Məhkəmə qərarları › İş №e-2-2(3-7)-151/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-151/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-151/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı İddiaçı Istehsalat Birliyinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Işin halları

1. ##.##.2025-ci il tarixli AMX ****/** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən, paylayıcı İddiaçı IB bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq istehlakçı olan cavabdehi keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim olunan hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. Ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddaiçının hesabına ##.##.2025-ci il tarixdə 16949,15 manat və 3050,85 manat pul köçürülmüşdür.

3. ##.##.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdehin iddiaçıya 09/2025-ci il tarixə olan borcunun 19564,59 manat olması hər iki tərəfin imzası və möhrü ilə təsdiq edilmişdir.

4. Cavabdehə aid 254901000000001 və *************** nömrəli abonent saldolarından görünür ki, abonent tərəfindən 12/2025-ci il tarixdə 20.000 manat ödəniş edilmiş, abonentə 01/2026-ci il tarixə 72591,73 manat və 245,67 manat sayğac göstəricisinə əsasən sərfiyyat borcu hesablanmışdır.

5. Borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilsə də tərəflər arasında yaranmış mübahisə məhkədən kənar həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 62020,82 manat məbləğində əsas borcun və ödənilmiş 276,06 manat rüsum xərclərinin, 62296,88 manat borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı IB-nin Zaqatala regional qaz istismarı idarəsinin xidməti ərazisi olan Oğuz rayonunda yerləşən və hüquqi şəxs Cavabdeh MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla 254901000000001 və *************** saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Cavabdeh Cavabdeh MMC-nin sahibliyindəki qeyri-yaşayış sahəsində uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının 254901000000001 və *************** saylı saylı qaz hesabında 62020,82 manat həcmində olmuşdur. Belə ki, göstərilən 62020,82 manat borcun 61763,85 manat borc hissəsi *************** saylı hesab üzrə Elster G-400 RVG EK-220 markalı ********** nömrəli sayğacın 1155800 m mexaniki və 1514061 m elektron göstəricisi ilə, 257,07 manat hissəsi isə *************** saylı hesab üzrə G-4 markalı ******** nömrəli sayğacın 3158 m mexaniki göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan debitor borc ödənilmədiyindən cavabdeh müəssisənin təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. Tələb olunan 62020,82 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh MMC-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də tələb olunan tam ödəniş edilməmişdir.

8. Iddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 70444,03 manat məbləğində əsas borcun və ödənilmiş 301,34 manat rüsum xərcləri olmaqla 70745,37 manat borcun məcburi qaydada tutularaq İddiaçı IB-nin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxılmasını xahiş etmişdir.

9. Ərizə belə əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 62020,82 manat məbləğində əsas borcun, ödənilmiş 276,06 manat rüsum xərcləri olmaqla, 62296.88 manat borcun (pulun) məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxılmasını xahiş etmişdir. İddiaçı IB iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehə məxsus qaz hesablarında ümumilikdə 62020,82 manat debitor borc olmuşdur. Lakin keçən müddət ərzində istehlak edilmiş təbii qazın dəyəri ödənilmədiyindən borc daha da artmışdır. Belə ki, ##.##.2026-cı il tarixə cavabdeh Cavabdeh MMC-nin *************** saylı hesab üzrə Elster G-400 RVG EK-220 markalı ********** nömrəli sayğacın 1236234 m3 mexaniki və 1631011 m3 elektron göstəricisi ilə 69831,85 manat, *************** saylı hesab üzrə G-4 markalı ******** nömrəli sayğacın 4404 m3 mexaniki göstəricisi ilə 612.18 manat, ümumilikdə isə 70444,03 manat borc yaranmış və həmin borc yalnız sayğac göstəricisinin hesabatına əsasən aparılmışdır. Ona görə də həmin hissədə iddia tələbi artırılmalıdır.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə olunmuş təbii qaza görə yaranmış 70444 (yetmiş min dörd yüz qırx dörd) manat 03 (üç) qəpik borc məbləği və 301 (üç yüz bir) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu tutularaq İddiaçı Istehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir.

13. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı IB arasında ##.##.2025-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanılmış, cavabdehə məxsus qeyri-yaşayış sahəsi təbii qazla təchiz olunmuşdur. Iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış borc məbləğini iddiaçıya tam ödəməmişdir. Belə ki, istifadə olunmuş təbii qaza görə 2025-ci ilin dekabr ayında 20000 manat ödəniş etmiş, 2026cı ilin yanvar ayına 70444,03 manat borcu yaranmışdır.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1, 8 və 11-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2 və 5.5-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

15. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 2025-ci ilin dekabr ayında 20000 manat ödəniş edilmiş lakin 1 ay sonra 70000 manat məbləğində borc hesablanmışdır, əslində yoxlanılmamışdır ki, bəlkə sayğac həmin müddətdə xarab olmuşdur. Buradan aydın olur ki, məhkəmə tam və hərtərəfli araşdırma aparmamışdır. Burada isə heç bir həqiqət müəyyən olunmamış, olmayan borc absurd şəkildə cavabdehin üzərinə qoyulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirdi ki, borc məbləği sayğac göstəricisinə uyğun hesablanmış istehlak olunmuş təbii qazın dəyəridir. Yaranmış borc 2025-ci ilin avqust ayından 2026-cı ilin yanvar ayınadək istehlak olunmuş qazın dəyəridir. Hazırda borc məbləği ödənilmədiyindən müəssisəyə verilən təbii qazın verilişi dayandırılmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 1. Qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

25. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

26. Maddə 11, bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

# #### 2026-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı 27. müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (HYPERLINK "https://e-qanun.az/framework/21691" \l "n1" \t "_top"* nömrəli əlavə) əlavə edilir.

28. Bənd 2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

29. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

30. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

31. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; ...

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

47. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, işin halları ondan ibarətdir ki, cavabdeh ilə iddiaçı arasında ##.##.2025-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanılmış, cavabdehə məxsus qeyri-yaşayış sahəsi təbii qazla təchiz olunmuş və cavabdehə abonent hesabları verilmişdir. Iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış borc məbləğini iddiaçıya tam ödəməmişdir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, o cümlədən pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin əmələ gəlməsi üçün, qanunda nəzərdə tutulmuş digər əsaslar istisna olmaqla, onun iştirakçıları arasında müqavilə olmalıdır.

53. Hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, iddiaçının müqavilə üzrə üzərinə düşən qaz təchizatı öhdəliyini yerinə yetirməsi və cavabdehin istifadə etdiyi təbii qazın dəyərini tam ödəməməsi iş materialları ilə təsdiq edilir. Eyni zamanda, cavabdehin abonent hesablarından görünür ki, 2025-ci ilin dekabr ayında 20.000 manat ödəniş edilmiş, lakin 2026-cı ilin yanvar ayına cavabdehin hesablarında təbii qazdan istifadəyə görə tələb olunan məbləğlərdə borc yaranmışdır. Iş materiallarında cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının hesabına 16.949,15 manat və 3.050,85 manat olmaqla ümumilikdə 20.000 manat məbləğində ödənişin həyata keçirildiyini təsdiq edən ödəniş sənədləri də mövcuddur.

54. Məhkəmə xüsusilə nəzərə alır ki, ##.##.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin aktdan cavabdehin 2025-ci ilin sentyabr ayına olan borcunun 19.564,59 manat təşkil etdiyi müəyyən olunur. Bu hal tərəflər arasında əvvəlki dövr üzrə qaz sərfiyyatına və hesablaşmalara dair qarşılıqlı münasibətlərin mövcudluğunu, habelə cavabdehin qazdan istifadə etməsi nəticəsində ödəniş öhdəliyinin yarandığını təsdiq edən hallardan biri kimi qiymətləndirilməlidir.

55. Bununla yanaşı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir. Eyni məzmunlu tənzimləmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində də müəyyən edilmişdir.

56. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin təbii qazdan istifadəsinə görə yaranmış borcun hesablanması qaz sayğaclarının göstəriciləri əsasında aparılmışdır. Belə ki, *************** saylı qaz hesabı üzrə borcun 69.831,85 manat hissəsi Elster G-400 RVG EK- 220 markalı, ********** nömrəli sayğacın göstəricilərinə, *************** saylı qaz hesabı üzrə 612,18 manat hissəsi isə G-4 markalı, ******** nömrəli sayğacın göstəricilərinə əsasən hesablanmış və nəticədə ##.##.2026-cı il tarixə ümumilikdə 70.444,03 manat borcun yarandığı müəyyən edilmişdir.

57. Apellyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, 2025-ci ilin dekabr ayında cavabdeh tərəfindən 20.000 manat ödəniş edilməsinə baxmayaraq, cəmi bir ay sonra təxminən 70.000 manat məbləğində borcun hesablanması şübhəli olmaqla, sayğacın həmin müddət ərzində nasaz olub-olmamasının məhkəmə tərəfindən araşdırılmadığı iddia edilir.

58. Məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, yalnız borcun əvvəlki ödənişlə müqayisədə yüksək olması faktı öz-özlüyündə həmin borcun mövcud olmadığını və ya sayğacın nasaz olduğunu təsdiq etmir. Borcun məbləğinin düzgün hesablanmaması barədə nəticəyə gəlmək üçün hesablamanın hansı əsasla aparıldığının, sayğac göstəricilərinin düzgünlüyünün və istehlak edilmiş qazın həcminin müvafiq sübutlarla təkzib edilməsi zəruridir. Lakin, cavabdeh tərəfindən apellyasiya şikayətində sayğacın faktiki olaraq nasaz olması, onun göstəricilərinin düzgün qeydə alınmaması və ya iddiaçı tərəfindən hesablamanın sayğac göstəricilərindən kənar başqa meyar əsasında aparılması barədə hər hansı konkret və mötəbər sübut təqdim edilməmişdir.

59. Əksinə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən borcun konkret qaz hesabları və konkret sayğacların göstəriciləri əsasında hesablandığı müəyyən edilir.

60. Belə ki, cavabdehin abonent saldolarından müəyyən edildiyi kimi, 2025-cilin avqust ayına qədər sərfiyyat mövcud olmamış, 2025-ci ilin avqust ayından etibarən 2026-cı ilin yanvar ayıda daxil olmaqla müəssisədə təbii qaz istehlak edilmişdir. Yaranmış borc məbləği isə 2025ci ilin dekabr ayında bir ay ərzində deyil 08.2025-02.2026-cı il tarixlər arasında yaranmışdır.

61. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində irəli sürülən “bəlkə sayğac həmin müddətdə xarab olmuşdur” məzmunlu mülahizə hüquqi baxımdan borcun əsassız hesablanmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə tərəflərin yalnız ehtimallarına deyil, iş üçün əhəmiyyətli olan halların mövcudluğunu və ya olmamasını təsdiq edən mötəbər sübutlara əsaslanmalıdır. Sayğacın nasaz olması barədə konkret sübut təqdim edilmədiyi halda, yalnız belə nasazlığın mümkünlüyünə dair ehtimalın irəli sürülməsi iddiaçının təqdim etdiyi hesablamaların hüquqi qüvvəsini aradan qaldırmır.

62. Digər tərəfdən, “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay hesablamalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə görə isə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Bu baxımdan, cavabdehin qazdan istifadə etməsi nəticəsində yaranmış pul öhdəliyinin icra edilməməsi iddiaçıya həmin borcun məhkəmə qaydasında tutulmasını tələb etmək hüququ verir.

63. Məhkəmə həmçinin qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir və qazın dəyərinin ödənilməsi şərtləri qazdan istifadə qaydaları ilə tənzimlənir. Hazırkı işdə belə müqavilə mövcuddur və müqavilədən irəli gələn öhdəliyin cavabdeh tərəfindən tam icra edilməsi iş materialları ilə təsdiq olunmur.

64. Məhkəmə nəzərə alır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən yeni sübutlarla müşayiət olunmamışdır. Apellyasiya şikayətində yalnız borcun məbləğinin yüksək olması və sayğacın mümkün nasazlığı barədə ehtimal irəli sürülmüş, lakin bu ehtimalı təsdiq edən texniki akt, sayğacın yoxlanılması nəticəsi, ekspert rəyi, göstəricilərin uyğunsuzluğunu təsdiq edən sənəd və ya digər mötəbər sübut təqdim edilməmişdir.

65. Halbuki, iş materiallarında cavabdehin abonent hesablarında borcun konkret sayğac göstəricilərinə əsasən formalaşdığı göstərilmiş, həmin borcun yaranması ilə bağlı üzləşdirmə aktları və digər hesablaşma sənədləri təqdim edilmişdir. Iddiaçı tərəfindən tələb olunan borcun könüllü qaydada ödənilməsi barədə cavabdehə müxtəlif tarixlərdə xəbərdarlıqların göndərilməsi də müəyyən edilmişdir.

66. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini, tərflər arasında bağlanmış müqaviləni, təbii qazın faktiki istehlak edilməsini, ödənişləri, qaz hesablarındakı borc məbləğini və təqdim edilmiş digər sübutları düzgün qiymətləndirmiş və cavabdehin istifadə etdiyi təbii qazın dəyərini tam ödəməməsi nəticəsində iddiaçı qarşısında pul öhdəliyinin yarandığı barədə əsaslı nəticəyə gəlmişdir.

67. Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmiş vicdanlı davranış prinsipi də mülki hüquq münasibətlərinin iştirakçılarının öz hüquq və vəzifələrini vicdanla həyata keçirməsini tələb edir. Müqavilə münasibətinə daxil olan istehlakçının faktiki istifadə etdiyi qazın dəyərini ödəməkdən yayınması və ödəniş öhdəliyinin mövcudluğunu konkret sübutlarla təkzib etmədən yalnız ehtimala əsaslanması öhdəliyin icrasından azad edən hal kimi qəbul edilə bilməz.

68. Eyni zamanda, Mülki Məcəllənin 16.1-ci maddəsində hüquqdan sui-istifadəyə yol verilməməsi müəyyən edilmişdir. Müqavilə üzrə qəbul edilmiş öhdəliyin icrasının təmin olunması, faktiki istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi və yaranmış borcun tutulması tələbini irəli sürmək iddiaçının qanunla və müqavilə ilə qorunan hüququdur.

69. Məhkəmə apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamışdır” dəlilinə münasibətdə də qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları müəyyən etmiş, tərəflər arasındakı müqavilə münasibətlərini, borcun yaranmasını və məbləğini təsdiq edən sənədləri araşdırmış, cavabdehin məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq onun lazımi qaydada xəbərdar edildiyini müəyyən etdikdən sonra işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsində və apellyasiya instansiyasında borcun konkret hansı hissəsinin və hansı hesablamanın düzgün olmadığını əsaslandırılmış şəkildə göstərməmişdir.

70. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutların məcmu qiymətləndirilməsi nəticəsində müəyyən edir ki, cavabdehin iddiaçı qarşısında təbii qazdan istifadəyə görə 70.444,03 manat məbləğində əsas borcu yaranmış, həmin borc ödənilməmiş və iddiaçı tərəfindən borcun tutulması barədə məhkəməyə müraciət edilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur.

71. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflər arasındakı müqavilə münasibətlərinə və yaranmış öhdəliyə maddi hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə təqdim edilmiş sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

73. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti 10.000 (on min) manatdan çox olduğundan Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilər.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar