Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-89/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2025-ci il tarixdə cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 72000 (yetmiş iki min) manat məbləğində borcun və 306 (üç yüz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək cavabdeh Cavabdeh 140000 (yüz qırx min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ### 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Cavabdeh 146493 (yüz qırx altı min dörd yüz doxsan üç) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 3333 (üç min üç yüz otuz üç) manat məbləğində icarə haqqı, 2526 (iki min beş yüz iyirmi altı) manat məbləğində maddi ziyan, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 78,59 (yetmiş səkkiz manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6437,59 (altı min dörd yüz otuz yeddi manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
5. Həmin qətnamədən cavabdeh Cavabdeh tərəfindən ## ### 2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmiş və həmin şikayət onun nümayəndəsi vəkil vəkil2 tərəfindən elektron imza ilə imzalanmışdır.
6. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-2- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh nümayəndəsi vəkil vəkil2 elektron kabinetinə ## ##### 2026-cı il tarixdə yerləşdirilmişdir. Lakin həmin qətnamədən cavabdehin nümayəndəsi vəkil vəkil2 tərəfindən elektron imza ilə imzalanmış apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə məhkəməyə ## ### 2026-cı il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə verilmişdir.
8. Cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunması və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “Elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Lakin yuxarıda qeyd olunduğu kimi, qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə cavabdeh tərəfə məlumat çatdırılmayıb, nümayəndə olaraq ona və cavabdehə istər SMS, istərsə də elektron poçt vasitəsi ilə heç bir bildiriş göndərilməyib Qətnamə ##.##.2026cı il tarixdə eletron kabinetə yerləşdirilib. Qətnamənin həmin tarixdə yerləşdirilməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində də əksini tapmışdır. Şikayətə əlavə olunmuş hazırki iş üzrə bildirişlərin çatdırılmasına dair elektron kabinetndən çıxarışdan da görünür ki, ##.##.2026-cı il tarixdə ona heç bir bildiriş göndərilməmişdir. O da nəzərə alınmalıdır ki, qətnamənin tərəflərə göndərilməsinə dair elektron kabinetdə olan bildirişlərin tarixi də düzgün göstərilməyib. Belə ki, həmin məktublarda qətnamənin guya tərəflərə ##.##.2026-cı il tarixdə göndərildiyi qeyd olunmuşdur, məktubların elektron imza tarixləri də əks olunmayıb. Göründüyü kimi, qətnaməni ##.##.2026-cı il tarixdə elektron kabinetə yerləşdirilməsi və bu barədə ona məlumatın çatdırılması öz təsdiqini tapmadığına baxmayaraq, məhkəmə əsassız olaraq apellyasiya şikayətinin müddətin ötürülməsi ilə verildiyi qənaətinə gəlmişdir. Ona görə də, şikayət əsaslı və təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. (...) Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (...)
Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (...) Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. [155] 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (...)
Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
17. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
18. İş materiallarından müəyyən edilir ki, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh nümayəndəsi, vəkil vəkil2 "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetinə ## ##### 2026-cı il tarixdə yerləşdirilmişdir. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə aktlarının elektron kabinet vasitəsilə proses iştirakçılarına çatdırılması qanunvericilikdə nəzərdə tutulmuş rəsmi təqdimetmə üsulu hesab olunur və məhkəmə aktının elektron kabinetdə yerləşdirildiyi tarix həmin aktın təqdim edildiyi tarix kimi qəbul edilir.
19. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
20. İş materialları ilə həmçinin müəyyən olunur ki, nümayəndə tərəfindən elektron imza ilə imzalanmış apellyasiya şikayəti elektron kabinet vasitəsilə ## ### 2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə, apellyasiya şikayəti qətnamənin rəsmi qaydada təqdim olunduğu tarixdən hesablanan bir aylıq prosessual müddət başa çatdıqdan sonra verilmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətin buraxılması özü-özlüyündə həmin müddətin bərpasına əsas vermir. Buraxılmış müddətin bərpası yalnız maraqlı şəxsin müvafiq vəsatəti olduqda və müddətin üzrlü səbəbdən buraxıldığı məhkəmə tərəfindən müəyyən edildikdə mümkündür. Bu isə o deməkdir ki, müddətin bərpası məsələsi məhkəmə tərəfindən yalnız təqdim edilmiş vəsatət çərçivəsində və həmin vəsatətdə göstərilən halların hüquqi qiymətləndirilməsi yolu ilə həll edilə bilər.
22. Hazırkı iş üzrə isə cavabdeh və ya onun nümayəndəsi tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair hər hansı ərizə və ya vəsatət təqdim edilməmişdir. İş materiallarında müddətin ötürülməsinin səbəblərinə dair hər hansı izahat və ya bunu təsdiq edən sübutlar da mövcud deyildir.
23. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətlərə riayət olunması təsadüfi xarakter daşımayıb, məhkəmə icraatının səmərəliliyinin, hüquqi müəyyənlik prinsipinin və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin edilməsinə xidmət edir.
24. Beləliklə, iş materialları ilə müəyyən edilmiş hallar nəzərə alınaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülməklə təqdim edilmiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə hər hansı vəsatət verilməmişdir.
25. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.