Məhkəmə qərarları › İş №e-2-2(3-9)-91/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-91/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-91/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbi barəsində iddiasına dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi İmanov Əfraz Qoçu oğlu və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbi barəsində iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakıqətnaməni qəbul etdi. İşin halları: İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı - alqısatqı müqaviləsi əsasında avans vəsaitə görə yaranmış 1.557,69 manat əsas, hesablanmış 1.032,23 manat cərimə, o cümlədən zaminliklə təmin olunmuş öhdəliyə görə yaranmış 17.923,98 manat borclarının və ödənilmiş dövlət rüsumuna görə 151,55 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Ağcabədi filialı və cavabdeh arasında bağlanmış 24 285 *** saylı 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 24.823,43 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqro-texniki xidmətlər göstərilmişdir (1.095,76 manat məhsulun sığorta haqqı və 71,37 manat qurutmatəmizləmə haqqı daxil olmaqla). Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, nəticədə cavabdehin təhvil götürdüyü avansın dəyərinə görə iddiaçıya 1.557,69 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1.032,23 manat təşkil edir. Bundan başqa, iddiaçı pambığın əkini-becərilməsi üçün cavabdehlə bağladığı sözügedən müqavilə üzrə sonuncunun zəruri pul vəsaiti ilə təmin edilməsi və buna uyğun kreditləşdirilməsi məqsədilə “xxxx” ASC (bundan sonra kreditor) qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür (##.##.2023-cü tarixli, **/** №-li zaminlik müqaviləsi). Belə ki, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə də əməletməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 17.923,98 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla zamin-iddiaçının bank hesabından tutulma edilməklə kreditora ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 17.923,98 manat zaminliklə təmin edilmiş öhdəlik üzrə borcu da yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi İmanov Əfras Qoçu oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni xam pambığın alqısatqısına dair müqavilə üzrə yaranmış 1.557,69 manat əsas borcun ondan tutulması hissəsində qəbul edərək, qalan hissəsinə etiraz etdi. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1.557,69 manat əsas borcun, 78 manat cərimənin, cəmi 1.635,69 manat məbləğində xam pambığın alıq-satıqısına dair müqavilə üzrə yaranmış borcun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi, 16.104 manat əsas borcun, 1819,98 manat faiz borcunun, cəmi 17.923,98 manat məbləğində zaminliklə təmin olunmuş öhdəliyə görə yaranmış borcun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi, 148,68 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı, ##.##.2026 tarixli qətnaməsinin 10550 (on min beş yüz əlli) manat hissəsinin saxlanılması və qalan hissəsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam müəyyən etməmiş, onun izahat və vəsatətlərini nəzərə almamışdır. Belə ki, o, “xxxx” MMC-dən 9.000 manat məbləğində subsidiya aldığını, qanunvericiliyə görə subsidiyaya faiz hesablanmasının mümkün olmadığını, lakin buna baxmayaraq həmin məbləğə 10 faiz əlavə hesablandığını bildirmişdir. Həmçinin pambığın tullantısı və nəmişliyinin həddindən artıq hesablanaraq pambığın çəkisindən artıq çıxıldığını, nəticədə borcun şişirdildiyini qeyd etmişdir. Bundan başqa, səpin işlərinin iddiaçının məsuliyyətsizliyi ucbatından gecikdirildiyini, çiyidə lazımi dərman preparatlarının vurulmadığını, becərmə mərhələsində tələb olunan texniki qulluq işlərinin vaxtında aparılmadığını, bunun nəticəsində qurdun çiyidi məhv etdiyini və 9 hektar torpaq sahəsinin yenidən səpilməli olduğunu göstərərək məhsuldarlığın aşağı düşməsində iddiaçının təqsirli olduğunu bildirmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və onun dəlillərinə uyğun izahat verərərk apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçıdan cəmi 9000 manat subsidiya almışdır. Həmçinin iddiaçı onun “xxxx” ASC-dəki öhdəliyi üçün də zamin durmuşdur. O, bankdan nə qədər kredit götürməsini xatırlamır, lakin bankda sənədləri imzalamışdır. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi İmanov Əfraz Qoçu oğlu apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində ümumiyyətlə “xxxx”-dan götürmüş olduğu krediti mübahisələndirmir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı, ##.##.2026 tarixli qətnaməsinin 10550 (on min beş yüz əlli) manat hissəsinin saxlanılması və qalan hissəsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1 – 475.2-ci maddələrinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə “MKT İstehsalat Kommersiya” MMC arasında 24 285 *** saylı, ##.##.2024-cü il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan sənədlərdən (qiymətlərin razılaşma protokolunun, pambıq qəbulu qəbzlərinin, qaimələrin, iş aktlarının və xidmət aktların surətlərindən) görünür ki, “MKT İstehsalat Kommersiya” MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 1.557,69 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilən maliyyə arayışının surətindən görünür ki, cavabdehin 1.557,69 manat əsas borcu və 1.032,23 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, “xxxx” ASC ilə “MKT İstehsalat Kommersiya” MMC arasında ##.##.2023-cü tarixli, **/** saylı əməkdaşlıq və zaminlik müqaviləsi (və ona əlavələr) bağlanmışdır. İş materiallarından görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında E*** saylı ##.##.2024cü il tarixli “sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair” kredit xətti (limiti) müqaviləsinə əsasən 100.000 manat məbləğində 12 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan “xxxx” ASC-yə olan kredit borcu haqqında arayışın surətindən görünür ki, cavabdeh Cavabdeh E*** saylı ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 16.104 manat əsas borcu, 1.819,98 manat faiz borcu, cəmi 17.923,98 manat məbləğində borcu vardır. Zamin “MKT İstehsalat Kommersiya” MMC (“xxxx” MMC) borclunun arayışda qeyd olunan borcunu ##.##.2025-ci il tarixdə tam şəkildə kreditora ödəmişdir. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziyanın surətindən görünür ki, cavabehə alqı-satqı müqaviləsi üzrə 1.557,69 manat və onun yerinə zamin qismində banka ödənilmiş 17.923,98 manat pulun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. Yeni ad ##.##.2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Cəmiyyətin hüquqi ünvanı, təşkilati hüquqi forması və VÖEN-i dəyişdirilməmişdir. İşdən görünür ki, Cavabdeh məhkəməyə ##.##.2026-cı il tarixdə ərizə ünvanlayaraq, hazırki iş üzrə iddianı 1.557,69 manat əsas borc hissəsində qəbul etdiyini, qalan hissəsində qəbul etmədiyini, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam müəyyən etməmiş, onun izahat və vəsatətlərini nəzərə almamışdır. Belə ki, o, “xxxx” MMC-dən 9.000 manat məbləğində subsidiya aldığını, qanunvericiliyə görə subsidiyaya faiz hesablanmasının mümkün olmadığını, lakin buna baxmayaraq həmin məbləğə 10 faiz əlavə hesablandığını bildirmişdir. Həmçinin pambığın tullantısı və nəmişliyinin həddindən artıq hesablanaraq pambığın çəkisindən artıq çıxıldığını, nəticədə borcun şişirdildiyini qeyd etmişdir. Bundan başqa, səpin işlərinin iddiaçının məsuliyyətsizliyi ucbatından gecikdirildiyini, çiyidə lazımi dərman preparatlarının vurulmadığını, becərmə mərhələsində tələb olunan texniki qulluq işlərinin vaxtında aparılmadığını, bunun nəticəsində qurdun çiyidi məhv etdiyini və 9 hektar torpaq sahəsinin yenidən səpilməli olduğunu göstərərək məhsuldarlığın aşağı düşməsində iddiaçının təqsirli olduğunu bildirmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh ilə iddiaçının hüquqi sələfi olan “MKT İstehsalat Kommersiya” MMC arasında ##.##.2024-cü il tarixli 24 285 *** nömrəli xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında cavabdehə avans ayrılmış, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, habelə müqavilənin icrası ilə bağlı müvafiq qaimələr, pambıq qəbulu qəbzləri, iş və xidmət aktları rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi həmin sənədləri tədqiq etməklə cavabdehin müqavilə üzrə 1.557,69 manat əsas borcunun qalmasını müəyyən etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh özü də məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli ərizəsində və məhkəmə iclasında həmin 1.557,69 manat əsas borcu qəbul etmiş, yalnız qalan hissəyə etiraz etmişdir. Bu hal borcun mövcudluğunun mübahisəsiz olduğunu göstərir və apellyasiya şikayətində həmin borcun əsassız hesablanmasına dair irəli sürülən ümumi xarakterli dəlillər iş materiallarında olan yazılı sübutlarla təkzib olunur.

2. Apellyasiya şikayətində cavabdeh 9.000 manat subsidiya aldığını, həmin məbləğə qanunsuz olaraq 10 faiz hesablandığını, pambığın tullantısı və nəmişliyinin artıq hesablandığını, səpin və becərmə işlərində iddiaçı tərəfindən nöqsanlara yol verildiyini göstərsə də, həmin halların hər hansı mötəbər sübutlarla təsdiq edilməsi iş materiallarından görünmür. Mülki Prosessual Məcəllənin sübutetmə yükünə dair müddəalarına görə istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara əsaslanan tərəfin üzərinə düşür. Cavabdeh isə apellyasiya şikayətində göstərdiyi bu faktları təsdiq edən ekspertiza rəyi, mütəxəssis arayışı, məhsul itkisini və ya tullantı faizlərinin düzgün hesablanmadığını göstərən hər hansı sənəd təqdim etməmişdir. Buna görə də həmin dəlillər yalnız mülahizə xarakteri daşıyır və birinci instansiya məhkəməsinin yazılı sübutlara əsaslanan nəticələrini təkzib etmir.

3. Kollegiya hesab edir ki, apellyasiya şikayətində məhkəmənin işi tam araşdırmaması və çəkişmə prinsipini pozması barədə dəlillər də əsaslı deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləmiş, müqavilələri, maliyyə arayışlarını, kredit sənədlərini, qaimələri, iş və xidmət aktlarını tədqiq etmiş, hətta cərimə hissəsində cavabdehin mənafeyini nəzərə alaraq tələb olunan 1.032,23 manat cəriməni tam deyil, Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə 78 manat məbləğində müəyyən etmişdir.

4. Zaminliklə təmin edilmiş öhdəlik üzrə 17.923,98 manat borcun tutulmasına dair hissədə də qətnamə qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “xxxx” ASC ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli kredit xətti müqaviləsi bağlanmış, həmin kreditin təminatı məqsədilə iddiaçı ilə bank arasında zaminlik müqaviləsi mövcud olmuşdur. Kredit üzrə cavabdehin 16.104 manat əsas və 1.819,98 manat faiz borcu yaranmış, nəticədə bank tərəfindən təqdim olunmuş arayış əsasında həmin borc məbləği zamin qismində çıxış edən iddiaçı tərəfindən kreditora ödənilmişdir. Mülki Məcəllənin 470.1, 472.2 və 475.1-ci maddələrinin tələblərinə görə öhdəliyi icra etmiş zaminə kreditorun hüquqları keçir və zamin ödədiyi məbləğin borcludan geri alınmasını tələb etmək hüququ qazanır. Birinci instansiya məhkəməsi məhz həmin normaları düzgün tətbiq edərək cavabdehin iddiaçıya qarşı 17.923,98 manat məbləğində regress tələbi üzrə borcunun yaranması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində isə bu hüquqi nəticəni təkzib edən hər hansı sübut təqdim olunmamışdır. Əksinə, cavabdeh kredit müqaviləsinin mövcudluğunu və kredit vəsaitindən istifadə etməsini mübahisələndirməmişdir.

5. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh E*** saylı ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 16.104 manat əsas borcu, 1.819,98 manat faiz borcu, cəmi 17.923,98 manat məbləğində borcu vardır. Həmçinin müəyyən edilir ki, Zamin “MKT İstehsalat Kommersiya” MMC (“xxxx” MMC) borclunun arayışda qeyd olunan 17.923,98 manat borcunu ##.##.2025-ci il tarixdə tam şəkildə kreditora ödəmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar