Məhkəmə qərarları › İş №e-2-2(3-9)-95/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-95/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-95/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı – pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı – 47.018,06 manat əsas borc, 7.052,06 manat dəbbə pulu, 253,21 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında malların alqısatqısına dair ##.##.2019-cu il tarixli № ****/**M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh isə alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimə və “malların təhvil qəbul” aktından aydın olur ki, ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinə kimi satıcı tərəfindən 109.355,74 manat (ƏDV daxil) məbləğində mallar alıcıya satılmışdır. Alıcının həyata keçirdiyi ödənişləri təsdiq edən bank hesabından çıxarışlardan məlum olur ki, alıcı tərəfindən alınmış malların müqabilində 62.337,68 manat (ƏDV daxil) məbləğində ödəniş həqiqətən də həyata keçirilmişdir. Lakin qalan məbləği təşkil edən 47.018,06 manat (ƏDV daxil) məbləğində pul vəsaitinin bugünədək alıcı tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli № ****/**M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20 %- dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 47.018,06 manat təşkil edir, həmin məbləğin 15 faizi 7.052,06 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 47.018,06 + 7.052,06 = 54.070,12 manat tələb məbləği yaranmışdır. Cavabdehə ##.##.2025-ci il tarixində, ****** saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 iş gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuş, nə də ki, məktuba bir cavab alınmışdır. ##.##.2019-cu il tarixli ****/**M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bu günədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş, lakin alıcı tərəfindən öhdəlik icra edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi İmaməliyev Tunar Misir oğlu iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 47.018,06 manat əsas borc, 2.351 manat cərimə olmaqla, cəmi 49.369,06 manat məbləğində pul vəsaitinin və 238,11 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı Qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin də qeyd etdiyi kimi, ##.##.2025-ci il tarixli üzləşmə aktı imzalanmamışdır və belə olan halda həmin akta əsasən borcun olması qənaətinə gəlmək olmaz. Həmçinin iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli rəyində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 92.674,36 manat məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, Cavabdeh MMC tərəfindən isə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 54.480 manat məbləğində ödəniş həyata keçirildiyi göstərilsə də, ödəniş tapşırıqlarında və hesabdan çıxarışlarda ödənişlərin təyinatı tam göstərilmədiyindən həmin ödənişlərin ##.##.2019-cu il tarixli ****/**M saylı alqı-satqı müqaviləsinə və elektron qaimə-fakturalara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Şikayətdə vurğulanmışdır ki, ekspert rəyinin məzmunundan da göründüyü kimi iddia əsaslı hesab edilə bilməz. Bundan başqa, iddiaçı və məhkəmə alqı-satqı müqaviləsinə istinad etsələr də, həmin müqaviləyə əsasən ödənişin hansı qaydada və müddətdə həyata keçirilməli olması, ödənişdə gecikmənin olub-olmaması və belə gecikmənin səbəbləri araşdırılmamış, eləcə də cavabdehin müqavilə öhdəliyini pozmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək üçün zəruri tədbirlər görməmiş, bununla da tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozmuşdur. Eyni zamanda məhkəmə sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, təqdim olunmuş müqaviləni düzgün hüquqi baxımdan təhlil etməmiş, iddiaçının istinad etdiyi halların tam sübuta yetirilib-yetirilmədiyini araşdırmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı Qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ****/**M saylı ##.##.2019-cu il tarixli alqı-satıq müqaviləsi bağlanmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli üzləşmə aktının sürətindən görünür ki, cavabdehin 47.013,73 manat məbləğində borcu qalmışdır. Lakin, üzləşmə aktı imzalanmamışdır. İş materiallarında olan sənədlərdən (elektron qaimə-fakturalar, ödəniş tapşırıqları, təhvilqəbul aktları) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mallar verilmişdir. Cavabdehin 47.018,06 manat məbləğində borcu qalmışdır. İş materialında olan iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə ünvanladığı ##.##.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** saylı, ##.##.2026-cı il tarixli rəyi ilə "xxxx" MMC ilə “xxxx" MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli, ****/**M saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən "xxxx” MMC-nə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 92.674,36 manat məbləğində (109.355,72 manat ƏDV-li) Elektron qaimə fakturalar göndərilmiş və təqdim edilmiş ödəniş tapşırıqlarına, hesabdan çıxarışlara əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 54.480,00 manat məbləğində pul ödənilmişdir. Lakin təqdim edilmiş ödəniş tapşırıqlarında, hesabdan çıxarış məlumatlarında ödənişlərin təyinatı tam göstərilmədiyindən həmin 54.480,00 manat məbləğində ödənişin ##.##.2019-cu il tarixli, ****/**M saylı alqı-satqı müqaviləsinə və Elektron qaimə fakturalara aid olub olmamasını müəyyən etmək mümkün olmadı. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmənin də qeyd etdiyi kimi, ##.##.2025-ci il tarixli üzləşmə aktı imzalanmamışdır və belə olan halda həmin akta əsasən borcun olması qənaətinə gəlmək olmaz. Həmçinin iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli rəyində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 92.674,36 manat məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, Cavabdeh MMC tərəfindən isə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 54.480 manat məbləğində ödəniş həyata keçirildiyi göstərilsə də, ödəniş tapşırıqlarında və hesabdan çıxarışlarda ödənişlərin təyinatı tam göstərilmədiyindən həmin ödənişlərin ##.##.2019-cu il tarixli ****/**M saylı alqı-satqı müqaviləsinə və elektron qaimə-fakturalara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Şikayətdə vurğulanmışdır ki, ekspert rəyinin məzmunundan da göründüyü kimi iddia əsaslı hesab edilə bilməz. Bundan başqa, iddiaçı və məhkəmə alqı-satqı müqaviləsinə istinad etsələr də, həmin müqaviləyə əsasən ödənişin hansı qaydada və müddətdə həyata keçirilməli olması, ödənişdə gecikmənin olub-olmaması və belə gecikmənin səbəbləri araşdırılmamış, eləcə də cavabdehin müqavilə öhdəliyini pozmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək üçün zəruri tədbirlər görməmiş, bununla da tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozmuşdur. Eyni zamanda məhkəmə sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, təqdim olunmuş müqaviləni düzgün hüquqi baxımdan təhlil etməmiş, iddiaçının istinad etdiyi halların tam sübuta yetirilib-yetirilmədiyini araşdırmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2019-cu il tarixli ****/**M saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmişdir. İşdə olan elektron qaimə-fakturalar, malların təhvil-qəbul aktları, ödəniş sənədləri, habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər yazılı sübutlar təqdim olunmuş malların cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edir. Birinci instansiya məhkəməsi də haqlı olaraq həmin sübutlara əsasən tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasını, iddiaçının müqavilə üzrə satıcı kimi öz öhdəliklərini yerinə yetirməsini və cavabdehin malları qəbul etməsini müəyyən etmişdir.

2. Apellyasiya şikayətində əsas dəlillərdən biri ondan ibarət olmuşdur ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli üzləşmə aktı imzalanmamışdır və buna görə də həmin akta əsasən borcun mövcudluğu qənaətinə gəlmək olmaz. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin borclu olması nəticəsinə yalnız həmin üzləşmə aktına əsasən gəlməmişdir. Əksinə, məhkəmə özü qətnaməsində üzləşmə aktının imzalanmadığını ayrıca qeyd etmiş, lakin bununla yanaşı elektron qaimə-fakturaları, təhvilqəbul sənədlərini, ödəniş tapşırıqlarını, hesabdan çıxarışları və ekspert rəyini məcmu halında qiymətləndirməklə borcun mövcudluğu barədə nəticəyə gəlmişdir. Buna görə də apellyatorun üzləşmə aktının imzalanmamasına dair istinadları qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.

3. Apellyasiya şikayətində həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli */**** saylı rəyinə istinad edilərək göstərilmişdir ki, ekspert ödəniş tapşırıqlarında ödənişlərin təyinatı tam göstərilmədiyindən 54.480 manat məbləğində ödənişin məhz mübahisəli müqaviləyə aid olub-olmadığını müəyyən edə bilməmişdir və bu səbəbdən iddia əsaslı hesab edilə bilməz. Kollegiya bu dəlili də əsaslı hesab etmir. Belə ki, ekspert rəyinin məzmunundan görünür ki, ekspert tərəfindən müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 92.674,36 (109.355,72 manat ƏDV-li) manat məbləğində mal göndərilməsi və cavabdeh tərəfindən müəyyən məbləğdə ödəniş edilməsi təsdiq edilmişdir. Ekspert yalnız ödənişlərin təyinatının tam göstərilməməsi səbəbindən həmin ödənişlərin konkret olaraq hansı qaimələrə aid edilməsini müəyyən edə bilməmişdir. Bu hal isə borcun olmamasını deyil, əksinə, təqdim edilmiş sənədlər əsasında müqavilə münasibətlərinin və qarşılıqlı hesablaşmaların mövcudluğunu təsdiq edir. Birinci instansiya məhkəməsi ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək cavabdehin 47.018,06 manat məbləğində əsas borcunun qalması nəticəsinə gəlmişdir ki, həmin nəticə iş materiallarına uyğundur.

4. Apellyatorun iddiaçı tərəfindən müqavilə öhdəliyinin pozulmasına dair sübut təqdim edilmədiyi barədə dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, müqavilə üzrə malların təqdim edilməsi, onların cavabdeh tərəfindən qəbul olunması, lakin ödənişin tam həcmdə həyata keçirilməməsi yazılı sübutlarla təsdiq edilmişdir. Cavabdeh isə MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq borcun ödənildiyini və ya öhdəliyin başqa qaydada xitam tapdığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Müqavilə üzrə malın qəbul edilməsinə baxmayaraq dəyərinin ödənilməməsi isə Mülki Məcəllənin 385.1, 442 və 567-ci maddələrinin mənasında öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin həmin normaları tətbiq etməsi işin hallarına və tərəflər arasında yaranmış hüquq münasibətlərinə tam uyğundur.

5. Apellyasiya şikayətində prosessual hüquq normalarının pozulması ilə bağlı göstərilən dəlillər də öz təsdiqini tapmır. Qətnamədən görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əksinə cavabdeh tərəf ##.##.2025-ci il tarixdə məhkəməyə teleqram vuraraq (səh. 141) məhkəməyə təqdim edəcəyi sübutlarının olmasını bildirmiş və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılması deməkdir. Bu səbəbdən məhkəmənin MPM-in 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Apellyator tərəfindən onun iştirakının təmin edilməməsi ilə bağlı hər hansı konkret prosessual pozuntu və ya müdafiə hüququnun məhdudlaşdırılması sübuta yetirilməmişdir.

6. Kollegiya həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 7.052,06 manat məbləğində cəriməni tam həcmdə təmin etməmiş, Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə işin hallarını nəzərə almış və cəriməni təxminən 3 dəfə azaldaraq 2.351 manat həcmində saxlamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar