Məhkəmə qərarları › İş №e-2-2(3-9)-132/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-132/2026

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-132/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2-2(121)-4324/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh MMC-yə qarşı – ##.##.2022-ci il tarixli, AEN/09-22 seriyalı alqı-satqı müqaviləsi üzrə 173.113,58 manat məbləğində əsas borc və 17.311,35 manat cərimə borcu, həmçinin 481 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə isə 190.905,93 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında ##.##.2022-ci il tarixli, AEN/09-22 seriyalı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə cavabdehin ümumi dəyəri 1.187.956,87 manat olan müxtəlif kompüter, noutbuk, printer və digər İT avadanlıqları təhvil verilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən, sifarişçi ödənişi tam məbləğdə 30 gün ərzində icraçının hesabına köçürməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə təhvil aldığı malların dəyərindən 1.014.843,29 manat ödəniş edilmiş, lakin cavabdeh müqavilə şərtlərinin kobud şəkildə pozaraq qalan 173.113,58 manat məbləğində əsas borc bu günədək ödənilməmişdir. Nəticə etibarilə cavabdehin ##.##.2022ci il tarixli, AEN/09-22 seriyalı alqı-satqı müqavilə üzrə iddiaçı qarşısında 173.113,58 manat məbləğində əsas borc və 17.311,35 manat cərimə borcu yaranmışdır. Dəfələrlə cavabdeh hüquqi şəxsin əməkdaşları ilə telefon əlaqəsi saxlanılmış və alqı-satqı müqavilələri üzrə borcun ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəf müqavilə öhdəliklərinə ciddi yanaşmamışdır. Cavabdehə sürətli poçt və vergi kargüzarlığı vasitəsi ilə göndərilən pretenziya məktubları üzrə də borcun könüllü qaydada bağlanması ilə bağlı son xəbərdarlıq müddəti başa çatmışdır. Tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin 7.4-cü bəndinə əsasən, sifarişçi tərəfindən köçürmələrin gecikdirilməsinə görə hər gün üçün 0,1% məbləğində dəbbə pulu ödənməsi nəzərdə tutulduğundan cavabdeh cəmiyyətdən əsas borcla yanaşı cərimə məbləğləri də tutulmalıdır. Sonradan iddiaçı məhkəməyə “iddia həcminin azaldılması” barədə ərizə ünvanlayaraq, ##.##.2022-ci il tarixli, AEN/09-22 seriyalı alqı-satqı müqaviləsi üzrə 152.679,53 manat məbləğində əsas borc və 17.311,35 manat cərimə borcu, həmçinin 481 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə isə 170.471,88 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2-2(121)-4324/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 152.679,53 manat əsas borc və 8.656 manat cərimə olmaqla, cəmi 161.335,53 manat məbləğində pul vəsaitinin və 451,34 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edib iddia tələbinin əsas borcun tutulması hissəsində qismən təmin edilməsi, cərimə borcunun tutulması hissəsində isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxx” MMC-dən İddiaçı QSC-nin xeyrinə 152.679,53 manat əsas borc, 8.656 manat cərimə, cəmi 161.335,53 manat pul vəsaiti, habelə 451,34 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Şikayət verən hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə heç bir əsaslandırma aparmadan qeyd etmişdir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır, buna görə də iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. Halbuki, cavabdeh tərəfindən əsas borcdan qətnamədə qeyd ediləndən də artıq ödənişlər edilsə də, məhkəmə bunu nəzərə almamış, əsas borcun məbləğinin mübahisəli olmasına baxmayaraq bu barədə mühasibatlıq ekspertizası təyin etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyi halda, birinci instansiya məhkəməsi yenə də dəbbə pulunu yüksək məbləğdə, 8.656 manat məbləğində tutmuş, bununla da maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Bu əsaslarla qətnamənin ləğv edilərək əsas borcun tutulması hissəsində iddianın qismən təmin edilməsi, cərimə borcunun tutulması hissəsində isə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı İddiaçı QSC tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə öhdəliklərini icra etməmişdir. Cavabdeh hüquqi şəxsin rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq, o, borcu ödəməkdən yayınmışdır. Buna misal kimi cavabdehin borcu ödəməməkdən ötrü müxtəlif vaxtlarda müvəqqəti təminat tədbiri barədə qərardadlardan şikayətlər verdiyi, məhkəmənin isə həmin şikayətləri geri qaytardığı və yaxud rədd etdiyi göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə cavabdehin həmin şikayətləri təmin edilməmişdir. Etirazda daha sonra cavabdehin hazırda iddiaçıya ödəməli olduğu pul vəsaiti hesabına öz dövriyyəsini saxladığı və digər şirkətlərlə alış-veriş etdiyi bildirilmişdir. Bu əsaslarla məhkəmədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması, habelə apellyasiya şikayətinə iddiaçı nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edib iddia tələbinin əsas borcun tutulması hissəsində qismən təmin edilməsi, cərimə borcunun tutulması hissəsində isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır və qətnamə cərimə borcunun müəyyən edilməsinə dair hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında AEN/**-** saylı, ##.##.2022-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan sənədlərdən (qiymətlərin razılaşdırma protokollarının, təhviltəslim aktlarının, elektron qaimə-fakturalarının, qəbzlərin surətlərindən) görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə mal satılmışdır. Cavabdehin 152.679,53 manat məbləğində borcu qalmışdır. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək “xxxx” MMC-dən İddiaçı QSC-nin xeyrinə 152.679,53 manat əsas borc, 8.656 manat cərimə, cəmi 161.335,53 manat pul vəsaiti, habelə 451,34 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Şikayət verən hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə heç bir əsaslandırma aparmadan qeyd etmişdir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır, buna görə də iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. Halbuki, cavabdeh tərəfindən əsas borcdan qətnamədə qeyd ediləndən də artıq ödənişlər edilsə də, məhkəmə bunu nəzərə almamış, əsas borcun məbləğinin mübahisəli olmasına baxmayaraq bu barədə mühasibatlıq ekspertizası təyin etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyi halda, birinci instansiya məhkəməsi yenə də dəbbə pulunu yüksək məbləğdə, 8.656 manat məbləğində tutmuş, bununla da maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Bu əsaslarla qətnamənin ləğv edilərək əsas borcun tutulması hissəsində iddianın qismən təmin edilməsi, cərimə borcunun tutulması hissəsində isə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarından görünür ki, iddiaçı İddiaçı QSC ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2022-ci il tarixli AEN/09-22 seriyalı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən ümumi dəyəri 1.187.956,87 manat olan mallar cavabdehə təhvil verilmiş, lakin müqavilə üzrə öhdəlik tam icra edilmədiyindən iddiaçı əvvəlcə 173.113,58 manat əsas borc və 17.311,35 manat cərimənin tutulmasını tələb etmiş, sonradan isə iddia həcmini azaldaraq 152.679,53 manat əsas borcun və 17.311,35 manat cərimənin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan təhvil-təslim aktlarını, elektron qaimələri, ödəniş sənədlərini və digər yazılı sübutları qiymətləndirərək əsas borcun 152.679,53 manat məbləğində mövcud olması qənaətinə gəlmiş və bu hissədə iddianı əsaslı hesab etmişdir. Eyni zamanda məhkəmə iddia edilən 17.311,35 manat cərimənin yüksək olduğunu göstərərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq etmiş və heç bir əlavə təhlil aparmadan cəriməni 8.656 manatadək azaltmışdır.

2. Apellyasiya şikayətində cavabdeh əsas borcun da mübahisəli olduğunu, qətnamədə göstəriləndən artıq ödənişlər etdiyini, mühasibatlıq ekspertizasının təyin edilməli olduğunu və xüsusilə cərimənin tutulmasının qanunsuz olduğunu göstərərək qətnamənin ləğv edilməsini, cərimənin isə ümumiyyətlə tutulmamasını xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 467-ci maddəsinə istinad olunaraq dəbbə pulunun tənasübsüz yüksək olduğu və birinci instansiya məhkəməsinin həmin normanı düzgün tətbiq etmədiyi irəli sürülmüşdür.

3. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, cavabdehin əsas borcun mövcud olmaması və ya ödənişlərin daha artıq məbləğdə həyata keçirilməsi barədə dəlilləri iş üzrə təqdim olunmuş mötəbər sübutlarla təsdiq edilmir. Birinci instansiya məhkəməsinin əsas borcun tutulması ilə bağlı gəldiyi nəticə müqavilə, təhvil-təslim sənədləri, elektron qaimələr və ödəniş sənədləri ilə uzlaşdığından həmin hissədə qətnamənin dəyişdirilməsi üçün əsas müəyyən edilmir.

4. Lakin kollegiya cərimənin məbləği hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, məhkəmə bir tərəfdən iddiaçının tələb etdiyi 17.311,35 manat cərimənin şişirdilmiş olduğunu qeyd etmiş, digər tərəfdən isə həmin məbləği hansı meyarlara əsasən məhz 8.656 manatadək azaltdığını əsaslandırmamış, Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulan tənasüblülük meyarlarını işin konkret halları ilə əlaqələndirməmişdir. Halbuki həmin maddəyə əsasən məhkəmə dəbbə pulunu azaltmaq səlahiyyətindən istifadə edərkən yalnız cərimənin müqavilədə nəzərdə tutulmasını deyil, həm də öhdəliyin xarakterini, pozuntunun müddətini, əsas borcun məbləğini, kreditorun əmlak və digər qanuni mənafelərini qiymətləndirməlidir.

5. İşin hallarından görünür ki, iddiaçı əsas borc üzrə tələbinin əhəmiyyətli hissəsini artıq azaltmış, nəticədə tələb olunan əsas borc 152.679,53 manat müəyyən edilmişdir. Bununla yanaşı, müqavilədə nəzərdə tutulmuş gündəlik 0,1 faiz həcmində dəbbə pulunun tətbiqi nəticəsində hesablanmış 17.311,35 manat cərimə əsas borcla müqayisədə əhəmiyyətli məbləğ təşkil etsə də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 8.656 manat məbləğ də işin konkret halları baxımından hələ də yüksək olaraq qalır. Məhkəmə kollegiyası hesab edir ki, öhdəliyin xarakteri, iddiaçının əsas borc üzrə hüquqlarının artıq təmin olunması, cərimənin borclunu öhdəliyi icra etməyə sövq edən təminat vasitəsi olması, onun cəza xarakteri daşımaması, habelə Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş tənasüblülük prinsipləri nəzərə alındıqda, 17.311,35 manat məbləğində hesablanmış dəbbə pulunun 3.000 manat məbləğində müəyyən edilməsi işin hallarına daha uyğun hesab edilməlidir. Belə azalma kreditorun qanuni mənafelərini qorumaqla yanaşı, cərimənin öhdəliyin pozulmasının nəticələrinə münasibətdə tənasübsüz yüksək olmasının qarşısını alır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edilməklə birinci instansiya məhkəməsinin müəyyən etdiyi 8.656 manat məbləğində cərimə azaldılaraq 3.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbinin əsas borcun tutulması hissəsində qismən təmin edilməsi, cərimə borcunun tutulması hissəsində isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin on min manatdan artıq olması ehtimal edildiyi üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.3-cü, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2-2(121)-4324/2025 saylı qətnaməsi cərimənin tutulması hissəsində dəyişdirilərək “xxxx” MMC-dən İddiaçı QSCnin xeyrinə tutulmalı olan cərimə məbləği 8.656 (səkkiz min altı yüz əlli altı) manat əvəzinə 3.000 (üç min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar