Məhkəmə qərarları › İş №e-2-2(3-8)-117/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-117/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-117/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Ələkbərov Aslan Elman oğluna, cavabdeh2, cavabdeh1 və Ələkbərov Elman Aslan oğluna qarşı “müqaviləyə xitam verilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyul 2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli qərardadından cavabdeh Ələkbərov Aslan Elman oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Ələkbərov Aslan Elman oğluna, cavabdeh2, cavabdeh1 və Ələkbərov Elman Aslan oğluna qarşı “müqaviləyə xitam verilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək ## ###### 2023-cü il tarixli ****/* nömrəli kredit müqaviləsinə xitam verilərək müqavilə üzrə 56966,23 (əlli altı min doqquz yüz altmış altı manat iyirmi üç qəpik) manat məbləğində əsas borc, 3978,86 (üç min doqquz yüz yetmiş səkkiz manat səksən altı qəpik) manat məbləğində faiz borc, 80,91 (səksən manat doxsan bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 61026 (altmış bir min iyirmi altı min) manat məbləğində borcun, ipoteka predmetinə tutma bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 52 (əlli iki) manat məbləğində xidmət haqqının və 273,08 (iki yüz yetmiş üç manat səkkiz qəpik) manat məbləğdə dövlət rüsumunun Ələkbərov Aslan Elman oğlundan tutularaq iddiaçıya ödənilməsi, tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi Ələkbərov Aslan Elman oğluna, cavabdeh1, X2, Ələkbərov Elman Aslan oğluna məxsus olan Quba şəhəri, X1 küçəsi, 186 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə və onun üzərindəki ümumi sahəsi 92,6 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 110000 (yüz on min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə edilən pul vəsaitinin iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh Ələkbərov Aslan Elman oğlundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Aslan Ələkbərovun nümayəndəsi ## #### 2026-cı il tarixdə məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan kredit borcunun, faiz borcunun və cərimənin məbləği arasında kəskin ziddiyyətlər vardır. Belə ki, kredit üzrə Ələkbərov Aslan Elman oğlu tərəfindən illərlə hər hansı gecikdirilməyə yol vermədən müvafiq ödənişlər ödənilmişdir. Lakin iddiaçı tərəf aparılan ödənişlər üzrə əsas məbləğ, faiz borcu və cərimə borcunu düzgün hesablamamış, əsassız şəkildə məbləğlər şişirdilmişdir. Cavabdeh Aslan Ələkbərovun nümayəndəsi ## #### 2026-cı il tarixdə məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılmasının Azərbaycan Respublikası Hesablama Palatasına tapşırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti müqavilə bağlanan vaxt üçün 110000 (yüz on min) manat məbləğində qiymətləndirilir. Müqavilədə göstərilmiş məbləğ tamamilə ədalətsizdir. Əmlakın bazar dəyəri düzgün müəyyən edilməmişdir. Məbləğ iddiaçı şirkət tərəfindən aşağı göstərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə vəsatətlərin qismən təmin edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının təyin edilməsi, rəy məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır ( hakim Həlimə Alıyeva). Cavabdeh Aslan Ələkbərovun nümayəndəsi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, qərardad işin faktiki halları ilə uzlaşmır və ədalətli deyildir və işin icraatının dayandırılması hissəsində əsassızdır. Ekspertiza təyin edilmiş işlər kifayət qədər uzun vaxt aparır. İş üzrə qərarın qəbul edilməsi, qərardan şikayətin verilməsi və yekunda qərarın qüvvəyə minməsi kifayət qədər zaman alacaqdır. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə cavabdeh Ələkbərov Aslan Elman oğlunun nümayəndəsi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 255.0 və 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən qiymətləndirməni obyektiv və keyfiyyətlə aparmaq, qiymətləndiricinin etik davranış qaydalarına riayət etmək, qiymətləndirmənin nəticələrinin izahatını vermək və əsaslandığı normativ hüquqi aktlar barədə məlumat vermək qiymətləndiricinin vəzifələrinə aiddir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, mübahisənin obyektiv həlli məqsədi ilə vəsatətlər qismən təmin olunmalı, borcverən “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə borcalan Ələkbərov Aslan Elman oğlu arasında bağlanmış ## ###### 2023-cü il tarixli ****/* nömrəli kredit müqaviləsi üzrə tələb edilən əsas, faiz və cərimə borcunun məbləğinin düzgün hesablanıb-hesablanmamasının, ipoteka saxlayan “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyəti, ipoteka qoyanlar cavabdeh2, cavabdeh1, Ələkbərov Elman Aslan oğlu və ipoteka qoyan-borcalan Ələkbərov Aslan Elman oğlu arasında bağlanmış ## ###### 2023-cü il tarixli ****/* nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Quba şəhəri, X1 küçəsi, 186 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin və onun üzərindəki 92,6 kvadrat metr ümumi sahədən ibarət fərdi yaşayış evinin real bazar dəyərinin və likvid qiymətinin müəyyən olunması üçün xüsusi bilik tələb olunduğundan kommersiya işi üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin olunmalı və ekspertizanın cavabı alınana kimi iş üzrə icraat dayandırılmalıdır. Şikayətə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh Aslan Ələkbərovun nümayəndəsi (şikayət müəllifi) tərəfindən əvvəlcə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, daha sonra isə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının təyin edilməsi barədə vəsatətlər verilmişdir. Vəsatətlər mübahisənin həlli üçün xüsusi bilik tələb edən məsələlərin mövcudluğu ilə əsaslandırılmış və bu məsələlərin müvafiq ekspertizalar təyin edilməklə araşdırılması xahiş edilmişdir. Məhkəmə tərəfindən həmin vəsatətlər qismən təmin edilərək müvafiq ekspertizalar təyin edilmiş və rəy təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilməsi icraatın dayandırılması üçün qanunla nəzərdə tutulmuş prosessual əsaslardan biridir. Lakin icraatın dayandırılması məsələsinin həlli zamanı konkret işin halları və ekspertizanın predmetini təşkil edən məsələlər üzrə məhkəmə araşdırmasının ekspert rəyinin alınmasından əvvəl davam etdirilməsinin mümkün olubolmaması nəzərə alınmalıdır. Hazırkı işdə təyin edilmiş ekspertizaların predmetlərini təşkil edən məsələlər birbaşa tərəflər arasında mübahisənin əsasını təşkil edən hallara aiddir. Belə ki, mübahisələndirilən qərardaddan göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertizası kredit borcunun, faiz və cərimə məbləğlərinin müvafiq ixtisasa və xüsusi biliyə malik ekspert tərəfindən hesablanmasına, məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası isə ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsinə yönəlmişdir. Şikayətdə ekspertizaların uzun müddət davam etməsi səbəbindən icraatın dayandırılmasının işin baxılma müddətini uzadacağı göstərilsə də, bu dəlil icraatın dayandırılmasının əsassız hesab edilməsinə səbəb ola bilməz. Əksinə, ekspertizaların keçirilməsi barədə vəsatətlərin məhz cavabdeh tərəfindən verilməsi, ekspertizaların nəticələrinin iş üzrə əhəmiyyətli halların müəyyən edilməsinə yönəlməsi və ekspert rəyinin alınmasına qədər həmin məsələlər üzrə məhkəmə araşdırmasının davam etdirilməsinin mümkün olmaması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertizaların predmetini təşkil edən məsələlər mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edir və həmin məsələlərin xüsusi bilik tələb etməsi ekspert rəylərinin alınmasını zəruri edir. Ekspert rəyləri təqdim edilmədən iş üzrə araşdırmanın davam etdirilməsi mümkün olmadığından, birinci instansiya məhkəməsinin ekspertizaların nəticələri alınanadək iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Buna görə də şikayətin dəlilləri qərardadın ləğvi üçün əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Ələkbərov Aslan Elman oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyul 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar