Məhkəmə qərarları › İş №e-2-2(3-8)-115/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-115/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-115/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları

1. Iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ######## 2013-cü il tarixli **L********* nömrəli kredit xətti müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank (iddiaçı) bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana (cavabdehə) 20000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcəkdir.Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.

2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, ## ######## 2023-cü il tarixdən gec olmayaraq verilməlidir.

3. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması ilə müəyyən edilir.

4. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

5. Iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ######## 2013-cü il tarixli **L********* nömrəli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında ## ####### 2019-cu il tarixli **L*********S nömrəli sazişin 1-ci bəndinə əsasən, tərəflər ## ######## 2013-cü il tarixli **L********* nömrəli kredit xətti müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərinə qeyd edilən dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər: “1.1. Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” adlandırılacaq) kredit alana 300000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsini açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir”, “1.2. Kreditlər tərəflər ərasında “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (bundan sonra “kredit razılaşması”) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir”, “1.3. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, ## ######## 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə ve kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur”. ...

6. Iş materiallarında olan iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## #### 2022-ci il tarixli ***G************ nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

7. Həmin zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur.

8. Iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ######## 2013-cü il tarixli **L********* nömrəli uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında ## ###### 2023-cü il tarixli **L*********SA nömrəli sazişin 1-ci bəndinə əsasən, tərəflər ## ######## 2013-cü il tarixli **L********* nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərinə qeyd edilən dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişdirlər: “1.1. Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” adlandırılacaq) kredit alana 300000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir”, “1.2. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında razılaşma”, “akkreditiv açılması üçün razılaşma”, “bank hesabının kreditləşməsi və girov barədə qarışıq razılaşma” və “kart krediti və girov barədə qarışıq razılaşma” ayrıca razılaşmalar, habelə zamanzaman bank tərəfindən təklif olunan kredit məhsulları üzrə tərəflər arasında razılaşdırılmış formada bağlanacaq digər razılaşmalar (bundan sonra “kredit razılaşmaları”) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir”, “1.3. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 240 (iki yüz qırx) ay, ## ###### 2033-cü il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilən kreditlərin illik faiz dərəcəsinin yuxan həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur”.

9. Iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## #### 2022-ci il tarixli ***G************ nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında ## ###### 2023-cü il tarixli ***S************S nömrəli sazişin 1-ci bəndinə əsasən, tərəflər zaminlik müqaviləsinin müvafiq bəndlərinə qeyd edilən dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər: “1. Zaminlik müqaviləsi bank və cavabdeh1 (bundan sonra “borclu” adlandırılacaq) arasında ## ######## 2013-cü il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış **L********* saylı uzunmüddətli kredit müqaviləsi (bundan sonra “uzunmüddətli kredit müqaviləsi”) və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmalar (bundan sonra “kredit razılaşmaları”) üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: uzunmüddətli kredit müqaviləsinin məbləği: 300000 ABŞ Dolları; uzunmüddətli kredit müqaviləsinin müddəti: 240 ay; uzunmüddətli kredit müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28 faiz; ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla”.

10. Iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 50000 manat olan krediti “fərdi mikro kredit” məqsədilə aylıq 1,6667 faiz dərəcəsi ilə 30 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın ## ######## 2013-cü il tarixli **L********* nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir.

11. Həmin razılaşmanın 1.3-cü bəndinə əsasən, kredit alan kredit məbləğini bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan * saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış banka qaytarmağı öz öhdəsinə götürür.

12. Həmin razılaşmanın 4.1.3-cü yarımbəndinə əsasən, bank, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığına müqavilədə göstərilən düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir.

13. Iş materiallarında olan ## #### 2024-cü il tarixli ***R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi ## ###### 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

14. Iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ####### 2019-cu il tarixli ***M*********** nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (**-CC-*** dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL3258A3” modelli (tip: özüboşaldan, buraxılış ili: 2011- ci il) nəqliyyat vasitəsini) ## ######## 2013-cü il tarixdə Bakı şəhərində bağlanmış **L********* nömrəli kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.

15. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 18000 manat təşkil edir.

16. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir.

17. Iş materiallarında olan ## ####### 2019-cu il tarixli ***M*********** nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, cavabdeh1 məxsus olan “DONG FENG DFL3258A3” modelli **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

18. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli OUT-****/**/**-** nömrəli maliyyə arayışından görünür ki, cavabdeh cavabdeh1 ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 37417,19 manat məbləğində əsas bоrc, 3453,38 manat məbləğində faiz borcu və 1236,41 manat məbləğində cərimə оlmaqla, cəmi 42106,98 manat məbləğində borcu vardır.

19. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş ## ##### 2026-cı il tarixli ****/** nömrəli mütəxəssis rəyindən görünür ki, “DONG FENG DFL3258A3” modelli **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyəri 19350 manat, bazar dəyəri 21500 manat məbləğində təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

20.Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ## #### 2024-cü il tarixli ***R********** nömrəli krеdit razılaşması üzrə 37417,19 (otuz yeddi min dörd yüz on yeddi manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 3453,38 (üç min dörd yüz əlli üç manat, otuz səkkiz qəpik) manat məbləğində faiz bоrcu, 1236,41 (min iki yüz otuz altı manat, qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 42106,98 (qırx iki min yüz altı manat, doxsan səkkiz qəpik) manat məbləğində bоrcun, ödənilmiş 216,32 (iki yüz on altı manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, borcun cavabdeh1 məxsus olan 01-CC228 dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL3258A3” modelli (tip: özüboşaldan buraxılış ili: 2011-ci il) nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, bu vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh1 iddiaçı ilə bağladığı ## ######## 2013-ci il tarixli **L********* nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları ## ####### 2019-cu il tarixli 27L000001016S və ## ###### 2023-cü il tarixli **L*********SA nömrəli sazişlərlə uzunmüddətli kredit müqaviləsinə dəyişikliklər və əlavə edilmişdir. Uzunmüddətli kredit müqaviləsinə əsasən 240 ay müddətinə 300000 ABŞ dolları məbləğində krеdit хətti açılmış, ## ###### 2023-cü il tarixli ***S************S nömrəli sazişlə zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh cavabdeh1 iddiaçı ilə bağladığı ## #### 2024-cü il tarixli ***R********** nömrəli krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ## ### 2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü krеdit bоrcundan 12582,81 manat məbləğində ödəniş həyata keçirmiş, onun 37417,19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ## ###### 2025-ci il tarixə 194 gün üçün hesablanmış faiz borcu 3453,38 manat məbləğində təşkil edir. Krеdit razılaşmasının 4.1.3-cü yarımbəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığına müqavilədə göstərilən düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir. ## ###### 2025-ci il tarixə 194 gün üçün hеsablanmış cərimə 1236,41 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh1la birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh - ipoteka qoyan cavabdeh1la iddiaçı arasında bağlanılmış ## ####### 2019-cu il tarixli ***M************ nömrəli ipoteka müqaviləsi əsasında qeydiyyat nişanı **-CC-*** dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL3258A3” modelli (tip: özüboşaldan, buraxılış ili: 2011-ci il) nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 22.Cavabdeh cavabdeh1 nümayəndəsi ## ##### 2026-cı il tarixdə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən işin adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-2-2(4-13)- ***/**** nömrəli qərardadı ilə həmin ərizənin təmin edilməməsi qərara alınmışdır. 23.Cavabdeh cavabdeh1 nümayəndəsi həmin qərardaddan şikayət edərək qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 24.Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh1 nümayəndəsinin məhkəmənin ## ##### 2026-cı il tarixli e-*- *(***)-***/**** nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 25.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin ## ### 2026-cı il tarixli e-2-2(1-8)- ***/**** nömrəli qərarı ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il e-*-*(***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 26.Cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək əvvəlcədən təyin edilmiş məhkəmə iclası olduğu üçün həmin tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla əlaqədar hər hansı sübut təqdim edilmədiyində həmin tarixdə birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilməmiş və qətnamə çıxarılmışdır. 27.Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 37417,19 (otuz yeddi min dörd yüz on yeddi manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 3453,38 (üç min dörd yüz əlli üç manat, otuz səkkiz qəpik) manat məbləğində faiz bоrcu, 250 (iki yüz əlli) manat məbləğində xidmət haqqının və 212,61 (iki yüz on iki manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 41333,18 (qırx bir min üç yüz otuz üç manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 41333,18 (qırx bir min üç yüz otuz üç manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh1 məxsus **-CC-*** dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL3258A3” modelli (tip: özüboşaldan, buraxılış ili: 2011-ci il) nəqliyyat vasitəsinə yönəldilməsi və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 41333,18 (qırx bir min üç yüz otuz üç manat, on səkkiz qəpik) manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan **-CC-*** dövlət qeydiyyat nişanlı, “DONG FENG DFL3258A3” modelli (tip: özüboşaldan, buraxılış ili: 2011-ci il) nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 19350 (on doqquz min üç yüz əlli) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). 28.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış ## ######## 2013-cü il tarixli **L********* nömrəli kredit xətti müqaviləsi, ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cavabdeh cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən 37417,19 manat məbləğində əsas borc və 3453,38 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Iddia tələbinin ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən 1236,41 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ## ######## 2013-cü il tarixli **L********* nömrəli kredit xətti müqaviləsində, eləcə də ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasında öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış müqavilələrin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Iddiaçı ilə ipoteka qoyan cavabdeh1 arasında bağlanmış ## ####### 2019-cu il tarixli ***M*********** nömrəli ipoteka müqaviləsinə əsasən “DONG FENG DFL3258A3” modelli **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “Icra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Ipoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## #### 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ##### 2026-cı il tarixli ****/** nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab etmişdir ki, ipotekaya qoyulmuş “DONG FENG DFL3258A3” modelli **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 19350 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun və "Ipoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab etmişdir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir.

29. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 269.1, 269.4, 269.5, 269.7, 270.1, 317.1, 319.1, 385.1, 425.1, 427.3, 442, 462.1, 465.2, 743.1, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 39.3.3, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

30. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi çıxarılarkən prosessual və maddi hüquq normaları pozulmuş və bunun nəticəsində qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, ipoteka predmetinin qiymətləndirilməsi açıq-aşkar reallığı əks etdirmir, həmçinin əsas borc və faiz məbləğlərinin hesablanması barədə nə mütəxəssis rəyi, nə də ki ekspert rəyi mövcud deyildir. Bundan əlavə çəkişmə prinsipi də kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatəti olsa da, məhkəmə tərəfindən onun iştirakı olmadan proses keçirilmişdir. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən,əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Iş materiallarından göründüyü kimi cavabdeh1 gecikdirmə müddət 90 gün olmamış və bununla bağlı iş materiallarında mötəbər sübut mövcud deyildir. birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş bununla da qərəzli qətnamə qəbul edilmişdir. Belə ki, iş üzrə borc məbləğinin, faizlərin hesablanması xüsusi bilik tələb edən sahədir və həmin məbləğləri hesablamaq üçün mütəxəssis və ekspert biliyinə ehtiyac vardır. Halbuki məhkəmə qeyd edilən nüanslara qiymət verməyərək yalnız iddiaçı bankın təqdim etdiyi sübutları əsas gətirərək qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış, işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Belə ki, ipoteka predmetinin dəyəri mütəxəssis rəyində göstəriləndən xeyli yuxarıdır və həmçinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün sübut növü olan ekspert rəyi mövcud deyildir. Həmçinin əsas borc, faiz və digər məbləğlərin hesablanması üçün xüsusi bilik lazımdır və bununla bağlı nə ekspert rəyi, nə də ki, mütəxəssis rəyi mövcud deyildir

Apellyasiya şikayətinə etiraz

32. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Işdə iştirak edən şəxslərin izahatları

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər.Digər cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 isə ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına müraciət edərək səhhəti ilə əlaqədar həmin tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, lakin bununla əlaqədar hər hansı sübut məhkəmə kollegiyasına təqdim olunmamışdır. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

36. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:

34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ######## 2013-cü il tarixli **L********* nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən cavabdehə 30 ay müddətinə, aylıq 1,6667 faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasına əlavə edilmiş ödəniş cədvəlinə əsasən kredit üzrə son ödəniş tarixi ## ###### 2027-ci il müəyyən edilmişdir.

40. Işdə olan maliyyə arayışından görünür ki, ## ###### 2025-ci il tarixə cavabdehin 37.417,19 manat əsas borc, 3.453,38 manat faiz borcu və 1.236,41 manat cərimə olmaqla ümumilikdə 42.106,98 manat borcu mövcud olmuşdur. Eyni zamanda iddia ərizəsində göstərilmiş və iş materialları ilə müəyyən edilmişdir ki, borclu kredit üzrə ödənişləri ## ### 2025-ci il tarixdən dayandırmış, aldığı 50.000 manat kreditdən 12.582,81 manat ödəmiş və 37.417,19 manat əsas borc ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 425.1, 427.3 və 442-ci maddələrinin mənasına görə öhdəlik müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə lazımi şəkildə icra edilməli, öhdəliyin vaxtında yerinə yetirilməməsi isə onun lazımınca icra edilməməsi hesab olunmalıdır. Kredit müqaviləsi üzrə borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətdə faizlərlə və müqavilədə nəzərdə tutulan digər ödənişlərlə birlikdə borcverənə qaytarmaq öhdəliyi daşıyır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi iş materiallarında olan müqavilələr, ödəniş cədvəli və maliyyə sənədləri ilə təsdiq edildiyindən, birinci instansiya məhkəməsi əsas borcun və hesablanmış faiz borcunun tutulması barədə düzgün nəticəyə gəlmişdir.

41. Apellyasiya şikayətinin borcun və faizlərin məbləğinin yalnız ekspert və ya mütəxəssis rəyi əsasında müəyyən edilə biləcəyi barədə dəlili də əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməli, 88-ci maddəyə əsasən isə məhkəmə təqdim olunmuş sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırdıqdan sonra onlara hüquqi qiymət verməlidir. Iş üzrə əsas borcun məbləği verilmiş kreditin məbləği, həyata keçirilmiş ödənişlər, müqavilədə müəyyən edilmiş faiz dərəcəsi və bankın təqdim etdiyi maliyyə sənədləri əsasında müəyyən edilmişdir. Cavabdeh isə həmin hesablamaların konkret olaraq hansı hissəsinin və hansı səbəbdən yanlış olduğunu təsdiq edən əks hesablamanı və ya digər mötəbər sübutu təqdim etməmişdir. Təkcə hesablamanın xüsusi bilik tələb etməsi barədə ümumi xarakterli dəlil işdə olan yazılı sübutların mötəbərliyini aradan qaldırmır.

42. Apellyasiya şikayətində ipoteka predmetinə tutmanın yönəldilməsi üçün qanunla tələb olunan 90 günlük gecikmə müddətinin baş vermədiyi də göstərilmişdir. Lakin bu dəlil işin müəyyən edilmiş faktiki halları ilə uzlaşmır. Belə ki, iş materiallarında kredit üzrə ödənişlərin ## ### 2025-ci il tarixdən həyata keçirilmədiyi göstərilmiş, borcun məbləği isə ## ###### 2025-ci il tarixə müəyyən edilmişdir. Deməli, həmin tarixə öhdəliyin icrasındakı gecikmə 90 təqvim günündən artıq olmuşdur. “Ipoteka haqqında” Qanunun 34.1-ci maddəsinə görə əsas öhdəliyin və ya onun bir hissəsinin icrasının 90 təqvim günü və daha artıq müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququnun yaranması üçün əsaslardan biridir.

43. Bundan başqa, ## ####### 2019-cu il tarixli ipoteka müqaviləsinin 9.1-ci bəndində də əsas öhdəliyin və ya onun bir hissəsinin icrasının 90 təqvim günü və daha artıq müddətə gecikdirilməsinin ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verdiyi müəyyən edilmişdir. Ipoteka hüququnun dövlət qeydiyyatına alınması da iş materiallarında olan müvafiq reyestr çıxarışı ilə təsdiq olunur.

44. Ipoteka predmetinin qiymətinin düzgün müəyyən edilməməsi barədə şikayət dəlilinə gəldikdə, iş materiallarında “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli ****/** nömrəli mütəxəssis rəyi mövcuddur. Həmin rəydə nəqliyyat vasitəsinin likvid dəyəri 19.350 manat, bazar dəyəri isə 21.500 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin sübutu qiymətləndirərək ipoteka predmetinin ilkin satış qiymətini 19.350 manat müəyyən etmişdir.

45. Cavabdehin iştirakı olmadan işə baxılması ilə əlaqədar apellyasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hər hansı üzrlü səbəbə görə məhkəmə iclasında iştirak edə bilməməsinə dair sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmiş, apellyasiya şikayətinin digər dəlilləri isə yeni sübutların toplanmalı olması ilə bağlıdır.Bu isə MPM-in yuxarıda qeyd olunan 372.2-ci maddəsinin tələblərinə görə mümkün deyildir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar