Məhkəmə qərarları › İş №e-2-2(3-8)-126/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-126/2026

17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-126/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh2, cavabdeh3, cavabdeh1 və cavabdeh5 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərardadından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI:

1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh5, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir.

2. Cavabdehlər “xxxx” kiçik müəssisəsi, cavabdeh5, “xxxx” MMC qətnamədən apellyasiya şikayətləri, eyni zamanda cavabdeh “xxxx” MMC qərardaddan şikayətlə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə qətnamədən və qərardaddan verilmiş şikayətlərin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər “xxxx” MMC, cavabdeh5 və cavabdeh2 həmin qərardaddan eyniməzmunlu şikayətlər verərək qərardadın ləğv edilməsini xahiş etmişdirlər. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehlərin şikayətləri təmin edilməmiş, verilmiş şikayətlərin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehlər cavabdeh2, cavabdeh5 və “xxxx” MMC tərəfindən verilmiş şikayətlərin qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh2, cavabdeh5 və “xxxx” MMC tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması məsələsinə və Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətin geri qaytarılması məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün kommersiya işinin Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

4. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər “xxxx” kiçik müəssisəsi, cavabdeh5 və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmışdır. Cavabdehlər cavabdeh5 və “xxxx” MMC həmin qərardaddan eyniməzmunlu şikayətlər verərək qərardadın məzmununda ## ###### 2026-cı il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdirlər. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə cavabdehlər cavabdeh5 və “xxxx” MMC tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi, həmin şikayətlərin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı ilə cavabdehlər cavabdeh5 və “xxxx” MMC tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kommersiya işi ## ### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edilmişdir.

5. Cavabdeh “xxxx” MMC ## #### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti, eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış 1 gün prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehlər “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və işə baxılması üçün aidiyyatı üzrə apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

6. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə apellyasiya şikayəti vaxtında verilmiş, lakin məhkəmə tərəfindən qanunsuz olaraq, geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında baxıldıqdan sonra kommersiya işi ## ### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Odur ki, sonrakı müddət isə həmin şikayətin qaytarılması ilə bağlı yaranmış məhkəmə prosesinin nəticəsindən sonra hesablanmalıdır. ## ### 2026-cı ildə birinci instansiya məhkəməsi qətnamənin icra vərəqəsini vermişdir. Halbuki MPM-in 363.4-cü maddəsinə görə qaytarılma səbəbi aradan qaldırıldıqdan sonra şikayət verən şəxsin yenidən apellyasiya şikayəti vermək hüququ vardır. Məhkəmə isə bunu nəzərə almamışdır. MPM-in 360-cı maddəsinə görə qətnamədən apellyasiya şikayətiqətnamə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay ərzində verilə bilər. MPM-nin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi məhkəmə iş üzrə yalnış nəticəyə gəlmişdir. Odur ki, qərardad ləğv olunmalı, iş baxılması üçün aidiyyatı üzrə apellyasiya məhkəməsinə göndərilməlidir.

7. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iş materiallarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı qəbul edildikdən sonra iş Sumqayıt Kommersiya Məhkəməsinə ## ### 2026-cı il tarixdə daxil olmuş, cavabdeh “xxxx” MMC isə xeyli müddət sonra - ## #### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti, eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki cavabdehin ## ### 2026-cı il tarixindən etibarən çatışmayan dövlət rüsumunu ödəyərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermək üçün kifayət qədər vaxtı, prosessual imkanları, o cümlədən, “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olmuş, lakin cavabdeh məhz icra sənədi üzrə icraata başlamaq haqqında qərarın qəbul edildiyi tarixdən də (##.##.2026-cı ildə) 1 aydan çox müddət keçdikdən sonra (##.##.2026-cı ildə) həmin prosessual hüququndan istifadə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin işin qeyd olunan hallarını və cavabdehin hərəkətlərini birlikdə qiymətləndirərək kollegiya belə qənaətə gəlir ki, cavabdehin dövlət rüsumunun ödənilməsini xeyli müddət gecikdirməsi və bunu işin bir neçə dəfə apellyasiya instansiyası məhkəməsində baxılması nəticəsində müddətin uzanması ilə əlaqələndirməsi müddətin buraxılmasının üzrlü səbəbi hesab oluna bilməz. Həmçinin kollegiya cavabdehin diqqətinə çatdırır ki, proses iştirakçıları öz prosessual hüquq və imkanlarından işə məhkəmədə baxılması müddətinin uzadılması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsi məqsədilə sui-istifadə etməməlidirlər.

11. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar