Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-56/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI:
1. Iddiaçı İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2, 152.1.4-cü, 152.1.6-cı və 284-3.5-ci maddələrində nəzərdə tutulmuş əsaslarla iddiaçıya geri qaytarılmışdır. Iddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir.
3. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda cavabdehə iddia ərizəsinin və pretenziya məktubunun çatdırılmasına dair sübutun təqdim edilmədiyi qeyd edilsə də, bu nəticə iş materiallarına açıq şəkildə ziddir. Iş materiallarına əlavə edilmiş poçt xidmətinə məxsus rəsmi sənəddən görünür ki, iddiaçı tərəfindən ## ###### 2025-ci il tarixində göndərilmiş SS*********AZ nömrəli poçt göndərişi ## ###### 2025-ci il tarixində saat 09:30-da ünvana təyinatı üzrə çatdırılmışdır. Bu hal pretenziyanın cavabdehə çatdırıldığını təsdiq edən rəsmi və etibarlı sübutdur. Poçt sənədində “təyinatı üzrə çatdırılmışdır” qeydi olduğu halda, başqa hansı formada pretenziyanın təqdim edilməsinin sübuta yetirilməsi tələb olunduğu qeyri-müəyyəndir və məhkəmənin bu yanaşması hüquqi əsasdan məhrumdur. Qərardadda göstərilən digər əsaslar da formal xarakter daşıyır və iddianın mahiyyəti üzrə baxılmasına maneə yaratmır. Iddia ərizəsinin geri qaytarılması yalnız açıq və aradan qaldırılması mümkün olmayan prosessual pozuntular olduqda tətbiq edilə bilər. Hazırkı halda isə məhkəmə mövcud sübutları nəzərə almadan iddianı geri qaytarmaqla iddiaçının məhkəməyə müraciət hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır.
4. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
6. Kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ## ###### 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.12-ci bəndinə əsasən burada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi dedikdə, Iqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi Informasiya Sistemi nəzərdə tutulur.
7. Iddiaçı şikayətində qeyd etmişdir ki, Azərpoçta məxsus rəsmi sənəd ##.##.2025-ci il tarixli, SS*********AZ nömrəli poçt göndərişinin ##.##.2025-ci il tarixdə saat 09:30-da ünvan üzrə təyinata çatdırıldığını göstərir və bu, pretenziyanın cavabdehə çatdırıldığını sübut edir. Şikayətin müvafiq dəlilinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, MPM-in 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd də iddia ərizəsinə əlavə olunur və kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir. Buradan aydın olur ki, pretenziya barədə sənəd də ilk növbədə internet vergi idarəsində yaradılmış elektron kabinetlə cavabdehə göndərilməli idi. Eləcə də, MPM-in 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddia ərizəsi elektron kabinet vasitəsilə ##.##.2026-cı ildə məhkəməyə daxil olmuş, lakin iddia ərizəsinin surətinin cavabdehə çatdırılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Kollegiya onu da qeyd edir ki, yalnız MPM-in 150.2-ci maddəsində nəzərdə tutulmuş imkanlar olmadığı təqdirdə iddiaçı elektron poçt və ya ənənəvi üsulla (poçt vasitəsi ilə) çatdırılmanı sübut qismində təqdim edə və MPM-in 89-cu maddəsinin tələblərinə uyğunluğu müəyyən edildikdən sonra həmin sənədlər sübut qismində istifadə oluna bilərdi.
8. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin mübahisələndirilən ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslı olmuşdur.
9. Kollegiya onu da qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür kI, ##.##.2026-cı il tarixdən cavabdeh Cavabdeh MMC-nin elektron kabineti mövcuddur və MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
10. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.