Məhkəmə qərarları › İş №e-2-2(3-7)-147/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-147/2026

08.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-147/2026 08.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması; ipoteka predmetinin ilkin satış qiyməti Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Işin halları

1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ## ######## 2019-cu il tarixli GA.766368.* nömrəli kredit limitinin ayrılması haqqında baş sazişindən görünür ki, Cavabdeh 84 ay müddətinə illik 30 faiz olmaqla 490000 manat kredit ayrılmışdır.

2. Kreditor İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli ******- ******/** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 20 ay müddətinə illik 18 faiz olmaqla 93000 manat kredit verilməsi nəzərdə tutulmuşdur.

3. Ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli ******-******/* nömrəli ipoteka müqaviləsindən görünür ki, ## ######## 2019-cu il tarixli GA.766368.* nömrəli kredit limitinin ayrılması haqqında baş sazişdən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə 155.1 kv.m) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir.

4. İddiaçı ASC maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə ##.##.2026-ci il tarixinə banka 40683,27 manat əsas borcu, 6525,35 manat faiz borcu olmaqla, cəmi 47208,62 manat borcu vardır.

5. İddiaçı ASC tərəfindən borcalan və zaminə ünvanlanmış ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, ## ###### 2025-ci il tarixli ******-******/** saylı müqavilə üzrə borc məbləğinin banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun (85683,27 manat əsas, 6153,86 manat faiz borcu olmaqla, cəmi 91837,13 manat) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli *-**-**-**/*-***/**** saylı rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu ##.##.2025-ci il tarixə əsas borc üzrə 85726,27 manat, faiz borcu üzrə 5272,17 manat müəyyən edilmişdir.

7. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli MEB***-**** saylı rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə (ümumi sahə 155.1 kv.m.) görə bazar dəyəri 136000 manat, likvid dəyəri 113000 manat təşkil edir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixli 900875- ******/** nömrəli kredit müqaviləsi üzrə 85683,27 manat əsas və 6525,35 manat faiz borcu olmaqla, cəmi 92208,62 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 manat dövlət rüsumu və 72,80 manat xidmət haqqı olmaqla, cəmi 102,80 manat xərcin və 366,63 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə 155.1 kv.m.) və vərəsəlik şəhadətnaməsi əsasında ona məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə (ümumi sahə 82.70 kv.m.) yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ######## 2019-cu il tarixli GA.766368.* nömrəli baş sazişə əsasən borcalana 490000 manat 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə borcalan Cavabdeh ilə bağlanmış ## ###### 2025-ci il tarixli 900875- ******/** nömrəli kredit müqaviləsinə əsasən borcluya dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi üçün 18 faiz dərəcəsi ilə 20 ay müddətinə 93000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə 155.1 kv.m) ## ###### 2022-ci il tarixli ******-******/* nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir.

10. Daha sonra iddiaçı bank tələbin həcminin azaldılması barədə ərizə verərək qeyd etmişdir, “Expressbаnк” АSC ilə borcalan Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli, ******-******/** nömrəli krеdit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərini yеrinə yеtirmədiyindən borcluya qаrşı krеdit müqaviləsi üzrə yaranmış bоrcun tutulmasına dаir iddia ilə məhkəməyə mürаciət еdilmişdir. Iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh tərəfindən banka müəyyən ödənişlər edilmişdir. Bu səbəbdən 40683,27 manat əsas borc və 6525,35 manat faiz borcu olmaqla, cəmi 47208,62 manat məbləğində borcun, ipoteka predmetlərinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 manat dövlət rüsumu və 72,80 manat xidmət haqqı olmaqla, cəmi 102,8 manat xərcin və 366,63 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə (ümumi sahə 155.1 kv.m.) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli ******-******/** nömrəli kredit müqaviləsi üzrə 40683 manat 27 qəpik əsas borc və 5272 manat 17 qəpik faiz borcu olmaqla, cəmi 45955 (qırx beş min doqquz yüz əlli beş) manat 44 (qırx dörd) qəpik məbləğində borc, ipoteka predmetlərinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 (otuz) manat dövlət rüsumu və 72 (yetmiş iki) manat 80 (səksən) qəpik xidmət haqqı və 227 (iki yüz iyirmi yeddi) manat 86 (səksən altı) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Tələb üzrə tutmanın cavabdeh Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə (ümumi sahə 155.1 kv.m.) yönəldilməsi; Həmin fərdi yaşayış evinin açıq hərracdan satılması; Fərdi yaşayış evinin ilkin satış qiymətinin 113000 (bir yüz on üç min) manat həddində müəyyən edilməsi; Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh Cavabdeh qaytarılması; Iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərcinin cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi; Iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 800 (səkkiz yüz) manat ekspertiza xərcinin cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: ********** Kapital bank ASC Gəncə filialı VÖEN: **********, KOD: 200275, S.W.İ.F.T: AIIBAZNXXXX, H/H: AZ52AIIB400600L9444439610127, M/h: AZ37NABZ01350100000000001944) ödənilməsi; Iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 739.1 və 743.1-ci maddələrinə, «Ipoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3, və 218.1 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, maddi imkansızlıq səbəbindən kredit borcu üzrə ödənişləri icra edə bilməmişdir. Bank məhkəmədə iddia qaldırdıqdan sonra, o cümlədən işə məhkəmədə baxıldığı müddətdə, başqa bir evini satıb, banka 45000 manat ödəniş etmişdir. Banka olan borcu maksimum 35000 manat ola bilərdi. Buna baxmayaraq, məhkəmə borc məbləğini 45955,44 manat müəyyən edilmişdir. Bundan başqa, ipoteka predmetinin dəyəri hazırkı qətnamə ilə müəyyən edilmiş 113000 manat deyil, ən azı 200000 manatdır. Belə ki, evi Bərdə şəhərinin mərkəzində yerləşir. Bu da onu deməyə əsas verir ki, əmlakın qiymətləndirilməsi düzgün aparılmamışdır. Qətnamə ilə müəyyən edilən qiymətin həqiqətə uyğun olmaması öz təsdiqini tapar. Onu da bildirir ki, ipoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən «Ipoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. Ipoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilibyönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1- ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edir ki, həm mühasibatlıq ekspertizasının, həm də əmtəəşünaslıq ekspertizasının rəyləri həqiqəti əks etdirmir. Bu səbəbdən də iş üzrə təkrar mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı bank “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh də məhkəməyə ərizə ünvanlayaraq əməliyyat keçirəcəyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasını təzirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə baxılma müddətini nəzərə alaraq və MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

18. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

19. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

27. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

28. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

29. Maddə 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:

30. Maddə 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;

31. Maddə 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir.

33. Maddə 39.3.3. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

44. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

45. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı bank birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız borclu qətnamədən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçının da tələbinin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.

46. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

47. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ## ######## 2019-cu il tarixli GA.766368.* nömrəli kredit limitinin ayrılması haqqında baş sazişlə borcalana 84 ay müddətinə illik 30 faiz olmaqla 490000 manat kredit ayrılmışdır. Daha sonra, tərəflər arasında bağlanmış ## ###### 2025-ci il tarixli ******-******/** saylı kredit müqaviləsinə əsasən borcalana 20 ay müddətinə illik 18 faiz dərəcəsilə 93000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi bankla Cavabdeh arasında ## ###### 2022-ci il tarixli ******-******/* nömrəli ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə 155.1 kv.m) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

50. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan kreditor ilə borcalan arasında bağlanmış kredit və ipoteka müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin kredit müqaviləsini rəhbər tutaraq hazırda cavabdehdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir.

51. Işin hallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun kredit təşkilatına borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin borcu yaranmışdır.

52. Əsas və ona hesablanmış faiz borcunun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

53. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və alınan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc 85726,27 manat, faiz borcu 5272,17 manat təşkil edir.

54. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinə görə isə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

55. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. Apellyasiya şikayətində kredit müqaviləsi üzrə borc məbləğlərinin (əsas və faiz) düzgün hesablanmadığı göstərilsə də, lakin tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyildir. Ona görə də, təkrar mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət yoxdur.

56. Bununla belə mühasibatlıq ekspertizası rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı bank tələbin həcminin azaldılması barədə ərizə təqdim etmiş, işə baxan məhkəmə də MPMnin 218.3-cü maddəsinə uyğun olaraq iddianı, iddiaçının tələbi həcmində təmin etmişdir.

57. «Məhkəmə icraatı zamanı banka ödədiyi vəsaitin nəzərə alınmaması» barədə apellyatorun dəlilini isə kollegiya əsaslı saymamışdır; ona görə ki, iddiaçı bank iddia ərizəsində cavabdehən 85683,27 manat əsas borc məbləğinin tutulmasını tələb etmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarış sənədindən isə görünür ki, cavabdeh Cavabdeh ## ### 2026-cı il tarixdə, yəni hazırkı iş məhkəmənin icraatında olan zaman kredit borcundan 45000 manat ödəniş etmişdir. Bu səbəbdən də iddiaçı bank məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin borcundan ödənişlər etdiyini qeyd bildirmiş və beləliklə də kredit müqaviləsi üzrə 40683,27 manat əsas borc məbləğinin tutulmasını tələb etmişdir (85683,27 manat – 40683,27 = 45000). Bu da onu deməyə əsas verir ki, cavabdehin banka ödədiyi 45000 manat nəzərə alınaraq onun kredit borcundan silinmişdir.

58. Ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı kollegiya göstərir ki, birinci instansiya məhkəməsində icraat zamanı qiymətləndirmə rəyi alınmış və alınan rəylə ipoteka predmetinin ilkin (likvid) satış qiymətinin 113000 manat olduğu müəyyən edilmişdir.

59. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin təsviri hissəsindən göründüyü kimi, qiymətləndirmənin aparılması zamanı daşınmaz əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri (bazar və likvid) müəyyən edilmişdir. Alınan rəyin şübhə altına alınması və əslində əmlakın dəyərinin daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki, apellyator əmlaka dair alınmış rəylə müəyyən olunan ilkin satış qiymətinin məbləğinin daha artıq olması barədə arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, kollegiya iş üzrə təkrar qiymətləndirmə təyin edilməsinə zərurət görməmiş və bu barədə apellyasiya şikayətinin dəlilini əsassız saymışdır.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış və məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə dəyişdirilməsi və ya ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar