Məhkəmə qərarları › İş №e-2-2(3-8)-88/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-88/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-88/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-ci il tarixli, e-*-*(*-**)- **/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Işin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında əmlak kompleksi kimi müəssisə iddiaçı İddiaçı mülkiyyətindədir.

2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY********* nömrəli çıxarışda “xxxx” Dövlət Neft Şirkətinin Cavabdeh Istehsalat Birliyi, “xxxx” X3, “Yoxlamanın müddəti” kimi ##.##.2025-##.##.2025-ci il, “Yoxlamanın predmeti” isə müqavilə şərtlərinə əməl olunması qeyd qeyd edilmişdir.

3. Cavabdehin nümayəndələri və istehlakçının nümayəndəsi qismində Ilham Həziyev tərəfindən imzalanmış ## ##### 2025-ci il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında “Sayğaca baxış keçirilən zaman sərfiyyatı qeyd etmədiyi məlum oldu, içərisinə baxış keçirən zaman sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olundu”; Tələb: “Sayğac dövlət yoxlamasına göndərilsin (xüsusi plomblanmış qutuya qoyularaq), yenisi ilə əvəz olunsun, dəymiş ziyan hesablansın və ödəniş təmin olunsun” qeyd edilmişdir.

4. ## ##### 2025-ci il tarixli Sənaye üzrə inventar aktının “Müəssisədə istifadə olunan qaz qurğuları” qrafasında “1 ədəd qeyri-standart PQ8, 1 ədəd 36 litr QSQ, 1 ədəd kombi, 1 ədəd iran sobası”; “Qeydlər” qrafasında “Sayğaca baxış keçirilən zaman sərfiyyatı qeyd etmədiyi məlum oldu. Içərisinə baxış keçirən zaman çıxış borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olundu” qeyd edilmişdir. akt cavabdehin nümayəndələri və istehlakçının nümayəndəsi qismində Ilham Həziyev tərəfindən imzalanmışdır.

5. ## ##### 2025-ci il tarixli Yoxlama aktında “... Kafenin qaz xətti üzərində quraşdırılmış “G 6” markalı ******** nömrəli qaz sayğacına baxış keçirən zaman sərfiyyatı qeyd etmədiyi məlum oldu. Sayğacın içərisinə baxış keçirən zaman çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olundu” qeyd edilmişdir.

6. ## ### 2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin “Dəymiş ziyanın həcminin hesablanması” bölməsində “Qaz işlədicilərindən QSPQ-8-in maksimal saatlıq qaz sərfinin 4 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün; QSQnin maksimal saatlıq qaz sərfinin 3,6 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün; Kombinin maksimal saatlıq qaz sərfinin 2,9 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün; Iran sobasının maksimal saatlıq qaz sərfinin 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin: 4 x12x90 = 4320 m3 3,6 x 12 x 90 = 3888 m3 2,9x12x 90 = 3132 m3 1,5x12 x 90 = 1620 m3 cəmi 12960 m3” qeyd edilmişdir.

7. X4 adına tərtib edilmiş abonentin saldosu ilə müəyyən edilir ki, sahibkarlıq obyektinə 2025-ci il üzrə “Qalıq və aktlar” bölməsi üzrə 3693,6 manat məbləğində borc hesablanmışdır.

8. Iş materiallarına, həmçinin ## ####### 2025-ci il tarixli ****/****/** nömrəli qaz sayğacının yoxlanılması haqqında protokol, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş disk əlavə edilmişdir (məhkəmənin cari tarixdə keçirilən iclasında diskə baxış keçirilmiş və diskdəki görüntülərin iddiaçıya və iddiaçının qeyri-yaşayış sahəsinə aidiyyətinin olmadığı müəyyən edilmişdir).

Birinci instansiya məhkəməsində icraat:

9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının dəyəri olaraq qanunsuz hesablanmış 3693,6 (üç min altı yüz doxsan üç manat, altmış qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur, X3 isə obyektdə illər əvvəl icarəçi qismində işləyən şəxs olmuşdur. Cavabdeh tərəfindən ## ##### 2025-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş, lakin qaz cihazlarına baxış keçirilən zaman iddiaçının iştirakı təmin edilməmişdir. Eyni zamanda yoxlamanın nəticəsi olaraq tərtib edilmiş aktlar tanımadığı şəxs tərəfindən imzalanmışdır. Bundan başqa, tərtib olunmuş akt və yoxlamanın aparılması barədə müvafiq çıxarış iddiaçıya təqdim edilməmişdir. Yoxlamanın predmeti kimi “müqavilə şərtlərinə əməl olunması” göstərilsə də, cavabdeh təşkilatın nümayəndələri qaz sayğacını yerindən söküb müdaxilə halı kimi pozuntu qeyd etmişdirlər. Halbuki iddiaçı tərəfindən müqavilə şərtlərinə tam əməl edilmiş və hansısa pozuntu törədilməmişdir. Müvafiq akt əsasında qeyri-qanuni borc hesablanmış və ondan dəymiş ziyanın əvəzi olaraq 3693,6 manat itirilmiş qaz sərfiyatının dəyəri tələb olunmuşdur. Nəzərə alınmalıdır ki, qaz sayğacı mexanikidir, yəni sayğacda qeyd edilən və uçotu aparılan sərfiyyatın dəyərini hər ay tam şəkildə ödəyir. Hesablanmış borc məbləği ilə razılaşmır, çünki qaz sayğacı cavabdeh tərəfindən quraşdırılır, plombla möhürlənir. Plomblanan qaz sayğacının açılaraq ona müdaxilə edilməsi qeyri-mümkündür. Bundan əlavə, ona məxsus obyektin qaz sərfiyyat miqdarında hər hansı böyük dəyişiklik olmamışdır, nəticə etibarilə ödənişlərin həcminə görə sayğaca müdaxilə etmək məcburiyyəti də yarana bilməzdi.

11. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının hazırda cavabdeh təşkilata 5849,33 manat məbləğində borcu mövcuddur. Həmin məbləğin 2155,73 manat hissəsi istehlak edilmiş qaz sərfinin dəyərinə görə, 3693,6 manat hissəsi isə itirilmiş qazın dəyərinə görə hesablanmış borc məbləğidir. Iddiaçı tərəfindən iddia ərizəsində əsassız borc kimi qeyd edilərək silinməsi tələb olunan 3693,6 manat borc məbləği sayğaca müdaxilə etməklə onun normal işləməsinə süni maneçilik törədilməsi nəticəsində itirilmiş qazın sərfi ilə bağlı müəyyənləşdirilmiş məbləğdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY********* nömrəli çıxarış əsasında cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış obyektində yoxlama aparılmış və iddiaçı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinin kobud surətdə pozulması müəyyən edilmişdir. Belə ki, aparılmış yoxlama zamanı obyektdə quraşdırılmış “G 6” markalı ******** nömrəli qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən edilmişdir. Qeyd olunan pozuntu ilə bağlı tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## ##### 2025-ci il tarixli ******* nömrəli akt iddiaçının nümayəndəsi Ilham Həziyev tərəfindən imzalanaraq qazdan istifadə qaydalarının pozulması faktı etiraf edilmişdir. Akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuş, 12960 m3 - 3693,60 manat itirilmiş qazın hesabatı aparılaraq iddiaçının abonent hesabına daxil edilmişdir. Iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edilməsi faktı müəyyən edilmiş və həmin pozuntunu təsdiq edən videogörüntülər qeydə alınmışdır. Etirazda “Qazdan istifadə Qaydaları”nın və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq normalarına istinad edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

13. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Iddiaçı apellyasiya şikayətini Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4, 4.5, 4.7, 4.8-ci bəndlərinə, Mülki Məcəllənin 386cı maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, Azəriqaz IB-nin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2025-ci il tarixli ******* nömrəli Akt tərtib etmişlər. Qaz cihazlarına baxış keçirən Azəriqaz IB-nin əməkdaşları iddiaçının iştirakı olmadan yoxlama keciriblər. Həmçinin yoxlamanın nəticəsi olaraq tərtib etdikləri aktlara tanımadığı şəxs imza atmışdır. Bundan əlavə tərtib olunmuş akt və yoxlama çıxarışı iddiaçıya təqdim olunmamışdır. Yoxlamaya gələn şəxslərin çıxarışlarına nəzər yetirsək görərik ki, yoxlamanın predmeti - müqavilə şərtlərinə əməl olunması göstərilsə də - Azəriqaz IB-nin işçiləri iddiaçıya məxsus qaz sayğacını yerindən söküb müdaxilə halı kimi pozuntu qeyd ediblər. Halbuki, iddiaçının Azəriqaz IB arasında olmayan müqavilə şərtlərini pozması absurd fikirdir. Iddiaçı heç bir pozuntu törətməmişdir. Aktda bununla bağlı heç bir söz yazılmayıb. Bundan əlavə Azəriqaz IB tərəfindən plomb vurulan sayğacın açılaraq iddiaçı tərəfindən ona müdaxilə edilməsi qeyri-mümkündür. Sumqayıt Kommersiya Məhkəməsinin diqqətə almadığı qanun pozuntuları aşağıdakılardan ibarətdir: 1. Azəriqaz IB ilə iddiaçı arasında heç bir müqavilənin olmaması - bu halda heç bir pozuntudan söz gedə bilməz. 2. Cəriməni qaz cədvəlində adı cəkilən şəxsdən tələb olunmalıdır. 3. Sayğac götürülərkən qutuya qoyulmamış və iddiaçının iştirakı olmadan götürülmüş,həmçinin akt tərtibatında nöqsanların qeydi aparılmamışdır. 4. Akt tərtib olunsa da, sayğacın plombu barədə heç bir məlumat yazılmayıb - bu o deməkdir ki,sayğacın plombu yerində olub və müdaxilə olunmayıb. Nöqsan əvvəlcədən olubsa özləri məlumatlı olub. 5. Dövlət yoxlamasından keçmədən akt tərtib olunması artıq qanun pozuntusudur. 6. Nöqsanlarla bağlı akt tərtib olunsa da, X5 göndərilməmişdir - akt və cərimənin doğruluğu X5 tərəfindən təsdiq olunmamışdır. 7. Ümumiyyətlə NK-nın 2011-ci il tarixli ** saylı Qərarının tələbləri kobud surətdə pozulmuşdur.Belə ki,yeni dəyişikliyə əsasən sənədləşmə məhz X5 yoxlamasından birmənalı olaraq keçməlidir. Iddiaçı məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, bütün sadalanan nöqsanlarla bağlı iddiaçının vəsatəti əsasında məhkəmə prosesində iştirak edən Sumqayıt Reqional Enerji Tənzimləmə Agenliyinin mütəxəssisi Yaşar Qurbanov video və audio çəkiliş olan zalda geniş izahat vermişdir. Lakin Kommersiya Məhkəməsi mütəxəssisin rəyinə məhəl qoymayaraq Azəriqaz IB-nin xeyrinə qanunsuz qətnamə qəbul etmişdir. Kommersiya məhkəməsinin sahibkar olaraq mənim müraciətimə səthi və qeyri obyektiv yanaşması qanunsuz və əsassızdır. Azəriqaz IB məhkəmə prosesi zamanı heç bir hüquqa əsaslanan sübut təqdim etməmiş, səthi olaraq şablon çıxışlarla kifayətlənmişlər. Bundan əlavə Azəriqaz IB məhkəmədə iddiaçıya aidiyyatı olmayan şəxsin video görüntüsünü təqdim etmişdir. Bu qədər pozuntuya baxmayaraq məhkəmə işə obyektiv yanaşmamış və əsassız olaraq iddianı rədd etmişdir. Iddiaçının sahibkar kimi bu halı iş fəliyyətinə ciddi təzyiq və basqı olaraq bunu qəbul edir. Iddiaçı apellyasiya şikayətində prosessual hüquq normalarının pozulması ilə bağlı MPM-in 14.2, 88, 202, 217.2-ci maddələrinə istinad etmişdir.

15. Iddiaçı ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayətinə əlavə ünvanlayaraq bildirmişdir ki, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən (kafe) qeyriyaşayış sahəsi onun mülkiyyətindədir və mülkiyyət sahibi olaraq məhkəmədə iddia qaldırılması onun hüququdur. Lakin Azəriqaz IB ona aid olan qeyri-yaşayış sahəsini qazlaşdıran zaman abunə kodunu icarədarın adına səhvən sənədləşdirmişdir. Bir müddət sonra iddiaçı Azəriqaz IB-nin Sumqayıt Idarəsinə müraciət edib ki, qaz sayğacını öz adına rəsimləşdirsin. Lakin həmin vaxt ona bildirilmişdir ki, 3693.60 manat cərimə ya silinməli ya da ödənilməlidir ki, ad dəyişmə olsun. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman iddianı düzgün qaldırdığı müəyyən olunmuş və iddia ərizəsi geri qaytarılmamışdır. Əks təqdirdə müraciəti icraata qəbul olunmaz və geri qaytarılardı. Qeyd olunan qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur və mülkiyyət sahibi kimi özü müraciət etmişdir. Qaz sənədləri X3 adına olsa da, məhkəmədə iddia qaldırmaq hüququ X3 olmadığı müəyyən olunmuş və cərimə yazılan tarixdə X3 orada işləməmişdir. Bu da onu göstərir ki, Azəriqaz IB tərəfindən yazılmış cərimə qeyri qanuni yazılmışdır. Azəriqaz IB tərəfindən sənədləşmə aparılan zaman icarədarın adına qanunsuz olaraq kod açdıqlarına (abunə kodu- 017702557700000) görə bu gün o bir sahibkar kimi çarəsiz vəziyyətə düşmüşdür.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

17. Cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 1998-ci il ## #### tarixli) Maddə 1. Bu Qanunda işlədilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı – alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun xxxxlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. ... 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. Istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Ilk növbədə qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qaydasında mübahisələndirilən borc ## ##### 2025-ci il tarixinə aid olduğundan hazırki mübahisə üzrə maddi hüququ norması qismində Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad olunmalıdır. Həmin qaydaların 6.5-ci bəndinə və hüquq münasibəti yaranan zaman qüvvədə olan “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (Energetika Nazirliyinə) təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin normativ aktlarda istehlakçı dedikdə alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs nəzərdə tutulur.

24. Iş materiallarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY********* nömrəli çıxarışda və ## ##### 2025-ci il tarixli Yoxlama aktında “xxxx” və həmin tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktda istehlakçı qismində məhz X3 (VÖEN: **********) adı qeyd edilmiş, “Yoxlamanın predmeti və hüquqi əsasları” bəndində müqavilə şərtlərinə əməl olunması qeyd olunmuşdur.

25. Iddiaçı tərəfindən apellyasiya baxışı zamanı təqdim olunmuş apellyasiya şikayətinə əlavədə qeyd olunur ki, Azəriqaz IB ona aid olan qeyri-yaşayış sahəsini qazlaşdıran zaman abunə kodunu icarədarın adına səhvən sənədləşdirmişdir (abunə kodu-017702557700000), bütün sənədlər və yoxlama aktı X3 adına olsa da, cərimə yazılan tarixdə X3 orada işləməmişdir.

26. Kolegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi müvafiq hallara dair hər-hansı sübut təqdim etməmiş, bu barədə onun izahatları digər iş materialları ilə öz təsdiqini tapmamışdır. Iddiaçı habelə bunun üçün kifayət qədər vaxtı və prosessual baxımından imkanı olduğu halda nə müvafiq dövrdə icarəçi olmuş və aktda adı qeyd edilmiş X3, nə də aktda istehlakçının nümayəndəsi kimi imza etmiş Ilham Həziyev adlı şəxsi şahid qismində dindirilməsi üçün məhkəməyə təqdim etməmiş, bu barədə vəsatət verməmişdir.

27. Məhkəmə kollegiyası təqdim edilən sübutlar və tərəflərin izahatlarını aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən etmişdir ki, aktlar əsasında hesablanmış borcun qanuni və əsaslı olduğunu sübut etmə yükü cavabdehin üzərinə düşmüş, cavabdeh yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasını və qanunauyğun formada aparıldığını təsdiq edən reyestrdən çıxarışı, yoxlama aktını, invertar aktını, dəymiş ziyanın bərpasına dair tələbnaməni, abonent saldosunu və qaz sayğacının yoxlanılması haqqında protokolu təqdim etmişdir. Qeyd olunmalıdır ki, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan o halda tələb edə bilər ki, istehlakçının qazın talanmasında təqsirli olması Energetika Nazirliyi və ya məhkəmənin qərarı ilə müəyyən edilsin. Iddiaçı (obyektin mülkiyyətçisi) İddiaçı öz izahatlarında bildirmişdir ki, aktın tərtib edildiyi vaxt obyektdə olmamış, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, sayğacın çıxış plastmas borusunun deşilməsində onun heç bir təqsiri olmamışdır. Lakin kollegiya hesab edir ki, dəymiş ziyanın ödənilməsinə dair aktın yazıldığı dövrdə obyekt faktiki olaraq mülkiyyətçinin deyil, icarəçinin istifadəsində olduğundan iddiaçının sayğaca müdaxilə edilibedilməməsi, bununla bağlı icarəçinin təqsirinin olub-olmamasını müəyyənləşdirməsi və bu barədə məlumatının olması mümkün olmamışdır.

28. Iddiaçının apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. Istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Iş materiallarından (səhifə 28-31) görünür ki, yoxlama prosesində istehlakçının səlahiyyətli nümayəndəsi qismində obyektin inzibatçısı X1 çıxış etmiş və bütün müvafiq sənədlərlə tanış olaraq onları şəxsən imzalamış, aktı imzalamaqdan imtina barədə aktda heç bir müvafiq qeyd aparılmamışdır. Istehlakçının səlahiyyətli nümayəndəsi yoxlamada iştirak etdiyindən və bütün lazımi sənədləri hər hansı qeyd-şərt olmadan imzaladığından yoxlama qanunauyğun aparılmış hesab edilməlidir və mülkiyyətçinin yoxlamaya cəlb olunmaması onun qanunsuzluğuna dəlalət etmir. Azəriqaz IB-nin işçiləri tərəfindən iddiaçıya məxsus qaz sayğacını yerindən söküb müdaxilə halı kimi pozuntu qeyd edilməsinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qaydaların 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

29. Iddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində mütəxəssis qismində izahat vermiş "X8 Agentliyi"nin müfəttişi Məhərrəm Aydınov izahatında bildirmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış müqavilə şərtlərinə əməl olunması ilə bağlı yoxlama ilə əlaqəlidir. Hər bir halda müqavilədə tərəflər arasındakı razılaşdırılmış bütün hallar öz əksini tapır. Buna görə də bu çıxarışa əsasən sayğacda yoxlama aparılmasında hər hansı problem mövcud deyildir. Hazırkı vaxtda tərəflər arasında müqavilə mövcud deyildir. Iddiaçı İddiaçı olsa da, cavabdeh təşkilatın sistemində X3 adlı şəxs qeydiyyatdadır. Cərimə də həmin şəxsə tətbiq edilmişdir. Yoxlama prosesində Ilham Həziyev adlı şəxs obyektin inzibatçısı qismində çıxış etmiş və sənədləri imzalamışdır. Cavabdehin nümayəndələri tərəfindən aktda plomblar qeyd edilməli və hansı plombun qüsurlu olduğu, zədələndiyi göstərilməli idi. Buna görə də tərtib edilmiş akt nöqsanlı hesab edilir və plomba müdaxilə olmadığından aktda ətraflı qeyd edilmədiyi ehtimal edilir. Lakin laborator yoxlamanın nəticələrinə dair sənəddə sayğaca müdaxilə edildiyi də qeyd edilmişdir. "Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununa, "Qazdan istifadə Qaydaları"na əsasən təchizatçı qanunsuz qoşulma, müdaxilə aşkar etdiyi halda akt tərtib edir. Bu aktın bir nüsxəsi də "X8 Agentliyi" publik hüquqi şəxsinə göndərilir. Araşdırma nəticəsində talama halının mövcudluğu aşkar edilərsə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə uyğun olaraq müvafiq tədbirlər görülür. Təsdiqləndiyi halda cərimə məbləği də yoxlanılır. Cavabdeh tərəfindən Agentliyə bu barədə müraciət edilməmişdir. Nəzərə alınmalıdır ki, qeyri-yaşayış abonentləri sayğacı özləri mühafizə etməlidir və plomb olduğu halda da sayğaca müdaxilə edilməsi mümkündür. Cavabdeh tərəfindən qaz sərfiyyatı düzgün hesablanmış və müvafiq yoxlama qanunauyğun aparılmışdır.

30. Beləliklə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununda və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”də nəzərdə tutulan qaydalara uyğun aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə istehlakçı qismində məhz obyektin icarəçisi Süleymanov Rövşən çıxış etmiş, qazın alqısatqısı üzrə müqavilə məhz onunla cavabdeh arasında bağlanmışdır. Iş materialları və iddiaçının 31. apellyasiya şikayətinə əlavədə qeyd olunan hallar sübut edir ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı müqaviləsi olmasa da, obyektin icarəçisi ilə cavabdeh arasında hüquqi münasibətlər mövcud olmuş, qaz sayğacı və digər sənədlər icarəçinin adına rəsmiləşdirilmişdir. Bu halda iddiaçının hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ olsa da, cavabdeh tərəfindən sayğaca müdaxiləyə görə hesablanmış borc məbləğinin müvafiq dəlillər, o cümlədən istehlakçının qazın talanmasında təqsirli olmasının müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsi barədə dəlillər əsasında mübahisələndirilməsi hüququ da yalnız icarəçiyə - R.Süleymanova məxsusdur. Mülki qanunvericilikdə icarəçinin əmlak hüquqları mülkiyyətçinin hüquqları ilə eyni əsasda müdafiə olunsa da, borclar üzrə tələb yalnız borclunun (icarəçinin) üzərinə yönəldilə bilər, çünki kreditor (Azəriqaz IB) ilə hüquqi münasibətdə olan şəxs istehlakçı qismində məhz icarəçi olmuşdur. Belə olduğu təqdirdə apellyasiya şikayətində qeyd edilən “Azəriqaz IB ilə iddiaçı arasında heç bir müqavilənin olmaması” dəlili hazırki iş üzrə hüquqi əhəmiyyət kəsb etməməklə borcun qanunsuz hesab edilməsinə də əsas vermir.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissəsi on min manatdan azdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar