Məhkəmə qərarları › İş №e-2-2(3-7)-156/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-156/2026

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-156/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X1 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, müəyyən etdi: Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Əbülfəz Məmmədli) ilə, iddia qismən təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayət yoxlanılarkən cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin * saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində şikayətin “Apellyasiya şikayəti verən şəxs” bölməsində şikayətçi qismində yalnız cavabdeh cavabdeh1 göstərilmişdir. Lakin, həmin elektron şikayətin “Işin halları” hissəsinə əlavə edilmiş yazılı apellyasiya şikayətinin məzmununda artıq apellyasiya şikayətinin cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh1 və cavabdeh2 tərəfindən verildiyi göstərilmiş, həmin şəxslər apellyator kimi təqdim edilmiş və şikayətin tələbləri onların hamısının adından irəli sürülmüşdür. Beləliklə, elektron sistemdə qeyd olunan apellyator ilə şikayətin mətnində göstərilən şikayətçilər arasında açıq ziddiyyət mövcuddur. Şikayətin elektron bölməsi üzrə yalnız bir şəxsin apellyasiya şikayəti qeydə alındığı halda, elektron bölmənin “işin halları” hissəsinə əlavə edilmiş şikayətdə bir neçə şəxs adından şikayət verilməsi göstərilmişdir. Bu isə apellyasiya şikayətini verən şəxslərin dairəsini qeyri-müəyyən edir və MPM-in 361.1.2-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Bununla paralel olaraq qeyd edilməlidir ki, apellyasiya şikayətinin mətnində şikayətin cavabdeh cavabdeh1 və nümayəndə qismində vəkil1 tərəfindən elektron qaydada imzalandığı göstərilmişdir. Lakin “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemində şikayəti imzalayan şəxs olaraq yalnız vəkil1 göstərilmişdir ki, iş materiallarında mövcud olan etibarnamədən müəyyən edildiyi kimi vəkil1 nümayəndəlik səlahiyyəti yalnız cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilmiş etibarnaməyə əsaslanır. Həmin etibarnamə ilə vəkil1 yalnız göstərilən hüquqi şəxsin maraqlarını təmsil etmək səlahiyyəti verilmişdir. Iş materiallarında vəkil1 cavabdeh1 və ya cavabdeh2 adından apellyasiya şikayəti verməsinə, onları məhkəmədə təmsil etməsinə və ya onların adından prosessual hərəkətlər həyata keçirməsinə dair etibarnamə və ya vəkil orderi mövcud deyildir. Eyni zamanda elektron şikayətə də belə sənədlər əlavə edilməmişdir. Nümayəndənin prosessual hərəkətlər həyata keçirməsi yalnız qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş səlahiyyətlərə əsaslana bilər. Təmsilçilik səlahiyyəti yalnız onu verən şəxs barəsində hüquqi nəticə doğurduğundan, cavabdeh3 MMC tərəfindən verilmiş etibarnamə digər cavabdehlərin adından apellyasiya şikayətinin verilməsi və ya imzalanması üçün hüquqi əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin * saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Belə olan halda, elektron sistemdə yalnız cavabdeh1 şikayətçi kimi göstərilməsi, əlavə edilmiş şikayət mətnində isə digər cavabdehlərin də şikayətçi qismində göstərilməsi, həmin şəxslərin adından şikayətin verilməsinə dair lazımi nümayəndəlik sənədlərinin təqdim edilməməsi, eləcə də nümayəndənin səlahiyyətlərinin yalnız cavabdeh3 MMC ilə məhdudlaşması apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin forma və məzmun tələblərinə uyğun tərtib edilmədiyini göstərir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş və şikayət onun tərəfindən imzalanmamışdır. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün işlə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar