Məhkəmə qərarları › İş №e-2-2(3-7)-98/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-98/2026

03.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-98/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Işin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, Hyundai markalı 32-T-184 dövlət nömrə nişanlı ekskavator iddiaçının nülkiyyətindədir.

2. iddiaçı ilə cavabdeh cavabdeh1 arasında aparılan danışıqların səs yazılarından görünür ki, cavabdeh1 danışığında yanvar ayına hesabatda təxminən 2800 manat qaldığını, Yusiflə danışdığını, Yusifə dəftəri də götürüb Mübadilin yanına getməli olduqlarını, qabaq-qabağa oturub hesabat aparılmalı olduqlarını, Mübadilin borcu nə artıq, nə də əksik yazası olmadığını, camaatın pulunun verilməli olduğunu bildirir. Yusifin də ona Musa ilə özünün getməsini bildirdiyini, o isə Yusifə Musanın operator olmasını, Musanın hesabatda işinin olmadığını, texnikanı onunla şərikli işlətdikləri üçün hesabatı da onların etməli olduğunu, Mübadil kişinin pulun verilməli olduğunu Yusifə bildirdiyini qeyd edir. Yusifin isə ona sabah günortadan sonra gedəcəklərini dediyini bildirir.

3. Cavabdehlərə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 11000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində Hyundai markalı AZ 32-T-184 dövlət nömrə nişanlı ekskovator var. Cavabdehlər 2024-cü ilin yay ayında ondan xahiş etdilər ki, ona məxsus Hyundai markalı AZ 32-T-184 dövlət nömrə nişanlı ekskavatoru onlara icarəyə versin. Razılaşmaları belə oldu ki, ekskovator işlədiyi müddət ərzində hər gün üçün ona 330 manat verəcəklər. Onlar razılaşandan sonra o, 2024-cü ilin sentyabr ayında ekskavatoru cavabdehlərə verdi. ##.##.2024-cü ildən ekskavator işə başladı və sürücü kimi şahid2 və şahid1 növbəli şəkildə ekskavatoru idarə etdilər. Ekskavator 2024-cü ilin sentyabr ayı üzrə 10 gün 3300 manat, oktyabr ayı üzrə 19 gün 6220 manat, noyabr ayı üzrə 7 gün 2310 manat, dekabr ayı üzrə 10 gün 3300 manat, 2025-ci ilin yanvar ayı üzrə 14 gün, bir günü 250 manat olmaqla 3500 manat, fevral ayı üzrə 14 gün 3500 manat, mart ayı üçün 10 gün 2500 manat, aprel ayı üçün isə 12 gün 300 manat olmaqla cəmi 28620 manat pul ödəməli idilər. Cavabdehlər qeyd olunan 28620 manat puldan 17650 manat ödəsələr də qalan 11000 manatı ödəmədilər. Hər dəfə söz versələr də heç bir ödəniş etmirlər.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ekskavator onun mülkiyyətindədir. 2024-cü ilin sentyabr ayının 18-də Valeh və Yusif gəlmiş, traktorist Aydın da onlarla gəlmiş, oturub söhbət etmişlər. Valeh və Yusif texnikanı onlara verməyini istəmişlər ki, aparıb işlətsinlər. Valehi o elə də yaxşı tanımamış, texnikanı Yusifə vermişdir. Belə ki, Yusif ona tanışı olan Daşdəmirin adını vermişdir ki, onunla qohumdur. O da Daşdəmirin adı varsa heç bir problem olmayacağını bildirmişdir. Beləlikə, o texnikanı tanışlıq vasitəsilə Yusifə vermişdir. Valeh Yusifin şəriki idi, ikisi də ona söz vermişdir ki, texnikanı işlədib pulunu verəcəklər. Gündəlik 400 manat pula razılamışlar. 70 manat traktoristə, 330 manat isə onun özünə veriləcəkdi. Musa və Aydın onun traktorçuları idi. O, Valeh və Yusiflə traktorçunu da, texnikanı da onlara verməyə razılaşmışdır. Traktoru Yusifə vermişdir, Valeh də Yusiflə şərik olduğu üçün Valehdən də pulunu istəyir. X2 ikisi birlikdə götürmüşdürlər. Texnika 2025-ci ilin may ayının axırına qədər, bir il onlarda qalmış, 2025-ci ilin oktyabr ayında özü gedib gətirmişdir. Texnikanı cavabdehlərə verdikdən sonra o əməliyyat olduğu üçün texnikanın yanına gedə bilməmişdir. Hesabatı Aydın və Musa aparmış, ona gündəlik olaraq məlumat vermişlər. Cavabdehlərlə belə razılaşmışlar ki, texnika nə vaxt işləsə həmin gün pul ödəniləcəkdir. Gündəlik görülən işlərin telefon danışığı ilə qeydiyyatı aparılırdı və özü dəftərə qeyd edirdi. Ayın axırında hesablaşırdılar. Cavabdehlər tərəfindən ümumilikdə ona 25000-27000 manat pul ödənilmişdir. Ödənişləri kartına ödəyirdilər. Valeh və Yusif şərik olduğu üçün, texnikanı şərik olaraq apardıqları üçün hər ikisindən pul tələb edir. Iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, O, İddiaçı texnikanı götürən gün tanımış, ondan qabaq Valeh və Aydın İddiaçı Iman oğlu ilə danışıb qiyməti razılaşmışlar. Sentyabr ayında danışmağa gəlmişdir, lakin ondan qabaq texnika ilə bağlı razılaşma olmuşdur. Valeh rəsmi olmasa da şirkət yaratmışdır. Şirvan şəhərində söküntü işləri görülmüşdür. O müqavilə ilə işləməmişdir. Valeh onu şərik kimi oraya aparmış, demişdir ki, qazanca şəriklər, ancaq heç bir şəriklik görməmişdir. Valehlə o şərik olmamış, o əmək haqqı almışdır. Özünün isə Valehdən 35000 manat alacağı pulu var, Valehə borc pul vermişdir. Texnikanı Valehlə birlikdə işlətməkləri ilə bağlı razılaşma olmamışdır. Bununla bağlı hər hansı müqavilə olmamışdır. Onun heç bir gühanı yoxdur, onun adı iddiada olmalı deyildir. Iddiaçı texnikanı Valehə icarəyə vermişdir. Texnikanın onunla heç bir əlaqəsi yoxdur. Onun iddiaçı ilə heç bir danışığı olmamışdır, ancaq Valeh texnikaya görə ona ayırıb verdiyi puldan iddiaçıya pul vermişdir. Valehlə o bir işləmişdir deyə iddiaçı iddiada onun da adını yazmışdır. Texnika oktyabr-sentyabr aylarında oraya gəlmiş, texnikanı Aydın və Musa adlı şəxs işlətmiş, sonuncular da maaş almışlar. Musaya da, Aydına da aylıq maaşı İddiaçı vermişdir. Ziyana düşmüşlər, ancaq Valehdən çox o özü ziyana düşmüşdür. Bir ildən çoxdur ki, həmin işdən çıxmışdır. O, çıxanda texnika orda olmuşdur. Texnika ilə bağlı hesabat şifahi qaydada aparılmışdır. 2800-3000 manat pul qalmış, həmin pulu isə Valeh iddiaçıya ödəməli idi. Ödəniləsi 2800-3000 manat pul qalmışdı, Valeh demişdir ki, həmin pulu verəcək, ancaq 11000 manat şərböhtandır, 11000 manat borc yoxdur.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, o dörd il ərzində cavabdehlərlə işləmiş, onlardan hər hansı narazılığı yoxdur, işlədiyi işin pulunu almışdır. Valeh və Yusifi Mübadı l Bayramovla o tanış etmişdir. Şirvan şəhərində iş getmiş, köhnə kərpic zavodunu dağıdıb dəmirlərini yığmışlar. Onu Yusı f və Valeh işə cəlb etmişlər. Yusif və Valeh birlikdə işləyirdilər, onlar Şirvan şəhərində yerləşən həmin obyekti almışdılar. O da texnika ilə dağıntı işlərini görmüşdür. Texnika sentyabr ayında həmin sahəyə gətirilmişdi. O, həmin sahədə dörd ay işləmişdir. Sentyabr ayında 10 gün, oktyabr ayında 19 gün, noyabr ayında 7 gün, dekabr ayında isə 10 gün işləmişdir. Işlədiyi günlərin məlumatını özü İddiaçı demişdir. Günü 70 manata işləmişdir. Işlədiyi əmək haqqının hamısını almışdır. Pulunu Valehdən almışdır. Işlədiyi müddətdə ondan başqa heç kəs onun işlətdiyi texnikanı işlətməmişdir. Musa ondan sonra orada işləmişdir. Texnika ilə bağlı ilk dəfə söhbət etməyə Valeh, Yusif və o getmişdir. Tərəflərin texnikanı hansı qiymətə danışdıqlarını bilmir. Onlar texnika barədə söhbət edəndə o kənarda dayanmışdır, onların söhbətinə qarışmamışdır. O sadəcə öz işinin pulunu almışdır. Texnikanın nə vaxt qaytarıldığını bilmir. Musanı tanıyır, ancaq Musa işləyəndə o işləməmişdir. Texnika xarab olan detallarını Valeh və Yusif almışdır, ancaq pulunu İddiaçı almışlar.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirdi ki, o, əvvəl texnikanı düzəltmək üçün Şirvan şəhərinə getmişdir. Orada zibillikdən metal çıxardırdılar. Zibillik sökülmüş binadan yaranmışdır. Düzəltmək üçün getdiyi texnika İddiaçı məxsus idi. O, həmin sahədə texnika ilə təxminən dörd ay işləmişdir. Hansı tarixlərdlə işlədiyi yadında qalmamışdır. Işlədiyi günləri özləri qeyd etmişlər. Orda işi gördürən əsas şəxs Yusif idi, Valeh Yusifə kömək edirdi. Gündəlik ona 30 manat ödəniş edirdilər. O, ödənişini Yusifdən alırdı. Ordan ayrıldığı tarix yadında qalmamışdır. Həmin sahədə başqa texnikalar da işləyirdi. Onun maaşının bir ayı ödənilməmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 3000 (üç min) manat pul alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 50 (əlli) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 3000 manat borcun qalması iş materialları ilə təsdiq olunur. Həmin məbləğdən artıq borcun qalması ilə bağlı isə iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də həmin məbləğdə borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun cavabdehlərin hər ikisindən müştərək qaydada tutulması ilə bağlı məhkəmə bildirir ki, iddiaçı izahatında texnikanı hər iki cavabdehə şərik işlədiklərinə görə verdiyini, texnikanın icarə haqqının hər iki şəxs tərəfindən ödəniləcəyi ilə bağlı razılaşdıqlarını bildimişdir. Iş üzrə şahid qismində dindirilmiş şahid2 da cavabdeh1 cavabdeh2 ilə birlikdə iş gördüyünü, texnikanı birlikdə gedib götürdüklərini bildirmişdir. Cavabdeh cavabdeh2 izahatında cavabdeh1 onu işə şərik olaraq cəlb etdiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 3000 manat borc hər iki cavbdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 700.1 və 700.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

14. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, texnika hər iki cavabdeh tərəfindən şərikli əsaslarla icarəyə götürülmüşdür. Lakin məhkəmə iclasında verdiyi izahatda aydın şəkildə bildirir ki, o İddiaçı tanımamış, texnika ilə bağlı razılaşma digər cavabdeh Valeh tərəfindən aparılmışdır. O həmin işdə şərik deyil, yalnız muzdlu işçi (əmək haqqı alan şəxs) kimi iştirak etmişdir. Mülki Məcəllənin 442-ci və 700-cü maddələrinə əsasən öhdəlik müqavilə tərəfləri arasında yaranır. Iddiaçı ilə aralarında heç bir şifahi və ya yazılı icarə müqaviləsi olmadığı halda, borcun ondan tutulması hüquqa ziddir. Məhkəmə 3000 manatlıq borcu iddiaçının Valeh ilə apardığı səs yazısına istinadən müəyyən etmişdir. Sözügedən səs yazısında borcun məhz Valeh tərəfindən etiraf edilməsinə və onun “Mübadil kişinin borcu verilməlidir” deməsinə baxmayaraq, məhkəmə bu öhdəliyi onun üzərinə də qoymuşdur. Şahid şahid1 “işi gördürən əsas şəxs Yusif idi” deməsi subyektiv rəydir və tərəflər arasındakı real müqavilə münasibətlərini (icarə münasibətini) sübut etmir. Məhkəmə borcun müştərək qaydada tutulmasına qərar verərkən iddiaçının birtərəfli izahatına əsaslanmışdır. Halbuki, texnikanı real istifadə edən, iddiaçı ilə qiyməti razılaşdıran və ödənişləri edən şəxs cavabdeh1 olmuşdur. Onun sadəcə Valehə kömək etməyi və ya onunla eyni obyektdə olmağı onu icarə müqaviləsinin tərəfi və müştərək borclu etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, cavabdehlər onun yanına gələrək ekskovatoru işlətmək üçün götürmək istədiklərini bildirmişdir. Yusif onun tanıdığı şəxsin adını çəkdiyindən onlara inanmış və ekskovatoru onlara vermişdir. Bir müddət pul ödənilsə də sonradan borc qalığı ödənilməmişdir. Cavabdehlər Şirvan şəhərində birlikdə kərpic zavodunun sökülməsini həyata keçirmiş və oradan durbaları çıxarmışlar. Danışıqları 400 manat olmuşdur. Həmin pulun 70 manatı sürücülərə çatası məbləğ, qalanı isə ona catası məbləğ olmuşdur. Razılaşmaya əsasən ekskovatorun təmir xərcləri ona aid olmuşdur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

18. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

24. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh cavabdeh2 qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, ona münasibətdə olan iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını cavabdeh cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsini yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, cavadehlər Şirvan şəhərində şərikli söküntü işləri aparmış, işlərin aparılması üçün iddiaçıdan ona məxsus “Hyundai” markalı 32-T-184 dövlət nömrə nişanlı ekskavatoru 2024-cü ilin sentyabr ayında icarəyə götürmüşlər. Texnikanı 2025-ci ilin yanvar ayınadək 4 ay müddətində şahid2, həmin tarixdən sonra 4 ay ərzində şahid1 (sürücü olaraq) işlətmişdir.

42. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus Hyundai markalı 32- T-184 dövlət qeydiyyat nişanlı ekskavator cavabdehlərin istifadəsinə verilmiş, tərəflər arasında gündəlik istifadə müqabilində müəyyən ödənişin həyata keçirilməsi barədə razılaşma əldə edilmişdir. Texnikanın uzun müddət müxtəlif tikinti və söküntü işlərində istifadə olunması, həmin işlərdən gəlir əldə edilməsi və ödənişlərin qismən həyata keçirilməsi faktı mülki hüquq münasibətlərinin mövcudluğunu və onların faktiki icra olunduğunu təsdiq edir.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəlik kreditorun xeyrinə müəyyən hərəkətin edilməsini nəzərdə tutur. Eyni zamanda 386.1-ci maddəyə uyğun olaraq öhdəlik müqavilə və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yarana bilər. Hazırkı işdə tərəflər arasında münasibətlər formal yazılı müqavilə ilə rəsmiləşdirilməsə də, faktiki istifadə, razılaşdırılmış gündəlik ödəniş modeli və tərəflərin davranışları həmin hüquqi münasibətin mövcudluğunu təsdiq edir.

44. Iş materiallarında olan audio yazıların məzmunu göstərir ki, cavabdeh cavabdeh1 tərəfindən texnikanın istifadəsi nəticəsində yaranmış hesablaşmalar, qalan borc məbləği və onun ödənilməsi zərurəti açıq şəkildə etiraf edilmiş, “hesabat aparılması”, “borcun dəqiq müəyyən olunması” və “vəsaitin ödənilməsi” barədə ifadələr səsləndirilmişdir. Bu hal öhdəliyin mövcudluğunu və onun icra edilmədiyini təsdiq edən mühüm sübut kimi çıxış edir.

45. Eyni zamanda şahid ifadələri ilə müəyyən edilir ki, ekskavator Şirvan şəhərində aparılan söküntü və tikinti işlərində uzun müddət istifadə olunmuş, işlərin təşkili cavabdehlər tərəfindən həyata keçirilmiş, texnika ilə görülən işlərdən gəlir əldə edilmişdir. Şahidlərdən biri olan şahid2 cavabdehlərin birgə fəaliyyət göstərdiyini və işlərin təşkilində vahid idarəetmənin mövcud olduğunu bildirmişdir. şahid1 ifadəsi isə işin faktiki icrasında cavabdeh cavabdeh2 aktiv iştirak etdiyini və iş prosesinin onun iştirakı ilə həyata keçirildiyini təsdiqləyir.

46. Qeyd olunmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

47. MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Məhkəmə hesab edir ki, cavabdeh cavabdeh2 “mən yalnız muzdlu işçi olmuşam” barədə dəlilləri işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iş materialları onun yalnız əmək münasibətləri çərçivəsində fəaliyyət göstərmədiyini, əksinə, texnikanın istifadəsi, işin təşkili və gəlirin formalaşması prosesində iştirak etdiyini təsdiq edir. Bu baxımdan onun mübahisəli münasibətdən kənar şəxs kimi qiymətləndirilməsi hüquqi əsaslardan məhrumdur.

49. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi onun pozulması hesab edilir. Hazırkı işdə eyni zamanda apellyatorun birinci instansiyası məhkəməsində verdiyi izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı ilə razılaşdırılmış ödənişlərin bir hissəsi cavabdehlər tərəfindən icra edilməmiş, nəticədə 3000 manat məbləğində borc qalığı yaranmışdır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmiş və sübutların məcmusuna əsaslanmışdır.

50. Məhkəmə xüsusi olaraq qeyd edir ki, mülki işlərdə sübutların qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən onların məcmu şəkildə, qarşılıqlı əlaqədə və obyektiv baxımdan qiymətləndirilməsi ilə həyata keçirilir. Hazırkı işdə birinci instansiya məhkəməsi audio yazı, şahid ifadələri, tərəflərin izahatları və faktiki istifadə hallarının birgə təhlilinə əsaslanmışdır.

51. Apellyasiya şikayətində irəli sürülən “müqavilə yoxdur”, “mən tərəf deyiləm”, “şəriklik mövcud deyil” kimi dəlillər formal yanaşmaya əsaslanır və işin faktiki hallarını təkzib etmir. Əksinə, işin faktiki vəziyyəti göstərir ki, cavabdehlər texnikadan birlikdə istifadə etmiş, onun gəlir gətirməsini təmin etmiş və hesablaşmalar prosesində iştirak etmişlər.

52. Beləliklə, Mülki Məcəllənin 700.1 və 700.2-ci maddələrinin mahiyyətinə uyğun olaraq icarə münasibəti tərəflərin davranışı ilə şifahi olaraq formalaşmış, istifadə və gəlir əldə etmə elementləri ilə təsdiq olunmuşdur. Bu münasibət çərçivəsində yaranan öhdəliklərin icrasından yayınma hüquqi məsuliyyət yaradır.

53. Nəticə etibarilə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

54. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh cavabdeh2 tərəfindən hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti 10.000 (on min) manatdan az (3000 min manat) olduğundan Azərbaycan Respublikası MPM-nin 402.1ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 münasibətdə mübahisələndirlən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar