Məhkəmə qərarları › İş №e-2-2(3-9)-117/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-117/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-117/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqəyya Eldəniz qızına qarşı kredit borcunun tutulması və s. tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 Natıq qızının iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqəyya Eldəniz qızına qarşı kredit borcunun tutulması və s. tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh cavabdeh1 İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqəyya Eldəniz qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqəyya Eldəniz qızından müştərək qaydada iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış **-KQ nömrəli, ##.##.2024-cü tarixli Əlavə Kredit Müqaviləsi üzrə 37502,42 manat əsas borc, 297,82 manat faiz borcu olmaqla, cəmi 37800,24 manat məbləğində ödənilməmiş kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 203,4 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması; tutmanın ipoteka predmeti olan cavabdeh1 İsa oğluna məxsus Lənkəran rayonu, Digah kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 231.4 kv.m ümumi, 133.2 kv.m yaşayış, 98.2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2221005725, qeydiyyat tarixi: ##.##.2021) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, İpoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqəyya Eldəniz qızından müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh1 İsa oğlu arasında bağlanmış ****-ƏKM nömrəli, ##.##.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Borc alana 60 ay müddətinə (##.##.2026-cı il tarixinədək) 100000 manat ekvivalenti məbləğində bərpa olunan kredit litimi açılmışdır. Borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq Əlavə Kredit Müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Sözügedən Əsas Kredit Müqaviləsinin 1.1.2-ci bəndinə əsasən “Əlavə Kredit Müqaviləsi” dedikdə Əsas Kredit Müqaviləsinin tərkib hissəsi olan və onun 2.1-ci bəndində müəyyən edilmiş müddət və məbləğ çərçivəsində bağlanılan hər hansı kredit müqaviləsi, kredit xətti müqaviləsi, overdraft müqaviləsi, qarantiya verilməsi şərtləri barədə saziş, akkreditivin açılması baradə saziş və digər müqavilələr nəzərdə tutulur. Eyni zamanda Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh2 arasında ****/Z nömrəli, ##.##.2021-ci il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilələrin 1.1-ci bəndlərinə əsasən Zamin 1.2-ci bənddə qeyd olunmuş əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanılan və Müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələr üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Həmçinin sözügedən müqavilələrin 6.1-ci bəndlərindən görünür ki, Zaminlik müqavilələrinin Tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minməsi və ##.##.2029-cu il tarixədək qüvvədə olması barədə razılığa gəlinmişdir. Bundan başqa, Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh1 İsa oğlu arasında bağlanılmış 0425/İP nömrəli, ##.##.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh1 İsa oğluna məxsus Lənkəran rayonu, Digah kəndində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 231.4 kv.m ümumi, 133.2 kv.m yaşayış, 98.2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2221005725, qeydiyyat tarixi: ##.##.2021) ipoteka ilə yüklü edilmişdir. Daha sonra yuxarıda sözügedən Əsas Kredit Müqaviləsi çərçivəsindəİddiaçı ASC ilə cavabdeh1 İsa oğlu arasında bağlanmış **-KQ nömrəli, ##.##.2024-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən,Borc alana dövriyyə vəsaitlərin artırılması məqsədilə 24 ay müddətinə illik 15 faiz ödəmək şərtilə, 100000 manat məbləğində kredit verilmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə vaxtında və müəyyən edilmiş məbləğdə qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Eyni zamanda, **-KQ nömrəli, ##.##.2024-cü il tarixli Əlavə Kredit Müqaviləsinə dəyişiliklərin edilməsi barədə ##.##.2024-cü il tarixli ** saylı Əlavə sazişə əsasən Əlavə Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh3 arasında 40-İZG/1 nömrəli, ##.##.2024-cü il tarixli Zaminlik Müqaviləsi və Bankla İsmayılova Ruqəyya Eldəniz qızı arasında 40-İZG/2 nömrəli, ##.##.2024-cü il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. Habelə ****-ƏKM nömrəli, ##.##.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinin 7.2-ci bəndində Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddət və kredit limiti çərçivəsində Borc alana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla Borc alana verilən bütün Kreditlər üzrə öhdəliklər yuxarıda göstərilən əmlakın ipotekası və zaminliklərlə təmin edilməsi öz əksini tapmışdır. Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmış Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borc alana, zaminə və ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş ##.##.2025-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi İdarəsində qeydə alınmışdır. Həmin bildirişin qeydə alınması üçün tərəfimizdən ümumilikdə 52,48 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Bildirişin qeydə alınması barədə məktub və dövlət rüsumu və xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir. Bundan başqa, tərəfimizdən cavabdehlərə kreditlərin qaytarılması haqqında ##.##.2025-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) Elektron Məhkəmə Sistemi, poçt, hüquqi şəxs olan cavabdehlərə isə əlavə olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinet (Vergi Xidmətində olan onlayn kargüzarlıq) vasitəsi ilə göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, ****-ƏKM nömrəli, ##.##.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış **-KQ nömrəli, ##.##.2024-cü tarixli Əlavə Kredit Müqaviləsiüzrə cavabdehlərin Banka 37502,42 manat əsas borc, 297,82 manat faiz borcu olmaqla, cəmi 37800,24 manat məbləğində ödənilməmiş kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında hesablanmış kredit borcunun cavabdehlərdən tələb edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlaka ilkin satış qiymətinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və əldə olunmuş vəsaitin kredit borcuna ödənilməsi zərurəti yaranmışdır. Hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 37800,24 manat olduğundan, iddia irəli sürülərkən 203,4 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı İddiaçı ASC ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqayya Eldəniz qızından iddiaçı İddiaçı ASC-nin xeyrinə 34083,04 manat əsas, 369,17 manat faiz borcu, 292,57 manat cərimə borcu olmaqla, cəmi 34730,58 manat məbləğində kredit borcunun və ödənilmiş 203,4 manat dövlət rüsumunun, habela 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 birinci instansiya məhkəmə iclasında iddia ərizəsinin və ##.##.2026-cı il tarixli ərizənin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqəyya Eldəniz qızı məhkəmə baxış iclasında işitrak etməmişlər. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqəyya Eldəniz qızından müştərək qaydada ##.##.2021-ci il tarixli ****-ƏKM nömrəli kredit müqaviləsi üzrə 34083,04 manat məbləğində əsas borc, 288,70 manat məbləğində faiz, 80,47 manat məbləğində gecikdirmə faizi, 100 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqı, 203,4 manat dövlət rüsumu olmaqla, cəmi 34552,21 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh1 İsa oğluna məxsus Lənkəran rayonu, Digah kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 231.4 kv.m ümumi, 133.2 kv.m yaşayış, 98.2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Lənkəran rayonu, Digah kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 231.4 kv.m ümumi, 133.2 kv.m yaşayış, 98.2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 67000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən təmin edilmiş iddianın qiymətinə uyğun hissəsinin İddiaçı ASC-nə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh1 İsa oğlu, cavabdeh2, cavabdeh3, İsmayılova Ruqəyya Eldəniz qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh1 İsa oğlu apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ### 2026-ci il tarixli qətnaməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsi, ipoteka predmeti olan ləğv edilməsi Lənkəran rayonunun Digah kəndində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin real olaraq qiymətləndirilməkdən ötrü təkrar və əlavə əmtəəşünaslıq ekspertiza təyin edilməklə veriləcək ekspert rəyinə uyğun olaraq sadalanan halların araşdırılmaqla qanuni və əsaslı qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan fərdi yaşayış evinin real bazar qiyməti müəyyən edilməmiş, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini özəl təşkilata həvalə etmiş, “xxxx” MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyində fərdi yaşayış evi 67.000 manat dəyərində qiymətləndirilsə də, həmin ərazidə analoji evlərin bazar dəyəri 120.000–150.000 manat təşkil edir. Həmçinin qeyd edilmişdir ki, ipoteka predmeti təkcə fərdi yaşayış evi deyil, onun yerləşdiyi 0,06 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuş olsa da, qiymətləndirmə yalnız ev üzrə aparılmış, torpaq sahəsinə ümumiyyətlə qiymət verilməmiş, fərdi yaşayış evinə də fiziki baxış keçirilmədən, müqavilə bağlanarkən çəkilmiş beş il əvvəlki fotoşəkillər əsasında vizual qiymətləndirmə aparılmışdır. Bu səbəbdən iş üzrə təkrar əmtəəşünaslıq ekspertizasının təyin olunaraq fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin birlikdə real bazar qiymətinin müəyyən edilməli olduğu, bundan sonra ipoteka predmetinin həmin qiymətlə açıq hərraca çıxarılmalı olduğu bildirilmişdir. Bu əsaslarla qətnamənin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilərək ipoteka predmetinin real bazar qiymətinin müəyyən edilməsi üçün təkrar və əlavə əmtəəşünaslıq ekspertizasının təyin olunması xahiş edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 Natıq qızı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh ipoteka predmetinin dəyərini mübahisələndirir. Halbuki cavabdeh evi 2021-ci il tarixində ipoteka ilə yüklü edərkən tərəflərin razılığı ilə 30000 manat qiymətləndirilib. Hazırda isə evin likvid dəyəri 67000 manat qiymətləndirilib. Bu isə ağlabatan hesab edilməlidir. Bundan başqa cavabdeh evin qiymətinin daha çox olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh cavabdeh1 İsa oğlu apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ### 2026-ci il tarixli qətnaməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsi, ipoteka predmeti olan Lənkəran rayonunun Digah kəndində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin real olaraq qiymətləndirilməkdən ötrü təkrar və əlavə əmtəəşünaslıq ekspertiza təyin edilməklə veriləcək ekspert rəyinə uyğun olaraq sadalanan halların araşdırılmaqla qanuni və əsaslı qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Baxılan iş üzrə tərəflər arasında hüquq münasibətləri yaranan zamankı redaksiyasında MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti Qapalı bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, ##.##.2020ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh cavabdeh1 İsa oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli ****/ƏKM nömrəli əsas kredit müqaviləsinin surətindən görünür ki, cavabdeh1 İsa oğluna 60 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh2 arasında bağlanılmış ****/Z-* nömrəli, ##.##.2021-ci il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndlərinə əsasən Zamin Əsas Kredit Müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsdində bağlanan müqavilələr üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh cavabdeh1 İsa oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli **/KQ nömrəli əlavə kredit müqaviləsinin surətindən görünür ki, cavabdeh1 İsa oğluna aylıq 15 faiz dərəcəsi ilə 24 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2021-ci il tarixli ****/ƏKM nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi ##.##.2026-cı il kimi müəyyən edilmişdir. İş materiallarında olan **-KQ nömrəli, ##.##.2024-cü il tarixli Əlavə Kredit Müqaviləsinə dəyişiliklərin edilməsi barədə ##.##.2024-cü il tarixli ** saylı Əlavə sazişə əsasən Əlavə Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh3 arasında 40-İZG/1 nömrəli, ##.##.2024-cü il tarixli Zaminlik Müqaviləsi və Bankla İsmayılova Ruqəyya Eldəniz qızı arasında 40-İZG/2 nömrəli, ##.##.2024-cü il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh1 İsa oğlu arasında bağlanılmış 0425/İP nömrəli, ##.##.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh1 İsa oğluna məxsus Lənkəran rayonu, Digah kəndində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 231.4 kv.m ümumi, 133.2 kv.m yaşayış, 98.2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2221005725, qeydiyyat tarixi: ##.##.2021) ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh1 İsa oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** nömrəli, ##.##.2026-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh1 İsa oğlu arasında bağlanmış ##.##.2025-ci tarixli 0425 ƏKM saylı kredit müqaviləsinə əsasən cavabdeh1 İsa oğlunun əsas borcu üzrə 40110,6 manat, faiz borcu üzrə 123,1 manat borcunun olması müəyyən olunur. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadı ilə ipoteka predmeti daşınar əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuşdur və həmin MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair ##.##.2024- cü il tarixli qiymətləndirmə hesabatı ilə cavabdeh1 İsa oğluna məxsus Lənkəran rayonu, Digah kəndində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 231.4 kv.m ümumi, 133.2 kv.m yaşayış, 98.2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 84000 manat, likvid dəyəri 67000 manat məbləğində olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh1 İsa oğlu narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin real bazar qiyməti müəyyən edilməmiş, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini özəl təşkilata həvalə etmiş, “xxxx” MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyində fərdi yaşayış evi 67.000 manat dəyərində qiymətləndirilsə də, həmin ərazidə analoji evlərin bazar dəyəri 120.000–150.000 manat təşkil edir. Həmçinin qeyd edilmişdir ki, ipoteka predmeti təkcə fərdi yaşayış evi deyil, onun yerləşdiyi 0,06 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuş olsa da, qiymətləndirmə yalnız ev üzrə aparılmış, torpaq sahəsinə ümumiyyətlə qiymət verilməmiş, fərdi yaşayış evinə də fiziki baxış keçirilmədən, müqavilə bağlanarkən çəkilmiş beş il əvvəlki fotoşəkillər əsasında vizual qiymətləndirmə aparılmışdır. Bu səbəbdən iş üzrə təkrar əmtəəşünaslıq ekspertizasının təyin olunaraq fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin birlikdə real bazar qiymətinin müəyyən edilməli olduğu, bundan sonra ipoteka predmetinin həmin qiymətlə açıq hərraca çıxarılmalı olduğu bildirilmişdir. Bu əsaslarla qətnamənin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilərək ipoteka predmetinin real bazar qiymətinin müəyyən edilməsi üçün təkrar və əlavə əmtəəşünaslıq ekspertizasının təyin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh1 İsa oğlu arasında ##.##.2021-ci il tarixli ****-ƏKM nömrəli əsas kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında borcalana 100.000 manat məbləğində kredit limiti açılmış, daha sonra isə ##.##.2024-cü il tarixli **-KQ nömrəli əlavə kredit müqaviləsi ilə 100.000 manat məbləğində kredit verilmişdir. Həmin öhdəliyin təminatı kimi cavabdeh2, cavabdeh3 və İsmayılova Ruqəyya Eldəniz qızı ilə zaminlik müqavilələri, cavabdeh1 İsa oğluna məxsus Lənkəran rayonu, Digah kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi barədə isə ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələri üzrə öhdəliklərin pozulması səbəbindən borcalana və zaminlərə qanunvericiliyin tələblərinə uyğun qaydada bildirişlər göndərilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin buna baxmayaraq borc könüllü qaydada ödənilməmişdir.

2. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi kredit müqavilələrini, əlavə sazişləri, zaminlik və ipoteka müqavilələrini, hesabdan çıxarışları, maliyyə arayışını, xəbərdarlıq məktublarını, məhkəmə-mühasibatlıq ekspertizasının rəyini və qiymətləndirmə hesabatını birlikdə qiymətləndirərək müəyyən etmişdir ki, cavabdehlər kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə 34.083,04 manat əsas borc, 288,70 manat faiz, 80,47 manat gecikdirmə faizi və 100 manat cərimə borcu yaranmışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz təqdim etməmiş, həmçinin borcun ödənilməsini və ya öhdəlikdən azad edilmələrini təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Buna görə də məhkəmənin kredit borcunun tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 462.1 və 465.2-ci maddələrinin tələblərinə tam uyğundur.

3. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ipoteka predmeti olan fərdi yaşayış evi real bazar qiymətindən aşağı qiymətləndirilmiş, torpaq sahəsi qiymətləndirilməmiş, əmlaka fiziki baxış keçirilməmiş və bu səbəbdən təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməli idi. Lakin kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, ipoteka predmetinin bazar və likvid qiymətinin müəyyən edilməsi məqsədilə Şirvan Kommersiya Məhkəməsinin qərardadı ilə qiymətləndirmə aparılması "xxxx" MMC-yə həvalə edilmiş, həmin təşkilat tərəfindən hazırlanmış qiymətləndirmə hesabatında ipoteka predmetinin bazar dəyəri 84.000 manat, likvid dəyəri isə 67.000 manat müəyyən edilmişdir. Məhkəmə məhz hərrac satışının həyata keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq likvid qiyməti əsas götürmüşdür. İş materiallarında həmin rəyin qeyri-mötəbər olduğunu, qəbul edilmiş metodikanın düzgün olmadığını və ya qiymətləndiricinin qanunvericiliyin tələblərini pozduğunu təsdiq edən hər hansı ekspert rəyi və ya digər mötəbər sübut mövcud deyildir. Şikayətçinin yalnız həmin ərazidə evlərin 120- 150 min manat dəyərində satıldığı barədə subyektiv mülahizəsi qiymətləndirmə rəyini etibarsız hesab etmək üçün kifayət etmir.

4. Apellyasiya şikayətində torpaq sahəsinin ayrıca qiymətləndirilmədiyi göstərilsə də, həmin dəlil də qətnamənin ləğvinə əsas vermir. Belə ki, qiymətləndirmə hesabatı ipoteka predmeti kimi müəyyən edilmiş daşınmaz əmlaka, yəni Lənkəran rayonu, Digah kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə münasibətdə tərtib edilmiş, birinci instansiya məhkəməsi də tutmanı məhz ipoteka müqaviləsində göstərilən daşınmaz əmlaka yönəltmişdir. Göründüyü kimi fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə qiymətləndirilmişdir. Şikayətçi torpaq sahəsinin ayrıca qiymətləndirilməməsinin qiymətləndirmənin nəticəsinə necə təsir etdiyini və bunun qətnamənin qanuniliyini aradan qaldıran hansı hüquqi nəticəyə səbəb olduğunu sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşdüyündən, bu dəlil yalnız ehtimallara əsaslandığından qəbul edilə bilməz.

5. Kollegiya həmçinin nəzərə alır ki, MPM-in 88-ci maddəsinə uyğun olaraq məhkəmə sübutları obyektiv, hərtərəfli və tam qiymətləndirməklə nəticəyə gəlmişdir. İş üzrə həm borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə yoxlanılmış, həm də ipoteka predmetinin qiymətləndirilməsi xüsusi bilik tələb etdiyindən müvafiq qiymətləndirici cəlb edilmişdir. Mövcud rəy qeyri-müəyyən, ziddiyyətli və ya natamam olmadığından, onun düzgünlüyünə şübhə yaradan obyektiv əsaslar müəyyən edilmədiyindən əlavə və ya təkrar ekspertiza təyin edilməsinə zərurət yaranmamışdır. Apellyasiya şikayətində göstərilən hallar isə mövcud ekspert rəyini təkzib edən yeni sübutlarla təsdiq olunmadığından, bu özlüyündə qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.

6. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh cavabdeh1 İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar