Məhkəmə qərarları › İş №e-2-2(3-8)-62/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-62/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-62/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kommersiya iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh2 arasında bağlanmış ## ###### 2020ci il tarixli *-BIZG-*-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdeh2 120 ay müddətinə faiz dərəcəsi 29 % olmaqla 300.000 (üç yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan cavabdeh2 arasında bağlanmış ## ####### 2022-ci il tarixli *-BIZG-*-*-****-**/* nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətində olan kredit borclarının bağlanması, əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə faiz dərəcəsi 16 %, faktiki illik faiz dərəcəsi 16,51 % olmaqla 85000 (səksən beş min) manat məbləğində kredit verilmişdir.

3. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin cavabdeh1 arasında bağlanmış ## ###### 2022-ci il tarixli Z/*****/** nömrəli zaminlik müqaviləsinə əsasən ## ###### 2020-ci il tarixli *-BIZG-*-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borc alan cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin cavabdeh1 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

4. ## #### 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 36652,45 manat məbləğində əsas borcu, 3289,31 manat məbləğində faiz borcu, 1117,32 manat məbləğində cərimə olmaqla, cəmi 41059,08 manat məbləğində borcu vardır.

5. İşdə olan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ## #### 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyinə əsasən ## ####### 2022-ci il tarixli, 4- BIZG-1 -0-1 ***-**/* saylı kredit müqaviləsi və ## ###### 2023-cü il tarixli * saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ## #### 2025-ci il və ## ####### 2025-ci il tarixinə əsas borcu 37134,31 manat və faiz borcu 1435,86 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ## ####### 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə 36652,45 (otuz altı min altı yüz əlli iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 3289,31 (üç min iki yüz səksən doqquz manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 279,33 (iki yüz yetmiş doqquz manat otuz üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 40221,09 (qırx min iki yüz iyirmi bir manat doqquz qəpik) manat məbləğində borcun və 210,66 (iki yüz on manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdeh2 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. ## ###### 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq ## ###### 2022-cü il tarixdə cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. ## ####### 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 16%-lə 24 ay müddətinə 85000 (səksən beş min) manat məbləğində kredit götürmüşdür. 2025-ci il ####ın ##-dək cavabdeh2 ## ####### 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 36652,45 (otuz altı min altı yüz əlli iki manat qırx beş qəpik) manat əsas, 3289,31 (üç min iki yüz səksən doqquz manat otuz bir qəpik) manat faiz, 1117,32 (min yüz on yeddi manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 41059,08 (qırx bir min əlli doqquz manat səkkiz qəpik) manat borcu vardır. cavabdeh2 banka ## ####### 2022ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1117,32 (min yüz on yeddi manat otuz iki qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 279,33 (iki yüz yetmiş doqquz manat otuz üç qəpik) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır.

9. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 36652,45 (otuz altı min altı yüz əlli iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 1435,86 (min dörd yüz otuz beş manat səksən altı qəpik) manat məbləğində faiz borcu, 279,33 (iki yüz yetmiş doqquz manat otuz üç qəpik) manat məbləğində cərimə və 205,1 (iki yüz beş manat on qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 38572,74 (otuz səkkiz min beş yüz yetmiş iki manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdеhlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442.1, 462.1, 465.2, 470.1, 472.1, 743.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

11. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə təqdim olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini tam və obyektiv qiymətləndirməmiş, ekspert tərəfindən müəyyən edilmiş əsas borc məbləğindən kənara çıxaraq iddia tələbinə üstünlük vermişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirməli, həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bundan əlavə iddiaçı tərəfindən təqdim olunmuş borc və faiz hesablamalarının düzgünlüyü məhkəmə tərəfindən araşdırılmamış, hesablamaların metodikası və əsasları yoxlanılmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli, həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən isə məhkəmə sübutları hərtərəfli araşdırmalıdır. Məhkəmə tərəfindən faiz borcu ekspert rəyinə əsasən müəyyən edilsə də, həmin faizlərin hansı dövr üzrə və hansı qaydada hesablanması məsələsinə hüquqi qiymət verilməmiş, bu isə sübutların tam araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur.

13. Həmçinin məhkəmə tərəfindən cərimə məbləği formal qaydada tətbiq edilmiş, onun müqavilə şərtlərinə uyğunluğu, hesablanma qaydası və azaldılması imkanları araşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu yalnız öhdəliyin icra edilməməsi hallarında və qanun və ya müqavilə ilə müəyyən edilmiş qaydada tətbiq oluna bilər, həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən isə tərəflər vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilərək işə mahiyyəti üzrə baxılmasını, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Cavabdeh cavabdeh2 da “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir, lakin ərizədə cavabdeh üzürlü səbəbin mövcud olduğunu təsdiq edən müvafiq tibbi və ya digər sənədləri məhkəməyə təqdim etməmişdir. Yəni, ərizədəki hal onun səhhətindəki problem olmasını təsdiq etmir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh – zamin cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

Maddə 739. Borc müqaviləsi (əvvəlki redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

24. Birinci instansiya məhkəməsi işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ## ####### 2022-ci il tarixli, 4-BIZG-1 -0-1 ***-**/* saylı kredit müqaviləsi və ## ###### 2023-cü il tarixli * saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ## #### 2025-ci il və ## ####### 2025-ci il tarixinə əsas borcu 37134,31 manat və faiz borcu 1435,86 manat təşkil edir.

25. Apellyasiya şikayətində qeyd edilir ki, məhkəmə ekspert rəyini tam və obyektiv qiymətləndirməyib. Halbuki, təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**** nömrəli rəyində ## ####### 2022-ci il tarixli kredit müqaviləsi və ## ###### 2023-cü il tarixli əlavə saziş nəzərə alınaraq cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 37134,31 manat və faiz borcu 1435,86 manat məbləğində müəyyən edilmişdir. Bu rəqəm (əsas borc), iddia tələbində göstərilən borc məbləğindən artıq olmuşdur ki, məhkəmə ekspert rəyində olan məbləğləri Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) uyğun olaraq iddianı tələb həcmində müəyyən etmişdir.

26. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

27. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

28. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində əsas və faiz borcunun hansı əsaslarla düzgün hesablanmadığı və bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin ləğvi üçün əsas yaratmır.

29. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.

30. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.

31. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi kredit müqaviləsi üzrə cərimə məbləğinin əsas və faiz borclara münasibətdə mütənasibliyini ağlabatan hesab edir və azaldılması üçün əsaslar müəyyən etmir.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar