müqavilənin şərtlərinə uyğun, vicdanlılıq prinsipinə riayət etməklə icra etməlidirlər.

113. Bundan başqa, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən kreditorun hüququ məhz müqavilədə nəzərdə tutulmuş qaydada öhdəliyin icrasını tələb etməkdən ibarətdir. Eyni zamanda 386.1-ci maddənin tələblərinə görə müqavilədən irəli gələn hüquq və vəzifələr tərəflər üçün hüquqi nəticələr doğurur və həmin nəticələr məhkəmə tərəfindən də nəzərə alınmalıdır.

114. Hazırkı iş üzrə də tərəflər ödənişlərin ilk növbədə cərimə borcuna, sonra faiz borcuna, daha sonra isə əsas borca silinməsi barədə razılığa gəlmişlər. Bu baxımdan cavabdeh tərəfindən ödənilmiş 3.700 manat məbləğin ilk növbədə 36,82 manat cərimə borcunun, sonra isə 258,03 manat faiz borcunun ödənilməsinə yönəldilməsi müqavilənin birbaşa tələbindən irəli gəlir.

115. Belə olduqda ödənilmiş 3.700 manat məbləğdən əvvəlcə 36,82 manat cərimə borcu və 258,03 manat faiz borcu çıxıldıqdan sonra əsas borcun ödənilməsinə yönəldilə bilən məbləğ 3.405,15 manat təşkil edir.

116. Nəticə etibarilə, ##.##.2022-ci il tarixinə mövcud olmuş 13.947,36 manat əsas borcdan müqavilənin 3.7-ci bəndinə uyğun olaraq əsas borca silinməli olan 3405,15 manat çıxıldıqda cavabdehin iddiaçı qarşısında qalan əsas borcu 10.542,21 manat təşkil edir.

117. Birinci instansiya məhkəməsi isə aparılmış ödənişlərin müqavilədə nəzərdə tutulmuş növbəlilik qaydasını tətbiq etmədən birbaşa əsas borcun hesablanmasına təsir göstərmiş, nəticədə ödənilmiş məbləğin hansı hissəsinin cərimə, hansı hissəsinin faiz, hansı hissəsinin isə əsas borca aid edilməsini müəyyən etməmişdir. Halbuki, müqavilə ilə müəyyən edilmiş ödəniş ardıcıllığı dəyişdirilmədiyi və ya etibarsız hesab edilmədiyi müddətdə həmin şərtlərin tətbiq edilməməsi müqavilə hüququnun əsas prinsiplərinə zidd olmaqla yanaşı, öhdəlik hüququnun mahiyyətinə də uyğun deyildir.

118. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun hesablanması zamanı həm restrukturizasiya müqaviləsinin tələblərini, həm də qanunverciliyin müqavilənin məcburiliyi, müqavilə azadlığı və öhdəliklərin müqavilə şərtlərinə uyğun icrası ilə bağlı müddəalarını düzgün tətbiq etmədiyindən tutulmalı olan əsas borcun məbləğini düzgün müəyyən etməmişdir. Hansı ki, bundan artıq borc məbləğinin tutulması həm borcalanın iradəsinə, həm də müqavilədən imtina institutunun mahiyyətinə ziddir və borcluların üzərinə əlavə öhdəlik qoyulması deməkdir ki, bu da Mülki Məcəllənin 6.1.5 və 6.2-ci maddələrinin tələb etdiyi müqavilə azadlığı prinsiplərinə uyğun deyildir. Bu baxımdan iş materiallarında olan sübutların və müqavilə şərtlərinin qarşılıqlı qiymətləndirilməsi nəticəsində cavabdehdən tutulmalı olan əsas borcun 10.542,21 manat təşkil etdiyi müəyyən edilir və məhkəmə həmin məbləği əsaslı hesab edir.

119. Lakin məhkəmə qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən cavabdehin apellyasiya şikayəti əsasında cavabdehdən daha artıq məbləğdə borcun tutulması mümkün deyildir.

120. Birinci instansiyası məhkəmə tərəfindən cavabdehdən tutulan əsas borcun məbləği 10334,89 manatdır ki, yuxarıda gətirilmiş hesablama nəticəsində sonuncunun əsas borcunun məbləği 10542,21 mana olaraq müəyyən edilmişdir. Belə olan halda cavabdehdən özünün şikayəti əsasında daha aertıq məbləğ tutula bilməz ki, cavabdehdən tutulmalı olan əsas borcun məbləği 10334,89 manat olaraq müəyyən edilməlidir.

121. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi faiz borcunun 258,03 manat və cərimə borcunun 36,82 manat məbləğində tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışla müəyyən edilir ki, cavabdeh tərəfindən restrukturizasiya müqaviləsi üzrə ümumilikdə 3700 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinin 3.7ci bəndinə əsasən isə borclu tərəfindən ödənilən məbləğ, müqavilədə borclunun xeyrinə başqa qayda nəzərdə tutulmadığı halda, ilk növbədə hesablanmış dəbbə pulunun, daha sonra kredit üzrə hesablanmış faizlərin, yalnız bundan sonra isə əsas borcun ödənilməsinə yönəldilir.

122. Göstərilən müqavilə şərtinin tələbinə uyğun olaraq cavabdeh tərəfindən edilmiş ödənişlər ilk növbədə 36,82 manat cərimə borcunun və 258,03 manat faiz borcunun bağlanmasına yönəlmiş, yalnız bundan sonra qalan məbləğ əsas borcun azaldılmasına silinmişdir. Deməli, ##.##.2022-ci il tarixə hesablanmış gecikdirilmiş faiz və cərimə borcları sonradan edilmiş ödənişlər hesabına tam həcmdə ödənilmiş olduğundan, həmin məbləğlər üzrə iddiaçının tələb hüququ aradan qalxmışdır.

123. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflər öhdəliklərini müqavilənin şərtlərinə uyğun şəkildə icra etməli, 386.1-ci maddəsinə əsasən isə müqavilədən irəli gələn hüquq və vəzifələr tərəflər üçün məcburidir. Bu baxımdan, müqavilədə nəzərdə tutulmuş ödəniş növbəliliyinə riayət edilməklə həyata keçirilmiş ödənişlər nəticəsində artıq ödənilmiş hesab olunan faiz və cərimə borclarının təkrar qaydada tutulması həm müqavilənin şərtlərinə, həm də öhdəlik hüququnun əsas prinsiplərinə zidd olardı.

124. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 258,03 manat gecikdirilmiş faiz borcunun və 36,82 manat cərimə borcunun tutulması hissəsində əsaslı olmadığından həmin hissədə təmin edilməməlidir.

125. Qeyd edilən hallarla paralel məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə prosessual zərurət mövcud olmamışdır. Belə ki, iş üzrə müəyyən edilmiş borc məbləği hər hansı xüsusi mühasibat uçotu, maliyyə təhlili və ya peşəkar ekspert bilikləri tələb edən mürəkkəb hesablamalar nəticəsində deyil, iş materiallarında mövcud olan yazılı sübutlar, tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli LM********* saylı restrukturizasiya müqaviləsinin 3.7-ci bəndi, ##.##.2022-ci il tarixli bildiriş və hesabdan çıxarışda əks olunmuş ödənişlər əsasında sadə riyazi əməliyyatların aparılması yolu ilə müəyyən edilmişdir.

126. Belə ki, müqavilə ilə ödənişlərin ilk növbədə cərimə borcuna, daha sonra faiz borcuna və yalnız bundan sonra əsas borca silinməsi qaydası dəqiq müəyyən edilmiş, iş materiallarında isə ödənilmiş və ödənilməmiş məbləğlər mübahisəsiz şəkildə təsbit olunmuşdur. Bu səbəbdən mövcud sübutların müqavilə şərtlərinə uyğun hüquqi qiymətləndirilməsi və sadə çıxma əməliyyatlarının aparılması ilə borcun məbləğinin müəyyən edilməsi mümkün olduğundan, həmin hesablamaların aparılması xüsusi bilik tələb edən məsələ hesab edilə bilməz.

127. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın borcalana məxsus ipoteka predmetinə yönəldilməsi üçün əsasdır.

128. Çünki, Azərbaycan Respublikası “Ipoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

129. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.

130. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir.

131. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

132. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

133. Birinci instansiya məhkəməsi 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutulmasının da ipoteka predmetinə yönəldilməsində haqlı olmuşdur.

134. Belə ki, “Ipoteka haqqında” Qanunun 4-cü maddəsində ipoteka ilə təmin edilən tələbin həcmi müəyyən edilərək göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərər, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərcləri və digər xərclər də daxil edilməklə tam həcmdə təmin edilir.

135. Iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün “Ipoteka haqqında” Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur.

136. Həmçinin, “Ipoteka haqqında” Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir (zamana görə redaksiya).

137. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.

138. Iş materiallarında olan “xxxx” MMC tərəfindən təqdim edilmiş rəyə əsasən Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşən, ev 82, mənzil 2 fərdi yaşayış evinin bazar dəyəri 90000 manat, likvid dəyəri isə 81000 manat təşkil etmişdir.

139. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisəli ipoteka predmetinin ilkin satış qiymətini 81.000 manat məbləğində müəyyən etmişdir.

140. Apellyator apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizalarının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.

141. Azərbaycan Respublikası MPM-in 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPM-nin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).

142. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, qiymətləndirmə rəyində göstərilən analoji obyektlərin müqayisəli təhlili bazar iqtisadiyyatı prinsiplərinə uyğun metodologiya əsasında aparılmış, açıq mənbələrdən əldə edilmiş məlumatlardan istifadə edilmişdir ki, bu da qiymətləndirmə praktikasında geniş tətbiq olunan və qəbul edilmiş yanaşmadır.

143. Kollegiya xatırladır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də yuxarıda göstərilən hallara dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut (o cümlədən, hazırda iş üzrə qəbul edilmiş mütəxəssis rəyinin elmi-metodoloji baxımdan qüsurlu olduğunu təsdiq edən alternativ mütəxəssis rəyinin təqdim edilməsi, qiymətləndirmənin qüvvədə olan milli və ya beynəlxalq qiymətləndirmə standartlarının konkret hansı tələblərinin pozulması ilə aparıldığını göstərən əsaslandırılmış yazılı rəy, qiymətləndirmə obyektinin rekvizitləri, sahəsi, hüquqi statusu və ya funksional təyinatı barədə rəyin yanlış olduğunu sübut edən rəsmi sənədlər, habelə qiymətləndirmə zamanı istifadə edilmiş analoji obyektlərin müqayisə üçün yararsız olduğunu təsdiq edən müstəqil ekspert və ya mütəxəssis nəticələri) təqdim edilməmişdir. Cavabdeh cavabdeh2 apellyasiya şikayətində irəli sürdüyü arqumentlər isə ehtimallara və subyektiv mülahizələrə əsaslandığından, prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.

144. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.

145. Azərbycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

146. Iki rəyə münasibətdə məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsi əmlakın daha yuxarı məbləğdə qiymətləndirilməsi ilə bağlı rəyi əsas götürmüş və iddiaçı bundan şikayət etməmişdir. Belə olan halda cavabdehin əmlakın dəyəri ilə bağlı göstərdiyi dəlillər formaldır və bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.

147. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə çıxarılmalı və cavabdeh cavabdeh2 10334,89 məbləğində əsas bоrc, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu qismində 97,48 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum olmaqla, cəmi 10.483,37 manat məbləğində bоrc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

148. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə 97,48 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, ödənilmiş 34,52 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

149. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh cavabdeh2 tərəfindən qətnamənin əsas borcun məbləği və ipoteka predmeti hissələrindən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiaçıya münasibətdə hazırki məhkəmə aktı ilə mübahisələndirilən məbləğ 175,11 manat təşkil edir ki, buda 10.000 (on min) manatdan azdır. Digər tərəfdən cavabdeh cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməmiş və hazırki məhkəmə aktı ilə onun hüquqlarına müdaxilə olunmamış, əksinə hazırki məhkəmə aktı ilə borc məbləği azaldılmışdır. Bu baxımdan iddiaçı və cavabdeh cavabdeh1 tərəfindən hazlrki qıtnamədən kassasiya şikayəti verilə bilməz.

150. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – cavabdeh cavabdeh2 98 manat 71 qəpik faiz borcu, 77 manat 03 qəpik cərimə borcunun tutulması hissələrində ləğv edilsin və həmin hissələrdə iddia tələbi rədd edilsin. Cavabdeh cavabdeh2 10.334,89 (on min üç yüz otuz dörd manat səksən doqquz qəpik) məbləğində əsas bоrc, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu qismində 97,48 (doxsan yeddi manat qırx səkiz qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsum olmaqla, cəmi 10.483,37 (on min dürd yüz səksən üç manat otuz yeddi qəpik) manat məbləğində bоrc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar