Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-147/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “pul tələbi” barəsində iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı “pul tələbin”nə dair iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 5061.91 (beş min altmış bir manat, doxsan bir qəpik) manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehdən tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC (VÖEN: **********) ilə cavabdeh fiziki şəxs Cavabdeh (VÖEN: **********) arasında ## ###### 2020-ci il tarixdə Bakı şəhərində bağlanmış *** saylı malların alqı satqısı müqaviləsinə əsasən, satıcı “xxxx” MMC alıcının tələb etdiyi malı satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada onun dəyərini satıcıya ödəməyi öz öhdələrinə götürmüşlər. Bağlanmış müqavilədən aydın görünür ki, cavabdeh iddiaçıdan 5061,91 (beş min altmış bir manat, doxsan bir qəpik) manat dəyərində mal almış, lakin aldığı malın dəyərini ödəməkdən boyun qaçırmışdır. Bu barədə cavabdehə bir neçə dəfə xəbərdarlıq olunsa da o, hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ümumilikdə cavabdehin ödənilməmiş 5061,91 (beş min altmış bir manat, doxsan bir qəpik) manat məbləğində borcu mövcuddur. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına uyğun olaraq cavabdehə pretenziya məktubu göndərilmiş, lakin ondan müsbət və ya mənfi heç bir cavab daxil olmamışdır. Iddiaçı hesab edir ki, mübahisənin məhkəmədənkənar qaydada həlli mümkün deyildir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında gösərmişdir ki, iddiaçı ilə aralarında ##.##.2020-ci il tarixdə alqı satqı müqaviləsi bağlansa da, müqavilə faktiki olaraq icra edilməmiş, onun tərəfindən iddiaçıdan hər hansı mal qəbul edilməmişdir. Belə ki, onun icra etməli olduğu tikinti layihəsi ona həvalə edilmədiyindən həmin iş baş tutmamış və nəticədə o, iddiaçıdan malları qəbul etməmişdir. Iddiaçı tərəfin təqdim etdiyi qarşıqlı üzləşmə aktı ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsi ona bildirmişdir ki, “xxxx” MMC-nin əvvəlki işçilərindən biri olmuş, hüquqşünas kimi fəaliyyət göstərmiş Kamil adlı şəxs müştərilərdən pul yığaraq küllü miqdarda mənimsəmə etmiş, daha sonra ona bir sənəd təqdim edərək, onun malları qəbul etmədiyini bildiklərini və buna görə də qaimə-fakturanın mövcud olmadığını, Kamil adlı şəxsin mənimsəmə hallarının aşkar edilməsi məqsədilə 5061.91 manat məbləğin ona ödənildiyini yazmasını xahiş etmişlər, həmin vaxt rayon ərazisində olmadığından məsələni araşdırmaq üçün qardaşını göndərmiş, birinci dəfə qardaşı üzləşmə aktına imza etmiş, daha sonra qardaşının imza etməsi ilə məsələnin həll olunmadığını, onun özünün imza etməli olduğu bildirilmiş, o da həmin akta imza etmişdir. O, məhsul almadığı halda onun adına əsassız olaraq borc yaranması iddia olunmuşdur. Təqdim edilən 2020-ci ilə aid müqavilə üzrə məhsul qəbul etməmişdir, inandığı üçün verilən üzləşmə aktını imza etmişdir. Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddianın əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmiş, həmçinin iddia müddətinin tətbiq olunmasına dair vəsatət verərək iddia ilə bağlı müraciət müddətinin keçdiyini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq cavabdeh Cavabdeh 5061.91 (beş min altmış bir manat, doxsan bir qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 71 (yetmiş bir) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə həqiqətən ##.##.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasada, müqavilə faktiki olaraq icra edilməmişdir. Iddiaçıdan sözügedən müqavilədə üzrə heç bir mal qəbul etməmişdir. Belə ki, icra etməli olduğu tikinti lahiyəsinin ona verilmədiyinə görə həmin tikinti lahiyəsi baş tutmamış və nəticədə bu hallara görə iddiaçıdan malları təhvil almamışdır. Iddiaçı tərəfindən məhkəməyə ilkin sübut kimi təqdim edilmiş qarşılıqlı üzləşmə aktı qardaşı Rüstəmli Elvin tərəfindən imzalanmışdır. Bu üzləşmə aktı ilə bağlı tərəfindən həmin üzləşmə aktının imzalanmaması barədə məhkəməyə etiraz verib. Bundan sonra iddiaçı tərəf həmin tarixlə eyni məzmunlu üzləşmə aktı məhkəməyə təqdim edərək həmin üzləşmə aktının tərəfindən imzalanması barədə məhkəməyə yeni sübut təqdim etmişdir. Təqdim olunan yeni üzləşmə aktı həqiqəti əks etdirə bilməz. Iddiaçı tərəf onun qardaşı Rüstəmli Elvini ##.##.2025-ci il tarixdə tərtib edilən üzləşmə aktında imza etdirdikdən sonra müəyyən edib ki, bu onların məhkəmədə iddia ərizəsi qaldırılması üçün əsas deyildir. Belə olan halda ona çoxsaylı zənglər edərək, ofislərinə dəvət edərək bildirmişlər ki, həmin üzləşmə aktı onun MMC-yə heç bir borcunun olmamasını bildirir, lakin MMC-nin Kamil adlı hüquqşünası müştərilərdən yığılan küllüi miqdarda pulu təhvil verməmiş, ziyan vurmuşdur. “xxxx” MMC-nin nümayəndəsi bildirmişdir ki, vaxti ilə onların işçisi olmuş Kamili məsulıiyyətə cəlb etmək üçün belə bir üzləşmə aktını məcburiyyətdən Kamilin MMC-yə olan borcunu aşkarlamaq imza atmalıdır. Onu inandırmışdılar ki, bu onlara Kamili ifşa etmək üçün və onun MMC-yə malların dəyərini ödəməməsi faktını aydınlaşdırmaq üçün lazımdır. Daha sonra bildirmişlər ki, müqavilə bağlansada icra olunmamş, müqavilədə qeyd edilən şərtlər üzrə mallar ona qaimə faktura üzrə təhvil verilməmişdir. Müqavilənin şərtlərinə görə məhsullar satıcı tərəfindən alıcını nümayəndəsinə təhvil verilməli idi. Alıcı və satıcı arasında ödənişlər məhsulun qəbul edilməsindən sonrakı 7 gün ərzində həyata keçirilməli idi. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən məhsul dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük, illik “öhdəliklərin qarşılıqı üzləşmə aktları” tərtib edilə bilər. Göründüyü kimi iddiaçının tələb etdiyi 56191 mant borc məbləğinin hansı əsaslarla müəyyən olunması müəyyən deyil. Çünki tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən məhsulların qiymətləri göründüyü kimi borc qalıqları barədə nə tərfələr arasında qaimə faktura, elektron qaimə və s. mövcud deyildir. Iddiaçı tərəf həmin məbləğin 5061.91 olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh məhəkəmə zamanı həmin məhsulları heç vaxt qəbul etmədiyini dəfələrlə bildirmişdir. Bundan başqa hazırki iddia üzrə iddia müqddəti də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən olmuşdur. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə cavabdehin üzləşmə aktını aldatma və ya digər səbəbdən, imzalaması barədə izahatının iş materialları ilə təsdiq olunmadığı qənaətinə gəlmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçı tərəfindən qaimə-fakturaların tərtib olunmaması ilə bağlı dəlilinə də, hüquqi qiymət verərək qeyd edir ki, qaimə-faktura sübut növü olub mübahisə halında xüsusilə iddiaçı tərəfin dəlillərini sübut edilməsi baxımdan əhəmiyyətlidir. Lakin, həmin sənədin olmaması özlüyündə iddianın əsassızlığı qənaətinə gəlmək üçün yetərli deyil. Digər mötəbər sübutlar irəli sürülən tələbi təsdiq edə bilər. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi müqavilə və üzləşmə aktı iddianın əsasını təsdiq edir və onların sübutedici qüvvəsini aradan qaldıran mötəbər sübutlar mövcud deyil. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız saymışdır. Hesab edir ki, məhkəmə iddia müddətini qərəzli olaraq tətbiq etməmiş, nəticədə belə bir qərəzli qətnamə çıxarmışdır. Məhkəmə müqavilənin şərtlərini deyil cavbdehin iddiaçı tərəfindən aldadılaraq imza etdirilməsinə nail olmuş üzəşmə aktını sübut kimi qəbul etmişdir. Işə baxan məhkəmə MPM-in 14.1, 77, 88 və 387ci maddələrinin tələblərini kobud surətdə pozaraq, qətnamə qəbul etmişdir c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında cavadehin həqiqətən borcu təsdiqləməsinə dair üzləşmə aktı var. Birinci intansiya məhkəməsində cavabdehin vəkili üzləşmə aktının cavadeh Cavabdeh tərəfindən imzalanmadığını bildirmişdir. Hal-hazırda isə guya onun aldadılaraq akta imza edildiyini qeyd edir. Əgər şəxs öz borcunu üzləşmə aktı ilə təsdiq edirsə və guya həmin pulun Kamil adlı şəxsə verdiyini bildirirsə, artıq bu pulun Kamilə ödəməsini sübut etmə vəzifəsi onun üzərinə düşür, lakin şəxsin isə əlində belə bir sübut yoxdur. Dəlillər ancaq söz yığnından ibarətdir. Birinci instansiya məhkəməsində dəfələrlə məhkəmə iclası təyin olunsa da, tərəfin vəkili yalnız bir iclasda iştirak etmiş, daha sonra müxtəlif bəhanələrlə iclasa gəlməmiş və tutarlı bir sübut verməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfindən verilən apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur. “xxxx” MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış ##.##.2020-ci il tarixli, *** nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, “Satıcı” bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən məhsulları “Alıcı”ya satmağı, “Alıcı” isə öz növbəsində həmin məhsulları qəbul etməyi və onların dəyərini ödəməyi öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən, müqavilənin predmeti olan məhsulların növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan və alıcıya təqdim edilmiş qiymət cədvəlində öz əksini tapır. 3.1-ci bəndinə əsasən, məhsulun qiymətləri müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi sayılan qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. 3.2-ci bəndinə əsasən, «Alıcı» və «Satıcı» arasında ödənişlər məhsulun qəbul edilməsindən sonra 7 (yeddi) gündən gec olmayaraq həyata keçirilir. 3.3-cü bəndinə əsasən, Tərəflərin qarşılıqlı razılaşmasına əsasən aralarındakı məhsul dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi Aktları” tərtib edilə bilər. 5.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”dan satılmış məhsulun dəyərinin müqavilədə müəyyən edilmiş müddətdə ödənilməsini tələb etmək hüququna malikdir. 8.1 «Müqavilə» müddətsiz olaraq bağlanılır. Tərəflərdən hər hansı biri öz öhdəliklərini yerinə yetirmədikdə və öhdəliklərin pozulması halları qarşı tərəfin müraciətinə baxmayaraq 10 (on) gün müddətində aradan qaldırılmadıqda, «Müqavilə»yə digər tərəfi yazılı qaydada xəbərdar etməklə birtərəfli formada xitam verilə bilər. Iş materiallarında olan ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktında əsasən, Cavabdeh “xxxx” MMC-yə ##.##.2025-ci il tarixə olan borcu 5061.91 manat təşkil edir. Aktın qeyd hissəsində Elçin Rustəmov qeyd etmişdir ki, qeyd olunan 5061.91 manat pulu hüquqşünas Kamil Quliyevə ödəniş etmişdir. Iş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.5-ci maddəsinə əsasən, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Iş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında ##.##.2020-ci il alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən Cavabdeh satıcı qismində çıxış edən “xxxx” MMC qarşısında almış olduğu mallara görə malların dəyərinin ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Belə ki, yaranan borc məbləği ##.##.2025-ci il tarixli “Qarşılıqlı üzləşmə Aktı”, verilmiş pretenziyanın cavablandırılmaması ilə təsdiqini tapır. Belə ki, iş materiallarında olan iddiaçının nümayəndəsi ilə cavabdeh arasında imzalanmış “Qarşılıqlı üzləşmə Aktı”ndan görünür ki, tərəflər həmin aktı imzamaqla cavabdehin mal alışına görə ##.##.2025-ci il tarixə ümumilkdə 5061.91 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. Üzləşmə aktına cavabdeh tərəfindən verilən qeyddə bildirilir ki, 5061.91 manat pulu hüquqşünas Kamil Quliyevə ödəniş etmişdir. Işin birinci instansiya məhkəməsində araşdırılması zamanı cavabdeh tərəfindən Kamil Quliyev kimi adını qeyd etdiyi şəxsə pul ödəməsinə, sonuncunun şirkətin pulunu qəbul etmək səlahiyyətində olmasına dair hər hansı bir sübut verilməmişdir. Apellyasiya şikayətində, həmçinin, qarşılıqlı üzləşmə aktının iddiaçı nümayəndələrinin aldatması nəticəsində imzalandığı, həmin sənədin Kamil adlı şəxsin məsuliyyətə cəlb edilməsi məqsədilə tərtib edildiyi və borcun etirafı kimi qiymətləndirilə bilməyəcəyi göstərilmişdir. Kollegiya hesab edir ki, bu dəlil də iş materialları ilə təsdiq olunmur. Cavabdeh göstərdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmiş, hüquq-mühafizə orqanlarına müraciət etdiyini və ya aldadılma faktı üzrə hər hansı araşdırmanın aparıldığını təsdiq edən sənədlər də mövcud olmamışdır. Əksinə, cavabdeh birinci instansiyada məhkəmə iclasında qarşılıqlı üzləşmə aktındakı imzanın ona məxsus olduğunu qəbul etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin aktın sübutedici qüvvəsini qəbul etməsi əsaslı olmuşdur. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən, iddiaçı satdığı malın dəyərinin ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin digər dəlili iddia müddətinin ötürülməsi ilə bağlıdır. Kollegiya bu dəlili də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktını imzalamaqla iddiaçı qarşısında 5061,91 manat məbləğində borcunun mövcudluğunu təsdiq etmiş, bununla da borcu etiraf etməsini göstərən hərəkət etmişdir. Apellyasiya şikayətində, həmçinin, birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 14.1, 77, 88 və 387-ci maddələrinin tələblərini pozduğu, sübutları tam və obyektiv araşdırmadığı, iddiaçının mövqeyindən çıxış etdiyi göstərilmişdir. Kollegiya bu dəlilləri də əsaslı hesab etmir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflərin izahatlarını dinləmiş, təqdim olunmuş bütün yazılı sübutları tədqiq etmiş, cavabdehin etirazlarına hüquqi qiymət vermiş və qətnamədə onların qəbul edilməməsinin səbəblərini ətraflı əsaslandırmışdır. Apellyasiya şikayətində isə məhkəmənin prosessual hüquq normalarını pozduğunu təsdiq edən konkret hallar göstərilməmiş, yalnız qətnamə ilə razılaşılmaması ifadə olunmuşdur. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun həyata keçirilmiş, prosessual hüquq normalarının pozulması nəticəsində iş üzrə yanlış qətnamənin qəbul edilməsinə səbəb olmuş hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5061,91 manat təşkil etdiyindən, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ilham Əsədov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-147/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-147/2026
12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver