Məhkəmə qərarları › İş №e-2-2(3-8)-102/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-102/2026

19.08.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-102/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Xəlilov Ramin Adilxan oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış ## ### 2026-cı il tarixli *-**/*-***/**** nömrəli sorğu məktubunun məzmununda iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin məhkəməyə təqdim edilməsinin, eyni zamanda iş üzrə qəbul edilmiş ## ##### 2026- cı il tarixli e- *-*(*-*)-****/**** nömrəli qərardadın qanuni qüvvəyə minib-minməməsi, işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilib-göndərilməməsi, göndərilmişdirsə, işin Sumqayıt İnzibati Məhkəməsində hansı nömrə ilə icraatda olması barədə məlumat verilməsinin təmin edilməsi xahiş edilmişdir.

2. Bakı İnzibati Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2026-cı il tarixli *- */*-*****/**** nömrəli məktubun məzmununda Bakı İnzibati Məhkəməsinin ## ##### 2026- cı il tarixli e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinin qərara alındığı, məhkəmə aktının ## ### 2026-cı il tarixdə qanuni qüvvəsini aldığı və ## #### 2026-cı il tarixdə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərildiyi qeyd edilmişdir. Həmin məktuba Bakı İnzibati Məhkəməsinə ünvanlanmış iddia ərizəsi də əlavə edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-*)-****/**** nömrəli qərardadının məzmunundan görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə FŞGV 2022 üzrə aparılmış 6737,15 manat məbləğində əsas borc və ona bağlı faizlərin hesablanması barədə qərarının (inzibati aktı) ləğv edilməsini, məhkəmə mübahisəsi mahiyyəti üzrə həll edilənədək "İcra haqqında" Qanunun 17.1.4-cü və Vergi Məcəlləsinin 65.2.2-ci maddələrinə uyğun olaraq icraatın və məcburi tutma tədbirlərinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək ## ### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə olan 10207,53 (on min iki yüz yeddi manat, əlli üç qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 244,52 (iki yüz qırx dörd manat, əlli iki qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 38,34 (otuz səkkiz manat, otuz dörd qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Maraqlı şəxs ərizəyə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas olan ## #### 2025- ci il tarixli inzibati akt (vergi hesablaması) qanunsuz hesab edilir və hazırda məhkəmə mübahisəsinin predmetidir. Belə ki, ilkin olaraq Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, lakin aidiyyət qaydalarına uyğun olaraq iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Hazırda həmin inzibati aktın ləğvi barədə iddia Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri (və ya məhdudlaşdırıcı tədbirlər) güdülən məqsədə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Vergi borcunun real məbləği və hesablanmasının qanuniliyi hələ məhkəmə tərəfindən təsdiq edilmədiyi bir vaxtda belə bir məhdudiyyətin qoyulması insan hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasıdır. Həmçinin "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsi və Vergi Məcəlləsinin 65.2.2-ci maddələrinin təbiətinə uyğun olaraq, icra sənədinin verilməsinə əsas olan tələb barədə məhkəmədə mübahisə olduğu müddətdə məcburi icra və ya məhdudlaşdırıcı tədbirlər dayandırılmalıdır. Borcun varlığına dair qərar qanuni qüvvəyə minməyincə şəxsin "borclu" qismində sərbəst hərəkət hüququnun əlindən alınması Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Vergi hesablamasının özü də qanunsuzdur. Sadələşdirilmiş vergi ödəyicisi olduğu halda, Vergi Məcəlləsinin 219.5-ci maddəsinin tələblərinə zidd olaraq ona "analoji üsul"la gəlir vergisi hesablanmışdır. Hesabatlarını vaxtında təqdim etdiyi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə analoji üsulun tətbiqi üçün hansısa hüquqi əsas yoxdur. Sumqayıt İnzibati Məhkəməsində baxılan iş üzrə yekun qərar qəbul edilənədək hazırkı kommersiya işi üzrə icraat Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə uyğun olaraq dayandırılmalıdır. Çünki vergi borcunun ləğvi barədə qərar bu iş üzrə ərizənin təmin edilməsini hüquqi baxımdan qeyri-mümkün edəcəkdir. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq məhkəmədən vergi öhdəliyi məhkəmə qaydasında mübahisələndirildiyi üçün Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək ərizəçinin "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsinin təmin edilməməsini və ya iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

7. Maraqlı şəxs ərizə ilə müraciət edərək qeyd etmişdir ki, vergi ödəyicisi kimi öhdəliklərindən yayınmağa çalışan şəxs olmamışdır. Əksinə, iş materiallarından da görünür ki, sadələşdirilmiş vergi üzrə uçotda olmuş, bəyannamələri təqdim etmiş və sadələşdirilmiş vergi üzrə ödənişlər etmişdir. Şəxsi hesab vərəqəsində 2022-ci ilin 4-cü rübü üzrə 1032 manat sadələşdirilmiş verginin hesablandığı, ## ###### 2023-cü il tarixində 1035 manat ödəniş edildiyi, 2023-cü ilin 1-ci rübü üzrə ## ##### 2023-cü il tarixində 1062 manat, 2-ci rübü üzrə ## #### 2023-cü il tarixində 595 manat, 3-cü rübü üzrə ## ####### 2023-cü il tarixində 116,75 manat, 2023-cü ilin 4-cü rübü üzrə isə ## ###### 2024-cü il tarixində 1345,03 manat ödəniş edildiyi görünür. Yəni vergi sistemindən yayınan şəxs yox, sistemdə olan, ödəniş edən, hesablaşan şəxs olmuşdur. Buna baxmayaraq, sonradan şəxsi hesab vərəqəsinə 2022-ci il üzrə "FŞGV-Analoji(B)" adı ilə 6737,15 manat əsas borc və minlərlə manat faiz yazılmışdır. İş materiallarından görünür ki, ## #### 2025-ci il tarixində həmin məbləğ hesablanmış, ## #### 2025-ci il tarixində eyni məbləğ "Azalma" ilə çıxılmış, ## ####### 2025-ci il tarixində isə yenidən eyni əsas məbləğ hesablanmışdır. Bu isə onu göstərir ki, hesablamanın özü dəqiq, sabit və birmənalı olmamışdır. Əgər eyni məbləğ əvvəl yazılıb, sonra silinib, sonra yenidən yazılıbsa, bu halda vergi ödəyicisinin üzərinə belə ağır nəticə qoymaq ədalətli sayıla bilməz. İddia ərizəsində də göstərildiyi kimi sadələşdirilmiş vergi ödəyicisi kimi uçotda olmuşdur və Vergi Məcəlləsinin 219.5-ci maddəsinə görə sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs gəlir vergisinin ödəyicisi sayılmır. Deməli, ona ayrıca fiziki şəxsin gəlir vergisinin hesablanması üçün vergi orqanı çox aydın, konkret və qanuni əsas göstərməli idi. Vergi orqanı bu hesablamanı "Analoji(B)" üsulu ilə aparmışdır. Halbuki Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə belə üsul yalnız xüsusi hallarda tətbiq oluna bilər. Onun tərəfindən hesabatlar təqdim edildiyi halda, vergi orqanının bu üsula hansı əsasla keçdiyi aydın göstərilməmişdir. Vergi orqanı tərəfindən 6737,15 manat məbləğin necə müəyyən olunmasına aydınlıq gətirilməlidir. Bu suallara cavab verilmədən belə ağır maliyyə nəticəsi qanuni hesab edilə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergi qanunvericiliyindəki ziddiyyətlər və aydın olmayan məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Ona məxsus şəxsi hesab vərəqəsində isə ziddiyyət açıq görünür: məbləğ əvvəl hesablanır, sonra azaldılır, sonra yenidən hesablanır. Belə şəraitdə yaranmış qeyri-müəyyənlik onun əleyhinə yox, xeyrinə qiymətləndirilməlidir. Xüsusilə qeyd edilməlidir ki, vergi ödəməkdən yayınmaq niyyəti olmamışdır. Əgər qanuni və əsaslı bir borc vaxtında və aydın şəkildə şəxsi hesabında göstərilsəydi, buna ya etiraz edərdi, ya da ödəmə məsələsini vaxtında həll etməyə çalışardı. Amma burada borc sonradan, özü də ziddiyyətli şəkildə uçota salınmış və nəticədə faiz məbləği artmışdır. Dövlət orqanının öz uçotundakı qeyri-müəyyənlik və gecikmənin nəticəsi tam şəkildə onun üzərinə qoyulmamalıdır. İş materiallarında olan ## ###### 2026-cı tarixli "Görüşə dəvət barədə" sənəd də göstərir ki, vergi orqanı “card- to-card”, POS-terminal, əmək münasibətləri və vergi öhdəlikləri barədə ümumi məlumatlandırma görüşü keçirmişdir. Yəni həmin sənəd konkret, tam əsaslandırılmış, fərdiləşdirilmiş yekun vergi aktı deyil, ümumi məlumat xarakterli çağırış sənədidir. Bu da onu göstərir ki, mübahisəli hesablamanın əsası məhkəmədə ayrıca və ciddi şəkildə yoxlanmalıdır. O, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, böyük gəlir əldə edən bir şəxs deyil, adi əmək fəaliyyəti ilə dolanmağa çalışan bir şəxsdir. Bu borc həyatı, dolanışığı və gələcəyi üçün ağır yükdür. Bu işdə onun əsas tələbi 2022-ci il üzrə ona hesablanmış 6737,15 manat məbləğində fiziki şəxsin gəlir vergisinin borcunun və ona bağlı hesablanmış bütün faizlərin tamamilə silinməsidir. Çünki həm hüquqi əsaslandırma yetərli deyil, həm tətbiq olunmuş üsul şübhəlidir, həmçinin şəxsi hesab vərəqəsindəki hərəkətlər həmin hesablamanın sabit və etibarlı olmadığını göstərir.

8. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi, vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi əsas gətirilərək maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ölkədən getmək hüququ şəxsin fundamental hüquqlarından biridir və onun məhdudlaşdırılması xüsusi konstitusion əsaslar tələb edir. Konstitusiyanın 71-ci maddəsində təsbit edilən mütənasiblik prinsipi işin bütün hallarının məcmu halda qiymətləndirilməsini tələb edir: borcun məbləği, ödəyicinin borcla bağlı mövqeyi və onun diqqətəlayiq maraqları, borcun ödənilməmə səbəbinin real əsasları, borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər, ölkədən getmə hüququnun məhdudlaşdırılmasının işin hallarının hərtərəfli qiymətləndirilməsi nəticəsində zəruriliyi, belə tədbirlərin ödəyicinin şəxsi və ailə həyatında təsirləri. Təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, hesablanmış vergi borcu ilə razılaşmadığından maraqlı şəxs tərəfindən borc məbləği inzibati qaydada mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-*)- ****/**** nömrəli qərardadı ilə iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Başqa sözlə, ərizəçi tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edildiyi tarixədək maraqlı şəxsin ərizəçiyə qarşı iddia qaldırdığı müəyyən edilmişdir. Yəni ərizəçi maraqlı şəxsin borc məbləğini mübahisələndirilməsi barədə məlumatı olmasına baxmayaraq, ## ### 2026-cı il tarixində məhkəməyə ünvanladığı hazırkı ərizə ilə həmin borca görə (ərizəyə əsasən, borc məbləğlərinin əsas hissəsini dövlət büdcəsinə olan vergi borcu təşkil edir) şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl ərizədə qeyd olunan vergi borcu maraqlı şəxs tərəfindən mübahisələndirildiyindən, onun müraciəti üzrə məhkəmə araşdırması başa çatmadığından və hesablanmış borcun mövcudluğunun təsdiq edilməsi müvafiq məhkəmə qərarından asılı olduğundan hazırkı vəziyyətdə vergi ödəyicisinin ölkədən getmək hüququnun həmin borca görə müvəqqəti məhdudlaşdırılması mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsinin, 28-ci maddəsinin 3-cü hissəsinin, 60-cı maddəsinin 1-ci hissəsinin, 71-ci maddəsinin 2-ci hissəsinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrinin, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci, 14.2-ci, 88-ci, 217.4cü, 305.1.12-ci, 355-5.1-ci, 355-7.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Ərizəçi şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə maraqlı şəxs Maraqlı şəxs vergi öhdəliyini yerinə yetirməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaradılmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Belə ki, Vergi Məcəlləsi vergi borcunun ödənilməsinin təmin edilməsi üsullarını- yəni öhdəliyin təminat üsullarını müəyyən etmişdir, hansı ki, bu üsullar borclunun öhdəliyi icra etməsinə sövq edən vasitədir. İşə əlavə olan materiallardan (borc üzrə bildiriş, xəbərdarlıq) və ən əsası ərizə göndərilən tarixə olan şəxsi hesab vərəqəsinə müvafiq olaraq vergi borcu mövcuddur. Yəni vergi ödəyicisinə dövlət büdcəsinə ödəməli olduğu borca dair müxtəlif vaxtlarda göndərilmiş borc üzrə bildirişdə, xəbərdarlıqda və şəxsi hesab vərəqəsində onun faktiki borcunun mövcudluğu sübut olunur. Beləliklə, borcun mövcudluğu məsələnin mübahisəsiz tərəfidir. Məhkəmənin ərizəni rədd etməsinə əsas kimi göstərdiyi ikinci səbəb maraqlı şəxsin hesablanmış vergi borcu ilə razılaşmadığından borc məbləğini inzibati qaydada mübahisələndirilməsi olmuşdur. Məhkəmə hesab edir ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl ərizədə qeyd olunan vergi borcu maraqlı şəxs tərəfindən mübahisələndirildiyindən, onun müraciəti üzrə məhkəmə araşdırması başa çatmadığından və hesablanmış borcun mövcudluğunun təsdiq edilməsi müvafiq məhkəmə qərarından asılı olduğundan ərizə rədd edilməlidir. Bununla bağlı bildirir ki, məhkəmənin bu mövqeyi indiyədək mövcud məhkəmə praktikasını və Mülki Prosessual Məcəllənin müddəalarını pozur. Belə ki, sözügedən vergi ödəyicisi (inzibati şikayətdə iddiaçı) Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatında e-*-*(*-*)-****/**** nömrəli iş vardır. Məhkəmənin mövqeyindən yanaşsaq, bu inzibati işin nəticəsi şəxsin borcunun mövcudluğu ilə birbaşa bağlı olması səbəbindən kommersiya mübahisəsilə bağlı ərizəni rədd etmək əvəzinə icraatı dayandırmaq və inzibati işin nəticəsini gözləyərək ona uyğun yekun qətnamə çıxartmaq daha məqsədəuyğun idi. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Bununla da məhkəmə həm prosessual normanı pozmuş, həmdə inzibati orqanının görəcəyi tədbiri səmərəsiz etmişdir.

Apellyasiya şikayətinə etiraz

13. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, ərizəçi Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinə istinad edərək vergi borcunun mövcudluğunu məhdudiyyət üçün kifayət sayır. Həmin normalar vergi orqanına məhkəməyə müraciət etmək səlahiyyəti verir; lakin məhkəməni hər müraciəti təmin etməyə məcbur etmir. Mülki Prosessual Məcəllənin 355-7.3-cü maddəsinin həm ərizənin təmin edilməsi, həm də rədd edilməsi barədə qətnamə qəbulunu nəzərdə tutması məhkəmənin məhdudiyyətin qanuniliyini, zəruriliyini və mütənasibliyini ayrıca yoxlamalı olduğunu açıq şəkildə göstərir. Əks yanaşma məhkəmə nəzarətini formal prosedura çevirər və Konstitusiyanın 28-ci maddəsinin III hissəsi ilə qorunan ölkədən getmək hüququna inzibati orqanın birtərəfli uçot qeydi əsasında avtomatik müdaxilə edilməsinə gətirib çıxarar. Qanunvericinin məhdudiyyəti yalnız məhkəmə qərarı ilə mümkün etməsi məhz belə avtomatizmin qarşısını almağa xidmət edir. Apellyasiya şikayətində bir tərəfdən borcun mövcudluğunun «mübahisəsiz» olduğu bildirilir, digər tərəfdən isə Sumqayıt İnzibati Məhkəməsindəki e-*-*(*-*)-****/**** nömrəli işin nəticəsinin borcun mövcudluğu ilə birbaşa bağlı olduğu etiraf edilir. Bu iki mövqe bir-birini istisna edir. Borcun yaranmasına əsas verən inzibati aktın ləğvi tələb edilirsə və həmin tələb məhdudlaşdırma ərizəsindən əvvəl məhkəmə icraatına qəbul olunubsa, borcun hüquqi əsası hazırkı mərhələdə mübahisəsiz sayıla bilməz. Borc barədə bildiriş, xəbərdarlıq və şəxsi hesab vərəqəsi vergi orqanının müəyyən məbləği öz uçotunda borc kimi əks etdirdiyini göstərə bilər. Lakin həmin sənədlər onları tərtib edən orqanın mövqeyini ifadə edir və inzibati aktın qanuniliyini qabaqcadan müəyyən edən, məhkəmə üçün üstün sübut qüvvəsinə malik sənədlər deyildir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Xüsusi icraat qaydasında baxan kommersiya məhkəməsi inzibati aktın qanuniliyi barədə inzibati məhkəmənin səlahiyyətini əvəz etməməlidir. Bununla belə, inzibati mübahisənin mövcudluğunu və hesab vərəqəsindəki ziddiyyətli əməliyyatları məhdudiyyətin hazırda zəruri olubolmamasının qiymətləndirilməsi üçün nəzərə almaq tam qanunidir. Birinci instansiya məhkəməsi də vergi borcunu mahiyyəti üzrə ləğv etməmiş, yalnız mübahisəli borca görə fundamental hüququn dərhal məhdudlaşdırılmasını qeyri-mütənasib hesab etmişdir. Ərizəçi onun ölkəni tərk etməyə hazırlaşdığını, əmlak və vəsaitləri gizlətdiyini, borcun tutulmasından yayındığını, çağırışlardan qərəzli şəkildə imtina etdiyini və ya ölkədən çıxışın borcun real alınmasını çətinləşdirəcəyini təsdiq edən fərdiləşdirilmiş sübut təqdim etməmişdir. Apellyasiya şikayətindəki «ən təsirli üsul» və «humanist yanaşma» ifadələri hüquqi meyar və sübut deyildir. Məhdudiyyətin mümkün olması onun hər bir borc halında zəruri olması demək deyildir. Apellyasiya şikayətində vergi orqanının tədbirləri seçməkdə sərbəst olduğu və qanunda məcburi ardıcıllığın nəzərdə tutulmadığı bildirilir. Lakin tədbirlərin formal ardıcıllığının olmaması mütənasiblik yoxlamasını aradan qaldırmır. Hüquqa daha ağır müdaxilə edən tədbir seçilirsə, onun niyə zəruri və daha yüngül vasitələrdən daha münasib olduğu əsaslandırılmalıdır. Ərizəçi pretenziya, xəbərdarlıq, sərəncam və hesabların dondurulması kimi tədbirləri sadalamaqla kifayətlənmiş, lakin həmin tədbirlərin nə vaxt, hansı məbləğ üzrə və hansı nəticə ilə həyata keçirildiyini, əmlak və gəlir vəziyyətinin araşdırıldığını, borcun başqa üsulla tutulmasının faktiki olaraq mümkünsüz olduğunu sübut etməmişdir. Əvvəlki vergi ödənişləri isə öhdəlikdən qərəzli yayınma iddiasını əksinə zəiflədir. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsində istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında da göstərilmişdir ki, qanunvericilikdə nəzərdə tutulan digər üsullar vasitəsilə vergi öhdəliyinin real icrasının təmin edilməsi mümkündürsə, şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz; xüsusi hallar mütənasiblik prinsipi ilə əlaqələndirilməklə qiymətləndirilməlidir. Apellyasiya şikayəti bu hüquqi mövqeni təkzib edən fakt göstərmir. Ərizəçi iddia edir ki, inzibati iş yekunlaşanadək kommersiya işi üzrə icraat dayandırılmalı idi. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsi başqa iş həll edilmədən hazırkı işə baxılması obyektiv olaraq mümkün olmadıqda tətbiq edilir. Hazırkı işdə isə kommersiya məhkəməsinin qarşısında inzibati aktın qanuniliyini müəyyən etmək deyil, məhz müraciət tarixində ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün yetərli, zəruri və mütənasib əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsi dayanmışdır. Məhkəmə bu məsələni inzibati mübahisəni həll etmədən də araşdıra bilmişdir. Ərizəçinin apellyasiya mövqeyi həm də daxili ziddiyyətlidir: o, bir tərəfdən inzibati işin nəticəsinin borcun mövcudluğu üçün həlledici olduğunu və icraatın dayandırılmalı olduğunu bildirir, digər tərəfdən həmin nəticəni gözləmədən apellyasiya məhkəməsindən məhdudiyyət tətbiq edən yeni qətnamə tələb edir. Əgər inzibati işin nəticəsi doğrudan da həlledicidirsə, bu, hazırkı mərhələdə məhdudiyyətin dərhal tətbiqini deyil, onun üçün sabit hüquqi əsasın formalaşmadığını təsdiq edir. Birinci instansiyada ərizənin rədd edilməsi vergi orqanını gələcəkdə hüquqdan məhrum etmir. Mübahisəli inzibati akt qüvvədə saxlanılarsa və həmin vaxt konkret zərurət və mütənasiblik şərtləri sübut olunarsa, qanunvericilikdə nəzərdə tutulan qaydada yeni müraciət etmək mümkündür. Buna görə də hazırkı qətnamə nə vergi orqanının səlahiyyətini «səmərəsiz edir», nə də dövlət marağının müdafiəsini istisna edir; yalnız fundamental hüquqa vaxtından əvvəl və kifayət qədər əsaslandırılmamış müdaxilənin qarşısını alır.

İşdə iştirak edən şəxslərin izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Konstitusiyasının:

12-ci maddəsinin 1-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:

1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.

18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair * saylı Protokolunun 2-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.

19. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- ***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş materiallarından göründüyü kimi, maraqlı şəxs Maraqlı şəxs ## #### 2025-ci il tarixli, 6737,15 manat məbləğində vergi borcunun və ona bağlı faizlərin hesablanmasına dair inzibati aktı məhkəmə qaydasında mübahisələndirmiş və həmin iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Buna görə hazırkı ərizənin əsasını təşkil edən vergi borcunun qanuni və əsaslı hesablanması inzibati məhkəmədə araşdırma predmetidir.

24. Belə olan halda, həmin mübahisə yekunlaşmadan maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması sonradan vergi borcunun ləğv edilməsi halında onun hüququnun lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu səbəbdən hazırkı mərhələdə belə məhdudiyyət əsaslı hesab edilə bilməz.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə mübahisəsi başa çatdıqdan sonra vergi borcu müəyyən edilərsə, vergi orqanının yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar