Məhkəmə qərarları › İş №e-2-2(3-9)-81/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-81/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-81/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması. Şirvan şəhəri, # #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7198,77 ABŞ dolları borcun - bundan 1.609,65 ABŞ dolları əsas, 721,66 ABŞ dolları faiz, 4.638 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 229,46 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 126,71 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ***/** nömrəli ##.##.2014- cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “Təsərrüfatın genişləndirilməsi” məqsədi ilə 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış ** nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7931,58 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7198,77 ABŞ dolları təşkil edir. Bundan 1609,65 ABŞ dolları əsas, 721,66 ABŞ dolları faiz, 4638 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonar AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 229,46 ABŞ dolları faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında əsas borcu qəbul etdiyini, faiz və cərimə borcunu qəbul etmədiyini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2014-cü il tarixli, ***/** nömrəli kredit razılaşması üzrə 2736,41 manat məbləğində kredit borcu və ödənilmiş 47,36 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2783,77 manat məbləğində pulun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi irəli sürülmüş, ##.##.2014-cü il tarixli ***/** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 32 faizlə 6.300 ABŞ dolları məbləğində kredit verilmiş, ##.##.2017-ci il tarixli əlavə sazişlə kredit borcu restrukturizasiya edilərək qalıq borc 7.931,58 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı tərəfindən 1.609,65 ABŞ dolları əsas borc, 721,66 ABŞ dolları faiz borcu, 4.638 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 229,46 ABŞ dolları faiz borcu və dövlət rüsumunun tutulması tələb edilsə də, Şirvan Kommersiya Məhkəməsi iddianı qismən təmin edərək yalnız əsas borcun manat ekvivalentində tutulmasına qərar vermiş, faiz, cərimə və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz tələblərini rədd etmişdir. Şikayət verən tərəf hesab etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanının müddəalarını hazırkı hüquq münasibətlərinə düzgün tətbiq etməmiş, kredit borcunu əsassız olaraq restrukturizasiya olunmalı borclar kateqoriyasına aid etmiş, halbuki cavabdehin həmin Fərman çərçivəsində restrukturizasiya prosedurundan istifadə etməsi müəyyən edilməmişdir. Həmçinin göstərilmişdir ki, ##.##.2019-cu il tarixinə əsas borcun ödənilməsi üzrə gecikmə müddəti 344 gün, faiz borcunun ödənilməsi üzrə gecikmə müddəti isə 254 gün olmuş, bu səbəbdən kredit öhdəliyi Fərmanda nəzərdə tutulan 360 gündən artıq gecikdirilmiş problemli kredit meyarına uyğun gəlməmişdir. Bundan başqa, məhkəmə iddia tələbi ABŞ dolları ilə irəli sürüldüyü halda əsas borcu manatla tutmaqla tələb predmetini dəyişdirmiş, kredit müqaviləsinin valyutasının ABŞ dolları olmasını və Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyini nəzərə almamış, həmçinin qətnamədə bu nəticəyə hansı hüquqi və faktiki əsaslarla gəldiyini kifayət qədər əsaslandırmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 229,46 ABŞ dolları məbləğində faiz borcunun tutulmasının rədd edilməsi hissəsində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***/** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh 24 ay müddətinə, illik 32 faiz olmaqla, 6300 ABŞ dolları məbləğində krеdit verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, ##.##.2014-cü il tarixli, ***/** nömrəli krеdit sazişi üzrə son ödəniş tarixi ##.##.2016-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan ##.##.2014-cü il tarixli, ***/** saylı kredit müqaviləsinə restrukturizasiya edilmiş ##.##.2017-ci il tarixli, ** nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7931,58 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh ##.##.2014-cü il tarixli, ***/** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 1609 ABŞ dolları 65 sent, faiz borcu 721 ABŞ dolları 66 sent, cərimə borcu 4638 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 229 ABŞ dolları 46 sent olmaqla, cəmi borc məbləği 7198 manat ABŞ dolları 77 sent təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli, ***/** nömrəli kredit müqaviləsinə əsasən yaranmış 7.198,77 ABŞ dolları məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 126,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, kredit müqaviləsinin 2019-cu il tarixli Fərmanın tətbiq dairəsinə düşməsi üçün zəruri olan 360 gündən artıq gecikmə şərtinin mövcudluğunu müəyyən etmədən faiz, cərimə və gecikdirilmiş dövr üçün hesablanmış faiz tələblərini rədd etmişdir. Cavabdeh kredit vəsaitini əldə etsə də, müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməmiş, buna görə də əsas borcla yanaşı müqavilə üzrə hesablanmış faizlərin, cərimənin və gecikdirilmiş vaxt üçün faizlərin tutulması üçün qanuni əsaslar mövcuddur. Eyni zamanda məhkəmə ABŞ dolları ilə tələb edilmiş borcu manatla müəyyən etməklə dispozitivlik prinsipini pozmuş, sübutlara obyektiv hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli ***/** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 6.300 ABŞ dolları məbləğində kredit verilmiş, sonradan ##.##.2017-ci il tarixli ** nömrəli Əlavə Sazişlə kredit öhdəliyi restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı qalıq öhdəliyi 7.931,58 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Restrukturizasiya edilmiş kreditin son ödəniş müddəti ##.##.2022-ci il tarixədək müəyyən edilsə də, cavabdeh həmin tarixədək öhdəliklərini tam icra etməmiş, nəticədə ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən onun 1.609,65 ABŞ dolları əsas borcu, 721,66 ABŞ dolları faiz borcu, 4.638 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 229,46 ABŞ dolları faiz borcu qalmışdır.

2. Birinci instansiya məhkəməsi cavabdehin kredit borcunun Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdiyini əsas götürərək belə nəticəyə gəlmişdir ki, iddia yalnız restrukturizasiya olunması təklif edilən borc məbləği həddində təmin edilməli, faiz, cərimə və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu isə tutulmamalıdır.

3. Kollegiya həmin nəticə ilə qismən razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən tələb edilən 229,46 ABŞ dolları məbləğində vəsait kredit müqaviləsi müddətində hesablanmış müqavilə faizi deyil, kredit müqaviləsinin qüvvədə olma müddəti başa çatdıqdan sonra cavabdehin pul öhdəliyini icra etməməsi nəticəsində yaranmış gecikdirilmiş dövr üçün hesablanmış faizdir. Bu tələb öz hüquqi mahiyyətinə görə müqavilə faizindən və ya dəbbə pulundan fərqlənir və bilavasitə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarında ifadə olunmuş hüquqi mövqedən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin başa çatması tərəfləri həmin müddətədək yol verilmiş öhdəlik pozuntularına görə məsuliyyətdən azad etmir və kredit müddəti bitdikdən sonra kreditor pul vəsaitindən istifadə imkanından məhrum olduğu üçün ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək müqavilə faizlərini, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi həmçinin vurğulamışdır ki, kredit təşkilatları fəaliyyətlərini əsasən kredit vəsaitlərinin dövriyyəsindən və faiz gəlirlərindən formalaşdırdıqlarından, borclunun kredit öhdəliyini vaxtında icra etməməsi kreditoru həmin vəsaiti yenidən dövriyyəyə buraxmaq və gəlir əldə etmək imkanından məhrum edir. Belə olan halda kreditor əldən çıxmış fayda şəklində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

4. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh kredit vəsaitini əldə etmiş, lakin kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra da əsas borcu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında əsas borcun mövcudluğunu etiraf etmiş, yalnız faiz və cərimə borclarını qəbul etmədiyini bildirmişdir. Bununla belə, əsas borcun ödənildiyini və ya öhdəliyin hər hansı əsasla xitam tapdığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Deməli, kredit müqaviləsinin müddəti bitdikdən sonra da kreditorun pul vəsaiti cavabdehin istifadəsində qalmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin restrukturizasiya ilə bağlı hüquqi nəticələri kredit müqaviləsinin müddəti bitdikdən sonra yaranmış gecikdirilmiş dövr üçün hesablanan faiz tələbinə də şamil etməsi düzgün hesab edilə bilməz. Çünki sözügedən tələb Fərmanın tətbiqi nəticəsində silinməsi nəzərdə tutulan müqavilə faizlərindən deyil, borclunun kredit öhdəliyini uzun müddət icra etməməsi nəticəsində yaranmış ayrıca mülkihüquqi məsuliyyətdən irəli gəlir. Hazırkı işdə də cavabdeh kredit müqaviləsi üzrə əsas öhdəliyi müəyyən olunmuş müddətdə icra etmədiyindən, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 229,46 ABŞ dolları məbləğində faiz müqavilə faizi və ya cərimə deyil, borclunun pul öhdəliyini gecikdirməsi nəticəsində kreditorun məruz qaldığı zərərin kompensasiyası xarakteri daşıyır. Buna görə də həmin məbləğin tutulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1, 443.2, 445.7 və 449.1-ci maddələrinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarında ifadə olunmuş hüquqi mövqenin tələblərinə tam uyğundur. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 229,46 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 229,46 ABŞ dolları məbləğində faiz borcunun tutulmasının rədd edilməsi hissəsində maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Buna görə də qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25.64 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qətnamənin mübahisələndirilən hissədə qiyməti 9111.995 manatdır ki, bu məbləğ də 10000 manatdan çox olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi kredit müqaviləsinin müddəti bitdikdən “iddianın Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 229.46 manat faiz borcunun təmin edilməməsi hissəsində” ləğv edisin, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin edilsin. Cavabdeh Cavabdeh kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 229,46 (iki yüz iyirmi doqquz ABŞ dolları qırx altı sent) ABŞ dollar faiz borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25.64 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar