Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-115/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi (alqı-satqı). Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 13.804 manat əsas borc və ödənilmiş 132 manat dövlət rüsumunun, cəmi 13.936 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh iddiaçıdan ## ###### 2019-cu il tarixli qaimə ilə dəyəri 990 (doqquz yüz doxsan) manat, ## ###### 2019cu il tarixli qaimə ilə dəyəri 3900 (üç min doqquz yüz) manat, ## ######## 2019-cu il tarixli qaimə ilə dəyəri 786 (yeddi yüz səksən altı) manat, ## ######## 2019-cu il tarixli qaimə ilə dəyəri 1572 (min beş yüz yetmiş iki) manat, ## ###### 2019-cu il tarixli qaimə ilə dəyəri 2392 (iki min üç yüz doxsan dörd) manat, ## ###### 2019-cu il tarixli qaimə ilə dəyəri 1524 (min beş yüz iyirmi dörd) manat və ## ###### 2020-ci il tarixli qaimə ilə dəyəri 2640 (iki min altı yüz qırx) manat olan (cəmi 13 804 (on üç min səkkiz yüz dörd) dərman preparatları alıb. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ondan nisyə aldığı malları qəbul etdiyi tarixdən 1 il müddətinə, həmin malların satılıbsatılmasından asılı olmayaraq pulunu qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh ondan nisyə aldığı yuxarıda qeyd edilən dərman preparatlarının cəmi dəyəri olan 13 804 (on üç min səkkiz yüz dörd) manat pulu bu günədək qaytarmayıb. Bununla əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək pulun qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticə olmayıb. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən “xxxx” MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilib. Lakin, cavabdeh borcunu ödəməkdən yenə də imtina edib. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh 13 804 (on üç min səkkiz yüz dörd) manat və ödənilmiş 132 (yüz otuz iki) manat dövlət rüsumunun, cəmi 13 936 (on üç min doqquz yüz otuz altı) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 13.020 manat məbləğində əsas borc, 60 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 manat olmaqla, ümumilikdə 13.152 (bir on üç min yüz əlli iki) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətçi ilə İddiaçı arasında dərman preparatlarının alqı-satqısı olmuş, aldığı dərmanların dəyərinin böyük hissəsini ödəmiş, yalnız 3500 manat borcu qalmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikasında olmadığı müddətdə iddiaçı tərəfindən məhkəməyə verilmiş və onun iştirakı olmadan 13.020 manat borclu olması barədə qətnamə qəbul edilmişdir. Şikayətdə göstərilmişdir ki, həmin qətnamə ilə razı deyil, çünki əlində olan yazılı sübutlar İddiaçı cəmi 3500 manat borcunun qaldığını təsdiq edir. O, borcun 3500 manat məbləğində qalmasını etiraf etsə də, iddia tələbində göstərilən 13.020 manat məbləğində borcunun olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, ##.##.2020-ci il tarixdən ##.##.2026-cı il tarixədək Almaniya Federativ Respublikasında yaşamış, orada müalicə almış və xəstəliyi ilə əlaqədar ölkədən kənarda olduğuna görə qalan borcu ödəyə bilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə apellyasiya şikayətini əsasız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, cavabdeh mübahisəli dərman vasitələrinə görə iddiaçıya heç bir ödəniş etməyib. Onda belə sübutlar olsa idi ən azından apellyasiya şikayətinə əlavə edə bilərdi. Lakin cavabdeh məhkəmə iclasına da gəlməmiş və sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan qaimə-fakturaların surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 13.020 manat məbləğində dərman preparatları təqdim edilmişdir. Həmin dərman preparatları Cavabdeh tərəfindən təhvil alınaraq imzalanmışdır. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ##.##.2023-cü il, MŞL/MT ***/****-***** saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya dair xərc ödəmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, şikayətçi ilə İddiaçı arasında dərman preparatlarının alqı-satqısı olmuş, aldığı dərmanların dəyərinin böyük hissəsini ödəmiş, yalnız 3500 manat borcu qalmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikasında olmadığı müddətdə iddiaçı tərəfindən məhkəməyə verilmiş və onun iştirakı olmadan 13.020 manat borclu olması barədə qətnamə qəbul edilmişdir. Şikayətdə göstərilmişdir ki, həmin qətnamə ilə razı deyil, çünki əlində olan yazılı sübutlar İddiaçı cəmi 3500 manat borcunun qaldığını təsdiq edir. O, borcun 3500 manat məbləğində qalmasını etiraf etsə də, iddia tələbində göstərilən 13.020 manat məbləğində borcunun olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, ##.##.2020-ci il tarixdən ##.##.2026-cı il tarixədək Almaniya Federativ Respublikasında yaşamış, orada müalicə almış və xəstəliyi ilə əlaqədar ölkədən kənarda olduğuna görə qalan borcu ödəyə bilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında 2019-cu ilin avqust ayından 2020-ci ilin yanvar ayınadək dərman preparatlarının nisyə satışı ilə bağlı şifahi alqı-satqı münasibətləri yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş ##.##.2019-cu il, ##.##.2019cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il və ##.##.2020-ci il tarixli qaiməfakturalar əsasında cavabdehə müxtəlif tarixlərdə dərman preparatlarının verildiyi, həmin malların cavabdeh tərəfindən qəbul edilərək qaimələrdə imza edilməklə təhvil alındığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iş materiallarında olan qaimə-fakturalara əsasən cavabdehə ümumilikdə 13.020 manat məbləğində dərman preparatlarının təqdim edildiyi müəyyən edilmiş, tərəflər arasında şifahi alğı-satqı müqaviləsinin bağlandığı və cavabdehin həmin malları təhvil aldığı qənaətinə gəlinmişdir. Məhkəmə iddia tələbində göstərilən 13.804 manat məbləğin iş materialları ilə təsdiq edilmədiyini nəzərə alaraq, qaimə-fakturalarla təsdiq olunan 13.020 manat məbləğində borcun mövcud olduğunu qəbul etmiş və iddianı həmin hissədə qismən təmin etmişdir. Beləliklə, iş üzrə əsas mübahisə tərəflər arasında alğı-satqı münasibətlərinin mövcudluğu deyil, cavabdehin təqdim edilmiş malların dəyərini tam həcmdə ödəyibödəməməsi və bununla bağlı irəli sürülən tələbin hansı məbləğdə əsaslı olması məsələsidir.
2. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, tərəflər arasında dərman preparatlarının alğı-satqısı münasibətləri mövcud olmuş, lakin o, aldığı malların dəyərinin böyük hissəsini ödəmiş, yalnız 3.500 manat məbləğində borcu qalmışdır. Həmçinin bildirmişdir ki, borcun qismən ödənilməsini təsdiq edən yazılı sübutları mövcuddur, birinci instansiya məhkəməsi həmin sübutları araşdırmamış, qaimə-fakturalardakı imzaların ona məxsus olub-olmamasını yoxlamamış, onun 2020–2026-cı illərdə Almaniyada olmasına baxmayaraq iştirakı təmin edilmədən işə baxmış və nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir.
3. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlilləri əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində borcun 3500 manat qalmasını təsdiq edən "dəftərlər", "yazılar" və digər sənədlərin mövcud olduğunu bildirsə də, həmin sənədlərin məzmunundan 13.020 manat məbləğində təsdiq olunmuş borcun hansı hissəsinin ödənildiyini, ödənişlərin nə vaxt, hansı məbləğdə və hansı qaimələr üzrə həyata keçirildiyini müəyyən etməyə imkan verən konkret sübut təqdim etməmişdir. Şikayətdə yalnız ümumi xarakterli iddialar irəli sürülmüş, lakin qaimə-fakturalarla təsdiq edilmiş öhdəliyin icra olunduğunu sübut edən qəbz, ödəniş sənədi və ya digər mötəbər yazılı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd edilən sübutlar apellyasiya şikayətinə də əlavə edilməmişdir.
4. Şikayətçi qaimə-fakturalardakı imzaların ona məxsus olmamasının mümkün olduğunu bildirsə də, bu dəlil də inandırıcı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iştirak etmədiyindən imzaların saxtalığı barədə hər hansı vəsatət verməmiş, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini tələb etməmiş, imzaların ona məxsus olmamasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətində də bu barədə yalnız ehtimal xarakterli "bəlkə həmin imzalar mənə məxsus deyildir" ifadəsi ilə kifayətlənilmişdir. İmzaların saxtalığına dair hər hansı obyektiv sübut olmadığı halda, birinci instansiya məhkəməsinin qaimə-fakturaları mötəbər yazılı sübut kimi qəbul etməsi əsaslı olmuşdur.
5. Bundan başqa cavabdeh bir tərəfdən qaimələrdəki imzaların ona məxsus olmadığını, digər tərəfdən isə iddiaçı ilə aralarında dərman preparatlarının nisyə satışı ilə bağlı şifahi alqı-satqı münasibətləri yaranmasını bildirmiş və iddiaçıya 3500 manat borcunun qalmasını etiraf etmişdir. Bununla da cavabdeh işdə olan qaimələr üzrə məbləğləri qəbul etmişdir. Cavabdeh onun iddiaçıya 3500 manat borcunun qalmasını və qalan borcları iddiaçıya ödəməsini bildirsə də ödədiyi məbləğlərlə bağlı məhkəməyə hər hası mötəbər sübut təqdim etməmişdir.
6. Apellyasiya şikayətində cavabdehin Almaniyada yaşaması və xəstəliyi səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməməsi də qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə MPM-in 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxmışdır. Şikayətçi sonradan xarici ölkədə olması barədə istinad etsə də, həmin hal özü-özlüyündə iş üzrə iddia tələbinin mahiyyətini təkzib etmir və borcun mövcud olmamasını sübut etmir. Üstəlik, apellyasiya şikayətində göstərilən yeni hallar da yalnız müddətin bərpasına aid olub, iş üzrə borcun məbləğinin düzgün müəyyən edilmədiyini təsdiq edən yeni və mötəbər sübutlarla müşayiət olunmamışdır.
7. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərini düzgün olaraq Mülki Məcəllənin 567-ci maddəsi ilə tənzimlənən alqı-satqı müqaviləsi, 600.1ci maddəsi ilə nəzərdə tutulan nisyə satış münasibəti kimi qiymətləndirmişdir. Həmçinin Mülki Məcəllənin 14.2.1, 329.2, 329.3, 385.1, 442 və 448.2-ci maddələrinə istinad etməklə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında şifahi müqavilə bağlanmış, iddiaçı öz öhdəliyini yerinə yetirərək malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəmək öhdəliyini icra etməmişdir.
8. Cavabdeh apellyasiya baxışının iclası barədə məlumatlandırılsa da o iclasa gəlməmiş, müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu isə kollegiyaya cavabdehin şikayətinin formal mülahizələrdən ibarət olması qənaətinə gəlməsinə dəlalət edir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.