Məhkəmə qərarları › İş №e-2-2(3-8)-125/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-125/2026

23.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-125/2026 23.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı kommersiya iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı ASC və cavabdeh cavabdeh2 arasında bağlanmış ## ###### 2021-ci il tarixli *-MCR-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, həmin cavabdehə 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilənin “Cərimə” bölməsində cərimə məbləğinin illik 72 faiz olduğu qeyd edilmişdir. Həmin müqavilənin “Bəyənatlar” bölməsinin 2-ci bəndində qeyd edilir ki, müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir.

3. İddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## ###### 2021-ci il tarixli *-MCR-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya ## #### 2024-cü il tarixli Əlavə Sazişin 1.1-ci bəndinə əsasən, müqavilənin 10-cu bəndinə “cavabdeh1 tərəfindən verilən zaminlik (## #### 2024-cü il tarixli Z/*****/** nömrəli müqavilə) və cavabdeh3 tərəfindən verilən zaminlik (## #### 2024-cü il tarixli Z/*****/** nömrəli müqavilə)” redaksiyada əlavə edilir.

4. İddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## #### 2024-cü il tarixli *-MCR-***-**/* nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdeh cavabdeh2 dövriyyə vəsaitlərinin alınması məqsədilə aylıq 1,67 faiz dərəcəsilə 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir.

5. Həmin kredit müqaviləsinə ## #### 2024-cü il tarixli * saylı əlavədən görünür ki, cavabdeh cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi ## #### 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

6. İddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) cavabdeh3 arasında bağlanmış ## #### 2024-cü il tariхli Z/*****/** nömrəli, iddiaçı ilə cavabdeh (zamin) cavabdeh1 arasında bağlanmış eyni tariхli Z/*****/** nömrəli zaminlik müqavilələrinin 1.1ci bəndlərinə əsasən, zaminlər ## ###### 2021-ci il tarixli *-MCR-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürürlər.

7. ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh cavabdeh2 iddiaçıya 36746,98 manat məbləğində əsas, 6180,36 manat məbləğində faiz borcu vardır və 336,87 manat məbləğində cərimə hesablanmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli **/**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları, ## #### 2024-cü il tarixli *-MCR-*-***-**/* nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh2 ## ###### 2025-ci il tarixə: əsas borc üzrə 36008,03 manat, faiz borcu üzrə 6790,28 manat; ## ##### 2026-cı il tarixə: əsas borc üzrə 36008,03 manat, faiz borcu üzrə 9010,77 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 Nazim oğluna, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ## #### 2024-cü il tarixli kredit müqaviləsi üzrə 36746,98 (otuz altı min yeddi yüz qırx altı manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 6180,36 (altı min yüz səksən manat, otuz altı qəpik) manat məbləğində faiz borcu, 84,22 (səksən dörd manat, iyirmi iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 43011,56 (qırx üç min on bir manat, əlli altı qəpik) manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 219,03 (iki yüz on doqquz manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, iddiaçı bank tərəfindən cavabdeh cavabdeh2 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. ## #### 2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən, cavabdeh cavabdeh2 bankdan illik 20 faiz olmaqla, 24 ay müddətinə 50.000 manat məbləğində kredit götürmüşdür. ## ###### 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq ## #### 2024-cü tarixdə cavabdeh3 və cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

11. Cavabdeh cavabdeh2 yazılı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ... ## #### 2024-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 10 ay müddətinə fasiləsiz olaraq hər ay təxminən 2550 manat məbləğində olmaqla, cəmi 26000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Sonradan maddi çətinliyinə görə ödəniş olunması 1 ay müddətində yubadılmışdır və iddiaçı tərəfindən ona çətinliyin aradan qaldırılması üçün yeni müqavilə şərtlərinin müəyyən edilməsi - müqavilənin restrukturizasiya edilməsi təklif edilmişdir. O, müqavilənin yeni şərtini tam mənimsəmədən qarşılıqlı şəkildə təklifə razılıq vermiş, bununla da müqavilə üzrə müddət və faiz dərəcəsi dəyişdirilərək məbləğ şişirdilmiş, nəticədə daha çox maddi sıxıntıya salınmışdır. Buna görə də hesab edir ki, iddia tələbində qeyd edilən məbləğ tam şəkildə əsaslı deyildir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddia ərizəsinin qismən, qanuni və əsaslı təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada 36008,03 (otuz altı min səkkiz manat, üç qəpik) manat məbləğində əsas borc, 6180,36 (altı min yüz səksən manat, otuz altı qəpik) manat məbləğində faiz borcu, 84,22 (səksən dörd manat, iyirmi iki qəpik) manat məbləğində cərimə və 216,82 (iki yüz on altı manat, səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 42489,43 (qırx iki min dörd yüz səksən doqquz manat, qırx üç qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 443.1, 462.1, 465.2, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 743.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, borcun faiz borcunun təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla bağladığı kredit müqaviləsi üzrə mövcud borc məbləği üzrə yaranamış mübahisənin qaydasına salmaq üçün ödəniş qaydası yumşaldılaraq uzadılmalıdır. Bank onunla müqaviləni bağlanmış kredit müqaviləsini dəyişsə də, bu vəziyyət onun vəziyyətini çətinləşdirmişdir. Çünki faiz məbləği əsassız şəkildə şişirdilmiş qanun və işgüzar adətlər bir kənara qoyularaq ondan daha cox pul əldə etmək üçün iddia irəli süülrmüş məhkəmə isə bu işə baxaraq maddi hüquq normasını pozaraq ona əlavə xərclərə cəlb edən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər.

18. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, iş həcminin çoxluğu ilə əlaqədar olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...) Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...) Maddə 739. Borc müqaviləsi (əvvəlki redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh2 tərəfindən ## #### 2024-cü il tarixli *-MCR-***-**/* nömrəli kredit verilməsinə dair iddiaçı İddiaçı ASC tərəfindən edilən faiz borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında ## ###### 2021-ci il tarixdə *-MCR-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış və həmin razılaşmaya əsasən cavabdehə 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Sonradan tərəflər arasında ## #### 2024-cü il tarixli əlavə saziş bağlanaraq kredit öhdəliyinin təminatı qismində cavabdeh3 və cavabdeh1 tərəfindən zaminlik verilməsi razılaşdırılmışdır.

25. Bundan əlavə, tərəflər arasında ## #### 2024-cü il tarixdə *-MCR-***-**/* nömrəli kredit verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən cavabdeh2 dövriyyə vəsaitlərinin alınması məqsədilə 50.000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 24 ay, faiz dərəcəsi isə aylıq 1,67 faiz müəyyən edilmişdir. Müqavilənin ayrılmaz hissəsi olan ## #### 2024-cü il tarixli * saylı əlavə ilə kredit üzrə ödənişlərin konkret qrafiki müəyyən edilmiş və son ödəniş tarixi ## #### 2026-cı il olaraq göstərilmişdir.

26. Beləliklə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyəti kredit münasibətlərindən ibarət olmuş, bank kredit məbləğini borcalana təqdim etməyi, borcalan isə həmin vəsaiti müqavilədə müəyyən edilmiş müddətdə faizlərin və müqavilədə nəzərdə tutulan digər ödənişlərin ödənilməsi şərtilə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit öhdəliyinin icrası zaminlik müqavilələri ilə təmin edilmiş və zaminlər borcalanın bank qarşısında götürdüyü öhdəliklərin tam və ya lazımınca icra edilməməsinə görə onunla birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.

27. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və müqavilədə nəzərdə tutulan digər ödənişlərin ödənilməsi şərtilə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən isə öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti, o cümlədən pul ödəməyi həyata keçirməli, kreditor isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir.

28. Hazırkı iş üzrə apellyasiya şikayətinin əsasını kredit öhdəliyinin mövcudluğu deyil, həmin kredit üzrə hesablanmış faiz borcunun tutulmasının əsaslı olub-olmaması təşkil edir. Cavabdeh cavabdeh2 əsas borcu mübahisələndirməməklə yanaşı, kredit öhdəliyinin restrukturizasiya edilməsi nəticəsində faiz məbləğinin artdığını, yeni şərtlərin ona tam aydın olmadığını və bunun nəticəsində borcun əsassız olaraq şişirdildiyini bildirmiş, ödənişlərin yeni şərtlərə uyğun hesablanması və yeni ödəniş cədvəlinin tərtib edilməsinin zəruri olduğunu irəli sürmüşdür.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında ## #### 2024-cü il tarixdə bağlanmış *-MCR-***-**/* nömrəli kredit müqaviləsi ilə kreditin məbləği, müddəti və faiz dərəcəsi müəyyən edilmiş, həmin müqavilənin ayrılmaz hissəsi olan * saylı əlavə ilə isə kredit üzrə ödənişlərin konkret qrafiki təsbit olunmuşdur. İş materiallarında həmin müqavilənin və onun * saylı əlavəsinin tərəflərin iradəsinə uyğun bağlanmadığını, etibarsız olduğunu və ya sonradan ləğv edildiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Əksinə, kredit vəsaitinin cavabdehə verilməsi və onun tərəfindən həmin vəsaitdən istifadə edilməsi iş materialları ilə təsdiq olunur.

30. Bu baxımdan, cavabdehin yeni ödəniş cədvəlinin tərtib edilməsinə dair apellyasiya şikayətnin dəlilinə münasibətdə qeyd edilməlidir ki, ödəniş cədvəlinin tərtib olunması ilə faiz borcunun yaranması və ya mövcudluğu məsələləri eyni hüquqi məsələ təşkil etmir. Ödəniş cədvəli kredit üzrə öhdəliyin hansı tarixlərdə və hansı məbləğlərdə icra edilməli olduğunu müəyyənləşdirən sənəd olmaqla, özlüyündə borcalanın müqavilə üzrə faiz ödəmək öhdəliyini aradan qaldırmır.

31. Hazırkı işdə isə ## #### 2024-cü il tarixli kredit müqaviləsinin * saylı əlavəsi ilə tərəflər kredit üzrə ödənişlərin konkret qrafikini artıq müəyyən etmişlər. Bu səbəbdən, həmin cədvəlin sonradan yenidən tərtib edilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı və ya qanunla nəzərdə tutulmuş digər hüquqi əsaslar mövcud olduğu halda hüquqi əhəmiyyət verilə bilər. İş materiallarında isə tərəflərin sonradan əvvəlki ödəniş qrafikini dəyişdirməsi, yeni faiz dərəcəsi müəyyən etməsi və ya başqa ödəniş qaydasını razılaşdırması barədə hər hansı ayrıca yazılı saziş, yeni ödəniş cədvəli və ya digər mötəbər sübut mövcud deyildir.

32. Digər tərəfdən, cavabdehin restrukturizasiya zamanı yeni şərtləri tam anlamadığına dair izahatı da özlüyündə müqavilə üzrə faiz öhdəliyini aradan qaldırmır. Tərəflərin iradəsini əks etdirən yazılı müqavilə və onun ayrılmaz hissəsi olan ödəniş cədvəli mövcud olduğu halda, həmin müqavilənin etibarsızlığına və ya şərtlərinin dəyişdirilməsinə dair qanunla müəyyən edilmiş əsasların mövcudluğu mötəbər sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iş materiallarında müəyyən edilməmişdir.

33. Bununla yanaşı, cavabdehin yeni ödəniş cədvəlinin tərtib olunmasına dair tələbi onun kredit öhdəliyinin mövcudluğunu inkar etməsi kimi də qiymətləndirilə bilməz. Əksinə, həmin tələb mahiyyət etibarilə mövcud kredit öhdəliyinin başqa qaydada icrasına yönəlmişdir. Lakin gələcək dövr üçün ödənişlərin hansı qrafik üzrə həyata keçirilməsinin müəyyən edilməsi ilə artıq yaranmış və ödənilməmiş faiz borcunun mövcudluğu ayrı-ayrı məsələlərdir. Yeni ödəniş cədvəlinin tərtib olunmasının zəruriliyi barədə mülahizə əvvəlki dövr üzrə müqaviləyə əsasən yaranmış faiz borcunu avtomatik olaraq aradan qaldırmır.

34. Eyni zamanda, bank tərəfindən tələb edilən borc məbləğinin düzgünlüyü üçün birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyi alınmışdır.

35. Ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ## #### 2024-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, ## ###### 2025-ci il tarixinə cavabdeh2 faiz borcu 6.790,28 manat, ## ##### 2026-cı il tarixinə isə 9.010,77 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, ekspert tərəfindən aparılmış hesablamanın nəticələri iddiaçı tərəfindən tələb edilən 6.180,36 manat faiz borcunun mövcudluğunu təkzib etmir, əksinə, ekspert tərəfindən müəyyən edilmiş faiz borcunun iddia tələbində göstərilən məbləğdən artıq olduğunu göstərir.

36. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə kredit müqaviləsi, onun * saylı əlavəsi, hesabdan çıxarışlar və ekspert rəyi birlikdə qiymətləndirildikdə, faiz hesablanmasının tərəflər arasında qüvvədə olan kredit müqaviləsinin şərtlərinə uyğun aparıldığı və iddiaçı tərəfindən tələb edilən 6.180,36 manat faiz borcunun mövcudluğunun iş materialları ilə təkzib edilmədiyi müəyyən olunur.

37. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə cavabdeh tərəfindən faiz borcunun tutulmasının əsassızlığını, müqavilə üzrə faiz öhdəliyinin aradan qalxdığını və ya tərəflər arasında fərqli faiz şərtinin razılaşdırıldığını göstərən mötəbər sübut təqdim edilməmişdir.

38. Bununla belə, ekspert rəyi ilə ## ###### 2025-ci il tarixinə faiz borcu 6.790,28 manat müəyyən edilmiş olsa da, iddiaçı məhkəmədən 6.180,36 manat faiz borcunun tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq iddia tələbinin həddini aşmamış və məhz 6.180,36 manat faiz borcunun tutulmasını əsaslı hesab etmişdir.

39. Beləliklə, hazırkı iş üzrə tərəflər arasında faiz ödənilməsi barədə aydın müqavilə şərti mövcuddur, kredit vəsaitinin cavabdehə verilməsi və öhdəliyin tam icra edilməməsi müəyyən edilmiş, ekspertiza nəticəsində isə müqavilə şərtləri əsasında hesablanmış faiz borcunun mövcudluğu təsdiq edilmişdir. Cavabdehin yeni ödəniş cədvəlinin tərtib edilməsinə dair tələbi isə yalnız kredit öhdəliyinin icra qaydasının dəyişdirilməsinə dair mövqeni ifadə etməklə, artıq yaranmış faiz borcunun hüquqi əsasını aradan qaldırmır.

40. Odur ki, yeni ödəniş cədvəlinin tərtib edilməsi barədə ayrıca və mötəbər razılaşmanın mövcudluğu sübuta yetirilmədiyindən, ## #### 2024-cü il tarixli kredit müqaviləsinin * saylı əlavəsi ilə müəyyən edilmiş ödəniş qrafikinin hüquqi qüvvəsini itirdiyini qəbul etmək üçün əsas yoxdur.

41. Nəticə etibarilə, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin 6.180,36 manat faiz borcunun tutulmasına dair nəticəsini təkzib etmir. Birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutları düzgün qiymətləndirmiş, iddia tələbinin həddini aşmamış və faiz borcunun tutulması barədə əsaslı nəticəyə gəlmişdir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

43. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar