Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-78/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması. Şirvan şəhəri, # #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim. Z.Abbasov) cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakıqətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh1, cavabdeh2, cavabdeh4, cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 7582,01 manat məbləğində krеdit bоrcu, 676,91 manat məbləğində faiz bоrcu və 386,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8645,15 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 106,45 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh1 və zaminlər cavabdeh2, cavabdeh4 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh1 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh1 İddiaçı QSC ilə ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 27 ay müddətinə,aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 13000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları ##.##.2025-ci il tarixli ***R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Bundan başqa, ##.##.2025-ci il tarixli ***S************ saylı və ##.##.2025-ci il tarixli ***S************ saylı və ##.##.2025-ci il tarixli ***S************ saylı Qoşulma barədə sazişlərlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh2, cavabdeh4, cavabdeh3zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdürlər. cavabdeh1 götürdüyü krеdit bоrcundan 5417,99 manat ödəmiş, onun 7582,01 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 120 gün üçün hesablanmış faiz borcu 676,91 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 120 gün üçün hеsablanmış cərimə 386,23 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də onların mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada ##.##.2023-cü il tarixli ***R********** nömrəli müqavilə üzrə 7582,01 manat məbləğində əsas borcun, 676,91 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu və ödənilmiş 106,45 manat dövlət rüsumu olmaqla, cəmi 8385,37 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin dəyişiklik edilərək həmin bu qətnamənin nəticə hissəsindən onun adının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışından xəbəri olmadığından iş üzrə öz etirazlarını və sübutlarını təqdim edə bilməmişdir. O, zaminlik öhdəliyini qəbul edərkən həmin müqavilənin hüquqi nəticələri barədə məlumatlandırılmadığını, tanışı cavabdeh1 ona kreditlə bağlı heç bir problem yaranmayacağını, bütün ödənişləri özünün həyata keçirəcəyini və zaminliyin yalnız rəsmiyyət xarakteri daşıdığını bildirdiyini qeyd etmişdir. Həmçinin İddiaçı QSC tərəfindən zamin kimi həqiqi məsuliyyət daşıdığı, eləcə də əsas borclunun maliyyə vəziyyətinin ağır olması və əvvəlki kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsi barədə ona məlumat verilmədiyi göstərilmişdir. Şikayətçi bildirmişdir ki, əgər bu hallardan əvvəlcədən xəbərdar olsaydı, zaminlik öhdəliyini qəbul etməzdi. Bundan başqa, bankla əsas borclu arasında ##.##.2025-ci il tarixli sazişlə kredit üzrə razılaşma və ödəniş planına dəyişiklik edildiyi, lakin bu hallar barədə də ona məlumat verilmədiyi qeyd olunmuş və buna görə işin yenidən araşdırılması, iddianın ona aid hissədə rədd edilməsi xahiş edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin o, ərizəsinə xəstəliyi ilə bağlı hər hansı sübut əlavə etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin dəyişiklik edilərək həmin bu qətnamənin nəticə hissəsindən onun adının çıxarılmasını və iddianın ona aid hissədə rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını cavabdeh cavabdeh3 münasibətdə qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 741.1-ci maddəsinə əsasən, Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, X1 subyekti kimi ##.##.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (3901892882) verilmişdir və o, hal-hazırda Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh X1 arasında bağlanmış ##.##.2023cü il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda, cavabdeh2 və cavabdeh4 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh X1 arasında bağlanmış ##.##.2023cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, Bank ümumi məbləği 13000 manat olan borc pulu aylıq faiz dərəcəsi 1.9167% olmaqla 27 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan ##.##.2025-ci il tarixli ***S************ saylı, ##.##.2025- ci il tarixli ***S************ saylı və ##.##.2025-ci il tarixli ***S************ saylı Qoşulma barədə sazişlərlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh2, cavabdeh4, cavabdeh3 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən X1 bank hesabına ##.##.2023- cü il tarixdə 13000 manat məbləğində kredit məbləği köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə son ödəniş tarixi ##.##.2026-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli ***R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə son ödəniş tarixi ##.##.2026-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, X1 ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşmasına əsasən əsas borc üzrə 7582,01 manat, faiz borcu 676,91 manat, cərimə borcu 386,23 manat olmaqla, cəmi borc məbləği 8645,15 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə cavabdeh X1 arasında bağlanmış ##.##.2023-ci il tarixli ***R********** saylı krеdit razılaşmasına əsasən yaranmış borcun ##.##.2025-ci il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh3 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, zaminliklə bağlı qoşulma sazişi qanunun tələblərinə uyğun bağlanmadığından etibarsız hesab edilməli, şikayətçi həmin öhdəliyi aldadılma nəticəsində qəbul etdiyindən müqaviləyə hüquqi qüvvə verilməməlidir. O, tanışının zaminliyin yalnız formal xarakter daşıdığını bildirməklə onu aldatdığını, müqavilənin görünüş üçün bağlandığını və əslində onun hər hansı məsuliyyət daşımayacağına inandırıldığını göstərmişdir. Həmçinin məhkəmənin işə baxarkən onun iştirakını təmin etmədiyi, yalnız bankın təqdim etdiyi sənədlərlə kifayətləndiyi, kredit borcunun düzgün hesablanmasının yoxlanılması üçün ekspertiza təyin etmədiyi və nəticədə sübutları tam, obyektiv və hərtərəfli araşdırmadan qətnamə qəbul etdiyi iddia edilmişdir. Bu səbəbdən şikayətçi qətnamənin dəyişdirilərək onun adının nəticə hissəsindən çıxarılmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə cavabdeh1 arasında əvvəlcə ##.##.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, həmin müqavilə əsasında isə ##.##.2023-cü il tarixli kredit sazişi üzrə sonuncuya 27 ay müddətinə 13.000 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin faktiki olaraq borcalanın hesabına köçürüldüyü, kreditdən istifadə edildiyi və borcalan tərəfindən müəyyən hissəsinin ödənildiyi iş materiallarında olan qəbz, hesab çıxarışları və maliyyə arayışları ilə təsdiq olunur. Eyni zamanda ##.##.2025-ci il tarixli qoşulma barədə sazişlərə əsasən cavabdehlər cavabdeh4, cavabdeh2 və cavabdeh3 həmin kredit öhdəliklərinin icrasına zamin durmuş və bank qarşısında birgə məsuliyyət götürmüşlər.
2. Apellyasiya şikayətində qeyd edilmişdir ki, şikayətçi zaminlik müqaviləsinin mahiyyətini anlamamış, tanışı cavabdeh1 sözlərinə inanaraq sənədləri imzalamış, ona zaminliyin yalnız formal xarakter daşıdığı bildirilmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər hüquqi baxımdan qətnamənin ləğvi üçün əsas yarada bilməz. Belə ki, Mülki Məcəllənin müqavilə azadlığı və iradə ifadəsi prinsiplərinə görə şəxsin imzaladığı sənədin məzmununu bilməsi və onun nəticələrini dərk etməsi prezumpsiyası mövcuddur. İş materiallarında şikayətçinin zamin qismində qoşulma barədə sazişi imzaladığı, onun imzasının saxtalaşdırıldığına, sənədin məcburiyyət altında imzalandığına və ya bank tərəfindən hər hansı qanunsuz davranışa yol verildiyinə dair heç bir sübut mövcud deyildir. Şikayətçinin tanışı tərəfindən aldadıldığını bildirməsi isə bankın hüquqlarına təsir göstərən və zaminlik öhdəliyini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Çünki həmin hallar yalnız şikayətçi ilə əsas borclu arasındakı daxili münasibətlərə aiddir və bankın bağlanmış müqavilədən irəli gələn hüquqlarını məhdudlaşdırmır.
3. Apellyasiya şikayətində Mülki Məcəllənin 337, 339 və 340-cı maddələrinə istinad edilməklə zaminlik sazişinin etibarsız hesab olunmalı olduğu göstərilmişdir. Lakin kollegiya qeyd edir ki, həmin normaların tətbiqi üçün müqavilənin etibarsızlığına səbəb olan halların mövcudluğu sübut edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, qoşulma barədə saziş yazılı formada bağlanmış, zaminlərin şəxsiyyəti müəyyən edilmiş, kredit müqaviləsi onlar tərəfindən imzalanmış və bank tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin də haqlı olaraq göstərdiyi kimi, müqavilənin etibarsızlığı barədə ayrıca məhkəmə aktı mövcud deyil, müqavilə tərəflərdən heç biri tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməmiş və iş materiallarında onun etibarsız hesab olunmasına əsas verən hər hansı sübut aşkar edilməmişdir. Bu səbəbdən şikayətçinin yalnız şəxsi mülahizələrə əsaslanan izahatları etibarlı yazılı sübutları təkzib edən dəlil kimi qəbul edilə bilməz.
4. Kollegiya həmçinin apellyasiya şikayətində göstərilən, əsas borclunun maliyyə vəziyyətinin çətin olması və bank tərəfindən bunun zaminlərə bildirilməməsi barədə dəlilləri də əsaslı hesab etmir. Çünki, zaminlik öhdəliyi məhz borclunun gələcəkdə öhdəliklərini yerinə yetirməməsi riskini özündə ehtiva edən təminat vasitəsidir. Qanun zaminlik müqaviləsinin etibarlılığını borclunun maliyyə vəziyyətinin zaminə əvvəlcədən izah edilməsindən asılı vəziyyətə salmır. Əks yanaşma zaminlik institutunun mahiyyətini aradan qaldırmış olardı.
5. Apellyasiya şikayətində bank ilə əsas borclu arasında ##.##.2025-ci il tarixdə ödəniş planına dəyişiklik edildiyi vurğulanmışdır. Lakin iş materiallarından görünür ki, həmin dəyişiklik kredit münasibətinin davamı olaraq rəsmiləşdirilmiş, kredit öhdəliyi ləğv edilməmiş, əksinə yeni ödəniş qrafiki müəyyən edilmişdir. Borcun mövcudluğu və ödənilməməsi isə həm maliyyə arayışı, həm hesabdan çıxarışlar, həm də kredit sənədləri ilə təsdiq olunmuşdur. İş üzrə müəyyən edilmişdir ki, əsas borclu kreditin yalnız 5417,99 manat hissəsini ödəmiş, 7582,01 manat əsas borc və 676,91 manat faiz borcu qalmışdır. Buna görə də bankın borcun tutulması barədə tələbi maddi hüquq normalarına tam uyğun olmuşdur.
6. Şikayətçinin məhkəmə iclasından xəbərdar edilmədiyi barədə dəlili də iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də MPM-in 185.5-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmışdır. Belə olan halda cavabdehin sonradan məhkəmə iclasında iştirak etmədiyini bildirməsi özlüyündə prosessual pozuntu kimi qiymətləndirilə bilməz.
7. Apellyasiya şikayətində mühasibatlıq ekspertizasının keçirilməsinin zəruri olduğu göstərilmişdir. Kollegiya həmin dəlili də əsaslı hesab etmir. Belə ki, apellyator birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya hər hansı etiraz və ya münasibət bildirməmiş, həmçinin borcun düzgün hesablanmaması ilə bağlı hər hansı vəsatət verməmişdir. Kollegiya həmçinin qeyd edir ki, ekspertiza xüsusi bilik tələb edən və mövcud sübutlarla müəyyən edilməsi mümkün olmayan halların aydınlaşdırılması məqsədilə təyin edilir. Hazırkı işdə isə kreditin verilməsi, kredit müqaviləsinin bağlanması, zaminlik sazişlərinin mövcudluğu, ödənişlərin hərəkəti və borcun qalığı bank sənədləri, hesab çıxarışları, maliyyə arayışları və tərəflərin imzaladıqları müqavilələrlə təsdiq edilmişdir. Şikayətçi həmin sənədlərin saxta olması, yaxud hesablamaların konkret olaraq hansı hissəsinin yanlış aparılması barədə hər hansı əsaslandırılmış etiraz irəli sürməmişdir. Buna görə də borcun məbləğinin müəyyən olunması üçün xüsusi bilik tələb edən mübahisəli hal mövcud olmadığından ekspertiza təyin edilməsinə ehtiyac olmamışdır. Məhz bu səbəbdən birinci instansiya məhkəməsinin ekspertiza təyin etməməsi MPM-in 97-ci maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin mövcudluğunu, kredit vəsaitinin verilməsini, zaminlik öhdəliklərinin qəbul edilməsini və kredit üzrə öhdəliklərin lazımi qaydada icra olunmamasını müəyyən etdikdən sonra Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 445.2.1, 739, 742 və 743-cü maddələrini düzgün tətbiq etmiş, əsas borcun və faiz borcunun tutulması barədə qanuni nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı işdə iddianın mübahisələndirilən hissəsi 10000 manatdan çox deyil, buna görə də çıxarılmış qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.