Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-162/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadından (hakim Namidar Misirzadə) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı, Nəsimi rayon Icra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ##.##.2025-ci il tarixli ****/** saylı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və s. tələbə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı icra vərəqəsinə əsasən borclu İddiaçı MMC-dən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pul tutularaq tələbkar "X1" MMC-yə ödənilməlidir. ## #### 2026-cı il tarixli qərarla “Mercedes Benz GLS 580 4 Matic” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulmuşdur. “Mercedes Benz GLS 580 4 Matic” markalı avtomobil barədə cavabdeh Cavabdeh MMC tərəfindən ##.##.2025-ci ****/** nömrəli qiymətləndirmə rəyi hazırlanmışdır. Həmin rəydə əmlakın bazar dəyəri 280000 manat müəyyən edilmişdir. Lakin qeyd olunan qiymətləndirmə rəyi qanunvericiliyin tələblərinə və qiymətləndirmənin ümumi qəbul edilmiş metodologiyasına uyğun tərtib edilməmişdir. Bu səbəbdən qiymətləndirmə rəyi obyektiv hesab edilə bilməz, hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. Həmin rəy əsasında əmlakın satılması ilə bağlı hərrac keçirilməsi nəzərdə tutulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı əsasında iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçıya borclunun ipoteka predmeti olmayan əmlakının ilkin (başlanğıc) satış qiymətinin hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilmək hüququnun olduğu izah edilmişdir. Iddiaçı İddiaçı MMC qeyd edilən qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə borclunun ipoteka predmeti olmayan əmlakının ilkin (başlanğıc) satış qiymətinin hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməli olduğundan, hazırki iddia ərizəsinə iddia icraatı qaydasında baxıla bilmədiyini qeyd etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, bunun nəticəsində iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki ipoteka predmeti olmayan əmlakının ilkin (başlanğıc) satış qiyməti müəyyən edilərək hərraca çıxarılmış və hərrac keçirilmişdir. Bu səbəbdən məhkəmə işin faktiki hallarını araşdırmadan əsassız qərar qəbul etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin olunmamış və iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin hüquqi təbiətini düzgün müəyyən etmiş və iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması barədə düzgün nəticəyə gəlmişdir. Iş materiallarından görünür ki, “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat borclunun ipoteka predmetinə aid olmayan əmlakı ilə əlaqədardır və bu əmlakla bağlı hərrac keçirilməmişdir. Tərəf şikayətində hərracın keçirildiyini bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmiş, keçirilmiş hərracın nəticəsi barədə məlumat verməmişdir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” **/**** saylı, ##.##.2021-ci il tarixli qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməli olduğundan, məhkəmə iddia ərizəsini MPM-in 143.2.1-ci maddəsinə istinadla iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin ## ##### 2026-cı il tarixli “icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı sifariş”indən görünür ki, qiymətləndirilmiş əmlakın elektron hərracda satılması məqsədilə sifariş verilmiş, əmlakın qiyməti və hərrac üzrə ilkin satış qiyməti müəyyən edilmişdir. Lakin həmin sənəd yalnız əmlakın elektron hərraca çıxarılması və hərracın təşkili üçün sifariş verildiyini təsdiq edir və özlüyündə hərracın faktiki keçirilməsi barədə nəticəyə gəlməyə əsas vermir. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-162/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-162/2026
07.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver