Məhkəmə qərarları › İş №e-2-2(3-9)-105/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-105/2026

02.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-105/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi” barədə kiçik iddia ərizəsinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tələbi. Şirvan şəhəri, # #### 2026-c il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu, (sədrlik edən, məruzəçi) Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair kiçik iddia üzrə kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(4-14)-432/2026 saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 4511.93 manat əsas borc, 262.85 manat faiz borcu və 2.65 manat cərimə (gecikdirilmə faizləri) borcu, ümumilikdə cəmi 4777.43 manat borcun və 67.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh1 İddiaçı ASC-dən 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. ##.##.2024-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq ##.##.2024-cü il tarixdə cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. ##.##.2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən cavabdeh1 İddiaçı ASC-dən illik 22% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin ######ın #-dək cavabdeh1 banka ##.##.2024-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 4511.93 manat əsas borc, 262.85 manat faiz borcu və 2.65 manat cərimə (gecikdirilmə faizləri) borcu, ümumilikdə cəmi 4777.43 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPMnin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) cavabdehlər cavabdeh1 və cavabdeh2 poçt vasitəsi ilə təqdim olunmuş, lakin cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(4-14)-432/2026 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 4511,93 manat əsas borc, 262,85 manat faiz borcu və 2,65 manat cərimə olmaqla, cəmi 4777,43 (dörd min yeddi yüz yetmiş yeddi manat, qırx üç qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 67,77 (altmış yeddi manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətimi təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə razı deyil və hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən həm maddi, həm də prosessual hüquq normaları pozulmuş, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Bildirilmişdir ki, İddiaçı ASC-nin Salyan filialı tərəfindən ona 120 ay müddətinə 20.000 manat kredit limiti ayrılmış, daha sonra ##.##.2024-cü il tarixində 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit götürdüyü zaman daimi iş yerinin və sabit gəlirinin olduğu, ödənişləri vaxtında həyata keçirdiyi, sonradan isə iş yerini itirdiyi üçün qrafik üzrə tam ödəniş etmək imkanının olmadığı göstərilmişdir. Bununla əlaqədar bankın Salyan filialına yaxınlaşaraq mövcud vəziyyətini izah etdiyi, qrafik üzrə tam ödəniş edə bilmədiyini bildirdiyi, bank əməkdaşları tərəfindən isə imkan çatdığı qədər ödəniş etməsinin məqsədəuyğun olduğu bildirildiyi qeyd edilmişdir. Bundan sonra 7 ay ərzində hər ay 150 manat məbləğində ödəniş etdiyi, lakin sonradan məlum olduğu kimi həmin ödənişlərin hamısının yalnız faiz borcuna silindiyi, əsas borcdan çıxılmadığı göstərilmişdir. Şikayətdə bank tərəfindən hesablamaların hansı qaydada aparılmasının məhkəmə tərəfindən araşdırılmadığı, təqdim olunmuş maliyyə hesablamalarının düzgünlüyünün yoxlanılmadığı, məhkəmənin yalnız bankın təqdim etdiyi birtərəfli hesablamalara əsaslandığı, halbuki kredit borcunun, faizlərin və aparılmış ödənişlərin düzgün hesablanmasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olduğu bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən ona iddia ərizəsinin surəti və məhkəmə iclasının vaxtı və yeri barədə məlumat faktiki olaraq təqdim edilməmiş, bu səbəbdən iddia tələbinə qarşı etirazını, sübutlarını və mövqeyini məhkəməyə təqdim etmək imkanından məhrum olmuş, nəticədə çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya şikayətinə qarşı etiraz və işə məhkəmə iclasında baxılması barədə vəsatət məhkəməyə daxil olmadığından, Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də məhkəmə Kollegiyası qətnamənin əsaslılığını cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonrakı redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(4-14)- 432/2026 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh1 (kredit alan) arasında bağlanmış ##.##.2024-cü il tarixli, **-MCR-*-***-** saylı Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh1 İddiaçı ASC-nin “Salyan” filialından 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh1 (kredit alan) arasında bağlanmış ##.##.2024-cü il tarixli, **-MCR-*-***-**/* saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 7000 manat kredit götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin kredit müqavilə üzrə Borcalan cavabdeh1 Bank qarşısında götürdüyü öhdəlikləri tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq barədə öhdəliyi öz üzərinə götürür. İş materiallarında olan **-MCR-*-***-** saylı Kredit limitinin * saylı əlavəsinə əsasən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh1 hesabına 7000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan ##.##.2024-cü il tarixli, “ödəniş cədvəli”nin surətindən görünür ki, ##.##.2024-cü il tarixli, **-MCR-*-***-**/* nömrəli kredit müqaviləsi üzrə son ödəniş tarixi ##.##.2027-ci il kimi qeyd olunmuşdur. 12. İş materiallarında olan ##.##.2025ci il tarixli maliyyə arayışından görünür ki, 30- MCR-*-***-**/* saylı kredit müqaviləsi üzrə cavabdeh1 borcu 4511.93 manat əsas, 262.85 manat faiz borcu, 2.65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4777.43 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfidən iddia ərizəsi vermək üçün 67.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, bankın təqdim etdiyi hesablamaların düzgünlüyünü yoxlamadan qətnamə qəbul etmiş, edilən ödənişlərin əsas borca və faiz borcuna hansı qaydada silinməsini müəyyən etməmiş, bu məsələlərin aydınlaşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Bundan başqa, cavabdeh iddia ərizəsinin surətinin və məhkəmə iclası barədə bildirişlərin ona təqdim edilmədiyini, bu səbəbdən müdafiə hüququndan tam istifadə edə bilmədiyini, qətnamənin maddi və prosessual hüquq normalarına uyğun çıxarılmadığını və bu səbəbdən ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməli olduğunu göstərmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, həmin razılaşmaya əsasən cavabdeh cavabdeh1 120 ay müddətinə 20.000 manat kredit limiti ayrılmış, sonradan ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə ona illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 7000 manat kredit verilmiş, kredit vəsaiti onun hesabına köçürülmüşdür. Həmin öhdəliyin təminatı kimi cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin borcalanla birlikdə öhdəliklərin tam həcmdə icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından isə müəyyən olunur ki, ##.##.2025-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 4511,93 manat əsas borcu, 262,85 manat faiz borcu və 2,65 manat cərimə borcu yaranmışdır. Həmçinin bank tərəfindən ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubu ilə borcun könüllü qaydada ödənilməsi tələb edilsə də, həmin öhdəlik yerinə yetirilməmişdir. Birinci instansiya məhkəməsi də məhz bu yazılı sübutlara əsaslanaraq kredit müqaviləsindən irəli gələn öhdəliyin lazımınca icra olunmadığını müəyyən etmişdir.

2. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, kredit götürərkən daimi iş yeri və sabit gəliri olmuş, sonradan iş yerini itirdiyi üçün ödənişləri tam şəkildə həyata keçirə bilməmiş, bank əməkdaşlarının məsləhəti ilə yeddi ay ərzində hər ay 150 manat ödəniş etmiş, lakin həmin ödənişlər yalnız faiz borcuna silinmiş, əsas borcdan çıxılmamışdır. O, hesab etmişdir ki, bankın hesablamalarının düzgünlüyü araşdırılmamış, bu səbəbdən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Çünki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməyə borcludur. Cavabdeh isə ödənişlərin bank tərəfindən düzgün silinmədiyini, maliyyə arayışında göstərilən borcun səhv hesablandığını və ya bank hesablamalarının yanlış olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Təkcə hesablamalarla razılaşmamaq və ekspertiza keçirilməsi barədə ümumi mülahizə irəli sürmək iddiaçının təqdim etdiyi rəsmi maliyyə sənədlərinin mötəbərliyini şübhə altına almaq üçün kifayət etmir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq borcun məbləğinin müəyyən edilməsinə imkan verən kifayət qədər yazılı sübutların mövcud olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur. Bu səbəbdən ekspertiza təyin edilməməsi iş üzrə natamam araşdırma kimi qiymətləndirilə bilməz.

2. Bundan başqa apellyator birinci instansiya məhkəməsi zamanı işlə bağlı məhkəməyə hər hansı yazılı mülahizə, etiraz və ya vəsatət təqdim etməmiş, bununla da iddiaya hər hansı münasiət bildirməmiş, işə şifahi icraat qaydasında baxılmasını xahiş etməmişdir.

3. Kollegiya apellyasiya şikayətində irəli sürülmüş prosessual pozuntu ilə bağlı dəlilləri də əsassız hesab edir. Şikayətdə cavabdeh iddia ərizəsinin surətinin və məhkəmə iclası barədə məlumatın ona təqdim edilmədiyini göstərsə də, iş materiallarından görünür ki, iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad, iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş cavabdehlərə poçt vasitəsilə göndərilmiş, lakin onlar tərəfindən iddiaya etiraz və ya hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, hazırkı mübahisə kiçik iddia olduğundan MPM-in 284-5.3-cü maddəsinə uyğun olaraq belə işlər tərəflərin təqdim etdikləri sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahat vermək üçün çağırılmadan həll edilir. Deməli, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş icraat qaydasını tətbiq etmiş və bu baxımdan prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Cavabdeh isə məhkəmə tərəfindən ona bildirişlərin çatdırılmadığını təsdiq edən hər hansı obyektiv sübut təqdim etməmişdir.

4. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 743.1, 742.1, 385.1, 399.1 və 442-ci maddələrinə istinad etməklə düzgün olaraq göstərmişdir ki, kredit müqaviləsi bağlandığı andan tərəflər üçün məcburi hüquqi nəticələr doğurmuş, bank öz öhdəliyini yerinə yetirərək kredit vəsaitini cavabdehin hesabına köçürmüş, cavabdeh isə həmin vəsaiti müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə faizlə birlikdə qaytarmalı olmuşdur. Müqavilə üzrə öhdəliyin icra edilməməsi Mülki Məcəllənin 742.5-ci maddəsinə əsasən kreditora borcun məhkəmə qaydasında tələb edilməsi hüququ vermişdir. Eyni zamanda zaminlik müqaviləsinə əsasən cavabdeh2 Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrinə uyğun olaraq borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıdığından borcun hər iki cavabdehdən müştərək qaydada tutulması barədə nəticə də qanunvericiliyin tələblərinə tam uyğundur.

5. Apellyasiya şikayətində bankın ödənişləri əvvəlcə faizə silməsi ədalətsiz hesab edilsə də, həmin halın müqavilə şərtlərinə zidd olduğunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdeh kredit müqaviləsinin etibarsızlığı, öhdəliyin xitamı və ya borcun ödənilməsi barədə də hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materiallarında olan kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və xəbərdarlıq məktubu iddiaçının tələbini təsdiq edir. Buna görə də birinci instansiya məhkəməsi MPM-in 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olaraq yalnız təqdim edilmiş sübutlar əsasında nəticəyə gəlmişdir.

6. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və gəldiyi hüquqi nəticəni təkzib etmir. Şirvan Kommersiya Məhkəməsi iş üzrə sübutları tam və obyektiv qiymətləndirmiş, Mülki Məcəllənin kredit və zaminlik münasibətlərini tənzimləyən müddəalarını, eləcə də MPM-in sübutetmə və kiçik iddialara dair icraat qaydasını düzgün tətbiq etmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(4-14)-432/2026 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar