Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-111/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Taptıqov İlqar Vüqar oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Taptıqov İlqar Vüqar oğluna qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Taptıqov İlqar Vüqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ## ### 2006-cı il təvəllüdlü vergi ödəyicisi Taptıqov İlqar Vüqar oğlunun ## #### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə 85264,92 (səksən beş min iki yüz altmış dörd manat doxsan iki qəpik) manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 240,88 (iki yüz qırx manat səksən səkkiz qəpik) manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 44,05 (qırx dörd manat beş qəpik) manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi maraqlı şəxs Taptıqov İlqar Vüqar oğluna qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək ## #### 2026-cı il tarixə hesablanmış dövlət büdcəsinə olan 85264,92 (səksən beş min iki yüz altmış dörd manat doxsan iki qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 240,88 (iki yüz qırx manat səksən səkkiz qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 44,05 (qırx dörd manat beş qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi – ## ### 2006-cı il təvəllüdlü Taptıqov İlqar Vüqar oğlunun (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, ## #### 2026-cı il tarixinə hesablanmış 85264,92 (səksən beş min iki yüz altmış dörd manat doxsan iki qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 240,88 (iki yüz qırx manat səksən səkkiz qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 44,05 (qırx dörd manat beş qəpik) manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi - ## ### 2006-cı il təvəllüdlü Taptıqov İlqar Vüqar oğlunun (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Həlimə Alıyeva).
4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan maraqlı şəxs Taptıqov İlqar Vüqar oğlu vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır.
5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Vergi Məcəlləsinin 1.4-cü, 16.1.1-ci, 23.1.15-3-cü, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci, 355-5.1-ci, 355-7.4-cü, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən narazı qalan maraqlı şəxs Taptıqov İlqar Vüqar oğlu apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X1 əvvəllər tanımırdı. Tanışlarından biri onu Elvin Cavadovla 2024-cü ilin yay aylarının birində tanış etmişdir. Tanışı adını çəkmədiyi bir şəxsin xarici ölkələrin birində satış məqsədi üçün mallar gətirdiyini bildirmiş və ona demişdir ki, həmin şəxsə köməklik etmək üçün etibarnamə vermək lazımdır. O, etibarnamənin Elvinə nə üçün verildiyi ilə maraqlanmadan ona etibarnamə verməyə razılıq vermişdir. Həmin zaman o, Sumqayıt Asan xidmət Mərkəzinə tanışı ilə gedib orada ##.##.2024-cü ildə 1 il müddətinə X1 adına etibarnamə vermişdir. Etibarnaməyə görə tanışı sonradan ona 30 manat pul vermişdir (bu günə qədər həmin pulun ona nə üçün verildiyini anlamır). Tanışı onun E.Z.Cavadovun adına verdiyi həmin etibarnaməni almış və onun sonradan kimə təqdim edilməsindən xəbərdar deyildir.Bu günlərdə yaşadığı ünvana Sumqayıt Ərazi Vergilər İdarəsindən məktub gəlmişdir. Həmin məktubda 85627,43 manat vergi borcunun olduğu göstərilmişdir. Məsələ ilə əlaqədar olaraq o, Sumqayıt Ərazi Vergilər İdarəsinə müraciət etmişdir. Müraciəti araşdırılmış və ona bildirilmişdir ki, onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq 2024-cü ildə ödənilməmiş 85627,43 manat vergi borcu vardır. O, etiraz etmiş və bildirmişdir ki, 2024-2025-ci illərdə heç bir sahibkarlıq fəaliyyəti göstərməmiş, vergi borcunun mövcudluğundan məlumatı olmamışdır. Etibarnamə verdiyi şəxs onun sadəlövlüyündən istifadə edərək onu aldatmışdır.O, idmanın “Boks” növü ilə məşğul olur. Tez-tez beynəlxalq yarışlara cəlb edilir. Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edib, dövlət bayrağımızı dalğalandırmaq istəyir.
Apellyasiya şikayətinə etiraz
8. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:
1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.
11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə də maraqlı şəxsin vergi və digər məcburi dövlət ödənişləri üzrə borcunun mövcud olması və həmin borcun ödənilməməsi səbəbindən ərizəçi tərəfindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilmişdir.
14. İş materialları ilə müəyyən edilir ki, maraqlı şəxs Taptıqov İlqar Vüqar oğlunun ## #### 2026-cı il tarixinə dövlət büdcəsinə 85264,92 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 240,88 manat və İcbari Tibbi Sığorta Fonduna 44,05 manat borcu mövcuddur və ona həmin borcların ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, qeyd olunan borclar ödənilməmişdir.
15. Maraqlı şəxs apellyasiya şikayətində göstərmişdir ki, 2024-cü ilin yay aylarında tanışı vasitəsilə X1 ilə əlaqədar ona müraciət edilmiş, xarici ölkədən satış məqsədilə mal gətirən şəxsə köməklik göstərilməsi üçün etibarnamə verilməsinin lazım olduğu bildirilmişdir. O da etibarnamənin hansı məqsədlə istifadə ediləcəyini araşdırmadan ## #### 2024-cü il tarixdə X1 adına bir il müddətinə etibarnamə vermiş, sonradan isə həmin etibarnamədən hansı məqsədlə istifadə edilməsindən xəbərdar olmamışdır. Maraqlı şəxs 2024-2025-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını və vergi borcunun onun xəbəri olmadan yarandığını bildirmişdir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin X1 verdiyi etibarnamədən onun məlumatı və iradəsi xaricində istifadə edilməsi, özünün faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması və vergi borcunun yaranmasından xəbərsiz olması barədə dəlilləri hazırkı kommersiya işinin bilavasitə predmetini təşkil etmir. Hazırkı iş üzrə məhkəmə baxışının predmeti maraqlı şəxsin vergi və digər məcburi dövlət ödənişləri üzrə borcunun mövcud olması, həmin borcun qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi və vergi orqanının həmin borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etməsi təşkil edir.
17. Maraqlı şəxsin etibarnamə verdiyi şəxsin onun etibarından istifadə etməsi və nəticədə onun xəbəri olmadan sahibkarlıq fəaliyyəti həyata keçirilməsi barədə dəlilləri vergi borcunun hesablanmasının əsasları ilə bağlıdır. Lakin iş materiallarından həmin vergi borcunun qanunla müəyyən edilmiş qaydada ləğv edilməsi, dəyişdirilməsi və ya ödənilməsi müəyyən edilmir. Buna görə də hazırkı halda maraqlı şəxsin qeyd olunan dəlilləri ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.
18. Məhkəmə kollegiyası həmçinin maraqlı şəxsin boks idman növü ilə məşğul olması, beynəlxalq yarışlara cəlb edilməsi və Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil etmək istəməsi barədə şikayət dəlilinə münasibətdə qeyd edir ki, həmin hal özlüyündə vergi və digər məcburi dövlət ödənişləri üzrə mövcud borcun ödənilməsini təmin etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının tətbiqini istisna edən əsas deyildir.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Maraqlı şəxs Taptıqov İlqar Vüqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.