Məhkəmə qərarları › İş №e-2-2(3-8)-58/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-58/2026

05.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-58/2026 05.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi İsmayılova Şəfəq Mehralı qızının iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. İş materiallarında olan icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## #### 2022-ci il tarixli **** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 4 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 10561 kv.metr torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

2. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqını vaxtında və tam həcmdə ödəmək içarəçinin vəzifəsidir.

3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 14025,24 manat, aylıq icarə haqqı 1168,77 manat təşkil edir.

4. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10dan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN: **********) Azərbaycan Respublikası X1 idarəsindəki AZ**NABZ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ 01451700000000001944, VÖEN **********, S.W.İ.F.T., bik: NABZAZ2C) ödənilməlidir.

5. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edilir.

6. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilə ilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir.

7. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş şəxsi hesab vərəqindən görünür ki, “xxxx”xxxx“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## #### 2022-ci il tarixli **** nömrəli müqavilə üzrə ## ####### 2025-ci il tarixinə mövcud olan 21037,86 (iyirmi bir min otuz yeddi manat səksən altı qəpik) manat təşkil edir.

8. İş materiallarından görünür ki, icarə haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

9. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış ## #### 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" MMC arasında ## #### 2022-ci il tarixində bağlanılmış **** saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 4 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 10561 kv.metr torpaq sahəsi "xxxx" MMC tərəfindən 2 (iki) il müddətində icarəyə götürülmüşdür. Artıq 1 ildən çoxdur ki, məhsul istehsalı üçün vacib olan xammal ehtiyatlarının çatışmazlığı səbəbindən zavodda istehsal prosesi tam dayandırılmışdır. Hal-hazırda da zavod heç bir istehsal fəaliyyəti göstərmir. Buna görə müqavilənin 7.1-ci bəndini (Müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər) əsas tutaraq qarşılıqlı surətdə müqaviləyə xitam verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur.

10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin müraciətə cavab olaraq göndərilmiş ## #### 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq, müəssisəyə məxsus əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi bağlanılmış və “icarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən həmin müqavilə hazırda eyni şərtlərlə və eyni müddət üçün uzadılmış hesab edilir. Həmçinin qeyd edilmişdir ki, “xxxx”xxxxicarəsində olan torpaq sahəsi özəllədirildikdən və ya üzərindəki tikililər sökülməklə, əvvəlki vəziyyətə qaytarılaraq, dövlətə təhvil verildikdən sonra həmin torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsi ləğv edilə bilər.

Birinci instansiya məhkəməsində icraat

11.İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21037,86 (iyirmi bir min otuz yeddi manat səksən altı qəpik) manat məbləğində icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ01451700000000001944 VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 12.İddia tələbi onunla əsaslanmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ## #### 2022-ci il tarixli **** nömrəli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx”xxxxicarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. İcarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 21037,86 (iyirmi bir min otuz yeddi manat səksən altı qəpik) manat icarə haqqı borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı ## ######## 2025ci il tarixli *-**-*/*-*****/**** nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq o, icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. 13.Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə etiraz təqdim edərək iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 4 ünvanında yerləşən 10561 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair ##.##.2022-ci il tarixli **** nömrəli icarə müqaviləsinin bağlanıldığını və həmin icarə müqaviləsinin müddətinin ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edildiyini bildirmişdir. Qeyd edilən müddət ərzində cavabdeh tərəfindən aylıq icarə haqqı tam şəkildə ödənilmişdir. İcarə müqaviləsinin müddəti başa çatdığı üçün “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək ##.##.2022-ci il tarixli **** nömrəli icarə müqaviləsinə xitam verilməsi xahiş edilmiş və müraciətdə qeyd edilmişdir ki, “xxxx” MMC öz fəaliyyətini dayandırmışdır və torpaq sahəsindən istifadə etmir. Odur ki, icarə müqaviləsinin müddəti başa çatdığı üçün müaviləyə xitam verilməsi xahiş edilmişdir. Daha sonra cavabdehin fəaliyyətinin dayandırılması barədə Dövlət Vergi Xidmətinə müraciət edilmişdir və həmin müraciət qeydə alınlmışıdr. Fəaliyyətin dayandırılması o deməkdir ki, artıq cavabdehin heç bir gəliri yoxdur və fəaliyyətə başlayana qədər gəliri olmayacaqdır. Bu səbəbdən də “xxxx” MMC icarə haqqı borcunu ödəyə bilməyəcəkdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti sözügedən müraciəti nəzərə almamış və “İcarə haqqında” Azərbaycan Respublikasının 13.5-ci maddəsinə istinad edərək birtərəfli qaydada icarə müqaviləsini eyni müddətə uzadılmış hesab etmişdir. Halbuki, “İcarə haqqında” Azərbaycan Respublikasının 13.5-ci maddəsində qeyd olunmuşdur ki, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Halbuki, mübahisələndirilən iş üzrə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək haqqında ərizə olduğu halda, həmin ərizə nəzərə alınmamış və müqavilə birtərəfli qaydada uzadılmışdır. Bundan başqa, ##.##.2022-ci il tarixli **** nömrəli icarə müqaviləsinin 5.3-cü bəndində qeyd olunmuşdur ki, icarə haqqı ardıcıl olaraq 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilir. “xxxx” MMC tərəfindən 2024-cü ilin iyul ayından etibarən icarə haqqı ödənilmir. Buna baxmayaraq ƏMDX tərəfindən icarə müqaviləsinə xitam verilməmişdir. Beləliklə, qeyd olunan faktlar onu göstərir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “xxxx" MMC- yə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. 14.Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən ## ####### 2025-ci il tarixinə mövcud olan 21037,86 (iyirmi bir min otuz yeddi manat səksən altı qəpik) manat məbləğində icarə haqqı borcunun tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ01451700000000001944 VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 153,11 (yüz əlli üç manat on bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim İslam Əliyev).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “xxxx“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## #### 2022-ci il tarixli **** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 4 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 10561 kv.metr torpaq sahəsi icarəçinin müvəqqəti istifadəsinə verilmişdir. Lakin icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliyini tam icra etməyərək sözügedən icarə müqaviləsi üzrə icarə haqqı borcunu tam ödəməmişdir. Buna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ödənilməmiş 21037,86 (iyirmi bir min otuz yeddi manat səksən altı qəpik) manat məbləğində icarə haqqının cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması üçün məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda müqaviləyə xitam verilməsi üçün iddiaçı təşkilata müraciət edildiyi bildirilsə də, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2024-cü il tarixli məktubundan görünür ki, qanunvericiliyin tələbləri nəzərə alınaraq, müəssisəyə məxsus əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi bağlanıldığı və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən həmin müqavilə hazırda eyni şərtlərlə və eyni müddət üçün uzadılmış hesab edildiyi, “xxxx”xxxxicarəsində olan torpaq sahəsi özəllədirildikdən və ya üzərindəki tikililər sökülməklə, əvvəlki vəziyyətə qaytarılaraq, dövlətə təhvil verildikdən sonra həmin torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsinin ləğv edilə biləcəyi göstərilmişdir..

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 389.1, 425.1, 442, 443.1, 448, 752.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 390.3-cü maddəsində birbaşa təsbit olunmuşdur ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla,müqavilə bağlamağa məcburetməyə yol verilmir. Lakin məhkəmə, cavabdeh “xxxx” MMC-nin icarə münasibətlərinə xitam verilməsinə dair iddiaçıya müraciət etdiyini qeyd etsə də, faktiki olaraq, hesab etmişdir ki, müqavilə eyni müddətə bağlanılmalı və buna görə də, cavabdehin icarə borcu yaranmışdır. Bu isə birbaşa müqavilənin bağlamağa məcbur etməsi deməkdir. Məhkəmənin özünün istinad etdiyi “İcarə haqqında” Azərbaycan Respublikasının 13.5-ci maddəsinin qeyd olunub ki, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Hazırki işdə isə, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək haqqında ərizə olarkən, həmin ərizə nəzərə alınmamış və birtərəfli qaydada müqavilə uzaldılmışdır. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2022-ci il tarixində icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinin müddəti ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edilmişdir. Maddənin tələbinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə xitam verilir. “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsinə xitam verilməsi haqda müraciət etmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti müraciəti nəzərə almamış və birtərəfli qaydada “İcarə haqqında” Azərbaycan Respublikasının 13.5-ci maddəsinə istinad edərək müqavilənin eyni müddətə uzadılmış hesab etmişdir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsinə xitam verilməsi haqda müraciət etmişdir.

Apellyasiya şikayətinə etiraz

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İsmayılova Şəfəq Mehralı qızı apellyasiya şikayətə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 722.4-cü maddəsinə əsasən əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə pretenziyalar verilməsi istisna edilmir.

23. Azərbaycan Respublikası “Torpaq icarəsi haqqında” Qanunun:

23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir.

24. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin:

11-ci bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

28. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, müqavilənin müddəti başa çatdıqdan sonra onun tərəfindən müqaviləyə xitam verilməsi barədə ərizə verilmiş, buna görə də müqavilə uzadılmış hesab edilə bilməz. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir.

29. Belə ki, cavabdehin ## #### 2024-cü il tarixli müraciətində müqaviləyə xitam verilməsi xahiş edilsə də, iş materiallarından görünür ki, icarəyə götürülmüş torpaq sahəsinin üzərində cavabdehə məxsus əmlak kompleksi yerləşmiş, həmin əmlak kompleksinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması halı müəyyən edilməmişdir.Halbuki “xxxx”xxxxicarəsində olan torpaq sahəsi özəlləşdirildikdən və ya üzərindəki tikililər sökülməklə, əvvəlki vəziyyətə qaytarılaraq, dövlətə təhvil verildikdən sonra cavabdehin göstərdiyi dəlillər əsaslı hesab edilə bilər. Bununla əlaqədar məhkəmə kollegiyası yuxarıda qeyd olunan Mülki Məcəllənin 722.4-cü maddəsinin tələbləri baxımından apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

30. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələblərinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsi olduğundan iddiaçının iddia tələbi əsaslıdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun mahiyyət etibarilə düzgün əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(119)-2436/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar