Azərbaycan Respublikası adından Qətnamə İş № e-2-2(3-9)-167/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Cabbarov Tahir oğlunun, cavabdehlər cavabdeh2 və cavabdeh1 İlqar oğlunun iştirakları ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 İlqar oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdehlərdən cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 İlqar oğluna qarşı “kredit müqaviləsi üzrə borcun” tutulması tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 12 sentaybr 2024-cü il tarixli kredit müqaviləsi üzrə 13034,42 manat əsas borc, 1692,13 manat faiz borcu və 15,06 manat cərimə olmaqla, ümumilikdə 14741,61 manat borcun və 134,22 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 12 sentaybr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdeh3, cavabdeh4 və cavabdeh1 İlqar oğlu ilə 12 sentaybr 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. ## ###### 2025-dək cavabdeh2 banka 12 sentaybr 2024-cü il tarixli kredit müqaviləsi üzrə 13034,42 manat əsas borc, 1692,13 manat faiz borcu və 60,23 manat cərimə borcu olmaqla, ümumilikdə 14786,78 manat borcu vardır. cavabdeh2 12 sentaybr 2024 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcunun 60,23 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 15,0575 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi X1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh2 iddianı qəbul etdiyini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 13034,42 manat məbləğində əsas borc, 1692,13 manat məbləğində faiz borcu, 15,06 manat məbləğində cərimə borcu, ödənilmiş 134,22 manat dövlət rüsumu olmaqla, cəmi 14875,83 manat məbləğində pulun cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 İlqar oğlundan müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının maraqlarını nəzərə almış, onun mənafeyi isə diqqətdən kənarda qalmışdır. İddiaçı İddiaçı ASC ilə 12 sentaybr 2024-cü il tarixdə kredit müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən illik 21 faiz olmaqla 36 ay müddətinə 15000 manat kredit götürmüş, götürdüyü öhdəlikdən 3698,66 manat ödəniş etmiş, lakin biznesi iflas etmiş və bu səbəbdən də ödənişləri həyata keçirə bilməmişdir. Bununla bağlı dəfələrlə İddiaçı ASC-yə müəyyən güzəştlərin edilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Götürdüyü kredit məbləğinə hesablanan faizlər olduqca yüksəkdir və ağlabatan deyil. Birinci instansiya məhkəməsi şikayətində qeyd etdiyi hallara fikir verməmiş və müəyyən olunmuş faizlərin düzgün hesablanıb-hesablanması barədə müvafiq ekspertiza təyin etməmişdir. Maddi imkanı olmadığından keyfiyyətli hüquqi yardım alması üçün vəkillə müqavilə bağlaya bilməmiş, eyni zamanda hüquqi savadsızlığından məhkəməyə müvafiq vəsatətlər təqdim edə bilməmişdir. Hesab edir ki, konstitusiyon hüquqları kobud şəkildə pozulmuşdur, məhkəmə öz təşəbbüsü ilə müvafiq ekspertiza təyin etməli idi. Lakin bunları etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunan əsas borc hissədə razıdır, hesablanan faiz borcu hissədə qətnaməni mübahisələndirir. Apellyasiya şikayətində də iddianın qismən təmin olunmasını xahiş edərkən faiz borcunun yenidən hesablanmasını istəmişdir. Məhkəmədə cavabdeh cavabdeh1 İlqar oğlu apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən cavabdeh2 (borc alan) apellyasiya şikayətində iddia tələbinin qismən təmin olunmasını xahiş etməklə qətnaməni qismən, müəyyən olunan faiz borcunun məbləği hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən faiz borcunun məbləği hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallaırnda olan sənədlərlə aşağıdakılar müəyyən olunur. İddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (borc alan) cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli, *-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, cavabdeh2 aylıq 2.50 faiz dərəcəsi ilə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) cavabdeh1 İlqar oğlu arasında ##.##.2022-ci il tarixdə bağlanmış Z/*****/** saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditorla borc alan arasında ##.##.2022-ci il tarixdə bağlanmış *-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliklərin lazımınca icrası üçün məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı (kreditor) “xxxx” ASC ilə cavabdeh (borc alan) cavabdeh2 arasında ##.##.2024-cü ildə bağlanmış *-MCR-*-***-**/* nömrəli kredit verilməsinə dair müqavilədən görünür ki, cavabdeh2 aylıq faiz dərəcəsi 1.75 faiz təyin olunmaqla 36 ay müddətinə qaytarılması şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borc alan almış olduğu krediti ##.##.2024-cü il tarixdən başlayaraq hər ay 565.13 manat məbləğində ödənişlər etməklə ##.##.2027-ci il tarixinədək qaytarmalıdır. İddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdehlər (zamin) cavabdeh4 və (zamin) cavabdeh3 arasında ##.##.2024-cü il tarixdə bağlanmış Z/*****/** saylı və Z/*****/** saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər kreditorla borc alan arasında ##.##.2022-ci il tarixdə bağlanmış *-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliklərin lazımınca icrası üçün məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. “Hesabdan çıxarış” məlumatlarından görünür ki, verilən 15000 manat kreditin 9467,41 manat əvvəlki kredit borcunun bağlanmasına yönəldilmiş, 90 manatı kredit rəsmiləşdirilməsi üçün komissiya kimi, 10 manatı kredit tarixçəsi və iş yeri məlumatlarının əldə edilməsi üzrə xidmət haqqı kimi, 12,15 manatı faiz ödənişi kimi, 53,67 manatı nağdılaşdırma vergisi kimi tutulmuş, 5367 manat kredit məxaric edilmişdir. ##.##.2024-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, həmin tarixdə borc alan cavabdeh2 5367 manat nəğd kredit verilmişdir. “Maliyyə arayışı”ndan görünür ki, cavabdeh2 tərəfindən ##.##.2025-ci il tarixədək ümumilikdə əsas borc üzrə 1965,58 manat, faiz borcu üzrə 1733,08 manat ödəniş həyata keçirilmişdir, qeyd edilən tarixə onun kredit müqaviləsi üzrə əsas borcu 13034,42 manat, faiz borcu 1692,13 manat, cəriməsi 60,23 manat olmaqla, cəmi borc məbləği 14786,78 manat təşkil edir. İddiaçının cavabdehlərə ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *- MCR-*-***-**/* nömrəli kredit müqavilələrinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 İlqar oğluna xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdeh2 ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 13034,42 manat, faiz borcu 1692,13 manat, cərimə borcu 60,23 manat təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı ##.##.2025-ci il tarixinə hesablanan faiz və cərimə məbləğini tələb edə bilərdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi məhkəmənin səlahiyyətindədir, həmçinin kommersiya mübahisələrinə dair işlərdə apellyasiya baxışı zamanı vəkilin iştrakı məcburi deyil. Bu hal cavabdehin konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Hesablanan faizlərin yüksək olması barədə dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, ##.##.2024-cü il tarixli, *-MCR-*-***-**/* nömrəli kredit verilməsinə dair müqavilədə faiz dərəcəsi illik 21 faiz müəyyən edilmişdir. Apellyasiya şikayətində faizlərin ağlaban şəkildə hesablanmamasını bildirərkən cavabdeh bunun izahını verməmiş, hər hansı bir riyazi hesablanmaya əsaslanmamışdır. Bundan başqa bununla bağlı birinci instansiya məhkəməsində vəsatət verməmiş, əksinə iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi iş üzrə sübutları MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov İlham Əsədov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-167/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-167/2026
02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver