Məhkəmə qərarları › İş №e-2-2(3-8)-45/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-45/2026

27.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-45/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “avadanlıqların təhvil alınması və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI:

1. Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “avadanlıqların təhvil alınması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.

2. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə və MPM-in 108.1.1, 108.2 və 152.1.5-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 məbləğində dövlət rüsumu tutulur və iddiaçı məhkəməyə müraciət edən zaman 30 manat məbləğində deyil, 100 manat məbləğində dövlət rüsumu ödəməli idi. Mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

3. Iddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayətdə MPM-in 112.1.1-ci və 152.1.5-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci və 8.2-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, iddia ərizəsinin hansı əsasla “qiymətləndirilməyən” iddia ərizəsi hesab edilməsi məlum deyildir. Belə ki, iddia tələblərindən biri iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində icarə haqqının alınması, yəni pul tələbi olmuşdur. Iddia ərizəsində də alınan pul vəsaitinin 400 manat məbləğində olması o deməkdir ki, iddianın qiyməti 400 manat təşkil edir və iddia qiymətləndirilən iddialara aiddir. Dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə - 30 manat məbləğində bank vasitəsilə ödənilmiş və ödəniş qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Iddiaçı onu da bildirmişdir ki, əgər pul tələbi 400 manat deyil, 40000 manat olsaydı, bu halda da məhkəmə iddia ərizəsini qiymətləndirilməyən iddia ərizəsi hesab edərdi?

4. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

6. MPM-in 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində 2 müxtəlif tələb irəli sürmüşdür. Belə ki, o, məhkəmədən: 1. iddia ərizəsində sadalanan avadanlıqların təhvil alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını; 2. 400 manat məbləğində icarə haqqının cavadehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Göründüyü kimi bu tələblərin hər biri müstəqil xarakterə malikdir və hər bir tələbə məhkəmə tərəfindən ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. MPM-in 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Belə ki, birinci tələb qiymətləndirilməyən iddia tələbidir və “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələri üçün dövlət rüsumu 100 manat müəyyən edilmişdir. Ikinci tələb isə pul tələbidir və Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia tələbinin məbləği 1000 manatadək olduqda dövlət rüsumu 30 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iki müstəqil tələbdən ibarət olan iddia ərizəsi üzrə iddiaçının daha az rüsum tələb olunan qiymətləndirilən iddiaya görə ödədiyi 30 manat dövlət rüsumu onun iddia tələblərinə məhkəmədə baxılması üçün kifayət etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən kollegiya şikayətin dəlillərini əsaslı hesab etmir.

7. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar