Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-66/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İsmayılova Vəfa Akif qızının qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov X1 Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh İsmayılova Vəfa Akif qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddiaçı1 cavabdeh İsmayılova Vəfa Akif qızına qarşı ”girov müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli girov müqaviləsinin ləğv edilməsi və girov müqaviləsi üzrə 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 10008 (on min səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 30706 (otuz min yeddi yüz altı) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçının vəkili Vəkil ## ###### 2026-cı il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək girov bileti üzrə yaranmış 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 10008 (on min səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 30706 (otuz min yeddi yüz altı) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçının vəkili Vəkil ## ###### 2026-cı il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək iddia ərizəsində göstərilən səkkiz ədəd girov bileti üzrə ödənilməmiş 20100 (iyirmi min yüz) manat məbləğində əsas borcun və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı iddiaçı1 tərəfindən cavabdeh İsmayılova Vəfa Akif qızına qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qiyabi qətnaməsi ilə cavabdeh İsmayılova Vəfa Akif qızından 20100 (iyirmi min yüz) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı iddiaçı1 ödənilməsi qət edilmişdir.
6. Cavabdeh İsmayılova Vəfa Akif qızı ## #### 2026-cı il tarixdə qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026cı il tarixli e-*-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi ilə iddiaçının iddiası təmin edilmişdir. Hazırkı iş Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığından işin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə verdiyi ərizəsi rədd edilmişdir. Ərizəsinin rədd edilməsi barədə qərardaddan şikayət verilməsi üçün məhkəməyə “dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə” ərizə təqdim etmişdir. Hazırkı qiyabi qətnamə “dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə” ərizə ilə bir gündə baxılaraq qəbul edilmişdir. Halbuki, onun hələ “dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə” ərizəsinin rədd edilməsi barədə qərardaddan da şikayət etmək vaxtı və hüququ var idi. Bu səbəbdən hesab edir ki, “dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə” ərizəsinin rədd edilməsi barədə qərardadın və qiyabi qətnamənin eyni gündə çıxarılması həmin qərardaddan şikayət vermək hüququnu və ümumilikdə ədalətli məhkəmə araşdırması hüququnu pozur. Həmçinin məhkəməyə hakimdən etiraz da təqdim edilmişdir ki, bu məsələyə də münasibət bildirilmədiyindən qiyabi qətnamənin çıxarılması da ədalətli məhkəmə araşdırması hüququnu pozur.
8. Cavabdeh İsmayılova Vəfa Akif qızı ## #### 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan problemlərlə bağlı ## #### 2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və ərizəyə iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh İsmayılova Vəfa Akif qızının Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsindən imtina edilməsi qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandılrmışdır ki, qiyabi qətnamənin ləğvi əsasları Mülki Prosessual Məcəlləsinin 250-ci maddəsində öz əksini tapmışdır. Həmin normaya görə əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir.
11. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(***)-****/**** nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdeh İsmayılova Vəfa Akif qızına məxsus elektron kabinetdə yerləşdirilmiş və ona eyni zamanda məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə sms xəbərdarlıq göndərilmişdir. Həmçinin cavabdeh İsmayılova Vəfa Akif qızı da elektron kabinet vasitəsilə məhkəməyə müxtəlif ərizə və vəsatətlər təqdim etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak etməməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, qiyabi qətnamənin ləğvinə dair ərizədə də bu cür halların mövcudluğuna istinad etməmiş, ümumi olaraq qiyabi qətnamədən, əsasən də kommersiya işi üzrə qəbul edilmiş digər məhkəmə aktlarının əsassızlığını bildirmişdir.
12. Cavabdeh həmin qərardaddan şikayət vermişdir.
13. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
14. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə dair kommersiya işinə qiyabi icraat qaydasında baxılması barədə qərardad qəbul edərkən məhkəmə onun məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlmədiyimi əsas tutmuşdur. Halbuki, səhhətində olan ciddi problemlərlə bağlı indiyə kimi heç bir məhkəmə prosesində əyani iştirak edə bilməmişdir, lakin buna baxmayaraq bütün prosessual hərəkətləri etmiş, yəni prosesdə faktiki olaraq iştirak etmişdir. Əgər məhkəmə iclaslarında iştirak etməməyi problem idisə necə olur ki, neçə aydın məhkəmə iclasları gedir – elə ilk iclaslardan sonra belə bir qərar, yəni kommersiya işinə qiyabi icraat qaydasında baxılması barədə qərardad qəbul edilərdi.
15. Hazırkı işin Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığından işə baxan məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə verdiyi ərizə rədd edildiyindən, ərizənin rədd edilməsi barədə qərardaddan şikayət verilməsi üçün məhkəməyə “dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə” ərizə təqdim etmişdir. Qiyabi qətnamə “dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə” ərizəsi ilə bir gündə baxılaraq qəbul edilmişdir. Halbuki, onun hələ “dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə” ərizəsinin rədd edilməsi barədə qərardaddan da şikayət etmək vaxtı və hüququ var idi. “Dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə” ərizənin rədd edilməsi barədə qərardadın və qiyabi qətnamənin eyni gündə çıxarılması həmin qərardaddan şikayət vermək hüququnu və ümumilikdə ədalətli məhkəmə araşdırması hüququmu pozmuşdur.
b) Şikayətə qarşı tərəfin etirazının dəlilləri
16. Şikayəti ilə bağlı iddiaçı tərəfin yazılı etirazı daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. (...) 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
Maddə 238. Qiyabi icraatın əsasları 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
Maddə 239. Gəlmiş tərəfin hüququ Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir.
Maddə 240. Qiyabi qətnamənin yolverilməzliyi 240.1. İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: 240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə; 240.1.2. tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda. 240.2. Bu hallarda işə baxılması təxirə salınır.
Maddə 242. Qiyabi qətnamənin məzmunu Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
Maddə 243. Qiyabi qətnamənin surətinin rəsmi qaydada verilməsi 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
Maddə 250. Qiyabi qətnamənin ləğvi üçün əsaslar Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.
Maddə 251. İşə baxılmanın təzələnməsi Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur.
Maddə 252. Qiyabi qətnamənin qanuni qüvvəyə minməsi Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: (...) 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya baxışının hədləri
19. Şikayətdən görünür ki, şikayətçi Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
20. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
23. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.
24. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
25. “Elektron məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, cavabdeh ##.##.2025-ci tarixdə elektron kabinet iştirakçısı kimi qeydiyyatdan keçmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh İsmayılova Vəfa Akif qızı aktiv elektron kabinet iştirakçısıdır və məhkəməyə elektron kabinet vasitəsi ilə müxtəlif məzmunlu ərizə və vəsatətlər təqdim etmişdir.
26. İş üzrə keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdeh İsmayılova Vəfa Akif qızına məxsus elektron kabinetdə yerləşdirilmiş, eyni zamanda ona məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə sms xəbərdarlıq göndərilmişdir.
27. Mülki Prosessual Məcəllənin 10-1.5 və 10-1.8-ci maddələrinin tələblərindən irəli gəlir ki, həmin Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Eyni zamanda, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıdakı materiallara bərabər tutulur və eyni hüquqi qüvvəyə malikdir.
28. Beləliklə sadalanan hallardan göründüyü kimi iş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh İsmayılova Vəfa Akif qızına lazmi qaydada məlumat verildiyi iş materialları ilə təsdiqini tapır. Konkret olaraq, məhkəmə iclaslarının vaxtı və yeri haqqında bildirişlər cavabdehin elektron kabinetində yerləşdirilmiş, eyni zamanda AZEMİS informasiya sistemi vasitəsilə SMS xəbərdarlıq göndərilmişdir. Bu, Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5 və 10-1.8-ci maddələrinə tam uyğundur. Bu normativ tələblərdən çıxış edərək aydın olur ki, cavabdeh məhkəmənin vaxtı və yeri barədə xəbərdar edilmişdir və prosessual iştirak imkanı mövcud olmuşdur.
29. Buna baxmayaraq, MPM-in 250-ci maddəsinə əsasən - Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.- yəni, cavabdeh keçirilmiş iclaslar barədə xəbərdar olunmuş, lakin gəlməməsinin üzrlü səbəbləri barədə sübutlar təqdim etməmişdir.
30. Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, cavabdeh məhkəməyə lazımi qaydada xəbərdar edilibsə və iclasa gəlməyibsə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
31. İş materilları ilə müəyyən edilir ki, iddiaçının vəkili ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Mülki Prosessual Məcəllənin 238.4-ci maddəsinin tələbinə uyğun olaraq işə qiyabi baxılmasına yazılı formada razılığını bilirmiş və həmin Məcəllənin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarmışdır. Beləliklə, işə qiyabi baxılması üçün bütün qanuni prosedur şərtləri mövcud olmuşdur.
32. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 240-cı maddəsinə əsasən, qiyabi icraata baxılması yalnız cavabdeh üzürlü səbəb olmadan gəlmədikdə və ya cavabdeh məhkəməyə vaxtında gəlməməsinin səbəbini sübut etmədikdə mümkündür. Hazırkı işdə cavabdeh üzürlü səbəbləri sübut etməyib. Bu səbəbdən işə qiyabi icraatda baxılması barədə qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş hüquqi əsaslar mövcud deyil.
33. Sadalananlara əsasən cavabdehin qiyabi qətnamənin ləğvi üçün ərizəsi qanunla nəzərdə tutulmuş şərtləri yerinə yetirmir, məhkəmənin qərarı qanuni və əsaslıdır, qiyabi icraat qaydasında işə mahiyyəti üzrə baxılaraq qəbul edilmiş qətnamə Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur.
34. Bundan əlavə isə məhkəmə kollegiyası qeyd edir ki, qiyabi qətnamənin ləğvi barədə ərizənin təmin edilməməsi, cavabdehi məhkəmə qətnaməsindən narazı qaldığı təqdirdə qanunvericilikdə nəzərədə tutulmuş müddət və qaydada apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdırmır.
35. Qiyabi qətnamənin işə qiyabi icraat qaydasında baxılması barədə qərardad ilə eyni gündə qəbul edilməsi halı da Mülki Prosessual Məcəllənin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə təmin olunmamışdırsa Mülki Prosessual Məcəllənin 253.3-cü maddəsinə əsasən qiyabi qətnamədən cavabdeh tərəf bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilər.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Ona görə də, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.