Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-153/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının nümayənədsi Nümayəndə iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək ***R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 32800,32 manat krеdit bоrcu, 2880,15 manat faiz bоrcu və 1836,34 manat cərimə olmaqla ümumilikdə 37516,81 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 202,55 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh4, zamin cavabdeh3 ilə birlikdə “xxxx” QSC ilə bağladığı ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 ay müddətinə 800000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh4 “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. cavabdeh4 uzun müddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2025-ci il tarixdən banka qaytarmamışdır. cavabdeh4 götürdüyü krеdit bоrcundan 17199,68 manat ödəmiş, onun 32800,32 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-cü il tarixə 148 gün üçün hesablanmış faiz borcu 2880,15 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2% məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 148 gün üçün hеsablanmış cərimə 1836,34 manat təşkil edir. Uzunmüddətli krеdit və təminat müqaviləsinin 12.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 32608,05 manat əsas borc, 2880,15 manat faiz borcu, 500 manat cərimə və ödənilmiş 202,55 manat dövlət rüsumu olmaqla cəmi 36190,75 manat məbləğində pulun cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən cavabdeh4 (borc alan) apellyasiya şikayəti verərək ləğv olunmasını, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən əsas və faiz borcunun məbləği hissədə göstərilən 2 sübuta (maliyyə arayışı və ekspertiza rəyi) istinad etmişdir. Lakin hər ikisinin mötəbərliyində kifayət qədər şübhələr mövcuddur. Həmin şübhələri aradan qaldlrmaq üçün təkrar ekspertiza təyin etmək əvəzinə yekun nəticəyə gəlmişdir. Əgər məhkəmə həmin hallara qiymət vermək niyyətində olsaydı təkrar ekspertiza təyin etməklə ədalətli qərar qəbul edilmiş olardı. Lakin məhkəmə mötəbər olmayan sübutlara istinad etməklə yekun nəticəyə gəlmişdir. Ona görə ki, əsas borc üzrə məbləğ 32608,05 manat deyildir, həmin məbləğ üzrə ödənişləri qismən həyata keçirmişdir və həmin ödənişləri əsas kredit məbləğindən çıxıldığı halda qətnamədə göstərilən əsas borcdan kifayət qədər fərqlənən məbləğ ortaya çıxacaqdı. Bütün bunlar onu göstərir ki, məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını araşdırmadan yekun nəticəyə gəlmişdir. Hesab edir ki, əsas məbləğ az olduğu halda faiz üzrə borcu 2880.15 manat deyil, daha az olan məbləğdə olacaqdır. Ona görə də iş üzrə təkrar ekspertiza keçirilməklə yenidən məhkəmə araşdırılması aparılmaqla qətnamə qəbul edilməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ekspert rəyinin mötəbərliyini şübhə altına sala biləcək konkret hallara istinad edilmədiyini bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə üzrlü səbəblər olmadan iclasında iştrak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh (borc alan) cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, yeni qətnamə qəbul edilməsini xahiş etsə də, məzmun etibarı ilə qətnaməni müəyyən olunan əsas borcun və faiz borcunun məbləğləri hissələrdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən əsas borc və faiz borcunun məbləği hissələrdə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. Kreditor İddiaçı QSC ilə borc alan cavabdeh4 və zamin cavabdeh3 arasında ##.##.2022-ci ildə bağlanmış ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən, cavabdeh4 illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən olunmaqla 120 ay müddətinə 800000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.17-ci bəndinə əsasən kredit alan bu müqaviləni imzlamaqla bəyan edir ki, bu müqavilə çərçivəsində hər dəfə kredit ayrılan zaman zamin və (və ya) girov qoyana məlumat verilməsinə razılıq verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə əsasında kredit verilməsi və qaytarılması hər bir kredit sazişinə uyğun olaraq həyata keçirilir. İddiaçı QSC ilə cavabdeh4 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən Kreditor tərəfindən illik faiz dərəcəsi 20% müəyyən olunmaqla ödəniş planı üzrə 36 ay müddətində hissə hissə qaytarılması şərti ilə borc alana 50000 manat məbləğində kredit verilmişdir. Ödəniş planından görünür ki, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi ##.##.2026-cı il il kimi müəyyən edilmişdir. Kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh4 bank hesabına ##.##.2023- cü il tarixdə 500 manat komissiya haqqı çıxılmaqla, 50000 manat məbləğində pul (kredit) köçürülmüşdür. ##.##.2024-cü il tarixli 008S000024126101, 008S000017465303 və ***S************ saylı qoşulma barədə sazişlərdən görünür ki, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zaminlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Müqavilə şərtlərinə görə zaminlər kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyırlar. Sazişlərin öhdəliyin mahiyyəti bölməsində kreditlərin illik faiz dərəcəsinin yuxarı həddinin 28%, müddətinin 120 ay və maksimum məbləğinin 800000 manat müəyyən edildiyi göstərilmişdir. Maliyyə arayışından görünür ki, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cavabdeh4 ##.##.2025-ci il tarixə olan əsas məbləğ üzrə borcu 32800,32 manat, faiz üzrə borcu 2880,15 manat, cərimə borcu 1836,34 manat olmaqla, cəmi borc məbləği 37516,81 manat təşkil edir. Iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2025-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə cavabdeh4 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli krеdit müqaviləsinə əsasən yaranmış 37516.81 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının */**** nömrəli, ##.##.2026-ci il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə cavabdeh cavabdeh4 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh4 ##.##.2025-ci il tarixə əsas borcu 32608,05 manat, faiz borcu 3153,04 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2.-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Işdə olan sənədlərə əsasən müəyyən olunur ki, kreditor tərəfindən kredit razılaşmaları üzrə öhdəliklər yerinə yetirilsə də, borc alan həmin razılaşmalar üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin və razılaşmaların şərtlərinə uyğun olaraq iddiaçının cavabdehə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan maliyyə arayışında və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, borc alanın əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı ##.##.2025-ci il tarixinə hesablanan faiz və cərimə məbləğini tələb edə bilərdi. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası qarşısında da, məhz həmin tarixə hesablanan əsas borc və faiz borcunun məbləğlərinin müəyyən olunması sualları qoyulmuşdur. Ekspertizanın rəyinə əsasən ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh4 ##.##.2025-ci il tarixə əsas borcu 32608,05 manat, faiz borcu 3153,04 manat müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın rəyi və MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla əsas borc və faiz borcu hissələrdə mübahisəyə düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ilham Əsədov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-153/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-153/2026
19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver