Məhkəmə qərarları › İş №e-2-2(3-8)-60/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-60/2026

03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-60/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı “borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ## ####### 2023-cü il tarixli ******-******/* nömrəli krеdit müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, bank (iddiaçı) borcalana (cavabdehə) 250000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin * nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 14 faiz dərəcəsilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. - 1.2-ci və 1.3-cü bəndlərinə əsasən, kredit 18 ay müddətinə verilir. Kredit dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə verilir. - 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə əsas borc və faizlər ödəniş cədvəlinə (* nömrəli Əlavə) əsasən borcalanın bankdakı AZ**AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. - 3.4-cü bəndinə əsasən, faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. - 4.4.4-cü yarımbəndinə əsasən, borcalan müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə əsas borcu və faizləri banka ödəyir. - 7.2-ci bəndinə əsasən, əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirildikdə vaxtı keçmiş kredit hesab edilir. Bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda borcalana gecikdirilmə faizləri hesablanır. Gecikdirilmə faizləri bu müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulan illik faiz dərəcəsinə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə ödənişin gecikdirildiyi hər gün üçün hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir.

2. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ## ####### 2023-cü il tarixli ******-******/* nömrəli krеdit müqaviləsi üzrə eyni tarixli Əlavə sazişin: - 1.1-ci bəndinə əsasən, bank va borcalan arasında imzalanmış ## ####### 2023-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsinin qüvvəyə mindiyi andan etibarən borcalan sahibkarlıq fəaliyyəti ilə bağlı rüblük bank əməliyyatı dövriyyəsini İddiaçı ASC-də mövcud olan hesabları vasitəsilə həyata keçirir. - 1.2-ci bəndinə əsasən, rüblük dövriyyə bu Əlavə saziş imzalandığı tarixdan ## ##### 2025-ci il tarixinədək hər rüb üçün (1 rüb - 3 ay) 750000 manat məbləğindən/həddindən az olmamalıdır. - 1.3-cü bəndinə əsasən, kredit müqaviləsi müddəti ərzində hər rübün sonunda rüblük dövriyyənin məbləği bu Əlavə sazişin 1.2-ci maddəsində müəyyən edilən məbləğdən/həddən aşağı olduğu təqdirdə bank borcalana kredit müqaviləsinin 1.1-ci maddəsində müəyyən edilmiş kredit məbləğinin 2 faizi miqdarında birdəfəlik komissiya tətbiq edir.

3. Iddiaçı İddiaçı ASC ilə borcalan qismində cavabdeh cavabdeh2 MMC, zamin qismində cavabdeh cavabdeh1 arasında bağlanmış ## ####### 2023-cü il tariхli ******- ******/* nömrəli zaminlik müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, zamin (cavabdeh cavabdeh1) borcalanın (cavabdeh cavabdeh2 MMC-nin) ## ####### 2023-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür - 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümladan əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır.

4. ## ####### 2023-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh cavabdeh2 MMCnin banka olan borcu üçün son ödəniş tarixi ## ##### 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

5. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ## ####### 2023-cü il tarixli 301875-726925/1.* nömrəli girov müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti bankla borclu arasında bağlanmış ## ####### 2023-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi bu müqavilənin 3.1-ci bəndində qeyd edilmiş cavabdeh2 MMC-yə məxsus hesabda olan vəsaitin girovudur. - 3.1-ci bəndinə əsasən, girov qoyan bu müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə kredit və girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün onun mülkiyyətində olan, AZ**AZEN******************** nömrəli bank hesabında olan 250000 manat məbləği bankın xeyrinə girov qoyur və 10 gündən artıq gecikmə borcu yarandığı halda, cari hesab üzrə keçən dövriyyənin 50 %-dək məbləği bank tərəfindən akseptsiz qaydada gecikmə borcunun silinməsi üçün razılıq verir. - 5.1-ci və 5.2-ci bəndlərinə əsasən, girov qoyan girovla təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə, gecikdirdikdə bankın girov predmetinə tutma yönəltmək və ya akseptsiz qaydada silmək hüququ yaranır. Girovla təmin edilmiş öhdəliyin icrası zamanı, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ girov qoyana qaytarılır.

6. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ## ####### 2023-cü il tarixli 301875-726925/1.* nömrəli girov müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti bankla borcalan arasında bağlanmış ## ####### 2023-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi müqavilədə qeyd edilmiş əmlakın girova qoyulması barədə razılığa gəlmələridir. - 3.1-ci bəndinə əsasən, girov qoyan müqavilənin 1.3-cü bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə kredit və girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan ** nömrəli Əlavəsi ilə müəyyən edilən dövriyyə vəsaitlərini bankın xeyrinə girova qoyur. - 3.3-cü bəndinə əsasən, girov predmetinin bazar dəyəri 250000 manat qiymətləndirilib. - 5.1-ci və 5.2-ci bəndlərinə əsasən, girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bankın girov predmetinə tutma yönəltmək hüququ yaranır. Girov predmeti bankın və girov qoyanın qarşılıqlı razılığı ilə bazarda və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıq hərracda satıla bilər. - ** nömrəli Əlavə olan cədvəldə iddiaçının xeyrinə girov qoyulmuş ümumi dəyəri 250000 manat məbləğində olan mallar: “Map (kübrə)”, “Leonardit(kübrə)”, “Ammonium Sulfat”, “MKP(kübrə)”, “Ting (şaftalı)”, “8 hektar üçün suvarma sistemi” qeyd edilmişdir.

7. ## ####### 2023-cü il tarixli daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən çıxarışa əsasən, cavabdeh cavabdeh2 MMC-yə məxsus ümumi dəyəri 250000 manat məbləğində olan mallar (“Map (kübrə)”, “Leonardit(kübrə)”, “Ammonium Sulfat”, “MKP(kübrə)”, “Ting (şaftalı)”, “8 hektar üçün suvarma sistemi”) iddiaçı İddiaçı ASC-nin xeyrinə girovla yüklü edilmişdir.

8. ## ####### 2023-cü il tarixli daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən digər çıxarışın “Yüklülük predmetinin təsviri” hissəsində “girov qoyan bu müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə kredit və girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün onun mülkiyyətində olan, AZ**AZEN******************** nömrəli bank hesabında olan 250000 manat məbləği bankın xeyrinə girov qoyur və 10 gündən artıq gecikmə borcu yarandığı halda, cari hesab üzrə keçən dövriyyənin 50 %-dək məbləği bank tərəfindən akseptsiz qaydada gecikmə borcunun silinməsi üçün razılıq verir” qeyd edilmişdir.

9. ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh cavabdeh2 MMC-nin iddiaçıya 131518,64 manat məbləğində əsas bоrc, 8258,71 manat məbləğində faiz borcu оlmaqla, cəmi 139777,35 manat məbləğində borcu vardır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş ## ######## 2025-ci il tarixli */**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ## ####### 2023-cü il tarixli ******-******/* nömrəli krеdit müqavilədə qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh cavabdeh2 MMCnin iddiaçıya olan borcu: ## ###### 2025-ci il tarixə əsas borc üzrə 136736,78 manat, faiz borcu üzrə 1063,51 manat; ## #### 2025-ci il tarixə əsas borc üzrə 136736,78 manat, faiz borcu üzrə 9146,17 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

11. Iddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı “borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 131518,64 (yüz otuz bir min beş yüz on səkkiz manat, altmış dörd qəpik) manat məbləğində əsas bоrc, 8258,71 (səkkiz min iki yüz əlli səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində faiz borcu оlmaqla, cəmi 139777,35 (yüz otuz doqquz min yeddi yüz yetmiş yeddi manat, otuz beş qəpik) manat məbləğində borcun, 429,78 (dörd yüz iyirmi doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi və tutmanın iddiaçı qarşısında girov qoyulmuş cavabdeh cavabdeh2 MMC-nin mülkiyyətində olan bazar dəyəri 250000 (iki yüz əlli min) manat təşkil edən dövriyyə vəsaitlərinə və girovqoyan cavabdeh2 MMC-nin bank hesabında olan 250000 manat məbləğində pul vəsaitinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ## ####### 2023-cü il tariхli ******-******/* nömrəli krеdit müqaviləsinə əsasən borclu cavabdeh2 MMCyə 18 ay müddətinə, illik 14% dərəcəsi ilə 250000 manat məbləğində krеdit vеrilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, İddiaçı ASC ilə cavabdeh1 arasında ## ####### 2023-cü il tariхli ******-******/* nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi İddiaçı ASC ilə cavabdeh2 MMC arasında ## ####### 2023-cü il tarixli 301875- 726925/1.* nömrəli girov müqaviləsi imzalanmış və həmin müqavilənin şərtlərinə əsasən bazar dəyəri 250000 manat təşkil edən dövriyyə vəsaitləri banka girov qoyulmuşdur. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi İddiaçı ASC ilə cavabdeh2 MMC arasında ## ####### 2023-cü il tarixli 301875-726925/1.* nömrəli girov müqaviləsi imzalanmış və həmin müqavilənin şərtlərinə əsasən girovqoyanın bank hesabında olan 250000 manat məbləği banka girov qoyulmuşdur. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. ## ###### 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 131518,64 manat məbləğində əsas bоrcu və 8258,71 manat faiz borcu оlmaqla, cəmi 139777,35 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən ## ####### 2023-cü il tariхli ******- ******/* nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Göründüyü kimi kredit vaxtında ödənilməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır.

13. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеhlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh1 müştərək qaydada 131518,64 (yüz otuz bir min beş yüz on səkkiz manat, altmış dörd qəpik) manat məbləğində əsas borc, 1063,51 (min altmış üç manat, əlli bir qəpik) manat məbləğində faiz borcu və 422,58 (dörd yüz iyirmi iki manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 133004,73 (yüz otuz üç min dörd manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh1 tutulmalı olan cəmi 133004,73 (yüz otuz üç min dörd manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ####### 2023-cü il tarixli 301875-726925/1.* nömrəli girov müqaviləsi ilə iddiaçının xeyrinə girov qoyulmuş cavabdeh cavabdeh2 MMC-nin mülkiyyətində olan bazar dəyəri 250000 (iki yüz əlli min) manat təşkil edən dövriyyə vəsaitlərinə (“Map (kübrə)”, “Leonardit(kübrə)”, “Ammonium Sulfat”, “MKP (kübrə)”, “Ting (şaftalı)”, “8 hektar üçün suvarma sistemi”) və ## ####### 2023-cü il tarixli 301875-726925/1.* nömrəli girov müqaviləsi ilə iddiaçının xeyrinə girov qoyulmuş cavabdeh2 MMC-nin AZ**AZEN******************** nömrəli bank hesabında olan 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitinə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdеhlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin qismən, yəni faiz borcu hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

15. Iddiaçı Mülki Məcəllənin 385.1, 449.4-cü maddələrinə istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehin kredit müqaviləsi üzrə sonuncu ödənişi ##.##.2024-cü il tarixdə olmuş və həmin tarixdən sonra da heç bir ödəniş edilməmişdir. Həmçinin, hesabdan çıxarışdan görünür ki, hazırkı vaxta kimi cavabdeh tərəfindən cəmi 143369.19 manat məbləğində kredit ödənişi edilmiş və həmin məbləğin 118481.36 manatı əsas borcdan, 24887.83 manatı isə faiz borcundan silinmişdir. Göründüyü kimi, həmin ödənişlər nəzərə alınmaqla, cavabdehin ##.##.2025-ci il tarixə banka 131518.64 manat məbləğində əsas bоrcu və 8258.71 manat faiz borcu оlmaqla, cəmi 139777.35 manat məbləğində kredit bоrcu yaranmışdır. Lakin, məhkəmə tərəfindən ekspertiza rəyi əsas götürülərək faiz borcunun məbləği 1063.51 manat müəyyənləşdirilmişdir. Iddiaçı hesab edir ki, ekspert tərəfindən faiz borcunun məbləği düzgün hesablanmamış, cavabdeh tərəfindən ödənilmiş məbləğlərin silinməsi və gecikdirilmə günlərinə hesablanmış faizləri nəzərə alınmamışdır. Məhkəmə işə baxarkən işin bu hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən AR Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. Belə ki, ekspertə təqdim edilmiş hesabdan çıxarış onun tərəfindən düzgün nəzərə alınmamış və nəticədə irəli sürülmüş tələblə ekspertin müəyyən etdiyi məbləğ arasında olan fərqin hüquqi əsaslandırılması aparılmamışdır. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən, müqavilənin və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0.5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. Odur ki, cavabdeh razılaşdırılmış cədvəl üzrə ödənişləri etmədiyinə görə kredit üzrə əsas və ona hesablanan faiz borcunun ödənilməsi gecikdirilmişdir. Buna görə də müqavilənin 7.3-cü bəndinə əsasən gecikdirilmiş əsas borca gecikdirilmə faizləri (dəbbə pulu) hesablanmış və ümumilikdə 3278.05 manat məbləğində gecikdirilmə faizinə (dəbbə puluna) silinmişdir. Lakin, müqavilənin 7.3-cü bəndinə əsasən aparılmış silinmələr ekspert rəyində öz əksini tapmamışdır. Ekspert rəyində qeyd olunur ki bank tərəfindən cərimə borcu hesablanmayıb və aparılmış silinmələr Mərkəzi Bankın ** saylı qərarında göstərilmiş hesab (faxtı keçmiş faiz) üzrə aparılmış və həmin silinmələri cərimə borcu kimi nəzərə alınmadığı bildirmişdir. Buna baxmayaraq həmin silinmələri cərimə kimi nəzərə almasada qərəzli ya qeyri-peşakarlıq göstərərək həmin silinmələri əsas və faiz borcundan silmişdir. Halbuki, ekspert kredit müqaviləsi və təqdim edilmiş sənədlərlə ətraflı tanış olsaydı ona aydın olardı ki Bank müqavilənin 7.3-cü bəndinə və qanunveriliyin tələblərinə əsasən hesabalınmış gecikdirlmə faizləri (dəbbə pulu) tutma hüququ var və hüquqdan istifadə edərək həmin silinmələri Mərkəzi Bakın qərarında göstərilən hesab üzrə silmişdir. Ekspert rəyi ilə müəyyən olunmuş borc məbləği ilə bankın tələb etdiyi borc məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmiş və nəticədə bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

16. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh cavabdeh2 MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə etiraz ünvanlayaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 740. Borc müqaviləsi üzrə faizlər (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə) 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. Maddə 743. Kredit müqaviləsinin anlayışı (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə) Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə) 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli Plenum Qərarı

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Plenum Qərarında qeyd olunduğu kimi, öhdəliyin icra edilməməsi zamanı faizlərin ödənilməsi ilə bağlı qanunvericilikdə bir sıra tənzimləmələr (Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələri) nəzərdə tutulmuşdur. Qanunvericinin Mülki Məcəllənin yuxarıda göstərilən normalarda ifadə etdiyi bu mövqeyi borclunun öhdəliyin icrasından yayınmasının qarşısını almağa, həmçinin öhdəliyin pozulması nəticəsində borcverənin üzləşdiyi zərərin kompensasiya edilməsinə yönəldilmişdir.

22. Kollegiya qeyd edir ki, “gecikdirmə faizi” ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Qanunla Mülki Məcəlləyə edilmiş dəyişikliklərə Məcəllənin 745.5-ci maddəsinə xüsusi norma kimi daxil edilməklə məhz borc müqaviləsinə aiddir. Həmin maddə kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlərin (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanmasını nəzərdə tutur. Bundan fərqli olaraq cərimə və dəbbə pulu isə bütün növ öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi ümumi norma olmaqla MM-nin 24-cü fəslinin 2-ci paraqrafında nəzərdə tutulmuş qaydada tənzimlənir. Həmin normalarda “gecikdirilmə faizi” deyil, məhz dəbbə pulu (cərimə, peniya) adlı təmin edilmə üsulları ilə bağlı müddəalar nəzərdə tutulmuşdur ki, Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

23. Hazırkı işdə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə dair hissədə mübahisələndirmiş və şikayəti yuxarıda qeyd edilən dəlillərlə əsaslandırmışdır (bax§15). Müvafiq dəlillərlə bağlı kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir apellyasiya şikayətində istinad edilən şərtləri ehtiva edən 7.3-cü bənd tərəflər arasında bağlanılmış ## ####### 2023-cü il tarixli kredit müqaviləsində ümumiyyətlə mövcud deyildir. Həmin müqavilənin “Vaxtı keçmiş və gecikdirilmiş kredit” adlanan 7-ci maddəsinin 2-ci bəndində isə apellyasiya şikayətində göstərilənlərdən tamamilə fərqli qayda müəyyən edilmişdir (bax§1, 7-ci abzas).

24. Beləliklə iddiaçı özü cavabdehdən tutulmalı olan “gecikdirilmə faizləri”ni müqavilə şərtlərinə uyğun hesablamamış, aparılmış hesablamanın tərəflərin razılaşmasına uyğun olmasına dair hər-hansı dəlili nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin yuxarıda istinad edilən 740.2-ci maddəsinə əsasən Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

26. Iddiaçı apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığını göstərsə də, şikayətində qeyd etdiyi halları təsdiq edən hər-hansı sübutları, o cümlədən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin mötəbərliyini istisna edən dəlilləri məhkəməyə təqdim etməmiş, təkrar məhkəmə-mühasibatlıq ekpertizasının keçirilməsinə dair vəsatət verməmiş, nümayəndəsi məhkəmə kollegiyasının iclaslarında iştirak etməmişdir. Iş materiallarından və iddiaçı tərəfindən təqdim edilmiş müvafiq sübutlardan və ## ######## 2025-ci il tarixli */**** nömrəli ekspert rəyindən birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulmalı olan məbləğin düzgün hesablanması müəyyən olunmuşdur.

27. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissəsi on min manatdan azdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar