Məhkəmə qərarları › İş №e-2-2(3-8)-67/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-67/2026

03.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-67/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Tərəflər arasında bağlanmış ## ######## 2022-ci il tarixli ** nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı İddiaçı MMC) alıcıya (cavabdeh Cavabdeh) kolbasa istehsalı üçün xammal, ət və ət məhsulları üçün zəruri mallar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

2. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə razılaşma ilə müəyyənləşdirilir. - 2.3-cü bəndinə əsasən, malın qiyməti əlavə razılaşmalarda qeyd olunur. - 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüquqlarından biridir. - 3.4.1-ci yarımbəndinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) danışılan müddətdə ödəmək alıcının vəzifələrindən biridir. - 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, satıcı müqaviləyə uyğun olaraq öncədən rəsmi şəkildə alıcı tərəfindən verilmiş sifarişə əsasən müxtəlif növ və çeşiddə malları alıcıya anbarda (satıcının anbarında) təhvil verməyi öhdəsinə götürür. Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. - 5.1-ci bəndinə əsasən, mal alıcıya təhvil verildikdən və elektron qaimə-faktura göndərildiyi andan sonra alıcı 30 təqvim günü ərzində malın dəyərini ödəməlidir.

3. ## ######## 2022-ci il tarixli ** nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissələri olan əlavə razılaşmalar üzrə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyəri tərəflər arasında razılaşdırılmışdır: ## ####### 2022-ci il tarixli ** nömrəli Əlavə razılaşma üzrə 882,75 manat, ## ###### 2022-ci il tarixli ** nömrəli Əlavə razılaşma üzrə 26547,7 manat, ## ###### 2023-cü il tarixli ** nömrəli Əlavə razılaşma üzrə 4770,85 manat, ## ### 2023-cü il tarixli ** nömrəli Əlavə razılaşma üzrə 502,24 manat məbləğində olmaqla, ümumi dəyəri 32703,54 manat məbləğində olan mallar.

4. ## ####### 2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə 882,75 manat, ## ###### 2022-ci il tarixli EBCL seriyalı ****** nömrəli elektron qaiməfaktura üzrə 26547,69 manat, ## ###### 2023-cü il tarixli EBCM seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə 4770,85 manat, ## ### 2023-cü il tarixli EBDE seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə 502,24 manat məbləğində olmaqla, ümumi dəyəri 32703,53 manat məbləğində olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaiməfakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

5. ## ####### 2022-ci il tarixli ***ICZ*********B nömrəli ödəniş tapşırığı üzrə 748,09 manat, ## ##### 2023-cü il tarixli 000ICZ1230930A8C ödəniş tapşırığı üzrə 4200 manat, ## ##### 2023-cü il tarixli ***ICZ********** nömrəli ödəniş tapşırığı üzrə 12711,86 manat, ## #### 2023-cü il tarixli ***ICZ*********B nömrəli ödəniş tapşırığı üzrə 4237,28 manat məbləğində olmaqla, cəmi 21897,23 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.

6. ## ####### 2022-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 134,66 manat, ## #### 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 1525,43 manat, ## ##### 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 2288,14 manat, ## #### 2023-cü il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə 762,71 manat məbləğində olmaqla, cəmi 4710,94 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür.

7. Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış ## ######## 2022-ci il tarixli ** nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən əsas borc üzrə 21897,23 manat, ƏDV borcu üzrə 4710,94 manat məbləğində ödəniş həyata keçirilmişdir və cavabdehin qalıq borcu 6095,36 manat məbləğində təşkil edir.

8. Cavabdeh tərəfindən “Onlayn kargüzarlıq” vasitəsilə iddiaçıya ünvanlanmış ## #### 2024-cü il tarixli məktubun məzmununda “##.##.2024-cü il tarixdə bizə göndərdiyiniz pretenziya məktubuna cavab olaraq bildirmək istəyirik ki, ## ######## 2022-ci il tarixində aramızda bağlanılmış müqavilə əsasında olunmuş alışlardan qalan 6095,36 manat borcumuzun ½ hissəsini bu ayın sonuna, qalan hissəsini də avqust ayının sonuna qədər tam şəkildə bağlayacayıq. Hal-hazırda şirkətimizin təsisçi və direktor dəyişikliyi ilə əlaqədar banklarda əməliyyat etmək mümkün olmadığından ödənişlərimiz gecikir” qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6095,36 (altı min doxsan beş manat, otuz altı qəpik) manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ######## 2022-ci il tarixli ** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) kolbasa istehsalı ilə bağlı xammal, ət və ət məhsulları üçün zəruri mallar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Malın qiyməti və miqdarı razılaşma ilə elektron qaimə-fakturaya əsasən təsdiq edilir. Tərəflər arasında alğı-satqı prosesi baş tutmuş, qaimə əsasında müəyyən məbləğdə ödənişlər həyata keçirilmiş, yekun olaraq cavabdehin 6095,36 manat məbləğində borcu qalmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

11. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdеh Cavabdeh 6095,36 (altı min doxsan beş manat, otuz altı qəpik) manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və 81 (səksən bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6676,36 (altı min altı yüz yetmiş altı manat, otuz altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

12. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri:

13. Cavabdeh apellyasiya şikayətini Mülki Məcəllənin 359, 405.1, 405.1-ci maddələrinə istinadən onunla əsaslandırmışdır ki, müqavilə tərəflər arasında bütün mühüm şərtlər üzrə razılıq əldə edildikdə bağlanmış sayılır. Cavabdeh tərəfindən müqavilənin imzalanmaması və imzanın ona məxsus olmaması barədə kəskin etiraz edildiyi halda, məhkəmə imza ekspertizası təyin etmədən müqaviləni "bağlanmış" hesab etmişdir. Işin faktiki hallarından görünür ki, mallar cavabdehə deyil, "Rasim" adlı üçüncü şəxsə təhvil verilmişdir. Iddiaçı tərəfindən malın səlahiyyətsiz şəxsə verilməsi nəticəsində yaranan öhdəlik cavabdehin üzərinə qoyula bilməz. Məhkəmə nümayəndəlik institutuna dair normaları tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Hesab edirəm ki, yuxarıda qeyd olunan prosesual hüquq normasının tələbləri pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində MPM-in 9-cu maddəsinə istinad etməklə bildirmişdir ki, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmadan iddia tələbini təmin etmişdir. Işin faktiki halları ondan ibarətdir ki, iddia ərizəsində qeyd edilən borc məbləği cavabdehin adıma hesablanmamışdır. Iddiaçı ilə müqavilə bağlamamış, hansısa mal təhvil almamış, həmin müqavilə üzrə qaiməni də imzalamamışdır. Onun adından ödənişləri Rasim adlı şəxs həyata keçirmişdir. Həmin şəxslə əməkdaşlıq edərək bütün məbləğin cavabdehin hesabına köçürülməsi, məbləğin bir hissəsinin cavabdehin əldə etməsi, qalan hissəsini isə Rasim adlı şəxsə təqdim edilməsini razılaşdırmışdırlar. Həmçinin iş materiallarında olan ## ######## 2022-ci il tarixli alqı-satqı müqaviləsindəki imza cavabdehə aid deyildir, onun imzasına oxşardır. Hesab edir ki, kimsə onun yerinə müqaviləni və əlavə razılaşmaların bir neçəsini imzalamışdır. Eyni zamanda iş materiallarında olan ## #### 2024-cü il tarixli ərizə barədə də məlumatı yoxdur. Lakin məhkəmə qeyd olunan halları araşdırmamış, imzanın ona məxsus olmadığını bildirsə də, ekspertiza aparılmamışdır. Yalnız iddiaçının əsassız olaraq təqdim etdiyi sənədlər əsasında iddia tələbini təmin etmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarı: “...“lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, aldığı malların dəyərini iddiaçıya ödəməmişdir.

21. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında ## ######## 2022-ci il tarixli ** nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə ## ####### 2022-ci il tarixli ** nömrəli, ## ###### 2022-ci il tarixli ** nömrəli, ## ###### 2023-cü il tarixli ** nömrəli və ## ### 2023-cü il tarixli ** nömrəli Əlavə razılaşmalar bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin və razılaşmaların predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 6095,36 manat məbləğində borcu yaranmışdır.

22. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili müqavilənin onun tərəfindən imzalanmaması, malların cavabdehə deyil, "Rasim" adlı üçüncü şəxsə təhvil verilməsidir.

23. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

24. Tərəflər arasında bağlanmış ## ######## 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 5.1-ci maddəsinə əsasən mal “Alıcı”ya təhvil verildikdən və elektron qaimə-faktura göndərildiyi andan sonra “Alıcı” 30 təqim günü ərzində malın dəyərini ödəməlidir.

25. Iş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, ## ####### 2022-ci il tarixli EBCG seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə 882,75 manat, ## ###### 2022-ci il tarixli EBCL seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə 26547,69 manat, ## ###### 2023-cü il tarixli EBCM seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə 4770,85 manat, ## ### 2023-cü il tarixli EBDE seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə 502,24 manat məbləğində olmaqla, ümumi dəyəri 32703,53 manat məbləğində olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış ## ######## 2022-ci il tarixli ** nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən əsas borc üzrə 21897,23 manat, ƏDV borcu üzrə 4710,94 manat məbləğində ödəniş həyata keçirilmişdir və cavabdehin qalıq borcu 6095,36 manat məbləğində təşkil edir. Cavabdeh tərəfindən “Onlayn kargüzarlıq” vasitəsilə iddiaçıya ünvanlanmış ## #### 2024-cü il tarixli məktubun məzmununda qalıq borcun ½ hissəsini bu ayın sonuna, qalan hissəsini də avqust ayının sonuna qədər tam şəkildə bağlayacağı, şirkətin təsisçi və direktor dəyişikliyi ilə əlaqədar banklarda əməliyyat etmək mümkün olmadığından ödənişlərin gecikdiyi qeyd edilmişdir.

26. Məhkəmə kollegiyası Mülki Məcəllənin yuxarıda istinad edilən 385.1, 404 və 425.1ci maddələrinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, hazırkı iş üzrə elektron qaimənin mövcudluğu və tərəflər arasında mövcud olan praktika artıq iddiaçıya cavabdehdən müvafiq məbləği tələb etmək hüququ verdiyindən, malların ona çatdırılmadığını və imzanın ona məxsus olmadığını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Kollegiya qeyd edir ki, iş üzrə cavabdeh birinci instansiya məhkəməsində yalnız bir məhkəmə iclasında iştirak etmiş, həmin iclasda imzanın ona aid olmadığını qeyd etsə də, bununla bağlı məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət təqdim etməmiş, Rasim adlı şəxsin məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə üçün məhkəmə iclası təxirə salınsa da, cavabdeh sonrakı məhkəmə iclasında iştirak etməmiş və araşdırma üçün hərhansı dəlil və vəsatət irəli sürməmişdir. Malların təhvil alınmaması və imzanın ona məxsus olmaması barədə cavabdehin hər-hansı əlavə sübutlarla tamamlanmayan və tərəflər arasındakı müqaviləyə əsasən qarşılıqlı münasibətlərdə yaranmış praktikaya uyğun gəlməyən inkarı müvafiq dəlilin əsaslı hesab edilməsi üçün kifayət etmir. Beləliklə, hazırkı işdə cavabdeh tərəfindən ##.##.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış öhdəliyə uyğun olaraq cavabdeh tərəfindən alınacaq məhsullara görə ödənişlər üçün elektron-qaimə fakturalar təqdim edilmiş, verilmiş məhsulların əvəzində ödənişlər ödənilməli olduğu barədə cavabdeh məlumatlı olmuş, lakin müqavilə şərtlərinə və Mülki Məcəllənin öhdəliklərin icrası ilə bağlı yuxarıda istinad edilən normalarına əməl edilməməklə öhdəlik icra olunmamışdır.

27. Belə olan halda məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən, habelə həmin müqavilə üzrə iddiaçı tərəfindən elektron qaimə əsasında təqdim edilmiş digər malların dəyərinin cavabdeh tərəfindən ödənilməsinə istinadən bu nəticəyə gəlir ki birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, mübahisələndirilən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar