Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-112/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: alqı-satqı və podrat münasibətləri Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı MMC-nin direktorları X1, X3 və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında ## ###### 2021- ci il tarixli, GC-*** nömrəli xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alğı-satqısı haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə İddiaçı MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 3284.88 əsas borc, müqavilə üzrə hesablanmış 985.50 manat cərimə borcu, 65 manat dövlət rüsumu olmaqla, cəmi 4335.38 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında 7 hektar torpaq sahəsində pambıq əkilməsi haqqında GPM*** nömrəli ##.##.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1-1-ci bəndinə əsasən, fermer özünə məxsus olan və ya icarəyə götürdüyü 7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək yüksək məhsuldarlıqla pambıq əkib becərmək və əldə edilmiş xam pambığı müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 2.1.2-ci bəndinə əsasən, satıcı yəni Cavabdeh 7 hektar torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı, bütünlüklə alıcıya təhvil verir. Alıcı, yəni İddiaçı MMC özünə məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirir, satıcını toxumla, gübrə ilə, zərərvericilərə qarşı dərmanlarla təmin edir. İddiaçı MMC öz öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh Cavabdeh bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Maliyyə hesabatlarından görünür ki, İddiaçı MMC cavabdehə toxum, gübrə, kimyəvi preparatlar vermiş, şum, mala, səpin, kultivasiya işləri, dərman səpini, pambığın yığılması kimi aqrotexniki xidmətlər göstərərək 3284.88 manat xərc çəkmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə cərimə məbləği 985.50 manat təşkil edir. Həmin borcların ödənilməsi ilə bağlı cavabdehə ##.##.2024-cü il tarixli yazılı xəbərdarlıq edilsə də, cavabdeh müraciətə cavab verməmiş, ödəniş etməmişdir.
4. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 3284,88 manat məbləğində borc, 150 manat cərimə olmaqla, cəmi 3434,88 manat pul vəsaiti və 65 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; Iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 390.4, 442, 443.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 467, 567 və 598-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, işə baxılmasının vaxtı və yeri barədə birinci instansiya məhkəməsi tərəfindən məlumatlandırılmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Iddiaçı təşkilatla aralarında 7 hektar torpaq sahəsində xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alğı-satqısı haqqında müqavilə bağlamışlar. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 2021ci ildən iddiaçı təşkilata qalıq borcu 1200 manat məbləğdə olmuşdur. Iddiaçı tərəf yalnız bir dəfə kultivasiya işləri görmüşdür, qalan xərcləri özü çəkmişdir. 2022-ci əkin ili üzrə iddiaçı təşkilata 1045 manat dəyərində pambıq təhvil vermişdir. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iddiaçı İddiaçı MMC-nin direktoru X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı təşkilatla cavabdeh Cavabdeh arasında ##.##.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə görə, sonuncu 7 hektar torpaq sahəsində pambıq əkini ilə məşğul olmağı və hər hektarı 25 sentnerdən az olmamaqla istehsal etdiyi pambığı iddiaçı təşkilata təhvil verməyi öhdəsinə götürmüşdür. Iddiaçı təşkilat müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etsə də, lakin cavabdeh Cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, 2022-ci əkin ili üzrə cavabdehə 3284 manat dəyərində xidmət göstərilmişdir. Əvvəlki illərə münasibətdə cavabdehin qalıq borcu 1922 manat olmuşdur. 2022ci il əkin mövsümü üçün göstərilən xidmətlərə görə 1045 manatlıq pambıq təhvil veriləndən sonra, cavabdehin həmin mövsüm üzrə qalıq borcu 1362 manat məbləğdə olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı MMC-nin direktoru X1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2020-ci ildən 2022-ci ilə qədər olan dövr ərzində iddiaçı təşkilat tərəfindən cavabdeh Cavabdeh pambıq əkini zamanı maliyyə dəstəyi, toxum,gübrə, kimyəvi preparatlar, şum, kultivasiya işləri, dərman səpini, pambığın yığılması kimi aqrotexniki xidmətləri göstərilmişdir. Cavabdehin ##.##.2022-ci il tarixinədək olan müddətə cavabdehin iddiaçı təşkilata borcu 1922 manat məbləğdə olmuşdur. 1362 manat isə 2022-ci il əkin mövsümü üzrə cavabdehin qalıq borcudur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, göstərilmiş hər bir aqrotexniki xidmətə dair faktura vardır. X4 cavabdehin müvafiq illərdə əkdiyi bütün torpaq sahələri qeyd olunub. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər
20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür
23. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
35. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçının tələbin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.
37. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
38. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «cavabdeh Cavabdeh 3284,88 manat məbləğində borc, cəmi 3434,88 manat pul vəsaiti və 65 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi» hissədə dəyişdirilməli, cavabdeh Cavabdeh tutulmalı əsas borc məbləği 2562,55 (iki min beş yüz altmış iki manat əlli beş qəpik) manat, cəmi borc məbləği 2712,55 (iki min yeddi yüz on iki manat əlli beş qəpik) manat müəyyən edilməli, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 47,13 (qırx yeddi manat on üç qəpik) cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında ## ###### 2021ci il tarixli GC-*** nömrəli xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alğı-satqısı haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh öhdəsində olan 7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə İddiaçı MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Iddiaçı təşkilat 2022-ci il əkin mövsümü üçün cavabdeh qarşısında müqavilə üzrə öhdəliklərini icra edərək ona 2408,15 manat dəyərində xidmət göstərdiyini, cavabdehin isə müqavilə üzrə üzərinə düşən öhdəliyini qismən icra edərək 1045,60 manat dəyərində xampambıq təhvil verdiyini, cavabdehin əvvəlki əkin mövsümü üzrə 1922,33 manat qalıq borcu olmaqla, ümumilikdə (1362,55 + 1922,33 = 3284,88) 3284,88 manat borcu ödəmədiyini iddia edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
41. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
42. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
43. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Tərəflər arasında bağlanmış müqavilə - alqı-satqı, podrat və xidmət müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, müqaviləyə müvafiq hissələrdə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə və podrat müqaviləsinə dair normaları tətbiq edilməlidir.
45. Işin mübahisəsiz halına görə, tərəflər arasında xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alğı-satqısı haqqında ## ###### 2021- ci il tarixli GC-*** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə görə, cavabdeh öhdəsində olan 7 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
46. Işin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, cavabdeh Cavabdeh 2022-ci il əkin mövsümü üçün 7 ha torpaq sahəsindən əldə etdiyi 1045,60 manat dəyərində xam-pambığı iddiaçı təşkilata təhvil vermişdir.
47. Iddiaçı təşkilat 2022-ci il əkin mövsümü üçün cavabdehə 2408,15 manat dəyərində xidmət göstərildiyini iddia etmiş; cavabdeh isə iddiaya etiraz edərək iddiaçı tərəfin yalnız bir dəfə kultivasiya işləri gördüyünü, qalan xərclərin özü tərəfindən qarşılandığını bildirmişdir.
48. Lakin, iddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi iş və xidmətlərin göstərilməsinə dair aktlar, qaimə-fakturalar və maliyyə arayışı ilə həqiqətən də iddiaçı təşkilat tərəfindən cavabdehə 2408,15 manat dəyərində xidmət göstərildiyi müəyyən edilmişdir (həmin sənədlərdəki məlumatların həqiqiliyi cavabdehin imzası ilə təsdiq edilmiş və o, sənədlərdə adının qarşısında icra edilmiş imzanın ona məxsusluğunu qəbul etmişdir).
49. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları əsasında məlum olmuşdur ki, cavabdeh Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qismən icra etməklə 2022ci il əkin mövsümü üzrə iddiaçı təşkilata 1045,60 manat dəyərində xam-pambıq təhvil vermiş və sonuncu qarşısında 1362,55 manat məbləğdə icra edilməmiş öhdəliyi qalmışdır (2408,15 manat dəyərində göstərilmiş xidmət - 1045,60 təhvil verilmiş pambığın dəyəri = 1362,55 qalıq borc).
50. Iddia ərizəsində iddiaçı təşkilatın cavabdeh Cavabdeh tələb etdiyi borc məbləğinin hansı əkin mövsümü üzrə yaranmış olduğu ətraflı şəkildə göstərilməsə də, lakin iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından (cari hesap ekstresi adlı sənəd) görünür ki, iddiaçı təşkilat cavabdehin əvvəlki əkin mövsümü üzrə 1922,33 manat qalıq borcu olmaqla, ümumilikdə 3284,88 manat borcun (1922,33 manat əvvəlki əkin mövsümü üzrə borc + 1362,55 manat 2022-ci il əkin mövsümü üzrə borc = 3284,88 manat ümumi borc) ödənilməsini cavabdehdən tələb etmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat cavabdeh Cavabdeh əvvəlki əkin mövsümü üzrə qalıq borcunun 1922,33 manat məbləğdə olduğunu iddia etsə də, lakin həmin əkin mövsümü üzrə qalıq borcun məhz 1922,33 manat məbləğdə olmasını sübuta yetirə bilməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.
52. Bununla belə, cavabdeh Cavabdeh apellyasiya baxışı zamanı verdiyi etirafedici məzmunda izahatı ilə onun əvvəlki əkin mövsümü üzrə iddiaçı təşkilata 1200 manat məbləğdə qalıq borcu olduğu müəyyən edilmişdir (bax § 9).
53. Bu halda, cavabdeh Cavabdeh iddiaçı təşkilata ümumi borcu (əsas borc) 2562,55 manat təşkil edir (1200 manat əvvəlki əkin mövsümü üzrə borc + 1362,55 manat 2022-ci il əkin mövsümü üzrə borc = 2562,55 manat ümumi borc).
54. Birinci instansiya məhkəməsi isə cavabdehdən iddiaçı təşkilatın xeyrinə 3284,88 manat məbləğdə vəsait tutulmalı olduğu qənaətinə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ (əsas borc) 2562,55 manat müəyyən edilməlidir.
55. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
56. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
57. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cərimə barədə şərt mövcuddur. Belə ki, müqavilənin 5.4-cü bəndinə görə, satıcı üzərinə götürdüyü öhdəliklərdən az miqdarda məhsul təhvil verərsə, onda ödənilməyən xam pambığın 30 faizi miqdarında (bir növ qiymətlə) alıcıya cərimə ödəyir.
58. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
59. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq müqavilə üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq, 150 manat məbləğdə müəyyən etmişdir. Qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
60. Kollegiya həmçinin göstərir ki, müqavilə üzrə əsas borc məbləğinə dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirildiyindən cəmi borc məbləğinə dair hissədə də qətnamə dəyişdirilməli və müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı cəmi borc məbləği 2712,55 manat məbləğdə müəyyən edilməlidir (2562,55 manat əsas borc + 150 manat cərimə borcu = 2712,55 manat).
61. Tutulmalı pul məbləğinə dair hissədə qətnamə dəyişdirildiyindən, MPM-nin 119.6-cı maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi hissədə də qətnamə dəyişdirilməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47,13 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
62. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qətnaməsi yoxlanılan, yəni «cavabdeh Cavabdeh 3284,88 manat məbləğində borc, cəmi 3434,88 manat pul vəsaiti və 65 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi» hissədə dəyişdirilsin. Cavabdeh Cavabdeh tutulmalı əsas borc məbləği 2562,55 (iki min beş yüz altmış iki manat əlli beş qəpik) manat, cəmi borc məbləği 2712,55 (iki min yeddi yüz on iki manat əlli beş qəpik) manat müəyyən edilsin. Iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 47,13 (qırx yeddi manat on üç qəpik) cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.