Məhkəmə qərarları › İş №e-2-2(3-9)-90/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-90/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-90/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 12715,43 manat məbləğində krеdit bоrcu, 1146,09 manat məbləğində faiz bоrcu və 399,27 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14260,79 manat qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 132,78 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh3 və zamin cavabdeh2arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh3 120 ay müddətinə 200000 manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, ##.##.2023-cü il tarixli ***S************ saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh1 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh3 İddiaçı QSC ilə ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh3 götürdüyü krеdit bоrcundan 2284,57 manat ödəmiş, onun 12715,43 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 157 gün üçün hesablanmış faiz borcu 1146,09 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 157 gün üçün hеsablanmış cərimə 399,27 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də onların mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2023-cü il tarixli, ***R********* nömrəli müqavilə üzrə 12715,43 manat məbləğində əsas borc, 1146,09 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu və ödənilmiş 132,78 manat dövlət rüsumu olmaqla, cəmi 14014,3 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamə əsassız olmaqla maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən onun ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 12.715,43 manat əsas borc, 1.146,09 manat faiz borcu, 20 manat cərimə və dövlət rüsumunun tutulması qərara alınmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iş materiallarında olan maliyyə arayışlarını, hesab çıxarışlarını və ödənişlərin faktiki vəziyyətini tam və hərtərəfli araşdırmadan yalnız iddiaçının təqdim etdiyi hesablamalara əsaslanmış, təqdim edilmiş sübutların düzgünlüyünü, faizlərin hesablanma qaydasını və əsas borcun müəyyən edilmə metodologiyasını yoxlamamışdır. Qətnamədə göstərilən əsas borc məbləğinin faktiki ödənişlər nəzərə alınmadan şişirdilmiş formada müəyyən edildiyi, ödənişlərin əsas borca və faizlərə hansı qaydada yönəldilməsinin araşdırılmadığı bildirilmişdir. Eyni zamanda faiz borcu üzrə hesablamaların konkret dövrlər və tarixlər üzrə əsaslandırılmadığı, kredit müqaviləsinin şərtlərinin ədalətlilik və balans prinsiplərinə uyğunluğunun qiymətləndirilmədiyi, borcun yaranma səbəblərinin, gecikmələrin obyektiv səbəblərinin və restrukturizasiya imkanlarının araşdırılmadığı qeyd edilmişdir. Bundan başqa, işə cavabdehlərin iştirakı olmadan baxıldığı, onların müdafiə hüquqlarının tam təmin edilmədiyi, maliyyə hesablamalarının müstəqil qaydada yoxlanılmadığı və qətnamənin əsaslandırıcı hissəsində qanun normalarının konkret işin hallarına tətbiqinin izah edilmədiyi göstərilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı İddiaçı QSC tərəfindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində kredit borcunun düzgün hesablanmadığını və məhkəmə tərəfindən maliyyə hesablamalarının araşdırılmadığını bildirsə də, birinci instansiya məhkəməsində işə baxılan zaman kredit borcunun hesablanmasının yoxlanılması məqsədilə ekspertiza təyin edilməsi barədə hər hansı vəsatət verməmiş, həmçinin kredit borcunun düzgün hesablanmadığını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh tərəfindən kreditin ödənilməsi ilə bağlı qəbzlər, hesablamalar və ya digər maliyyə sənədləri təqdim edilmədiyindən, hətta ekspertiza keçirildiyi halda belə ekspert araşdırması yalnız bank tərəfindən təqdim edilmiş sənədlər əsasında aparılacaq və bunun da işin nəticəsinə təsir edən yeni halın müəyyən edilməsinə deyil, yalnız vaxt itkisinə səbəb olacağı ehtimal olunur. Bu səbəbdən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin isə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdeh məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmçinin iddiaçı məhkəməyə ərizə göndərərək göstərmişdir ki, cavabdehin birinci instansiya məhkəməsinin iclaslarından xəbərdar olsa da iclaslara gəlməmiş və müvafiq vəsatətlərlə çıxış etməmiş və bu səbəbdən də ekspertiza keçirlməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, cavabdeh borcun düzgün hesablanmamasını qeyd etsə də buna dair sübutlarını belə apellyasiya şikayətinə əlavə etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh cavabdeh3 apellyasiya şikayətində qətnamə əsassız olmaqla maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən onun ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 741.1-ci maddəsinə əsasən, Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə cavabdeh cavabdeh3 və zamin cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdeh3 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda, zamin cavabdeh2 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan cavabdeh3 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan ##.##.2023-cü il tarixli ***S************ saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh1 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, Bank ümumi məbləği 15000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh3 oğunun bank hesabına ##.##.2023-cü il tarixdə 150 manat komissiya haqqı çıxılmaqla, 15000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi ##.##.2026-ci il kimi müəyyən edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cavabdeh3 ##.##.2025ci il tarixə olan əsas məbləğ üzrə borcu 12715,43 manat, faiz üzrə borcu 1146,09 manat, cərimə borcu 399,27 manat olmaqla, cəmi borc məbləği 14260,79 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli krеdit razılaşmasına əsasən yaranmış 14260,79 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh3 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iş materiallarında olan maliyyə arayışlarını, hesab çıxarışlarını və ödənişlərin faktiki vəziyyətini tam və hərtərəfli araşdırmadan yalnız iddiaçının təqdim etdiyi hesablamalara əsaslanmış, təqdim edilmiş sübutların düzgünlüyünü, faizlərin hesablanma qaydasını və əsas borcun müəyyən edilmə metodologiyasını yoxlamamışdır. Qətnamədə göstərilən əsas borc məbləğinin faktiki ödənişlər nəzərə alınmadan şişirdilmiş formada müəyyən edildiyi, ödənişlərin əsas borca və faizlərə hansı qaydada yönəldilməsinin araşdırılmadığı bildirilmişdir. Eyni zamanda faiz borcu üzrə hesablamaların konkret dövrlər və tarixlər üzrə əsaslandırılmadığı, kredit müqaviləsinin şərtlərinin ədalətlilik və balans prinsiplərinə uyğunluğunun qiymətləndirilmədiyi, borcun yaranma səbəblərinin, gecikmələrin obyektiv səbəblərinin və restrukturizasiya imkanlarının araşdırılmadığı qeyd edilmişdir. Bundan başqa, işə cavabdehlərin iştirakı olmadan baxıldığı, onların müdafiə hüquqlarının tam təmin edilmədiyi, maliyyə hesablamalarının müstəqil qaydada yoxlanılmadığı və qətnamənin əsaslandırıcı hissəsində qanun normalarının konkret işin hallarına tətbiqinin izah edilmədiyi göstərilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarından müəyyən olunur ki, İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən borcalana 200.000 manat məbləğində kredit xətti açılmış, həmin müqavilə çərçivəsində ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit sazişi üzrə ona 36 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin borcalanın hesabına köçürüldüyü, ödəniş planının müəyyən edildiyi, habelə borcalanın kredit öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi işdə olan kredit müqaviləsi, kreditin verilməsinə dair qəbz, ödəniş planı, maliyyə arayışı və hesabdan çıxarışlarla təsdiq olunur. Birinci instansiya məhkəməsi də məhz həmin sübutlara əsasən müəyyən etmişdir ki, borcalan müqavilə üzrə öhdəliklərini pozmuş, kredit borcunun yalnız 2.284,57 manat hissəsini ödəmiş, nəticədə ##.##.2025-ci il tarixə 12.715,43 manat əsas borc və 1.146,09 manat faiz borcu yaranmışdır.

2. Apellyasiya şikayətində əsas borcun və faizlərin düzgün hesablanmadığı, maliyyə arayışının və hesabdan çıxarışın kifayət qədər araşdırılmadığı göstərilsə də, kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunmuş maliyyə arayışı və hesabdan çıxarış iş üzrə yazılı sübut qismində təqdim edilmiş, həmin sənədlərin saxtalığı, həqiqətə uyğun olmaması və ya hesablamaların yanlış aparılması barədə cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində borcun şişirdildiyi iddia olunsa da, borcalan tərəfindən əlavə ödənişlərin edildiyini təsdiq edən hər hansı ödəniş sənədi, bank çıxarışı və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. MPMin sübutetmə yükünü müəyyən edən normalarına görə isə tərəf istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan yalnız ehtimal və mülahizə xarakterli dəlillər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

3. Kollegiya həmçinin apellyasiya şikayətində göstərilən, faizlərin hesablanmasının əsaslandırılmaması barədə dəlili də əsassız hesab edir. İş materiallarından görünür ki, faizlərin hesablanma qaydası kredit müqaviləsində açıq şəkildə müəyyən edilmiş, kredit üzrə faiz dərəcəsi və hesablanma mexanizmi tərəflərin qarşılıqlı razılığı ilə razılaşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş faiz borcu məhz müqavilə şərtlərinə və bank tərəfindən təqdim edilmiş hesablamalara əsaslanmışdır. Cavabdeh isə həmin hesablamaların konkret hansı hissəsinin səhv olduğunu göstərməmiş, alternativ hesablamanı və ya mütəxəssis rəyini təqdim etməmişdir. Bu səbəbdən faiz borcunun müəyyən edilməsinin qanunsuz olması barədə nəticəyə gəlmək mümkün deyildir.

4. Apellyasiya şikayətində məhkəmənin işə birtərəfli yanaşdığı və cavabdehin müdafiə hüququnun pozulduğu da qeyd edilmişdir. Lakin iş materiallarından görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış (i/v. səh. 59, 61, 63, 73, 75 və 76), buna baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, iddiaya qarşı etirazlarını təqdim etməmiş, həmçinin məhkəmə qarşısında hər hansı vəsatətlə çıxış etməmişlər. Belə olan halda birinci instansiya məhkəməsinin MPM-in 185.5-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxması prosessual qanunvericiliyin tələblərinə tam uyğundur. Müdafiə hüququnun pozulması barədə dəlil yalnız tərəfin öz prosessual hüquqlarından istifadə etməməsi ilə əsaslandırıla bilməz. Məhkəmə cavabdehlərə öz mövqelərini bildirmək üçün qanuni imkan yaratmış, lakin onlar həmin imkandan istifadə etməmişlər. Qanunvericiliyə əsasən isə bütün sübutlar və vəsatətlər birinci instansiya məhkəməsində məhkəmə baxışı başlananadək təqdim edilməlidir.

5. Apellyasiya şikayətində ekspertiza təyin edilməməsinin də qətnamənin ləğvi üçün əsas olduğu göstərilsə də, kollegiya qeyd edir ki, iş üzrə mövcud yazılı sübutlar mübahisənin həlli üçün kifayət etmiş, hesablamaların yoxlanılması üçün xüsusi bilik tələb edən və ya tərəflər arasında əsaslı mübahisə doğuran hallar müəyyən edilməmişdir. Cavabdeh tərəfindən hesablamaların səhv olmasını təsdiq edən ilkin sübutlar təqdim edilmədiyindən məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etmək vəzifəsi yaranmamışdır.

6. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 739, 740, 742 və 743-cü maddələrini düzgün tətbiq etmişdir. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi etibarlı şəkildə bağlanmış, kredit vəsaiti borcalana verilmiş, borcalan isə müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də kreditorun əsas borcun və faiz borcunun tutulmasını tələb etmək hüququ yaranmışdır. Eyni zamanda məhkəmə cərimə məbləğini tam deyil, yalnız 20 manat hissəsində təmin etməklə tərəflərin mənafeləri arasında balansı da nəzərə almışdır.

7. Həmçinin iddiaçı tərəfindən verilmiş etirazda göstərilmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsində ekspertiza keçirilməsi barədə vəsatət vermiş, nə də kredit borcunun düzgün hesablanmaması barədə hər hansı sübut təqdim etmişdir. Müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarından xəbərdar olmuş, lakin iclaslara gəlməmiş və müvafiq vəsatətlərlə çıxış etməmişdir. Kollegiya həmin mövqeyi əsaslı hesab edir. Həqiqətən də apellyasiya şikayətində kredit borcunun yanlış hesablandığı iddia edilsə də, həmin iddianı təsdiq edən ödəniş qəbzləri, alternativ hesablamalar və ya digər maliyyə sənədləri təqdim edilməmişdir. Bu səbəbdən etirazda qeyd olunan dəlillər iş materialları ilə uzlaşır və apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını bir daha təsdiq edir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar