Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-88/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı “xxxx” MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçı tərəfindən iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi əsası ilə Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən geri qaytarılmışdır. Iddiaçı “xxxx” MMC-nin nümayəndəsi şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız hesab edilir. Belə ki, iddiaçı tərəfindən əvvəlki iddia üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmiş, lakin iddia ərizəsi baxılmamış saxlanıldığı üçün həmin rüsumun geri qaytarılması qərara alınmışdır. Bu isə o deməkdir ki, həmin rüsum hüquqi nəticə yaratmamış və istifadə olunmamış hesab edilmişdir. Bundan sonra iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edilmiş və sistem tərəfindən qəbzin istifadə edilmədiyi təsdiq olunmuşdur. Əks halda, həmin qəbz yeni iddia ərizəsinə əlavə edilərkən sistem tərəfindən qəbul edilməzdi. Rüsum elektron qaydada ödənildiyindən, onun statusu “istifadə edilmiş” halından “istifadə olunmamış” vəziyyətinə keçirilmiş və bu səbəbdən həmin rüsumdan yenidən istifadə edilməsi texniki və hüquqi baxımdan mümkün olmuşdur. Bu hal faktiki olaraq rüsumun geri qaytarılaraq yenidən istifadə edilməsi ilə eyni hüquqi nəticə yaradır. Göründüyü kimi, iddiaçı tərəfindən dövlət rüsumu faktiki olaraq ödənilmiş və mövcud olmuşdur. Rüsumun əlavə edilməsi işin faktiki hallarına və elektron sistemin məlumatlarına zidd olmadığından, məhkəmənin rüsumun ödənilməməsi qənaətinə gəlməsini əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iddia ərizəsini əsassız olaraq geri qaytarmışdır. Belə ki, məhkəmə AR Konstitusiyanın 60-cı və AR MPM-nin 4-cü maddələrinin tələblərini pozmuşdur. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Iş materiallarında olan sübutları, tərəflərin izahatlarını və tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır.
1. Iş materiallarından görünür ki, iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə yenidən Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsinə yeni dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmiş, əvvəlki iş üzrə geri qaytarılması artıq məhkəmə qərardadı ilə müəyyən edilmiş ********** nömrəli qəbzi təqdim etmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq müəyyən etmişdir ki, həmin qəbz üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılması artıq ##.##.2026-cı il tarixli qərardadla həll edilmişdir və belə olan halda həmin qəbzin yeni iddia üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilməsi mümkün deyildir.
2. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən MPMin 152.1.5-ci maddəsinin tətbiqi tam qanuni və əsaslı olmuşdur. Belə ki, həmin norma imperativ xarakter daşıyır və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsinin geri qaytarılmasını nəzərdə tutur. Hazırkı işdə isə iddiaçı tərəfindən təqdim edilən sənəd mövcud iddia üzrə ödənilmiş dövlət rüsumunu deyil, əvvəlki iş üzrə geri qaytarılması artıq qərara alınmış rüsumu təsdiq edən qəbz olmuşdur. Bu səbəbdən həmin sənədin yeni iddia üzrə dövlət rüsumunun ödənilməsinin sübutu kimi qəbul edilməsi prosessual qanunvericiliyin tələblərinə zidd olardı.
3. Iddiaçının əsas arqumenti ondan ibarət olmuşdur ki, əvvəlki iş üzrə iddia baxılmamış saxlanıldığından dövlət rüsumu “istifadə olunmamış” hesab edilməli və həmin qəbzdən yenidən istifadə edilməsinə yol verilməlidir. Lakin bu mövqe iş materialları və prosessual hüququn mahiyyəti ilə uzlaşmır. Belə ki, dövlət rüsumunun geri qaytarılması məsələsi məhkəmə qərardadı ilə həll edilən müstəqil prosessual nəticədir. Şirvan Kommersiya Məhkəməsinin əvvəlki qərardadı ilə həm iddianın baxılmamış saxlanılması, həm də ödənilmiş 157,60 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Bu qərardad qanuni qüvvəyə minənədək belə, onda müəyyən edilən hüquqi nəticələr prezumpsiya xarakteri daşıyır və ləğv edilmədiyi müddətdə hüquqi qüvvəsini saxlayır. Birinci instansiya məhkəməsi də bunu düzgün qiymətləndirərək göstərmişdir ki, geri qaytarılması qərara alınmış dövlət rüsumunun yenidən təqdim edilməsi faktiki olaraq şəxsin əsassız şəkildə məhkəmə xərclərindən azad olunmasına gətirib çıxarardı.
4. Şikayətdə “Elektron məhkəmə” informasiya sisteminin qəbzi qəbul etməsi ilə bağlı istinadlar da məhkəmənin gəldiyi nəticəni təkzib etmir. Çünki elektron sistemin texniki olaraq sənədi qəbul etməsi həmin sənədin prosessual baxımdan etibarlı və kifayət qədər hüquqi əsas olması demək deyildir. Prosessual hüquqi qiymətləndirmə yalnız məhkəməyə məxsus səlahiyyətdir. Məhkəmə haqlı olaraq məsələyə texniki yox, hüquqi müstəvidə yanaşmış və müəyyən etmişdir ki, geri qaytarılması barədə qərardad qəbul olunmuş rüsum artıq əvvəlki prosessual münasibətin predmetidir və yeni iddia üzrə öhdəlik hesab edilə bilməz.
5. Bundan başqa, iddiaçının mövqeyi faktiki olaraq dövlət rüsumunun bir dəfə ödənilməklə qeyri-məhdud sayda iddialarda istifadə edilməsinə şərait yaradan yanaşmadır. Halbuki, dövlət rüsumu konkret prosessual müraciətə görə ödənilən məcburi ödənişdir və hər yeni iddia üzrə ayrıca ödənilməlidir. Əvvəlki iş üzrə rüsumun geri qaytarılması barədə qərardadın mövcudluğu həmin vəsaitin artıq dövlət büdcəsindən geri alınmalı pul vəsaiti statusu daşıdığını göstərir. Belə olan halda, həmin qəbzin eyni zamanda yeni iddia üzrə ödənilmiş rüsum kimi qəbul edilməsi hüquqi müəyyənlik və məhkəmə aktlarının məcburiliyi prinsipləri ilə ziddiyyət təşkil edir.
6. Birinci instansiya məhkəməsi düzgün olaraq MPM-in 15.2-ci maddəsinə istinad etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarının bütün şəxslər üçün məcburi olduğunu vurğulamışdır. Əgər məhkəmə geri qaytarılması qərara alınmış rüsumu sonradan yenidən istifadə edilə bilən rüsum kimi qəbul etsəydi, bu, əvvəlki qərardadın hüquqi nəticələrinin faktiki olaraq aradan qaldırılması anlamına gələrdi. Halbuki həmin qərardad nə ləğv edilmiş, nə də dəyişdirilmişdir.
7. Iddiaçının Konstitusiyanın 60-cı maddəsinə və MPM-in 4-cü maddəsinə istinad etməsi də əsassızdır. Məhkəməyə müraciət hüququ mütləq xarakter daşımır və qanunla müəyyən edilmiş prosessual qaydalara riayət olunması ilə həyata keçirilir. Dövlət rüsumunun ödənilməsi də həmin prosessual şərtlərdən biridir. Birinci instansiya məhkəməsi iddiaçını məhkəmə müdafiəsi hüququndan məhrum etməmiş, yalnız qanunun tələb etdiyi prosessual şərtə əməl edilmədiyini müəyyən etmişdir. Hətta qərardadda ayrıca göstərilmişdir ki, nöqsan aradan qaldırıldıqdan, yəni iddianın qiymətinə uyğun dövlət rüsumu ödənildikdən sonra iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Bu isə onu göstərir ki, məhkəmə iddiaçının məhkəməyə çıxış hüququnu deyil, yalnız prosessual intizamı təmin etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
Qərara aldı:
Iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.