Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-144/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından iş üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə, iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2019- cu il tarixli kredit müqaviləsi üzrə 6246,09 manat məbləğində əsas borc, 6625,57 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə borcu və ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 6746,09 məbləğində manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BİK CTREAZ 22 Hesab №AZ**CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh1 Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi rədd edilməsi, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması, cavabdeh cavabdeh1 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 66 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 2014448145) cavabdeh1 qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixdə Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ona, cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müştərək qaydada iddiaçı İddiaçı ASCnin xeyrinə ##.##.2019-cu il tarixli kredit müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış ##.##.2019-cu il tarixli razılaşmaya əsasən onlara verilmiş 60.000 manat avto kredit üzrə 6.248,09 manat kredit üzrə əsas borc, 6.622,57 manat kredit üzrə faiz borcu və 870 manat cərimə borcu olmaqla, cəmi 13.740,66 manat kredit borcu və 200 manat mediasiya xərcinin tutulmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsi iddianı təmin etmişdir. Qeyd edilən qətnamə ona rəsmi şəkildə göndərilməmişdir və bu səbəbdən qanunla nəzərdə tutulan müddətdə şikayət verə bilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən verdiyi Apelyyasiya şikayəti və müddətin bərpasına dair ərizəsinə ##.##.2026-cı il tarixdə baxaraq müddət bərpasına dair ərizə qəbul edilməmiş və şikayəti təmin edilməmişdir. İlk öncə bildirir ki, o hüquqşünas deyil. Elektron məhkəmə sistemidən istifadə edə bilmir. İddiaçının nümayəndəsi onun vəkil tutduğunu və onun məlumatlı olduğunu və ya məlumat verməli olduğunu bildirir. Diqqətə çatdırır ki, qeyd edilən vəkil sadəcə bir prosseslik onu müdafiə etməsi üçün müqavilə bağladığı sıradan bir vəkildir. Məhkəmədə onun müdafiəsini bəyənmədiyi üçün məhkəmə zalından çıxdıqdan sonra onunla müqaviləyə xitam vermişdir və münasibətiləri ordada bitmişdir. Bankın nümayəndəsi hər şeyi belə dəqiq araşdırırdısa onun 146.000 manatlıq avtomobilini onun məlumatı olmadan 40.000 manata alıb özləri sürəndə niyə hər şeyi bu qədər dəqiqləşdirmirdi çox maraqlıdır. O bu günə qədər bütün məhkəmə prosseslərini ona gələn kağız daşıyıcılar vasitəsi izləmişdir. O yaşlı adamdır elektron məhkəmə sistemindən anlayışsızdır. Qeyd edilən qətnamə ona kağız dayışıcı vasitəsi ilə gəlmiş olsaydı mütləq zamanında Apellyasiya şikayəti verərdi. Necə ki, Ağcabədi Rayon İcra və Probasiya şöbəsindən məktub gələn kimi, məlumatı olan kimi şikayət vermişdir. Qeyd edilən məhkəmə qərarı qəbul edildikdən sonra ona rəsmi şəkildə göndərilməmişdir. İş üzrə bildirir ki, sözü gedən qərardad qanunsuz və əsassızdır. Şikayətinə əlavə etdiyi nikah şəhadətnaməsindən də, göründüyü kimi ##.##.2022-ci il tarixdə rəsmi nikaha girməklə ikinci dəfə ailə həyatı qurmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmənin hazırki iş üzrə çıxardığı qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməldir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İş materiallarında olan sübutları, tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Belə ki;
1. İş materiallarından müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək cavabdehlər cavabdeh2 və cavabdeh1 ##.##.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6246,09 manat əsas borc, 6625,57 manat faiz borcu, 300 manat cərimə borcu, 200 manat mediasiya xərci, habelə 100 manat ekspertiza xərci tutulması qət edilmişdir. Bundan sonra cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verməklə yanaşı, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdən sonra verildiyini nəzərə alaraq prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsində göstərmişdir ki, qətnamə ona rəsmi qaydada təqdim edilməmiş, məhkəmə qərarının mövcudluğundan yalnız Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin könüllü icra ilə bağlı göndərdiyi bildirişdən sonra xəbər tutmuş, bundan sonra ##.##.2026-cı il tarixdə vəkilin köməyi ilə "Elektron Məhkəmə" informasiya sistemindən qətnaməni əldə etmişdir.
2. Birinci instansiya məhkəməsi həmin dəlilləri iş materialları ilə müqayisəli şəkildə araşdıraraq haqlı nəticəyə gəlmişdir ki, ərizədə göstərilən hallar prosessual müddətin bərpası üçün MPM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş üzrlü səbəb hesab oluna bilməz. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, ##.##.2026-cı il tarixli qətnamə ##.##.2026-cı il tarixdə cavabdehin "Elektron Məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, cavabdeh isə apellyasiya şikayətini yalnız ##.##.2026-cı il tarixdə təqdim etmişdir. MPM-in 360-cı maddəsinə əsasən isə apellyasiya şikayəti qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Belə olan halda qanunla müəyyən edilmiş prosessual müddətin açıq-aşkar buraxıldığı iş materialları ilə təsdiq olunur.
3. Şikayətdə isə əsasən göstərilmişdir ki, şikayətçi hüquqşünas deyildir, elektron məhkəmə sistemindən istifadə etməyi bacarmır, məhkəmədə iştirak etmiş vəkil yalnız bir proses üzrə cəlb edilmiş, sonradan onunla müqaviləyə xitam verilmişdir, buna görə vəkilin elektron kabinetinə yerləşdirilmiş məhkəmə aktından xəbərdar olması şikayətçinin məlumatlı olması kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmuşdur ki, o, indiyədək bütün məhkəmə sənədlərini yalnız kağız daşıyıcı vasitəsilə almış, yaşlı şəxs olduğundan elektron sistemdən istifadə imkanına malik olmamış, qətnamə ona kağız daşıyıcı ilə göndərilmiş olsaydı, qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verəcəkdi. Şikayətçi həmçinin ikinci dəfə ailə qurmasını təsdiq edən nikah şəhadətnaməsini də əlavə etməklə qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Əvvəla, MPM-in 133.1-ci maddəsinə görə buraxılmış prosessual müddət yalnız o halda bərpa edilə bilər ki, müddətin buraxılması şəxsin iradəsindən asılı olmayan, onun aradan qaldıra bilmədiyi obyektiv səbəblərlə bağlı olsun. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, üzrlü səbəb dedikdə şəxsin iradəsindən asılı olmayan, prosessual hərəkətin həyata keçirilməsinə faktiki maneə yaradan hallar başa düşülür. Birinci instansiya məhkəməsi də məhz bu hüquqi mövqeni tətbiq etməklə haqlı olaraq müəyyən etmişdir ki, cavabdehin elektron məhkəmə sistemindən istifadə etməməsi, hüquqşünas olmaması və ya sonradan vəkili ilə münasibətlərinə xitam verməsi onun iradəsindən asılı olmayan obyektiv maneə hesab edilə bilməz.
5. İş materiallarından görünür ki, cavabdeh özü də məhkəmə iclasında elektron kabinetinin mövcud olduğunu etiraf etmiş, həmçinin vəkilinin də elektron kabinetə malik olduğunu bildirmişdir. O, yalnız vəkilinin həmin qərar barədə ona gec məlumat verdiyini göstərmişdir. Lakin vəkilin öz etibarnaməsi çərçivəsində elektron kabinetə daxil olaraq yerləşdirilmiş məhkəmə aktı ilə tanış olması imkanının mövcudluğu, eləcə də elektron kabinetin yaradılması faktı göstərir ki, məhkəmə aktı qanunvericiliyin nəzərdə tutduğu qaydada rəsmi təqdim edilmişdir. Bundan sonrakı mərhələdə vəkil ilə etibar edən şəxs arasında məlumat mübadiləsinin necə həyata keçirilməsi və ya müqaviləyə sonradan xitam verilməsi artıq tərəflərin daxili münasibətlərindən irəli gələn haldır və bu, prosessual müddətin bərpası üçün obyektiv hüquqi əsas hesab edilə bilməz.
6. Şikayətçinin yaşlı olması, elektron sistemdən istifadə edə bilməməsi və kağız daşıyıcı vasitəsilə sənəd gözləməsi barədə dəlillər də qərardadın ləğvi üçün əsas yaratmır. Çünki iş materialları ilə müəyyən olunur ki, cavabdeh elektron məhkəmə sistemində qeydiyyatdan keçmiş, elektron kabinet yaradılmış və məhkəmə aktı da həmin kabinetə yerləşdirilmişdir. Mülki prosessual qanunvericilik elektron kabinetdə yerləşdirilmiş məhkəmə aktının rəsmi qaydada təqdim edilməsini nəzərdə tutur. Şəxsin sonradan həmin sistemdən istifadə etməməsi və ya istifadə bacarığının olmaması qanunla müəyyən edilmiş təqdimetmə qaydasını etibarsız etmir və prosessual müddətin hesablanmasına təsir göstərmir. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in 130.1 və 360-cı maddələrini düzgün tətbiq etmişdir.
7. Şikayətdə nikah şəhadətnaməsinin əlavə olunmasına və ikinci dəfə ailə qurmasına istinad edilməsi də hazırkı mübahisənin predmeti ilə əlaqəli deyildir. Çünki həmin hal nə prosessual müddətin buraxılmasının səbəbini izah edir, nə də onun iradəsindən asılı olmayan obyektiv maneənin mövcudluğunu təsdiq edir. Buna görə də birinci instansiya məhkəməsinin həmin sənədi prosessual müddətin bərpası üçün hüquqi əsas hesab etməməsi tam əsaslı olmuşdur.
8. Kollegiya həmçinin nəzərə alır ki, ##.##.2026-cı il tarixli qərardaddan verilmiş hazırkı şikayətdə irəli sürülən dəlillər mahiyyət etibarilə müddətin bərpasına dair ərizədə göstərilən dəlillərin eynisidir. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qərardadında da düzgün qeyd etmişdir ki, həmin dəlillərə artıq ##.##.2026-cı il tarixli qərardadda hüquqi qiymət verilmişdir və şikayətdə bu qiymətləndirməni təkzib edən yeni hüquqi və ya faktiki hallar təqdim edilməmişdir. Buna görə MPM-in 269.1–269.3-cü maddələrinin tələblərinə uyğun olaraq şikayətin təmin edilməməsi barədə nəticəyə gəlinməsi qanuni olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.