Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1070/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-1070/2026

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1070/2026 10.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X1” ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixli, 774micBKX/24 saylı kredit müqaviləsi üzrəəsas kredit borcu üzrə 1202,39 AZN, faiz üzrə 81 AZN, cərimə üzrə 134 AZN, cəmi 1417,39 AZN və dövlət rüsumu kimi ödənilmiş 34,18 AZN məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 774micBKX/24 saylı kredit müqaviləsinə əsasən, borcluya 12 ay müddətinə, illik 24% ödəmək şərtilə, 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC iləCavabdeh2arasında xx.xx.2024-cü il tarixli, 774micBKX/24 saylı saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər Cavabdeh1 və zaminimüqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 1202,39 AZN, faiz üzrə 81 AZN, cərimə üzrə 134 AZN, cəmi 1417,39 AZN məbləğində banka borcu vardır.

İİ. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 774micBKX/24 nömrəli əsas kredit müqaviləsinə əsasən borcverən borcalana 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 (otuz iki) faiz (maksimum faktiki illik faiz dərəcəsi 32% olmaqla), minimum 1 (bir) ay, maksimum 120 (yüz iyirmi) ay müddətinə, xx.xx.2034-ci il tarixinədək müddət ərzində, Azərbaycan manatı ilə bu Müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür.

5. Daha sonra “X1” Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında imzalanmış xx.xx.2024-cü il tariхli, 774micBKX/24 saylı Əlavə kredit müqaviləsinə əsasən borcverən borcalana 12 ay müddətinə xx.xx.2025-ci il tarixinədək illik 24 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit vermişdir.

6. İddiaçı tərəfindən təqdim olunmuş Cavabdeh1 məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, 5000 manat vəsait xx.xx.2024-cü il tarixdə sonuncunun hesabına köçürülmüşdür.

7. xx.xx.2024-cü il tariхli, 774micBKX/24 saylı əsas kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı olaraq “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli, 774micBKX/24 saylı Zaminlik Müqaviləsi bağlanmışdır.

8. xx.xx.2024-cü il tariхli, 774micBKX/24 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olmaqla) ödəyəcək əsas məbləğ 5 000 manat, faizin məbləği 675 manat, cəmi ödəniləcək məbləğ 5675 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.

9. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2026-cı il tarixə cavabdehin 774micBKX/24 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1202,39 manat, faiz borcu üzrə 81 manat, cərimə borcu üzrə 134 manat olmaqla, cəmi 1417,39 manat borcu vardır.

10. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2026-cı il tarixə cavabdehin 774micBKX/24 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1202,39 manat, faiz borcu üzrə 113,4 manat, cərimə borcu üzrə 187,6 manat olmaqla, cəmi 1503,39 manat borcu vardır.

11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “X1” ASC Cavabdeh1 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 5.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

15. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit və zaminlik müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 1202,39 manat əsas borc, faiz borcu 81 manat məbləğində faiz borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən (əsas borclu və zamin) tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən xx.xx.2024-cü il tarixli, 774micBKX/24 nömrəli kredit müqaviləsi üzrə 1202,39 manat məbləğində əsas bоrc, 81 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

16. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 134 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

17. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

19. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 60 manat müəyyən edilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2024-cü il tarixli, 774micBKX/24 nömrəli kredit müqaviləsi üzrə 1202,39 manat məbləğində əsas bоrc, 81 manat məbləğində faiz borcu, 60 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 4,18 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

III. Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə qaydada 1202,39 manat əsas bоrc, 81 manat faiz borcu, 60 manat cərimə, 30 manat dövlət rüsumu, ümumilikdə 1373,39 (bir min üç yüz yetmiş üç manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4,18 (dörd manat on səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı “X1” ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar