Məhkəmə qərarları › İş №e-2-2(3-7)-121/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-121/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-121/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh MCavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Işin halları

1. “xxxx” MMC ilə “xxxx” ASC arasında ##.##.2023-cü il tarixdə, **/** nömrəli əməkdaşlıq və zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər müqavilənin 1.1 və 1.2-ci bəndlərində razılaşmışlar ki, müqaviləyə görə “xxxx” MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə Banka sifarişçilərin adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim edir, Bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açır. Borcalan bu müqavilənin 1.3-cü bəndində göstərilən kredit xətti (limiti) müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin olan “xxxx” MMC borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi Bankın ilkin yazılı tələbi ilə (əsas, faiz və cərimə məbləği ilə birlikdə) tamamilə icra etməyi öhdəsinə götürür.

2. “xxxx” MMC ilə cavabdeh arasında ## ###### 2024-cü il tarixdə 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 24 272 *** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 11 hektar torpaq sahəsində pambıq becərərək istehsal etdiyi xam pambığı tam həcmdə iddiaçıya təhvil verməyi, iddiaçı isə istehsal üçün zəruri malları, aqrotexniki xidmətləri və maliyyə vəsaitini təqdim etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılması protokolu ilə təqdim ediləcək malların və göstəriləcək xidmətlərin qiymətləri müəyyən edilmişdir.

3. Cavabdeh ilə “xxxx” ASC arasında ## ###### 2024-cü il tarixdə sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavaabdehə bank tərəfindən 12 ay müddəıtinə, illik yuxarı həddi 15 faizlə 100.000 manatlıq kredit xətti açılmışdır.

4. Cavabdehlə bank arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən bank tərəfindən hissə-hissə olmaqla ##.##.2024-cü il tarixdən etibarən ümumilikdə cavabdehin bank hesabına 24.995,98 manat məbləğində kredit vəsaiti köçürülmüşdür.

5. Bundan başqa iddiaçı tərəfindən pambığın əkilməsi və becərilməsi ilə bağlı cavabdehə ümumilikdə 9837,97 manat dəyərində xidmətlər (traktor işləri, pambığın yılması və s.) göstərilmiş və zəruri vəsait verilmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 7271,20 manat pambıq təhvil verilmiş və bunun nəticəsində iddiaçıya göstərilmiş xidmətlərin dəyərindən 2566,77 manat borcu yaranmışdır.

7. Eyni zamanda təhvil verilmiş pambığın dəyərindən kredit ödənişləri qismən icra edilmiş və nəticəsdə cavabdehin bank qarşısında 11.495 manat əsas, 1.352,22 manat faiz olmaqla cəmi 12.847,22 manat kredit borcu yaranmış, həmin məbləğ ## ###### 2025-ci il tarixdə zamin olan iddiaçı tərəfindən banka tam ödənilmişdir.

8. Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin iddiaçıya aid qeydiyyatdan ##.##.2025-ci il tarixli çıxarışa əsasən “xxxx”xxxx” MMC adlandırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh xam-pambığın alqı-satqı müqaviləsi əsasında avans vəsaitə görə yaranmış 2566,77 manat əsas, hesablanmış 1399,53 manat cərimə, o cümlədən zaminliklə təmin olunmuş öhdəliyə görə yaranmış 12847,22 manat borc və ödənilmiş dövlət rüsumuna görə 140,45 manat olmaqla, ümumilikdə 16953,97 manat pulun tutularaq Iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Tərtər filialı və cavabdeh arasında bağlanmış ******** saylı 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 9837,97 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir (249,92 manat məhsulun sığorta haqqı və 21,81 manat qurutmatəmizləmə haqqı daxil olmaqla). Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, nəticədə cavabdehin təhvil götürdüyü avansın dəyərinə görə iddiaçıya 2566,77 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1399,53 manat təşkil edir. Bundan başqa, iddiaçı pambığın əkini-becərilməsi üçün cavabdehlə bağladığı sözügedən müqavilə üzrə sonuncunun zəruri pul vəsaiti ilə təmin edilməsi və buna uyğun kreditləşdirilməsi məqsədilə “xxxx” ASC qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. Belə ki, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə də əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 12847,22 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla zamin-iddiaçının bank hesabından tutulma edilməklə kreditora ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 12847,22 manat zaminliklə təmin edilmiş öhdəlik üzrə borcu da yaranmışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli ******** nömrəli 2024-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən 2566 manat 77 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2666 (iki min altı yüz altmış altı) manat 77 (yetmiş yeddi) qəpik borc, zaminliklə təmin edilmiş öhdəliyə görə yaranmış 12847 (on iki min səkkiz yüz qırx yeddi) manat 22 (iyirmi iki) qəpik borc və ödənilmiş 136 (bir yüz otuz altı) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli 2024-cü il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqaviləyə əsasən alıcı “xxxx” MMC 2024-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambığın həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Alıcı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin satıcı öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində onun iddiaçıya 2566,77 borcu yaranmışdır. Eyni zamanda “xxxx” ASC ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixdə kredit xətti (limiti) müqaviləsi bağlanmış, borcalanın hesabına 24995 manat pul köçürülmüşdür. “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli əməkdaşlıq və zaminlik müqaviləsinə əsasən “xxxx” MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi bank tərəfindən borcalana kredit məbləği verilmiş, borcalan tərəfindən borc məbləği ödənilməmiş, borcalanın banka 12847,22 manat borcu qalmış, zamin tərəfindən həmin borc məbləği ##.##.2025-ci il tarixdə tam olaraq banka ödənilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini və iddiaçı zamin olaraq ödədiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də 2566,77 manat borc və 12847,22 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd etmişdir ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avanslar verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1399,53 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 467, 470.1, 472.2, 475.1 və 567-ci maddələrinə, ## ####### 2023-cü il tarixdən qüvvədə olan Mülki Məcəlləsinin 739.1 və 743.1ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

19. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

20. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iş üçün əhəmiyyət kəsb edən və mötəbər sübut sayılan cavabdehin ödənişlərini nəzərə almamışdır. Hesab edir ki, bu hissədə məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Iddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

34. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

36. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

37. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

38. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Maddə 473. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır.

40. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

41. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

42. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

43. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

44. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

46. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

53. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

54. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

56. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

60. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Iddianın təmin edilməyən hissəsi onun mənafeyinı toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsini yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

62. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında 2024-cü il mövsümü üçün xam pambığın alğı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilənin icrası ilə bağlı iddiaçı tərəfindən cavabdehə müəyyən xidmətlər göstərilmiş və lazımı vəsait verilmişdir. Eyni zamanda xam pambığın becərilməsinə maliyyə dəstəyi olaraq cavabdehlə bank arasında kredit xətti müqaviləsi bağlanmış və cavabdehə kredit verilmişdir.

65. Hazırki iddia tələbi iki hissədən ibarət olmaqla iddianın birinci hissəsi “göstərilmiş xidmətlərin əvəzi olaraq xidmətlərinin dəyərindən ödənilməmiş hissəsinin cavabdehdən tutulması və “zamin olaraq banka ödənilmiş pulun cavabdehdən tutulması”ndan ibarətdir.

66. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış ## ###### 2024-cü il tarixli müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin verilmiş malların və göstərilmiş xidmətlərin dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur.

67. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir.

68. Bundan başqa tərəflər arasında bağlanmış müqavilə həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanmış, həqiqi hüquqi nəticələr yaratmış və etibarsız olmamışdr.

69. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı tərəfindən pambığın əkilməsi və becərilməsi ilə bağlı cavabdehə ümumilikdə 9837,97 manat dəyərində xidmətlər (traktor işləri, pambığın yılması və s.) göstərilmiş və zəruri vəsait verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 7271,20 manat məbləğində pambıq təhvil verilmiş və bunun nəticəsində iddiaçıya göstərilmiş xidmətlərin dəyərindən 2566,77 manat borcu yaranmışdır.

70. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən borc məbləği əsaslı olmuş və birinci instansiyası məhkəməsi tərəfindən düzgün olaraq cavabdehdən tutulması qənaətinə gəlinmişdir.

71. Bundan başqa iddianın bu hissəsi ilə bağlı cavabdehdən cərimə məbləği tələb edilmiş və birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 462 və 467-ci maddələrinə əsasən cavabdehdən 100 manat cərimə məbləği tutulmuşdur ki, bu da əsas borca münasibətdə yüksək deyildir.

72. Iddianın zamin olaraq ödənilmiş pulun tələb edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, “xxxx” ASC ilə cavabdeh arasında ## ###### 2024-cü il tarixdə sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank, müqavilədə nəzərdə tutulmuş şərtlərlə cavabdehə kredit verməyi, cavabdeh isə istifadə etdiyi kredit məbləğini və hesablanmış faizləri müəyyən edilmiş müddətlərdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdehin hesabına bank tərəfindən ümumilikdə 24.995,98 manat məbləğində pul vəsaiti köçürülmüşdür ki, bu hal cavabdehin hesabdan çıxarış məlumatları ilə də təsdiq olunur.

73. Bununla yanaşı, iş materiallarından görünür ki, “xxxx” ASC ilə hazırda “xxxx” MMC adı altında fəaliyyət göstərən iddiaçı arasında ## ###### 2024-cü il tarixdə əməkdaşlıq və zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə və ona sonradan bağlanmış əlavələrə əsasən iddiaçı pambıq istehsalı ilə məşğul olan fiziki şəxslərin, o cümlədən cavabdehin bank qarşısında kredit öhdəliklərinin icrasına təminat vermək məqsədilə zamin qismində çıxış etmiş, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etmədiyi halda borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

74. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, kreditor isə borcludan bu öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 425.1-ci maddəsi isə tərəflərin öhdəliklərini vicdanlılıq prinsipinə uyğun olaraq, şərtləşdirilmiş vaxtda və lazımi qaydada icra etməli olduqlarını təsbit edir. Iş üzrə mübahisəsiz hallar onu göstərir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü pul öhdəliyini vaxtında və tam şəkildə icra etməmiş, nəticədə Mülki Məcəllənin 442ci maddəsində

75. nəzərdə tutulmuş öhdəliyin pozulması halına yol vermişdir. Pambıq qəbulu qəbzləri, xidmət aktları, qaimələr, maliyyə arayışları və hesablaşma sənədləri cavabdehin müqavilə üzrə yalnız müəyyən hissədə öhdəliyini icra etdiyini, lakin bunun müqavilədən irəli gələn bütün öhdəliklərin icrası üçün kifayət etmədiyini təsdiq edir.

76. Apellyasiya şikayətində cavabdeh tərəfindən göstərilən, edilmiş ödənişlərin məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlil öz təsdiqini tapmır. Əksinə, iş materiallarında olan maliyyə sənədlərindən görünür ki, cavabdehin iddiaçıya təhvil verdiyi pambığın dəyəri, ona göstərilən xidmətlər və təqdim edilən mallar tam şəkildə qarşılıqlı hesablaşmaya daxil edilmiş, yalnız bu hesablaşmalardan sonra qalan borc məbləği müəyyən edilmişdir. Deməli, cavabdehin etdiyi ödənişlər və təqdim etdiyi məhsul məhkəmə tərəfindən nəzərə alınmış, lakin həmin ödənişlər mövcud borcun tam bağlanmasına kifayət etməmişdir.

77. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinin pozulması yalnız o halda mövcud hesab edilə bilər ki, məhkəmə iş üzrə təqdim olunmuş sübutları ümumiyyətlə qiymətləndirməmiş və ya həmin sübutlara hüquqi qiymət verməkdən yayınmış olsun. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, təqdim olunmuş bütün sübutlar araşdırılmış, onların hər biri hüquqi qiymətləndirilmiş, qəbul edilən nəticə həmin sübutların qarşılıqlı əlaqəsi əsasında formalaşdırılmışdır. Buna görə də apellyasiya şikayətində göstərilən həmin dəlil formal xarakter daşımaqla iş materialları ilə təkzib olunur ki, cavabdeh təhvil verdiyini iddia etdiyi pambığın həcminə və ya onun dəyərinə dair məhkəməyə sübut təqdim etməmişdir.

78. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin banka olan 11.495 manat əsas, 1.352,22 manat faiz olmaqla cəmi 12.847,22 manat kredit borcu ## ###### 2025ci il tarixdə zamin olan iddiaçı tərəfindən banka tam ödənilmişdir.

79. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri gecikdirməklə və borcu tam ödəməməklə kreditor qarşısında öhdəliyin icrasını təmin etməmiş, nəticədə kredit müqaviləsindən irəli gələn öhdəliklər zamin tərəfindən icra edilmişdir.

80. Belə ki, “xxxx” ASC-nin təqdim etdiyi arayışdan və iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, zamin “xxxx” MMC tərəfindən cavabdehin banka olan borcu ##.##.2025-ci il tarixdə tam şəkildə ödənilmişdir. Bununla da iddiaçı zaminlik müqaviləsindən irəli gələn öhdəliyini icra etmişdir.

81. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə isə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu hüquqi tənzimləmə zaminin borclunun əvəzinə öhdəliyi icra etməsi halında ona qarşı regres tələbi irəli sürmək hüququnu da nəzərdə tutur.

82. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları, zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir və zamin borcludan kreditora ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ əldə edir. Bu norma iddiaçının cavabdehdən 12.847,22 manat məbləğin tutulmasını tələb etməsinin birbaşa maddi hüquqi əsasını təşkil edir.

83. Sadalanan xüsusatlara görə məhkəmə iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir.

84. Eyni zamanda, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü arqumentləri təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etmədiyindən, həmin arqumentlər hüquqi əhəmiyyət kəsb etmir.

85. Məhkəmə göstərir ki, cavabdehin göstərdiyi dəlillər formal olmaqla pulun ödənilməsini yubatmaq xarakteri daşıyır.

86. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, sübutları hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və iddiaçının zamin qismində ödədiyi pul məbləğinin cavabdehdən tutulması barədə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.

87. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

88. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti 10.000 (on min) manatdan çox olduğundan Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar