Məhkəmə qərarları › İş №e-2-2(3-7)-149/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-149/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-149/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Işin halları

1. Tərəflər arasında ##.##.2025-ci il tarixdə imzalanmış qəbz ilə, cavabdeh iddiaçıya 27840 manat borcunu 2026-cı ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 27840 (iyirmi yeddi min səkkiz yüz qırx) manat məbləğində pulun və 173,52 (bir yüz yetmiş üz manat əlli iki qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Cavabdeh əvvəllər tanımışdır və onların yaxın münasibətini olmuşdur. Cavabdeh onların bu yaxın münasibətlərindən və aralarında olan səmimi münasibətdən suiistifadə edərək ondan ümumilikdə 27840 (iyirmi yeddi min səkkiz yüz qırx) manat məbləğində borc almışdır. Cavabdeh ondan borc alarkən aldığı 27840 (iyirmi yeddi min səkkiz yüz qırx) manat məbləğində borcunu tezliklə qaytaracağına söz versə də həmin məbləği ona qaytarmamışdır. Cavabdeh Cavabdeh ona olan borcuna dair öz xətti ilə yazılıb imzası ilə təsdiq etdiyi sadə yazılı formada qəbz də vermişdir. Bundan əlavə o, İddiaçı ## ###### 2025-ci il tarixdə pretenziya qaydalarına əməl edərək 27840 (iyirmi yeddi min səkkiz yüz qırx) manat məbləğində pulun qaytarılması üçün cavabdeh Cavabdeh rəsmi məktub göndərsə də cavabdeh Cavabdeh mübahisənin məhkəmədən kənar həlledilməsi üçün heç bir tədbir görmür və görməməkdə davam edir. Bu səbəbdən də hazırkı tələblə o, aidiyyət qaydalarına əməl etməklə cavabdeh Cavabdeh qarşı müvafiq məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

4. Iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər əvvəl dost olmuşlar. Iddiaçı cavabdehə borc pul versə də, cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Bir müddət sonra aralarında mübahisə yaranmış və iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıya məxsus qeyri-yaşayış sahəsini 3 il 6 ay müddətə icarəyə götürmüşdür. Həmin obyektdə çörək sexi kimi fəaliyyət göstərmişlər. Icarə haqqı əvvəllər 300 manat olsa da, iddiaçı daha sonra icarə haqqını 1500 manata qədər qaldırmışdır. Iddiaçı Aylıq icarə haqqını 1500 manata qaldıranda o, artıq həmin obyektdən çıxmışdır. Qəbzi o, yazmışdır. Lakin iddiaçı həmin qəbzi yazmağı ilə bağlı ona hədə-qorxu gəlmişdir. Yəni təzyiq altında həmin qəbzi yazıb imzalamışdır. Iddiaçı ona borc olaraq qəbzdə qeyd olunan qədər borc verməyib. Iddiaçı 1000 ABŞ dolları ona quşçuluq sexi açmaq üçün, 1000 manat da qızının toyu üçün ona borc vermişdir. Eyni zamanda onun üçün Azər adlı şəxsə olan 4200 manat borcunu da iddiaçı ödədiyindən ona borcu qalmışdır. Iddiaçıya hal-hazırda 13000 manat borcu vardır. Ondan artıq borcu yoxdur. Qalan 15000 manatı ödənilməmiş icarə haqqı kimi ona hesablayıb.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Ramiq Qələndərzadə) ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə isə borcun hissə-hissə ödənilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsas olan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh özü tərəfindən tərtib edilmiş və imzalanmış borcun etiraf edilməsi barədə qəbzdə iddiaçı İddiaçı olan 27840 manat borcu 2026cı ilin sonuna qədər ödəməyi öhdəsinə götürdüyündən, yəni öhdəliyin icra müddəti 2026-cı ilin sonu müəyyən olunduğundan iddiaçı İddiaçı həmin borcu vaxtından əvvəl tələb etməkdə haqlı olmamışdır. Odur ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 324.1, 324.2, 329.2, 329.3, 385.1, 386.1, 427.1, 739.1, 739.1, 739.2, 742.1, 742.5, 742.5.1 və 742.5.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

11. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, kommersiya işinə əlavə edilmiş cavabdeh Cavabdeh öz xətti ilə yazılmış və öz imzası ilə imzalanmış ## ####### 2025-ci il tarixli qəbzin mətnindən tam aydın görünür ki, cavabdeh Cavabdeh mən AlisgəndərovOktay Telman oğluna olan 27840 manat borcu etiraf etməklə həmin borcu 2026-cı ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Qəbzin tərtib edildiyi vaxtan yəni ## ####### 2025-ci il tarixdən hal-hazıradək ona bir manat da olsun ödəniş etməməklə yanaşı cavabdeh Cavabdeh iştirak etdiyi bütün məhkəmə iclasları zamanı hakimə verdiyi sərbəst ifadəsində ona olan 27840 manat borcu ümumiyyətlə heç vaxt ödəməyəcəyini, məhkəmə qətnaməsi onun üçün bir kağız parçasından başqa bir şey olmadığını, məhkəmənin Dövlət adına çıxartdığı qətnaməsinin onun üçün tullanqı bir zibil kağız parçası olduğunu və həmin qətnamə ilə ondan alınmalı olan pulu heç kəsin ona ödətdirə bilməyəcəyini qeyd etmişdir (Bu hal məhkəmə iclasının gedişi zamanı aparılmış audiovideo qeydiyyatlarında qeydə alınmışdır). Bundan başqa cavabdeh Cavabdeh məndən borc alıb ona olan borcunu vaxtında ödəmədiyi üçün, aradan 3 aydan vaxt keçdikdən sonra aldığı borcun əvəzinə Cavabdeh özü öz evində, ailəsinin içində, öz iradəsi daxilində, borca görə onun başını bir az da qatmaq məqsədi ilə (borcu verməmək bəhanəsi altında) yazıb imzalayıb gətirib ona qəbz verdiyi vaxt Cavabdeh rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus olan çörək bişirmə sexləri icarəyə götürüb çörək bişirib satmaqla məşğul idi. Sonradan həmin şəxslərin icarə haqqlarını, kommunal ödənişləri (qaz, işıq və s.) o cümlədən dəyirmandan aldığı unların pullarını, işçilərin əmək haqqlarını ödəməyib mənimsədiyi üçün həmin şəxslər tərəfindən icarəyə götürdüyü çörək bişirmə sexlərindən qovulmuş, həmçinin borcunun çox olduğu üçün ona dəyirmanlar tərəfindən un da verilməmişdir. Məhkəmə nəzərə almayıb dərk edə bilməmişdir ki, onların razılaşmalarına görə cavabdeh Cavabdeh ## ####### 2025-ci il tarixdən 2026-cı ilin sonuna qədər ona borclu olduğu 27840 manat borcunu hissə-hissə belə olsa ödəyib qurtarmalı idi. Lakin cavabdeh Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyi üçün o hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Lakin məhkəmə tərəfindən işin bu halına ümumiyyətlə hüquqi qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

17. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

18. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

19. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

28. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

29. Maddə 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissəhissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı

30. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı

31. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

32. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

33. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

45. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

46. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

47. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

51. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş və qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

53. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

54. Ilk növbədə qeyd edilməlidir ki, məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamə çıxarılarkən məhkəmə sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan halları, tərəflərin hansı hüquqi münasibətdə olmalarını və həmin münasibətlərə hansı hüquq normasının tətbiq edilməli olduğunu müəyyən etməlidir. MPM-in 217.3 və 218.1-ci maddələrinin tələbləri də məhz bunu nəzərdə tutur.

55. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında yaranmış münasibətin hüquqi mahiyyəti cavabdehin iddiaçıdan pul vəsaiti alması və həmin pul vəsaitinin geri qaytarılması öhdəliyini öz üzərinə götürməsi ilə bağlı olmuşdur. Bu hal, hər şeydən əvvəl, cavabdehin öz xətti ilə yazdığı və imzaladığı ## ####### 2025-ci il tarixli qəbzlə təsdiq olunur. Həmin qəbzdə cavabdeh iddiaçıya 27.840 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği 2026-cı ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür.

56. Beləliklə, tərəflər arasında pul öhdəliyinin mövcudluğu yalnız iddiaçının izahatı ilə deyil, bilavasitə cavabdehin öz iradə ifadəsini əks etdirən yazılı sübutla təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə borcalan aldığı pul vəsaitini eyni məbləğdə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin məbləği üç min manatdan çox olduqda müqavilə yazılı formada bağlanmalıdır. Hazırkı işdə 27.840 manat məbləğində borcun yazılı formada təsbit edilməsi həmin tələbin yerinə yetirildiyini göstərir.

57. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti, o cümlədən pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmunundan isə görünür ki, müqavilə öhdəliyin yaranmasının əsaslarından biridir.

58. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsasən qəbzdə borcun “2026-cı ilin sonuna qədər” ödənilməsinin nəzərdə tutulmasını əsas götürmüş və bu səbəbdən iddiaçının borcu vaxtından əvvəl tələb etdiyini hesab etmişdir.

59. Məhkəmə hesab edir ki, həmin nəticə işin faktiki halları ilə tam uzlaşmır və tərəflər arasında yaranmış öhdəlik münasibətinin mahiyyəti düzgün müəyyən edilməmişdir.

60. Doğrudur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Lakin, həmin normanın tətbiqi işin bütün halları nəzərə alınmaqla həyata keçirilməli və borclunun öhdəliyin icrasından yayınmasına hüquqi əsas yaratmamalıdır. Eyni zamanda, Mülki Məcəllənin 425.1-ci maddəsinə görə tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Məcəllənin tələblərinə uyğun hərəkət etməlidirlər.

61. Hazırkı işdə cavabdeh tərəfindən ## ####### 2025-ci il tarixdə tərtib edilərək imzalanmış qəbz borcun mövcudluğunu və onun qaytarılması öhdəliyini açıq şəkildə təsdiq edir. Bununla yanaşı, cavabdeh sonrakı məhkəmə iclasında da iddiaçı ilə müəyyən pul münasibətlərinin olduğunu inkar etməmiş, yalnız borcun məbləği ilə bağlı fərqli mövqe bildirmişdir. Belə ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda pul aldığını, habelə müəyyən borc ödənişlərinin onun əvəzinə həyata keçirildiyini bildirmiş və hazırda iddiaçıya 13.000 manat borcu olduğunu etiraf etmişdir.

62. Bu baxımdan cavabdehin mövqeyi borc münasibətinin ümumiyyətlə mövcud olmadığını təsdiq edən mövqe kimi deyil, borcun məbləği və yaranma əsasları barədə mübahisə kimi qiymətləndirilməlidir. Lakin cavabdehin imzaladığı qəbzdə konkret olaraq 27.840 manat məbləğində borcunu etiraf etməsi nəzərə alındıqda, həmin yazılı sübutun hüquqi əhəmiyyəti yalnız cavabdehin sonrakı izahatı ilə aradan qalxmır.

63. Digər tərəfdən, Mülki Məcəllənin 742.5-ci maddəsi müəyyən müddətə verilmiş borcun vaxtından əvvəl qaytarılmasının tələb edilə bildiyi halları da nəzərdə tutur. Həmin normanın 742.5.1-ci bəndinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcun vaxtında qaytarılmayacağını güman etməyə əsas verən hallar olduqda borcverən müəyyən müddətə verilmiş borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.

64. Hazırkı iş üzrə cavabdehin məhkəmə iclasında verdiyi izahat, habelə apellyasiya şikayətində göstərilən və iş materiallarında öz əksini tapan hallar birlikdə qiymətləndirildikdə, cavabdehin üzərinə götürdüyü pul öhdəliyinin könüllü və vaxtında icrasının təmin olunmasına dair real təminatın mövcud olmadığı, əksinə, borcun qaytarılmasından yayınma xarakterli davranışların olduğu müəyyən edilir. Bu hallar cavabdehin öhdəliyin icrasına münasibətinin və borcun gələcəkdə qaytarılması imkanlarının qiymətləndirilməsi baxımından hüquqi əhəmiyyət daşıyır.

65. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı borcun qaytarılması üçün məhkəməyə müraciət etməzdən əvvəl ## ###### 2025-ci il tarixdə cavabdehə rəsmi pretenziya göndərmiş, borcun qaytarılmasını tələb etmiş, lakin cavabdeh tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll olunması istiqamətində hər hansı tədbir görülməmişdir.

66. Belə olan halda, birinci instansiya məhkəməsinin yalnız qəbzdə “2026-cı ilin sonuna qədər” ifadəsinin yazılmasına əsaslanaraq iddia tələbinin tamamilə əsassız olduğu qənaətinə gəlməsi işin digər mühüm hallarının lazımi qaydada qiymətləndirilməməsi ilə nəticələnmişdir. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

67. Məhkəmə birinci instansiya məhkəməsinin “qəbzdə borcun 2026-cı ilin sonuna qədər ödənilməsinin nəzərdə tutulması səbəbindən iddiaçının həmin borcu vaxtından əvvəl tələb etmək hüququnun yaranmadığı” barədə mövqeyinə münasibətdə qeyd edir ki, həmin nəticə tərəflərin iradə ifadəsinin məzmununun və iş üzrə müəyyən edilmiş digər halların tam və sistemli şəkildə qiymətləndirilməsinə əsaslanmır.

68. Belə ki, cavabdehin ## ####### 2025-ci il tarixdə imzaladığı qəbzdə “İddiaçı olan 27840 manat borcu 2026-cı ilin sonuna qədər ödəyəcəyəm” məzmununda iradə ifadəsi öz əksini tapmışdır. Həmin yazılı sənəddən, ilk növbədə, cavabdehin iddiaçı qarşısında 27.840 manat məbləğində pul öhdəliyinin mövcudluğunu etiraf etdiyi aydın olur. Başqa sözlə, qəbzin əsas hüquqi əhəmiyyəti yalnız ödəniş müddətinin müəyyən edilməsindən ibarət deyil; həmin sənəd eyni zamanda cavabdehin konkret məbləğdə borcunun mövcudluğunu və həmin borcu qaytarmaq öhdəliyini təsdiq edən yazılı sübutdur.

69. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə borcalan aldığı pul vəsaitini müvafiq olaraq eyni məbləğdə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən isə borcalan borcu borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Göründüyü kimi, öhdəliyin icra müddətinin müəyyən edilməsi borclunun həmin müddətdə öhdəliyi yerinə yetirməli olduğunu göstərir. Lakin bu norma öhdəliyin icrasının yalnız son tarixdə mümkün olması barədə imperativ qayda müəyyən etmir və konkret işin digər hallarının qiymətləndirilməsini istisna etmir.

70. Bu baxımdan qəbzdə “2026-cı ilin sonuna qədər” ifadəsinin işlədilməsi həmin tarixi borcun mütləq və dəyişdirilməz qaydada yalnız həmin gün icra edilə biləcəyi tarix kimi deyil, borclunun öhdəliyi yerinə yetirməli olduğu son müddət kimi qiymətləndirilməlidir. Əks yanaşma borcluya öhdəliyin icrasından faktiki olaraq yayınmaq üçün müqavilə ilə müəyyən edilmiş müddətin sonunadək gözləmək imkanı verməklə yanaşı, kreditorun öhdəliyin real icrasını tələb etmək və öz hüququnun müdafiəsini təmin etmək imkanını əsassız olaraq məhdudlaşdırmış olardı.

71. Bununla yanaşı, hazırkı işdə məhkəmə yalnız qəbzdə göstərilən son müddətə deyil, tərəflərin sonrakı davranışlarına və öhdəliyin faktiki icra vəziyyətinə də qiymət verməlidir. Iş materiallarından müəyyən olunur ki, cavabdeh qəbzi tərtib etdiyi tarixdən sonra da borcu üzrə hər hansı ödəniş həyata keçirməmiş, iddiaçının ## ###### 2025-ci il tarixli pretenziyasına baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir.

72. Daha əhəmiyyətlisi isə ondan ibarətdir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı ilə aralarında pul münasibətlərinin mövcudluğunu ümumilikdə inkar etməmiş, əksinə, iddiaçıya müxtəlif əsaslarla borclu olduğunu bildirmişdir. Cavabdeh hazırda iddiaçıya 13.000 manat borcu olduğunu, digər 15.000 manatın isə ödənilməmiş icarə haqqı kimi hesablandığını göstərmişdir. Beləliklə, cavabdehin öz izahatı da tərəflər arasında pul öhdəliyinin mövcudluğunu təsdiq edən hallardan biri kimi çıxış edir.

73. Məhkəmə xüsusi olaraq vurğulayır ki, cavabdehin 27.840 manat məbləğində borcu öz imzası ilə təsdiq etməsi ilə həmin borcun məbləğini sonradan birtərəfli qaydada dəyişdirməsi və ya borcun başqa münasibətlərdən yarandığını bildirməsi arasında ziddiyyət mövcuddur. Belə bir halda məhkəmə sübutları ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi baxımından qiymətləndirməli, xüsusilə də borcun məbləğini açıq şəkildə göstərən və cavabdehin öz xətti ilə tərtib edilmiş yazılı sənədə lazımi hüquqi qiymət verməlidir.

74. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu baxımdan cavabdehin qəbzdə əks olunan iradə ifadəsi, sonrakı izahatları, pretenziyaya münasibəti və öhdəliyin faktiki icra edilməməsi birlikdə qiymətləndirilməlidir.

75. Məhkəmə həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 742.5.1-ci maddəsinə istinad etməsi, lakin həmin normanın hazırkı işin hallarına tətbiqini ətraflı əsaslandırmaması da qətnamənin qanuniliyi və əsaslılığı baxımından mühüm əhəmiyyət daşıyır. Həmin normaya əsasən, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcun vaxtında qaytarılmayacağını güman etməyə əsas verən hallar olduqda borcverən müəyyən müddətə verilmiş borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Iş üzrə apellyasiya şikayətində cavabdehin borclarının artması, əvvəlki fəaliyyətini davam etdirə bilməməsi və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı hallar göstərilmişdir. Lakin həmin halların hər biri ayrıca deyil, işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir.

76. Bununla belə, məhkəmə iddianın təmin edilməsi üçün yalnız Mülki Məcəllənin 742.5.1ci maddəsinə istinad etməyi zəruri hesab etmir. Çünki iş üzrə əsas hüquqi əhəmiyyət daşıyan hal ondan ibarətdir ki, cavabdeh borcun mövcudluğunu və məbləğini yazılı şəkildə təsdiq etmiş, bununla öz üzərinə pul öhdəliyi götürmüş və həmin öhdəliyin icrasını təmin etməmişdir. Öhdəliyin icrası isə Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən vicdanlılığın tələb etdiyi tərzdə, şərtləşdirilmiş vaxtda və lazımi şəkildə həyata keçirilməlidir.

77. Məhkəmənin qənaətinə görə, “2026-cı ilin sonuna qədər” ifadəsi cavabdehin borcun mövcudluğunu və qaytarılması öhdəliyini aradan qaldırmır. Əksinə, həmin ifadə borcun qaytarılması üçün müəyyən edilmiş müddəti göstərir. Borclunun öhdəliyi yalnız son günə qədər mövcud olan formal hüquqi imkan kimi deyil, real və vicdanla icra edilməli olan mülki öhdəlik kimi qiymətləndirilməlidir. Bu səbəbdən həmin müddətin mövcudluğu işin digər halları ilə birlikdə qiymətləndirilməli və kreditorun məhkəmə müdafiəsinə müraciət etməsi avtomatik olaraq əsassız hesab edilməməlidir.

78. Birinci instansiya məhkəməsi isə qəbzdə göstərilən son müddəti iş üzrə yeganə həlledici hal kimi qəbul etməklə cavabdehin borcu etiraf edən yazılı sübutunu, sonrakı davranışını, iddiaçının pretenziyasını və tərəflərin izahatlarını qarşılıqlı əlaqədə qiymətləndirməmişdir. Bunun nəticəsində məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki halların tam məcmusuna uyğun gəlməmişdir.

79. Bu nəticə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun, eləcə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri ilə də uzlaşır. Məhkəmə qətnaməsinin məqsədi mübahisəni formal şəkildə həll etməklə kifayətlənmək deyil, pozulmuş və ya mübahisələndirilən hüququn real bərpasını təmin etməkdir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli * nömrəli qərarında da məhkəmə qətnaməsinin qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasının təmin edilməli olduğu vurğulanmışdır.

80. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddiaçının 27.840 manat məbləğində pulun cavabdehdən tutulmasına dair tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, tərəflər arasında mövcud olan borc münasibətinin hüquqi mahiyyətini və cavabdehin borcu etiraf edən yazılı sənədini lazımi qaydada qiymətləndirməmiş və nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

81. Cavabdehin birinci instansiyası məhkəməsində icraat zamanı “qəbzi hədə-qorxu nəticəsində imlamışdır” izahatı ilə bağlı məhkəmə qeyd edir ki, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir (MPM maddə - 77). Cavabdeh bu iddianı irəli sürsə də bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

83. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

84. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

85. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

87. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi edilməlidir.

88. Eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmiş hissəsində münasibətdə 173,52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

89. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh 27.840 (iyirmi yeddi min səkkiz yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 173,52 (yüz yetmiş üç manat əlli iki qəpik) manat məbləğində pul olmaqla, cəmi 28.013,52 (iyirmi səkkiz min on üç manat əlli iki qəpik) manat alınaraq iddiaçı İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar