Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-156/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə iştirakları ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, əmlakın qaytarılması, borcun və maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh etibardan sui istifadə edib, qeyri-qanuni iddiaçıdan xəbərsiz qardaşı X1 adına keçirdiyi “Mercedes 230” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin alqı-satqısının ləğv edilib, həmin avtomobilin iddiaçıya qaytarılması, cavabdeh Cavabdeh iddiaçıya ödənilməli olan 22140 manat borc pulunun, həmçinin vurduğu maddi, yəni borcu olan 22140 manat pulu hər hansısa bir banka qoyduğu zaman 5%-ə hesablanıldıqda 1107 manat faizin, mənəvi ziyana görə 1500 manat pulun, “X2” MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödənilmiş (qəbz əsasında) 500 manat pul vəsaitinin, ümumilikdə 25247 manat məbləğində pulun ödənilməsi və məhkəmə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onun baldızı oğludur. Cavabdeh tələbə vaxtında üç il müddətində onların evində yaşamışdır. Onu heç bir zaman öz övladlarından seçib ayırmamışdır. Cavabdehin maşınlara olan həvəsinə görə həyat yoldaşı cavabdehin dayısı X11 adına illərlə bankdan kreditə pul götürüb (son illərin bir neçə bank çıxarışları əlavə olunur) cavabdehə vermiş, cavabdeh fərqli şəxslərin adına olan müxtəlif markalı minik maşınlarını həmin pullarla alıb, səlahiyyəti ötürən şəxs kimi onu qeydə alaraq, maşınları müxtəlif qiymətlərə satıb, dolanıb, bankın ödənişi üzrə ödəmələri edib bağlayırdılar. Onun dolanışığı həmin işlərdən keçmişdir. Ilk öncələr cavabdeh bankdan götürülmüş pul vəsaitini ödəniş cədvəlinə müvafiq ödəmələr edib, iddiaçının etibarını qazanmışdır. Eyni zamanda özünün, həmçinin ailəsinin də, maddi cəhətdən köməkliyinə ehtiyac olduğu təqdirdə cavabdehin həyat yoldaşının iddiaçıya göndərdiyi bank hesabına dəfələrlə borca pul vermişdir. 2024-cü il tarixdə cavabdeh Cavabdeh alıb-satdığı minik maşınlarından ona olan borcu 4500 manat bank ödənişlərini etməyərək, borc yaratmışdır. Bu barədə özünün imzalı sənədi mövcuddur. Həmin borc pulu ödəməyinə söz vermişdir. 2025-ci il tarixdə cavabdeh Cavabdeh X3 adına “Mercedes 230” minik markalı, **-VA- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini onlayn qaydasında iddiaçının adına ##.##.2025-ci il tarixdə “ASAN xidmət” mərkəzində videoyazı vasitəsilə almışdır. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh “Mercedes 230” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini rənglədmək üçün, usta yanına apardıqda, digər nəqliyyat vasitəsi maşını arxa hissədən vurmuşdur. Avtonəqliyyat vasitəsinin səlahiyyətləri iddiaçıda olduğu üçün cavabdeh Cavabdeh maşının təmiri məqsədilə sığortadan pulu ala bilmirdi. ##.##.2025-ci il tarixdə cavabdeh iddiaçıya müraciət edərək sığorta pulunun alınması üçün ona baş etibarnamə verilməsini xahiş etmişdir. Iddiaçı da ona ##.##.2025-ci il tarixdə videoyazı vasitəsi ilə Bakı şəhəri * saylı notariat ofisində baş etibarnamə vermişdir. Cavabdeh Cavabdeh həmin baş etibarnamə ilə “xxxx” şirkətindən 2270 manat məbləğində sığorta pulunu almışdır. Bu barədə məlumatı iddiaçı bir müddətdir ki, yeni xəbər tutmuşdur. Belə ki, cavabdeh sığortadan almış olduğu tam vəsaiti ondan və dayısı Ramizdən gizlin saxlamışdır. Onlara almış olduğu pul vəsaitinin 1300 manat olduğunu söyləmişdir. Ilk öncələr nə iddiaçının, nə də əri Ramizin bu haqda xəbəri olmamışdır. Cavabdeh Cavabdeh banka ödənilməli olan kredit pulunu ödəmədiyi üçün, iddiaçı bankın pulunun ödənilməsindən müddət keçdiyi üçün, bankın pulunu ödəmək məqsədi ilə ##.##.2025-ci il tarixdə Türkiyə Respublikasına (bu barədə, xarici pasportunda ölkəni tərk edib və qayıdışı barədə möhürlü təsdiqini tapan sübutu iddia ərizəsinə əlavə edir) işləmək məqsədi ilə getməli olmuşdur və gedişindən iki ay sonra ##.##.2025-ci il tarixdə iddiaçı geri dönmüşdür. Iddiaçı evə geri qayıdandan sonra xəbər almışdır ki, cavabdeh Cavabdeh ona verdiyi baş etibarnamə əsasında, iddiaçının etibarından sui istifadə edərək xəbər vermədən, “Mercedes 230” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini qardaşı X1 borcu olduğu üçün borc əvəzinə verib onun adına sənədləşdirmişdir. Iddiaçı cavabdeh Cavabdeh yaşadığı ünvana dəvət edib ondan xəbərsiz maşını qardaşına borcu əvəzinə verib adına sənədləşdirdiyini, gələcəkdə banka ödənilməli olan borcu hansı imkanla ödəyəcəyini soruşduqda, o, hissə-hissə ödəməni söz versə də, bu günə qədər banka olan heç bir ödənişləri etməyib, ona olan borc pulllarını ödəməkdən yayınmışdır. Bu barədə iddiaçı cavabdehə verdiyi və cavabdehin iddiaçıya olan müxtəlif əsaslarla yaranmış borc pullarını ümumiləşdirib, bir vərəqdə qeydlərini etmişdir. Həmin qeydlər üzrə Cavabdeh iddiaçıya ümumilikdə ödənilməli olan borcu 18740 manat təşkil etmişdir. Cavabdeh Cavabdeh iddiaçının bank hesabına, bank hesabı üzrə 3000 manat ödəmə etmişdir. Həmin ödəmənin 1100 manat hissəsini 18740 manatdan çıxmaq məqsədi ilə ödəmə edib, qalan borcunun 17640 manat qalmasını və ödədiyi pulun 1900 manat hissəsini isə dayısı Ramizə olan borcdan silinməsini ondan xahiş etmişdir. Iddiaçının özünün apardığı borc qeydlərində, cavabdeh Cavabdeh ona olan borcunun 17640 manat düzəliş edilməsini xahiş etmişdir. Hal-hazırda cavabdeh Cavabdeh ona 2024-cü il tarixdən bu günə qədər olan borcu 4500+17640=22140 manat təşkil edir. Lakin, cavabdeh işləyib pul qazansa da, son zamanlar borclarını müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Cavabdeh Cavabdeh ilə qohumluq bağları olduğu üçün həmin pulların ödənilməsini ondan dəfələrlə xahiş etsə də, onu məcbur edib, hüquq mühafizə orqalarının vasitəsi ilə tələb etməmişdir. Eyni zamanda cavabdeh Cavabdeh bu müddət ərzində iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Həmin maddi mənəvi ziyan onun cavabdehin banka ödənilməli olan pulunu ödəmədiyi üçün, ailə büdcəsindən ayırıb, ödəmələri ilə bağlıdır. Cavabdeh Cavabdeh onun etibarından sui istifadə edərək, ##.##.2025-ci il tarixdə ona etdiyi müraciəti ilə ona Bakı şəhəri * saylı notariat ofisində videoyazı vasitəsi ilə verdiyi baş etibarnamə əsasında “Mercedes 230” minik markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini onu məlumatlandırmadan, ondan xəbərsiz qardaşı X1 adına sədənləşdirmiş və adına keçirmişdir. Cavabdeh Cavabdeh etibarından sui istifadə edib, qeyri-qanuni ondan xəbərsiz qardaşı X1 adına keçirdiyi “Mercedes 230” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin alqı-satqısının ləğv edilib, həmin minik maşının ona qaytarılmasını xahiş etmək məcburiyyətindədir. Cavabdeh Cavabdeh iddiaçıya ödənilməli olan 22140 manat borc pulunu, həmçinin vurduğu maddi, yəni borcu olan 22140 manat pulu hər hansısa bir banka qoyduğu zaman 5%-ə hesablanıldıqda 1107 manat faizi, mənəvi ziyana görə 1500 manat pulu, “X2” MMC-nin xidmət göstərilməsinə dair müqavilə üzrə cəmiyyətin hesabına ödənilmiş (qəbz əsasında) 500 manat pul vəsaitini, ümumilikdə 25247 manat məbləğində pulu tələb edir. Cavabdeh Cavabdeh iddiaya qarşı etiraz verərək, iddia tələblərinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinə əsasən iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəmədən "Mersedes 230" minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin alqı-satqısının ləğv edilib həmin minik avtomobilinin ona qaytarılmasını, cavabdehdən ödənilməli olan 22140 manat borc pulun, həmin borcun 5% qədər hesablanıldıqda 1107 manat əldən çıxan fayda, mənəvi ziyana görə 1500 manat, hüquqi xidmətə görə 500 manat olmaqla ümumilikdə 25247 manat pulun və ödənilmiş dövlət rüsumunun ondan tutulmasına aid qətnamə çıxarılmasını xahiş edir. Ona qarşı yönələn iddia tələbi əsassızdır: Iddiaçı qeyd edir ki, ona məxsus olan "Mercedes 230" markalı avtonəqliyyat vasitəsi üzərindəki səlahiyyətlərindən sui-istifadə edilmiş və avtomobil qanunsuz olaraq X1 adına keçirilmişdir. Iddiaçı etiraf edir ki, o, ##.##.2025-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində cavabdehə həmin avtomobil ilə bağlı rəsmi baş etibarnamə vermişdir. Qanunvericiliyə əsasən, etibarnamə əsasında hərəkət edən şəxs (nümayəndə) etibarnamədə göstərilən səlahiyyətlər çərçivəsində əqdlər bağlamaq hüququna malikdir. Mülkiyyət hüququnun ötürülməsi qanuni şəkildə həyata keçirildiyi üçün iddianın bu hissəsi əsassızdır. Iddiaçı cavabdehdən 22140 manat məbləğində borc pulun və əlavə faizlərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, yazılı sübutlar dəyişdirilməmiş və etibarlı formada olmalıdır. Əvvəlcə də qeyd edildiyi kimi, iddiaçının təqdim etdiyi sənədlərin üzərində qanunsuz düzəlişlər və əlavələr mövcuddur ki, bu da həmin sənədlərin sübut kimi qəbul edilməsini istisna edir. Həmçinin, iddiaçı tərəfindən irəli sürülən 1107 manatlıq "faiz" və ya gəlir itkisi tələbi qanunvericiliklə və ya tərəflər arasında bağlanmış hər hansı yazılı müqavilə ilə nəzərdə tutulmamışdır. Iddiaçı "X2" MMC-yə ödənilmiş 500 manat xərcin və 1500 manat mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qeyri-qanuni hərəkət edilmədiyindən, mənəvi zərərin ödənilməsi üçün qanuni əsaslar mövcud deyil. Hüquqi yardım xərcləri isə işin nəticəsindən asılı olaraq yalnız məhkəmə qərarı ilə müəyyən edilməli məsələdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının tam təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən yazılı şəkildə etiraf edilmiş borc üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh Cavabdeh iştirak etdiyi məhkəmə baxış iclasında iddiaçıdan və onun həyat yoldaşından bir neçə dəfə borc pul aldığını, həmin borcun bir hissəsini qaytardığını, hazırda iddiaçıya 12-13000 manat borcunun olduğunu bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh 18440 manat məbləğində borc, 1107 manat məbləğində gecikdirmə faizi, 500 manat məbləğində hüquqi xidmət haqqı və ödənilmiş 166 manat dövlət rüsumu olmaqla, cəmi 20213 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, iddiaçının təqdim etdiyi borc etirafına dair sənəddə düzəlişlərin və tarix məlumatının olmamasını nəzərə almamış, həmin sənədi mötəbər sübut kimi qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh hesab edir ki, iş materiallarında borcun 18440 manat məbləğində olmasını təsdiq edən kifayət qədər sübut yoxdur, həmçinin 4500 manat bank faizi və 1440 manat lombard borcu ilə bağlı iddiaçının mövqeyi sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ayrı-ayrı ödənişlərə dair 3000, 350, 300 və 2900 manat məbləğlərində ödənişlərin borc məbləğindən çıxılmaması və həmin sübutlara lazımi hüquqi qiymət verilməməsi mübahisələndirilmişdir. 1107 manat gecikdirmə faizinin tutulması barədə nəticə əsassızdır, belə ki, borcun icra müddəti müəyyən edilmədiyi və iddiaçının gecikmədən irəli gələn konkret zərəri sübuta yetirilmədiyi halda gecikdirmə faizinin hansı müddət və meyar üzrə hesablandığı qətnamədə əsaslandırılmamışdır. Bunlardan başqa mübahisənin məhkəmə aidiyyəti pozulmuşdur, tərəflərin fərdi sahibkar olmamaları və VÖEN-lərinin olmaması, mübahisənin mahiyyət etibarilə borc münasibətlərindən irəli gəlməsi işə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı olduğuna dəlalət edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmun ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibətində göstərdi ki, bundan öncə dəfələrlə məhkəmə iclasları olub və hamısında cavabdeh borcunu etiraf edib. Hamısının video yazıları var, xahiş edirəm onlara baxın. Hakim qarşısında ki məcburiyyəti olmayıb. Bizim 7 dəfə məhkəməmiz olub, hamısında öz dili ilə deyib. Kommersiya məhkəməsində 7 iclas olub. Ikisində iştirak etməyib, beşində iştirak edib. Biləsuvar Rayon Məhkəməsində vergi ödəyicisi olduqlarından iddiası baxılmamış saxlanılıb. Etiraf videosunu Biləsuvar Rayon Məhkəməsinə verməzdən öncə çəkmişdir. Belə ki, cavabdeh yenidən gəlib 10000 manat istəmiş və demişdi ki, işləyib borclarını qaytaracaq. O isə cavabdehə demişdi ki, sənin bu qədər borcun var, 10000 manat da versə borcu 30000 manata yaxın pul edir. Cavabdeh isə demişdi ki, mənə inanmırsansa, məni videoya çək, mən borcumu etiraf edim. Bunu da bütün məhkəmə iclaslarında deyib. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallaırnda olan sübutlarla aşağıdakılar müəyyən olunur. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli “Qiymətləndirmə aktı”ndan görünür ki, "Mercedes 230" minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir xərcləri, ehtiyat hissələrinin dəyəri 890 manat və icra olunan təmir-xidmət işlərinin dəyəri 1380 manat olmaqla, ümumilikdə 2270 manat təşkil edir. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh bank hesabına 2270 manat məbləğində vəsait köçürülmüşdür. Mədaxil qəbzlərinin surətlərindən görünür ki, ##.##.2025-ci il tarixli qəbzlə 1000 manat, ## ###### 2023-cü il tarixli qəbzlə 1200 manat, ##.##.2025-ci il tarixli qəbzlə 400 manat məbləğində pul vəsaitləri müxtəlif şəxslərin hesabına köçürülmüşdür. “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair Etibarnamə”lərdən görünür ki, iddiaçı İddiaçı müəyyən tarixlərdə ayrı-ayrı şəxslər tərəfindən müxtəllif nəqliyyat vasitələrinə dair bir sıra hüquqlar, o cümlədən sərəncam hüququ üzrə etibarnamələr verilmişdir. Həmçinin, iddiaçı İddiaçı tərəfindən həmin nəqliyyat vasitələrinə dair ayrı-ayrı şəxslərə etibarnamələr verilmişdir. ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair Etibarnamə”lərdən görünür ki, mülkiyyətçi X3 tərəfindən İddiaçı "Mersedes 230" minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair bir sıra hüquqlar, o cümlədən sərəncam hüququ üzrə etibarnamə verilmişdir, İddiaçı tərəfindən həmin səlahiyyətlər Cavabdeh ötürülmüşdür. “Hesabdan çıxarış”dan görünür ki, “xxxx” QSC tərəfindən X4 ##.##.2024-cü il tarixdə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş qeyddən və video görüntüdən onun iddiaçıya 18440 manat məbləğində borcunun olduğu müəyyən edilir. ##.##.2025-ci il tarixli mədaxil elanından görünür ki, İddiaçı tərəfindən göstərilmiş işlər üçün icraçı "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 500 manat məbləğində vəsait ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 882.1.-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2.-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyasının mövqeyi. Cavabdeh ilk növbədə mübahisənin ümumi məhkəməyə aid olduğunu, tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını və VÖEN-lərinin olmadığını bildirmişdir. Lakin iş materiallarından və iddia ərizəsindən tərəflərin VÖEN məlumatlarının mövcud olduğu, habelə mübahisənin avtomobillərin alqı-satqısı ilə əlaqədar tərəflər arasında formalaşmış münasibətlərdən irəli gəldiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi də tərəflər arasında avtomobillərin alqısatqısı məqsədilə pul vəsaitlərinin verilməsi və həmin fəaliyyət nəticəsində əldə olunan gəlirin bölüşdürülməsi barədə razılaşmanın mövcudluğunu müəyyən etmişdir. Bu baxımdan mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmadığı barədə apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Cavabdehin təqdim etdiyi qəbzlərin və digər ödənişlərin əsas borcdan çıxılmaması barədə dəlillərinə gəldikdə, birinci instansiya məhkəməsi həmin sübutları araşdırmış və onların hansı məqsədlə, kimə və hansı öhdəlik üzrə ödənildiyini müəyyən etməyin mümkün olmadığını əsaslandırmışdır. Apellyasiya baxışı zamanı da həmin ödənişlərin məhz iddiaçının tələb etdiyi borcun ödənilməsinə yönəldiyini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş, cavabdehin imzası ilə təsdiqlənən yazılı qəbzdə onun iddiaçıya 18440 manat borcunun olduğu və həmin borcu ödəyəcəyi göstərilmişdir. Bundan başqa, cavabdeh birinci instansiyada məhkəmə iclasında da iddiaçıya 12-13 min manat borcunun olduğunu bildirmiş, beləliklə, borc münasibətinin mövcudluğunu faktiki olaraq etiraf etmişdir. Bu sübutlar digər iş materialları ilə birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin 18440 manat məbləğində borcun tutulması barədə nəticəsi əsaslıdır. Qəbzdə düzəlişlərin olması və tarix göstərilməməsi barədə apellyasiya dəlili də qətnamənin ləğvi üçün əsas vermir. Belə ki, həmin sənəd məhkəmə tərəfindən təcrid olunmuş şəkildə deyil, tərəflərin izahatları, səs yazıları, video görüntü və digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Cavabdeh sənəddəki imzanın ona məxsusluğunu və borc münasibətinin mövcudluğunu təkzib etməmişdir. Bu səbəbdən sənədin müəyyən qüsurlarının onun sübut əhəmiyyətini tamamilə aradan qaldırdığı barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Apellyasiya şikayətində 4500 manat və 1440 manat məbləğlərinin borcun tərkibinə daxil edilməsinin sübuta yetirilmədiyi də göstərilmişdir. Lakin qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 22140 manatın yalnız cavabdeh tərəfindən etiraf edilmiş və sübutlarla təsdiqlənmiş 18440 manat hissəsini təmin etmiş, qalan hissəni rədd etmişdir. Deməli, məhkəmə sübuta yetirilməyən məbləğləri avtomatik olaraq borca daxil etməmişdir. Məhkəmə kollegiyası gecikdirmə faizinə dair hissədə apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Mülki Məcəllənin 445.1 və 445.7-ci maddələrinin tələblərinə görə, pul öhdəliyinin icrasının gecikdirilməsi halında kreditor gecikdirilmiş məbləğə illik beş faiz tələb edə bilər. Iş üzrə cavabdehin borcun mövcudluğunu qəbul etməsi, borcu ödəmək öhdəliyini üzərinə götürməsi və buna baxmayaraq ödəniş etməməsi onun öhdəliyin icrasını gecikdirdiyini təsdiq edir. Bu baxımdan gecikdirmə faizinin tutulması üçün hüquqi əsas mövcuddur. Amma iddiaçı 22140 manat əsas borca münasibətdə 5 faiz dərəcəsi ilə 1107 manat məbləğində gecikdirmə faizi tələb edilmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının 22140 manat məbləğində əsas borc tələbinin yalnız 18440 manat hissəsini əsaslı hesab edərək həmin məbləğin tutulmasını təmin etmişdir. Belə olan halda gecikdirmə faizi də iddia olunan 22140 manat məbləğinə deyil, məhkəmə tərəfindən təmin edilmiş 18440 manat əsas borc məbləğinə münasibətdə müəyyən edilməli idi. 18440 manat məbləğinə 5 faiz tətbiq edildikdə gecikdirmə faizi 922 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Sadalananla əsasən kolegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi 1107 manat gecikmə faizinin tutulması hissədə dəyişdirilərək, həmin məbləğ 922 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edisin. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi cavabdehdən 1107 manat gecikmə faizinin tutulması hissədə dəyişdirilsin və həmin məbləğ 922 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ilham Əsədov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-156/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-156/2026
19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver