Məhkəmə qərarları › İş №e-2-2(3-9)-102/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-102/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-102/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh İbrahimov Cavanşir Zakir oğluna qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” və iddiaçı İbrahimov Cavanşir Zakir oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi və müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi. Şirvan şəhəri, # #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi X2 və cavabdeh İbrahimov Cavanşir Zakir oğlunun iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh İbrahimov Cavanşir Zakir oğluna qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” və iddiaçı İbrahimov Cavanşir Zakir oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim R.Nəbiyev) ilkin iddia üzrə cavabdeh İbrahimov Cavanşir Zakir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı, digər iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC cavabdeh İbrahimov Cavanşir Zakir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli **/**** saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ##.##.2025-ci il tarixli ** saylı, ##.##.2025-ci il tarixli ** saylı, ##.##.2025-ci il tarixli ** saylı və ##.##.2025-ci il tarixli ** saylı qiymətlərin razılaşma protokolları üzrə 21073 (iyirmi bir min yetmiş üç manat) manat borcun və 153,22 (bir yüz əlli üç manat iyirmi iki qəpik) manat dövlət rüsumunun, cəmi 21226,22 (iyirmi bir min iki yüz iyirmi altı manat iyirmi iki qəpik) manat pul vəsaitinin cavabdeh İbrahimov Cavanşir Zakir oğlundan alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, həmçinin 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə cavabdeh İbrahimov Cavanşir Zakir oğlunun iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh İbrahimov Cavanşir Zakir oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli **/**** saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ##.##.2025-ci il tarixli ** saylı qiymətlərin razılaşması protokoluna əsasən İbrahimov Cavanşir Zakir oğlu 290000 manat dəyərində 500 ton “EvroXim B” markalı ammonium nitrat gübrəsini İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə satmasını üzərinə götürmüşdür. ##.##.2025-ci il tarixli * saylı qiymətlərin razılaşması protokoluna uyğun olaraq iddiaçı tərəfindən cavabdehin hesabına 174000 manat pul köçürülmüşdür. Sonra cavabdeh öz növbəsində 54027 manat dəyərində 93150 kq ammonium nitrat gübrəsini iddiaçıya satmış, daha sonra isə köçürülmüş pulun dəyərində o gübrə verə bilmədiyi üçün 50000 manat nağd şəkildə pul vəsaitini iddiaçıya qaytarmışdır. Nəticədə cavabdehin iddiaçıya 69973 manat borcu qalmışdır (174000-54027- 50000=69973). Daha sonra cavabdeh pambıqçılıqda istifadə olunan digər dərman maddələrinin iddiaçıya satmasını üzərinə götürmüşdür. Bu səbəbdən də, cavabdehlə iddiaçı arasında ##.##.2025-ci il tarixli ** saylı, ##.##.2025-ci il tarixli ** saylı və ##.##.2025-ci il tarixli ** saylı qiymətlərin razılaşma protokolları imzalanmış və bu protokollara əsasən 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsi və pambıq sofkasına qarşı 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsi cavabdeh iddiaçıya satmışdır. İbrahimov Cavanşir Zakir oğlu İddiaçı MMC-yə qaldığı 69973 manat borcun 48900 manatını dərman maddələrilə ödədiyindən onun yekun olaraq iddiaçıya 21073 manat borcu qalmışdır. Həmçinin cavabdeh 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimə-fakturaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə iddiaçıya təqdim etməkdən imtina etmişdir. Bununla da cavabdeh vergi qanunvericiliyinin tələblərini ciddi pozmuşdur. Cavabdehin ##.##.2025-ci il tarixli **/**** saylı alqı-satqı müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ##.##.2025-ci il tarixli ** saylı, ##.##.2025-ci il tarixli ** saylı, ##.##.2025-ci il tarixli ** saylı və ##.##.2025-ci il tarixli ** saylı qiymətlərin razılaşma protokollarına əməl etməməsini və 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaiməfakturaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə iddiaçıya təqdim etməməsini sübut edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün cavabdehin ünvanına ##.##.2025-ci il tarixli pretenziya məktubu göndərilərək 5 gün müddətində iddiaçıya 21073 manat borcunu ödəməsi və 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimə-fakturaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə iddiaçıya təqdim etməsi tələb olunmuş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Cavabdeh, digər iddia ərizəsi üzrə iddiaçı İbrahimov Cavanşir Zakir oğlu cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, – ##.##.2025-ci il tarixli **/**** saylı müqavilə əsasında ümumilikdə 92900 manat məbləğində pul və ödənilmiş 370 manat dövlət rüsumu, cəmi 93270 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çxarılmasını məhkəmədən etmişdir. Cavabdeh, digər iddia ərizəsi üzrə iddiaçı İbrahimov Cavanşir Zakir oğlunun iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ## ##### 2025-ci il tarixli, **/** saylı müqavilə əsasında ümumilikdə 93270 manat məbləğində pul borcu vardır. Belə ki, ##.##.2025-ci ildə ilkin müqavilə bağlanılmışdır. ##.##.2025-ci il tarixli qiymətlərin razılaşdırılması ** nömrəli protokolu üzrə 44000 manat, ##.##.2025-ci il tarixli qiymətlərin razılaşdırılması ** nömrəli protokolu üzrə 44000 manat, ##.##.2025-ci il tarixli qiymətlərin razılaşdırılması ** nömrəli protokolu üzrə 4020 manat, ##.##.2025-ci il tarixli təhvil təhsil aktı və qaimə faktura əsasında 880 manat məbləğndə mallar verilmişdir. Onun tərəfindən cavabdehin internet vergi sistemi vasitəsilə VÖEN-ninə pretenziya məktubu göndərilərək borcun qaytarılmadığı bildirilmiş və pretenziyanı aldıqdan sonra 7 gün müddətinə borcun ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, borc qaytarılmamışdır. Daha sonra internet vergi idarəsi vasitəsilə iddia ərizəsi və əlavə sənədlər göndərilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsi ilə ümumilikdə 92900 manat məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmənin iş üzrə -2-2(121)-2572/2025 sаylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC MMC-nin cavabdeh İbrahimov Cavanşir Zakir oğluna qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiasına dair e-2-2(121)- ****/**** nömrəli iş ilə iddiaçı İbrahimov Cavanşir Zakir oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiasına dair e-*-*(***)-****/**** nömrəli iş bir icraatda birləşdirilməsi, bir icraatda baxılması və kommersiya işinə e-2-2(121)-2489/2025 nömrə verilməsi qərara alınmışdır. Məhkəmənin iş üzrə -2-2(121)-2489/2025 sаylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh İbrahimov Cavanşir Zakir oğluna qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi”nə dair iddia ərizəsi və İbrahimov Cavanşir Zakir oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsinə dair iş üzrə icraata 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsinin və 44880 manat dəyərində 1020 kq “Terra” dərman maddəsinin satışı barədə elektron qaimələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə cavabdeh İbrahimov Cavanşir Zakir oğlunun iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etməsi”nə aid hissələrdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabeh tərəfindən gətirilmiş malların bir hissəsi 2024-cü il olduğuna görə təhvil alınmamışdır. Halbuki, daha öncə gətirilmiş malların istehsal ili 2025-ci il olmuşdur. Təqdim olunmuş ##.##.2025-ci il tarixli təhvil-təslim aktında və ******* nömrəli, ##.##.2025ci il tarixli qaimə fakturada olan imzalar anbardar vəzifəsində işləmiş X3 məxsus deyildir. Həmin sənədlər Cavanşir İbrahimova məxsus olan sənədlərdir. Onları kim imzalayıb onlara məlum deyil. Məhkəməyə müraciət etməmişdən öncə onlarda olan sənədlərin içərisində olmuş, onlar da iddialarını təsdiq edən sənəd kimi məhkəməyə təqdim etmişlər. Lakin, Cavanşir İbrahimovun onlara qarşı qaldırdığı iddianı əsaslandırmaq üçün təqdim olunmuş sənədlərdə 44000 manat mal verilməsinə dair eyni tarixli və X3 tərəfindən imzalanmış təhviltəslim aktı və qaimə-faktura olduğu məlum olur. Halbuki, ##.##.2025-ci il tarixdə 44000 manat məbləğində bir dəfə mal verilmişdir. Şahid ifadəsi və ekspert rəyi ilə ##.##.2025-ci il tarixli təhvil-təslim aktlarından və qaimə fakturalardan birinin saxta olduğu aşkar olur. Qeyd etdiklərini nəzərə alaraq, o, iddiaçı İddiaçı MMC MMC-nin cavabdeh İbrahimov Cavanşir Zakir oğluna qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiasının təmin edilməsi, İbrahimov Cavanşir Zakir oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İbrahimov Cavanşir Zakir oğlu iddia ərizəsinə uyğun izahat vermiş və verilmiş suallara cavabında əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müqavilədə satılan malların tarixi ilə bağlı şərt nəzərdə tutulmamışdır. O, müqavilənin şərtlərinə uyğun olaraq mallar təqdim etmiş, öhdəliklərini lazımınca icra etmiş, lakin İddiaçı MMC öz öhdəliklərini icra etməmiş, ona görə də, ona 92900 manat məbləğində borcu yaranmışdır. O, malları gətirmiş, daşınma xərclərinə külli miqdarda xərci çıxmışdır. İş materiallarında olan təhvil-təslim aktları və qaimə-fakturalar ona məxsus olub, onun yanında X3 tərəfindən imzalanmışdır. İddiaçı MMC tərəfindən onun hesabına 174000 manat pul köçürülmüşdür. O, 54027 manat dəyərində 93150 kq ammonium nitrat gübrəsini “xxxx” MMC-yə satmış, daha sonra isə hesabına köçürülmüş puldan 50000 manatı nağd şəkildə İddiaçı MMC-yə qaytarmışdır. Bundan sonra, o, bağlanmış qiymətlərin razılaşdırılması protokolları əsasında 4020 manat dəyərində 2010 litr maye fosfor gübrəsi, pambıq sofkasına qarşı 44000 manat, 44000 manat və 880 manat dəyərində “Terra” dərman maddələrini İddiaçı MMC-yə satmışdır. ##.##.2025-ci il tarixdə iki dəfə 44000 manat məbləğində mal vermişdir. Mal verməsəydi qiymətlərin razılaşdırılması protokolları imzalanmazdı. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Qeyd etdiklərini nəzərə alaraq, o, iddiasının təmin edilməsi, İddiaçı MMC MMC-nin ona qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiasının isə təmin edilməməsi, barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh İbrahimov Cavanşir Zakir oğluna qarşı “müqavilə üzrə öhdəlikləri icra edilməsi tələbi” barədə iddiası qismən təmin edilmiş, İbrahimov Cavanşir Zakir oğlunun İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddiası təmin edilməmiş, Cavabdeh İbrahimov Cavanşir Zakir oğlundan 21073 (iyirmi bir min yetmiş üç) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 153,22 (bir yüz əlli üç manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 127 manatın İbrahimov Cavanşir Zakir oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə cavabdeh İbrahimov Cavanşir Zakir oğlu apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## ###### 2026cı il tarixli qətnaməsininin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 14.2 və 77.1-ci maddələrinin tələblərinə baxmayaraq, tərəfi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli ilkin müqavilə, ##.##.2025-ci il tarixli qiymətlərin razılaşdırılması barədə ** nömrəli protokol, ##.##.2025-ci il tarixli 03 və ** nömrəli qiymətlərin razılaşdırılması protokolları, ##.##.2025-ci il tarixli təhvil-təslim aktı və qaimə-faktura sübut kimi nəzərə alınmamışdır. Şikayətçi bildirib ki, müqavilədə malların təqdim edilmə tarixi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamış, o, müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin İddiaçı MMC öz öhdəliklərini icra etmədiyindən ona 92.900 manat borclu qalmışdır. Malların daşınması üçün xeyli xərc çəkdiyini, təhvil-təslim aktlarının və qaimə-fakturaların X3 tərəfindən imzalandığını, İddiaçı MMC tərəfindən hesabına 174.000 manat köçürüldüyünü, 54.027 manat dəyərində 93.150 kq ammonium nitrat gübrəsi satdığını, sonradan həmin məbləğdən 50.000 manatı nağd qaytardığını, daha sonra qiymətlərin razılaşdırılması protokolları əsasında 4.020 manat dəyərində maye fosfor gübrəsi, 44.000 manat, 44.000 manat və 880 manat dəyərində “Terra” dərman maddələrini İddiaçı MMC-yə təhvil verdiyini göstərmiş, xüsusilə ##.##.2025-ci il tarixdə iki dəfə 44.000 manat məbləğində mal təqdim etdiyini, əks halda qiymətlərin razılaşdırılması protokollarının imzalanmasının mümkün olmayacağını bildirmişdir. Şikayətdə vurğulanmışdır ki, məhkəmə bu halları nəzərə almamış, həmin malların təqdim edilməməsinə dair heç bir mötəbər sübutun olmadığını göstərməsinə baxmayaraq, təqdim etdiyi sübutları mötəbər hesab etməmiş, qarşılıqlı iddianı təmin etməmiş və sübutlarının hansı əsaslarla mötəbər sayılmadığını qətnamədə əsaslandırmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh İbrahimov Cavanşir Zakir oğlu apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş, şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçıya gübrə təhvil vermiş, lakin iddiaçı həmin gübrənin pulunu ona verməmişdir. Gübrəni iddiaçının anbardarına təhvil vermişdir. Lakin birinci instansiya məhkəməsi zamanı həyəcanlı olduğundan anbardarın adını X3 demişdir. X3 həqiqətən də iddiaçının anbardarıdır. Ancaq həmin gün mübahisəli gübrəni Bəhruzun atası qəbul etmişdir. Ona verilən suallara cavabında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi zamanı X3 xəttşünaslıq ekspertizası təyin edilməsi üçün “imza” və “xətt” nümunələri götürülən zaman o da məhkəmə iclasında olmuş, lakin yenə qeyd edir ki, həyacanlı olduğundan gübrələri Bəhruza təhvil verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi zamanı gübrələri Bəhruz Feyzullayevin atasına təhvil verməsini deməmişdir, çünki həyacanlı olmuşdur. İlkin iddia üzrə iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*- *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsininin ləğv edilməsi,ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş materiallarından görünür ki, İbrahimov Cavanşir Zakir oğlu (Satıcı) ilə İddiaçı MMC (Alıcı) arasında bağlanmış ##.##.2025-ci il tarixli, **/**** nömrəli alqı-satqı müqaviləsinə əsasən, Satıcı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan X5 dəqiq adları, qiymətləri, ümumi siyahısı, çeşidi, təsviri, spesifikasiyaları, miqdarı və digər göstəriciləri göstərilmiş gübrələri, pestisidləri və s. (bundan sonra — Mal) satmağı, Alıcı isə, həmin malları, Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaiməfakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X5, həmçinin qaiməfakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan, İbrahimov Cavanşir Zakir oğlu və İddiaçı MMC tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli “X7”ndan görünür ki, malların qıyməti 290.000 manat, ##.##.2025-ci il tarixli, ** nömrəli “X7”ndan görünür ki, malların qıyməti 44.000 manat, ##.##.2025-ci il tarixli, ** nömrəli “X7”ndan görünür ki, malların qıyməti 44.000 manat, ##.##.2025-ci il tarixli, ** nömrəli “X7”ndan görünür ki, malların qiyməti 4020 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarından görünür ki, X3 tərəfindən ##.##.2025-ci il tarixdə eManat vasitəsi ilə 416973********** nömrəli kart nömrəsinə 1.000 manat, ##.##.2025-ci il tarixdə eManat vasitəsi ilə 416973********** nömrəli kart nömrəsinə 9.000 manat və ##.##.2025-ci il tarixdə eManat vasitəsi ilə 416973********** nömrəli kart nömrəsinə 2.000 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən İbrahimov Cavanşir Zakir oğlunun hesabına ümumilikdə 58.000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən İbrahimov Cavanşir Zakir oğlunun hesabına ümumilikdə 116.000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən İbrahimov Cavanşir Zakir oğlunun hesabına ümumilikdə 20.000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 10.000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 10.000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 10.000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən İddiaçı MMC-yə cəmi 54027 manat məbləğində mallar təqdim edilmişdir. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən X3 ümumilikdə 44000 manat məbləğində mallar təhvil verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ******* nömrəli qaimə fakturadan və ##.##.2025-ci il tarixli X1ndan görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən X3 44.000 manat məbləğində mallar təhvil verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “X1”ndan görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən X3 4.900 manat, ##.##.2025-ci il tarixli “X1”ndan görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən X3 4020 manat məbləğində mallar təhvil verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ****** nömrəli qaimə fakturadan və ##.##.2025-ci il tarixli “X1”ndan görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən X3 4020 manat məbləğində mallar təhvil verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ******* nömrəli qaimə fakturadan və ##.##.2025-ci il tarixli (üzərində “3LURU40” qeydi olan) “X1”ndan görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən X3 44.000 manat məbləğində mallar təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən İbrahimov Cavanşir Zakir oğluna ünvanlanmış ##.##.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, “xxxx” MMC ilə İbrahimov Cavanşir Zakir oğlu arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Zakir oğlu məlumatlandırılmışdır. İş materiallarında olan İbrahimov Cavanşir Zakir oğlu tərəfindən İddiaçı MMCyə ünvanlanmış ##.##.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə İbrahimov Cavanşir Zakir oğlu arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə İbrahimov Cavanşir Zakir oğlu məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, e-*-*(***)-****/**** nömrəli işin 66-cı vərəqində olan ##.##.2025-ci il tarixli təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza; 67-ci vərəqində olan ##.##.2025-ci il tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı:” qrafasındakı imza - X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. İş materiallarından görünür ki, aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. İş materiallarında olan 1833660488 qəbzən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 153,22 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 1833785301 qəbzən görünür ki, İbrahimov Cavanşir Zakir oğlu tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 370 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş qətnamədən ilkin iddia üzrə cavabdeh İbrahimov Cavanşir Zakir oğlu narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 14.2 və 77.1-ci maddələrinin tələblərinə baxmayaraq, tərəfi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli ilkin müqavilə, ##.##.2025-ci il tarixli qiymətlərin razılaşdırılması barədə ** nömrəli protokol, ##.##.2025-ci il tarixli 03 və ** nömrəli qiymətlərin razılaşdırılması protokolları, ##.##.2025-ci il tarixli təhvil-təslim aktı və qaimə-faktura sübut kimi nəzərə alınmamışdır. Şikayətçi bildirib ki, müqavilədə malların təqdim edilmə tarixi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamış, o, müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin İddiaçı MMC öz öhdəliklərini icra etmədiyindən ona 92.900 manat borclu qalmışdır. Malların daşınması üçün xeyli xərc çəkdiyini, təhvil-təslim aktlarının və qaimə-fakturaların X3 tərəfindən imzalandığını, İddiaçı MMC tərəfindən hesabına 174.000 manat köçürüldüyünü, 54.027 manat dəyərində 93.150 kq ammonium nitrat gübrəsi satdığını, sonradan həmin məbləğdən 50.000 manatı nağd qaytardığını, daha sonra qiymətlərin razılaşdırılması protokolları əsasında 4.020 manat dəyərində maye fosfor gübrəsi, 44.000 manat, 44.000 manat və 880 manat dəyərində “Terra” dərman maddələrini İddiaçı MMC-yə təhvil verdiyini göstərmiş, xüsusilə ##.##.2025-ci il tarixdə iki dəfə 44.000 manat məbləğində mal təqdim etdiyini, əks halda qiymətlərin razılaşdırılması protokollarının imzalanmasının mümkün olmayacağını bildirmişdir. Şikayətdə vurğulanmışdır ki, məhkəmə bu halları nəzərə almamış, həmin malların təqdim edilməməsinə dair heç bir mötəbər sübutun olmadığını göstərməsinə baxmayaraq, təqdim etdiyi sübutları mötəbər hesab etməmiş, qarşılıqlı iddianı təmin etməmiş və sübutlarının hansı əsaslarla mötəbər sayılmadığını qətnamədə əsaslandırmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2025-ci il tarixli **/**** saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin icrası çərçivəsində İddiaçı MMC tərəfindən cavabdehin hesabına ümumilikdə 174.000 manat məbləğində avans ödənişi edilmiş, cavabdeh isə bunun müqabilində yalnız 54.027 manat dəyərində 93.150 kq ammonium nitrat gübrəsini təhvil vermiş, daha sonra 50.000 manat məbləğində pul vəsaitini geri qaytarmışdır. Beləliklə, tərəflər arasında mübahisə doğurmayan hesablaşmaya əsasən cavabdehin İddiaçı MMC qarşısında 69.973 manat məbləğində öhdəliyinin qalması birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Sonradan tərəflər arasında ##.##.2025-ci il tarixli ** saylı, ##.##.2025-ci il tarixli ** saylı və ** saylı qiymətlərin razılaşdırılması protokolları bağlanmış və həmin sənədlər əsasında 4.020 manat dəyərində maye fosfor gübrəsinin, 44.880 manat dəyərində isə “Terra” dərman maddəsinin verilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqdim edilmiş bütün yazılı sübutları, şahid ifadələrini və ekspert rəyini birlikdə qiymətləndirərək yalnız 48.900 manat dəyərində malların faktiki təhvil verildiyini, bunun nəticəsində cavabdehin iddiaçı qarşısında 21.073 manat məbləğində öhdəliyinin qaldığını müəyyən etmişdir.

2. Apellyasiya şikayətində əsas dəlil kimi göstərilmişdir ki, məhkəmə ##.##.2025-ci il tarixli ilkin müqaviləni, qiymətlərin razılaşdırılması protokollarını, təhvil-təslim aktlarını və qaimə-fakturaları sübut kimi nəzərə almamışdır. Lakin iş materiallarının məzmunu bunun əksini göstərir. Birinci instansiya məhkəməsi həmin sənədlərin hər birini ayrıca və digər sübutlarla qarşılıqlı əlaqədə tədqiq etmiş, onların əsasında mübahisəsiz və mübahisəli halları bir-birindən fərqləndirmişdir. Belə ki, məhkəmə ##.##.2025-ci il tarixli təhvil-təslim aktı üzrə 4.020 manat dəyərində maye fosfor gübrəsinin, ##.##.2025-ci il tarixli sənədlər üzrə 880 manat dəyərində “Terra” preparatının, eləcə də ##.##.2025-ci il tarixli ******* nömrəli qaimə-faktura və onunla bağlı təhvil-təslim aktı üzrə 44.000 manat məbləğində malların təhvil verilməsini qəbul etmiş, məhz bu sənədlər əsasında ümumilikdə 48.900 manat məbləğində malın təqdim olunduğunu müəyyən etmişdir. Deməli, apellyasiya şikayətində irəli sürülən "təqdim edilmiş sənədlər ümumiyyətlə nəzərə alınmamışdır" dəlili iş materiallarının məzmunu ilə təkzib olunur.

3. Şikayətçi ##.##.2025-ci il tarixdə iki dəfə 44.000 manat məbləğində mal təqdim etdiyini, əks halda eyni tarixli qiymətlərin razılaşdırılması protokollarının bağlanmasının mümkün olmayacağını bildirsə də, bu iddia iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, birinci instansiya məhkəməsi bu halı xüsusi araşdırmış, ##.##.2025ci il tarixli ******* nömrəli qaimə-faktura və ona uyğun təhvil-təslim aktının həqiqiliyini ekspertiza predmeti etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */** nömrəli rəyinə əsasən həmin sənədlərdə "Təhvil aldı" qrafasında olan imzaların X3 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə iclasında dindirilmiş X3 da göstərmişdir ki, ##.##.2025-ci il tarixdə yalnız bir dəfə 44.000 manat məbləğində mal qəbul etmiş, ******* nömrəli qaimə-faktura və ona uyğun təhvil-təslim aktındakı imzalar ona məxsus deyildir. Belə olan halda məhkəmənin yalnız ******* nömrəli qaimə-faktura üzrə təqdimatı qəbul etməsi, digər eyni məzmunlu sənədləri isə mötəbər sübut hesab etməməsi tam əsaslı olmuşdur.

4. Apellyasiya şikayətində müqavilədə malların təqdim edilmə tarixi barədə şərtin nəzərdə tutulmaması və malların faktiki təqdim edilməsinin protokolların mövcudluğu ilə sübuta yetirildiyi göstərilsə də, kollegiya hesab edir ki, kommersiya münasibətlərində qiymətlərin razılaşdırılması protokollarının mövcudluğu öz-özlüyündə malın faktiki təhvil verilməsi faktını təsdiq etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqavilələrini tənzimləyən müddəalarına əsasən satıcının əsas vəzifəsi malı alıcıya faktiki təhvil vermək, alıcının isə həmin malı qəbul etdikdən sonra dəyərini ödəməkdir. Mübahisə yarandıqda malın təqdim edilməsini sübut etmək vəzifəsi həmin fakta istinad edən tərəfin üzərinə düşür. Bu baxımdan yalnız protokolların mövcudluğu deyil, malların qəbulunu təsdiq edən etibarlı təhvil-təslim sənədləri, qaimə-fakturalar və digər mötəbər sübutlar tələb olunur.

5. Kollegiya həmçinin nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh qarşılıqlı iddiasını 92.900 manat borcun mövcudluğu ilə əsaslandırsa da, həmin məbləğin yaranmasını təsdiq edən mötəbər və bir-birini tamamlayan sübutlar təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında olan ekspert rəyi və şahid ifadəsi onun istinad etdiyi əsas sənədlərdən birinin etibarlılığını istisna etmişdir. MPM-in 88-ci maddəsinə uyğun olaraq məhkəmə heç bir sübutu qabaqcadan müəyyən edilmiş qüvvəyə malik hesab etmədən onların hər birini daxili inam əsasında qiymətləndirmiş və hansı səbəbdən ##.##.2025-ci il tarixli ******* nömrəli qaiməfakturanı mötəbər hesab etmədiyini qətnamədə ətraflı əsaslandırmışdır. Buna görə də şikayətçinin məhkəmənin sübutları qiymətləndirmədiyi barədə dəlili əsaslı sayıla bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

İlkin iddia üzrə cavabdeh İbrahimov Cavanşir Zakir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar