Məhkəmə qərarları › İş №e-2-2(3-9)-172/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-172/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-172/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, Işin halları: Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixli, sm**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 16457,59 manat, faiz borcuna görə 1792,08 manat, dəbbə borcuna görə 147,2 manat, cəmi 18396,87 manat məbləğində pulun və 146 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, sm**** saylı kredit müqaviləsinə əsasən illik 19% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq ##.##.2024-cü il tarixdə İddiaçı ASC-nin Sumqayıt filialı ilə digər cavabdeh(lər) cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin ##.##.2023-cü iltarixli, sm**** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. ##.##.2023-cü il tarixli, sm**** saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, sm**** saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 25-dən gec olmayaraq hər ay 1512,26 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit müqaviləsinin müddətinin uzadılması və güzəşt müddətinin verilməsi haqqında Əlavə razılaşmaya əsasən “Borc alan ##.##.2023-cü il tarixli sm**** saylı müqavilə üzrə ödəniş tarixinin ##.##.2024-cü il tarixdən əlavə 14 ay olmaqla (ümumilikdə 24 ay olmaqla) ##.##.2026-cı il tarixədək uzadılması tətbiq edilir. Borc alana 6 ay ərzində (dekabr, yanvar, fevral, mart, aprel, may) 500 manat ödəməklə güzəşt müddəti verilir. Güzəşt müddəti ərzində ödənilməmiş əsas və sentyabr, oktyabr, noyabr ayları güzəşt müddəti bitdikdən sonra qalıq əsas, faiz məbləği 18 ay müddətinə 19 faiz olmaqla bərabər şəkildə bölünərək borcalan tərəfindən ödənilir”. Lakin cavabdeh bu əlavə razılaşma üzrə də öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh cavabdeh1 ##.##.2023-cü il tarixli, sm**** saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 16457,59 manat, faiz borcuna görə 1792,08 manat, dəbbə borcuna görə 147,2 manat, borcun cəmi məbləği 18396,87 manat təşkil edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 15161,57 manat əsas borc, 488,12 manat faiz borcu, 147,2 manat dəbbə pulu olmaqla cəmi 15796,89 manat məbləğində kredit borcu və 137,39 manat iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, lişin hallarının yenidən araşdırılaraq məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza aparılarkən iş materiallarında olan maliyyə sənədləri düzgün qiymətləndirilməmiş, cavabdeh cavabdeh1 ##.##.2023-cü il tarixli, sm**** saylı kredit müqaviləsi üzrə borcunun hesablanması zamanı həmin kredit müqaviləsinə aid olmayan ödənişlər də nəzərə alınmışdır. Bank tərəfindən ekspertizanın aparılması üçün təqdim edilmiş hesabdan çıxarışlardan görünür ki, cavabdehin sm**** saylı kredit müqaviləsi bağlandığı tarixdə aktiv olan digər ##.##.2022-ci il tarixli, sm**** saylı kredit müqaviləsi üzrə ödənişləri, eləcə də hesab üzrə aparılmış, lakin hazırkı mübahisənin predmeti olan sm**** saylı kredit müqaviləsinə aidiyyəti olmayan əməliyyatlar yanlış olaraq mübahisələndirilən kredit üzrə ödəniş kimi nəzərə alınmışdır. Nəticədə iddia ərizəsində, maliyyə arayışında və pretenziya bildirişlərində göstərilmiş əsas və faiz borcu məbləği əsassız olaraq azaldılmışdır. Ekspert rəyi ilə tanış olduqdan sonra İddiaçı ASC tərəfindən ##.##.2026-cı il tarixdə “##.##.2026-cı il tarixli, */**** saylı ekspert rəyinə etiraz” təqdim edilmiş, həmin etirazda ekspert rəyində yol verilmiş yanlışlıqlar konkret göstərilmiş və məhkəmədən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin vəsatətə hüquqi qiymət verməmiş, təkrar ekspertiza təyin edilməsinin zəruriliyini araşdırmamış və vəsatətin qəbul və ya rədd edilməsi barədə əsaslandırılmış mövqe bildirməmişdir. Iddia qaldırılarkən bank tərəfindən ##.##.2025ci il tarixinə olan borc qalığı əsas götürülmüş, maliyyə arayışında, iddia ərizəsində və pretenziya bildirişində də məhz həmin tarixə olan borc məbləği göstərilmişdir. Lakin məhkəmə ekspertiza təyin edilməsi barədə qərardad qəbul edərkən sənədlərin qeydə alındığı tarixə olan borc qalığı barədə sual qoymuş, bu isə ekspertiza predmetinin Bankın iddia tələbi ilə tam uyğun gəlməməsinə və borc məbləğinin düzgün müəyyən edilməməsinə səbəb olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını, məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər üzürlü səbəblərini bildirmədən məhkəmədə iştirak etməmişlər. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Mülki Prosessual Məcəllənin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləvini istəsə də, məzmun etibarı ilə qətnaməni əsas və faiz borcu məbləğlərinin təmin olunmayan hissələrində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən əsas və faiz borcu məbləğlərinin təmin olunmayan hissələrində yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında ##.##.2023-cü il tarixli, sm**** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik 19% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. ##.##.2023-cü il tarixli, sm**** saylı kredit müqaviləsinə ##.##.2024-cü il tarixli “Kredit Müqaviləsinin müddətinin uzadılması və güzəşt müddətinin verilməsi haqqında” Əlavə Razılaşmaya əsasən, bütün şərtlər və girovu qalmaqla 6 ay (dekabr, yanvar, fevral, mart, aprel, may) müddətində 500 manat ödəməklə güzəşt müddəti verilməsi, ödənilməmiş qalıq əsas, faiz məbləği 18 ay müddətinə 19 faiz olmaqla, bərabər şəkildə bölünərək borcalan tərəfindən ödənilməsi təyin edilmişdir. Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2024-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Iddiaçı xxxx” ASC tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli pretenziya məktubları (bildirişlər) göndərmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə 16457,59 manat əsas borc, 1792,08 manat faiz borcu, 147,2 manat cərimə borcu olmaqla, cəmi 18396,87 manat məbləğində kredit borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** saylı, ##.##.2026-ci il tarixli rəyi ilə sm**** saylı, ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh1 banka olan borcu ##.##.2025-ci il tarixə əsas borc üzrə 15161,57 manat, faiz borcu üzrə 488,12 manat müəyyən olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Işdə olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən kredit razılaşması üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh (borc alan) cavabdeh1 həmin razılaşmalar üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin və razılaşmanın şərtlərinə uyğun olaraq iddiaçının cavabdehə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışlarda əksini tapan məlumatlardan müəyyən olunur ki, borc alanın əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı 22.07. 2025-ci il tarixinə hesablanan faiz və cərimə məbləğini tələb edə bilərdi. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası qarşısında da, məhz həmin tarixə hesablanan əsas borc və faiz borcunun məbləğlərinin müəyyən olunması sualı qoyulmuşdur. Ekspertizanın rəyinə əsasən sm**** saylı, ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh1 banka olan borcu ##.##.2025-ci il tarixə əsas borc üzrə 15161,57 manat, faiz borcu üzrə 488,12 manat müəyyən olunur. Rəyə əlavə edilmiş kredit ödənişləri və silinmələrin aparılması cədvəlindən görünür ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş ##.##.2025-ci il tarixdə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın rəyi nəzərə alınmaqla əsas borc və faiz borcu hissələrdə mübahisəyə düzgün, qanuni qiymət verilmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən təkrar mühasibatlıq ekspertizasının təyin olunmasına dair iddiaçının vəsatətinə münasibət bildirilməməsi hissədə dəlilinə qiymət verən kollegiya həmin dəlili əsassız hesab edir. Belə ki, iddiaçı bildirir ki, ekspert rəyində yol verilmiş yanlışlıqlar birinci instansiya məhkəməsinə ekspert rəyinə qarşı verilən etirazda konkret göstərilmiş və məhkəmədən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin vəsatətə hüquqi qiymət verməmiş, təkrar ekspertiza təyin edilməsinin zəruriliyini araşdırmamış və vəsatətin qəbul və ya rədd edilməsi barədə əsaslandırılmış mövqe bildirməmişdir. Lakin iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətə ## ##### 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında qiymət verilmiş, vəsatət əsassız hesab olunaraq təmin edilməmişdir. Apellyasiya baxışında da vəsatətlə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması xahiş olunmuş, bu zaman ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək hesablama metodikasına, mübahisəsi aparılan müqavilə üzrə təqdim olunan hesabdan çıxarışda başqa müqaviləyə aid ödənişlərin yer almasına dair istinadlar göstərilməmiş, bunun izahı verilməmiş, sadəcə belə bir halın olması ehtimalı irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında mübahisələndirilən hissələrdə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti (16457,59+1792,08 =18249,67; 15161,57 + 488,12=15649,69; 18249,67-15649,69=2599,98) 2599,98 manat təşkil etməklə 10000 manatdan az olduğundan, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ilham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar