Məhkəmə qərarları › İş №e-2-2(4-11)-108/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-108/2026

03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-108/2026 03.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: texniki xidmətlərin göstərilməsi müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC Cavabdeh QSC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSCdən vurulmuş 11875,5 (on bir min səksən yetmiş beş manat 50 qəpik) manat zərərin tutulması, gecikdirilmiş vaxt üçün əsas məbləğin 5%-i miqdarında, yəni 593 (beş yüz doxsan üç) manat pulun tutulması, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 825 (səkkiz yüz iyirmi beş) manat xidmət haqqının tutulması və ödənilmiş 127,40 (yüz iyirmi yeddi manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 13420,90 (on üç min dörd yüz iyirmi manat 90 qəpik) manat məbləğində pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Automobiles QSC ilə cavabdeh Şimal Servis QSC aralarında bağlanmış 51/11-20 nömrəli 18 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı QSC ilə tərəfindən Cavabdeh QSC-nin mülkiyyətində olan “Volkswagen Polo” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan aradan qaldırılaraq təmir edilmişdir. Bu zaman təmirə iddiaçı tərəfindən 11302,90 manat və 572.60 manat məbləğində vəsait xərclənmişdir. Təmir xərclərinin ödənilməsi məqsədilə iddiaçı tərəfindən göstərilmiş və xidmətlərin məbləğlərini əks etdirən 16 aprel 2024-cü il tarixli və 29 aprel 2024-cü il tarixli E-qaimələr cavabdehə göndərilmişdir. Ancaq Azərbaycan Automobiles QSC tərəfindən cavabdeh Şimal Servis QSC-nin mülkiyyətində olan “Volkswagen Polo” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmiş təmir xidmətlərinə görə ödəniş indiyə kimi iddiaçıya ödənilməmişdir. Bununla da 51/11-20 nömrəli 18 noyabr 2020-ci il tarixli müqavilənin 5-ci, 6-cı bəndlərinin şərtləri cavabdeh tərəfindən pozulmuş və ümumilikdə iddiaçıya 11875,5 AZN məbləğində ziyan vurulmuşdur.

3. Sonradan iddianın faktiki hallar hissəsinə dəqiqləşdirmə barədə verilmiş ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh QSC aralarında bağlanmış 51/11-20 nömrəli 18 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı QSC ilə tərəfindən 2024-cü il aprel ayında Cavabdeh QSC-nin mülkiyyətində olan 2 nəqliyyat vasitəsinə, “Volkswagen Polo” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Volkswagen Polo” **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanı aradan qaldırılaraq təmir edilmişdir. Bu zaman təmirə iddiaçı tərəfindən 11302,90 manat və 572.60 manat məbləğində vəsait xərclənmişdir. Təmir xərclərinin ödənilməsi məqsədilə iddiaçı tərəfindən göstərilmiş və xidmətlərin məbləğlərini əks etdirən 16 aprel 2024-cü il tarixli və 29 aprel 2024-cü il tarixli E-qaimələr cavabdehə göndərilmişdir. Ancaq İddiaçı QSC tərəfindən Cavabdeh QSC-nin mülkiyyətində olan “Volkswagen Polo” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Volkswagen Polo” **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmiş təmir xidmətlərinə görə ödəniş indiyə kimi iddiaçıya ödənilməmişdir.

4. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin direktoru Qanuni nümayəndə1 elektron kabinet vasitəsi ilə iddia tələbinə etiraz göndərərək göstərmişdir ki, iddiaçı və cavabdeh arasında 18 noyabr 2020-ci il tarixdə “Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə” dair 51/11-20 nömrəli Müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən Cavabdeh QSC-nin mülkiyyətində olan 2 nəqliyyat vasitəsinə- xx.xx.2024-cü il tarixində **-PD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 11302.9 manat (ƏDV daxil) və xx.xx.2024-cü il tarixində isə **-KT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 572.6 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 11875 manat məbləğində xidmət göstərilmişdir. xx.xx.2024-cü il tarixində **-PD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə göstərilmiş xidmət xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin aradan qaldırılması ilə bağlı olmuşdur. Cavabdeh nəqliyyat vasitəsinin təmirini İddiaçıya həvalə etmiş, xidmətdən sonra cavabdeh İddiaçının təqdim etdiyi xidmət aktına əsasən 11302.9 manat (ƏDV daxil) elektron qaiməni təsdiqləmişdir. Cavabdeh QSC-nin xətanı törətmiş və nəqliyyat vasitəsinə dəymiş 11302,9 manat məbləğində zərərin ödənilməsi məqsədilə cavabdeh X1 qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” tələbinə dair iddia ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə prosesi zamanı xərclərin əhəmiyyətli dərəcədə şişirdildiyi, real bazar dəyərinə uyğun olmadığı məlum olmuşdur. Belə ki, həmin iş üzrə məhkəmə icraatı zamanı iddiaçı “Azərbaycan Automobiles’’ QSC-nin təqdim etdiyi xidmət aktına əsasən 2 dəfə ekspertiza keçirilmişdir. “Fame Pro’’ QSC tərəfindən aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, “Volkswagen Polo” markalı, **-PD-*** qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2025-ci il tarixinə dəymiş zərər 5030 manat təşkil etmişdir. Mərkəzi Bankın reyestrinə daxil edilən müstəqil ekspert Əhməd Talıblının rəyinə əsasən, “Volkswagen Polo” markalı, **-PD-*** qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2025-ci il tarixə dəymiş zərərin həcmi 5100 manat təşkil etmişdir. İddiaçının onlara təqdim etdiyi xidmət aktında göstərilmiş ehtiyat hissələrinin, eləcə də işçilik üçün tələb olunan haqqın dəyəri real bazar qiymətlərinə uyğun olmadan tənasübsüz surətdə şişirdilmişdir. xx.xx.2024-cü il tarixində isə Cavabdehin **-KT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə İddiaçı tərəfindən 572.6 manat (ƏDV daxil) olmaqla xidmət göstərilmişdir. İddiaçının təqdim etdiyi xidmət aktına əsasən də 572.6 manat (ƏDV daxil) elektron qaimə Cavabdeh tərəfindən təsdiqlənmişdir. **-PD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə göstərilmiş xidmət dəyərinin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alsaq, **-KT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün göstərilmiş xidmətin dəyərinində real olmadığını hesab edir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə dair verilmiş etirazı müdafiə edərək, qiymətlənlərin şişirdildiyini nəzərə alıb, onun tərəfindən elektron sistemə yüklənilmiş rəylərə uyğun olaraq məbləğin tutulmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İcraçı İddiaçı QSC ilə sifarişçi Cavabdeh QSC arasında imzalanmış avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında 51/11-20 nömrəli, 18 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, icraçı İddiaçı QSC sifarişçi Cavabdeh QSC-nin sifarişi əsasında (servis və texniki xidmətlər) xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.

9. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesab-fakturalar əsasında həyata keçirir.

10. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AA24-003957 nömrəli iş kartından görünür ki, “Volkswagen Polo” markalı, **-PD-*** qeydiyyat nişanlı minik avtomobilinin təmiri üzrə 42 növ işlər yerinə yetirilmiş və görülmüş işlərin ümumi dəyəri 11302,90 manat məbləğində müəyyən edilmişdir.

11. İddiaçı QSC-nin tərtib etdiyi xidmətlərin göstərilməsi barədə xx.xx.2024-cü il tarixli cədvəldən görünür ki, sifarişçi Cavabdeh QSC-yə (VÖEN: **********) İddiaçı QSC tərəfindən 42 növdə xidmətlər göstərilmiş və həmin xidmətlərin ümumi dəyəri (ƏDV daxil olmaqla) 11302,90 manat məbləğində təşkil etmişdir.

12. Seriya MT2404 seriyalı, 00416678 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Cavabdeh QSC-nin sifarişi əsasında İddiaçı QSC tərəfindən 1724,17 manat ƏDV olmaqla, ümumilikdə 11302,90 manat dəyərində ehtiyat hissələri və təmir xidməti həyata keçirilmişdir.

13. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş AA24-005646 nömrəli iş kartından görünür ki, “Volkswagen Polo” markalı, **-KT-*** qeydiyyat nişanlı minik avtomobilinin təmiri üzrə 9 növ işlər yerinə yetirilmiş və görülmüş işlərin ümumi dəyəri 572,60 manat məbləğində müəyyən edilmişdir.

14. İddiaçı QSC-nin tərtib etdiyi xidmətlərin göstərilməsi barədə xx.xx.2024-cü il tarixli cədvəldən görünür ki, sifarişçi Cavabdeh QSC-yə (VÖEN: **********) İddiaçı QSC tərəfindən 9 növdə xidmətlər göstərilmiş və həmin xidmətlərin ümumi dəyəri (ƏDV daxil olmaqla) 572,60 manat məbləğində təşkil etmişdir.

15. Seriya MT2404 seriyalı, 00820633 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Cavabdeh QSC-nin sifarişi əsasında İddiaçı QSC tərəfindən 87,34 manat ƏDV olmaqla, ümumilikdə 572,60 manat dəyərində ehtiyat hissələri və təmir xidməti həyata keçirilmişdir.

16. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 01/25-312 nömrəli (təhlil və hesablamalar) rəydən görünür ki, “Volkswagen Polo” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2025-ci il tarixə dəymiş zərərin həcmi 5030 manat təşkil edir.

17. 2 ədəd foto-şəkildən görünür ki, ağ rəngdə olan “Volkswagen Polo” markalı nəqliyyat vasitəsi qabaq-sağ tərəfdən əzilmişdir.

18. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, 784 saylı müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən 784 saylı müqavilə üzrə Abşeron Rayon Vəkil Bürosunun hesabına 825 manat məbləğində ödəniş edilmişdir.

19. İşə əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir.

20. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında xx.xx.2020-ci il tarixli, 51/11-20 saylı avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan sifariş əsasında ümumilikdə 11875,50 manat dəyərində servis və texniki xidmətlər göstərmiş, lakin cavabdeh ona göstərilmiş xidmətlər üzrə hər hansı ödəniş etməmiş və bununla da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

22. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

29. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

30. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli və Cavabdeh QSC-dən xx.xx.2020-ci il tarixli, 51/11-20 nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi müqaviləsinə əsasən 11875,50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

31. Məhkəmə bu qənaətə gələrkən, cavabdehin nümayəndəsinin iddia tələbinə etirazında göstərdiyi, göstərilmiş xidmətlərin dəyərinin real bazar qiymətlərinə uyğun olmadığı və digər məhkəmə işində əldə edilmiş qiymətləndirmə rəylərinə əsasən nəqliyyat vasitəsinə dəymiş zərərin daha az məbləğdə müəyyən edildiyi barədə arqumentlərini də əsassız hesab edir.

32. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlər üzrə tərtib edilmiş elektron qaimə-fakturalar cavabdeh tərəfindən təsdiq edilmişdir. Elektron qaimə-fakturaların təsdiq edilməsi göstərilən xidmətlərin qəbul edildiyini və onların dəyəri ilə razılaşmanı ifadə edir. Buna görə də cavabdeh tərəfindən sonradan xidmətlərin dəyərinin şişirdildiyinə istinad edilməsi onun əvvəlcə ifadə etdiyi iradə ilə ziddiyyət təşkil edir və hüquqi nəticə doğura bilməz. Odur ki, digər məhkəmə işində nəqliyyat vasitəsinə dəymiş zərərin həcminin müəyyən edilməsi hazırkı iş üzrə tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə təsir göstərmir və cavabdehin razılıq verdiyi və iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə ödəniş etmək öhdəliyini tam və ya qismən aradan qaldırmır.

33. Məhkəmə iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 593 manat məbləğində vəsaitin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

35. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

36. Yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən, hazırkı iddia tələbinin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır ki, işin faktiki halları da iddiaçı tərəfindən işlərin görülməsinə baxmayaraq ona cavabdehin işlərin dəyərini ödənmədiyini təsdiq edir. Belə ki, gecikmə dedikdə razılaşdırılmış vaxtda, yaxud xəbərdarlıq olunmasına baxmayaraq, ondan sonra öhdəliliyin borclu tərəfindən icra edilməməsi başa düşülür.

37. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü tarixlərdə tərtib edilmiş elektron qaimə-fakturalar cavabdeh tərəfindən təsdiq edilsə də, ötən müddətdə müvafiq ödəniş həyata keçirilməyərək, əksinə gecikdirilmişdir. Bununla da cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş və bununla da pul öhdəliyinin icrasını gecikdirmişdir.

38. Beləliklə, işin müəyyən edilmiş halları ilə vaxtı çatmış öhdəliyin gecikməsində cavabdehin təqsirinin olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilərək gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 593 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Məhkəmə iddiaçının “hüquqi yardıma görə 825 manat xərcin tutulması” tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun məhkəmə tərəfindən konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə müəyyənləşdirildiyi göstərilmişdir.

40. İş materiallarından İddiaçı QSC-nin 784 saylı müqavilə üzrə Abşeron Rayon Vəkil Bürosunun hesabına 825 manat məbləğində ödəniş etdiyi müəyyən edilsə də, məhkəmə (iş üzrə 3 məhkəmə iclası keçirildiyini nəzərə alaraq) 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

41. Bu baxımdan məhkəmə qeyd edilən hissədə iddianı qismən əsaslı hesab edərək, cəmi 320 manat məbləğində pulun Cavabdeh QSC-dən tutulub İddiaçı QSC-yə verilməli olduğu qənaətinə gəlir.

42. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, 51/11-20 nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi müqaviləsinə əsasən 11875,50 (on bir min səkkiz yüz yetmiş beş manat 50 qəpik) manat məbləğində əsas və gecikdirilmiş vaxt üçün isə illik 5% məbləğində hesablanmaqla 593 manat pul vəsaiti, o cümlədən hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 127,40 manat dövlət rüsumu Cavabdeh QSC-dən tutulub İddiaçı QSC-yə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 51/11-20 nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi müqaviləsinə əsasən 11875,50 (on bir min səkkiz yüz yetmiş beş manat 50 qəpik) manat məbləğində əsas və gecikdirilmiş vaxt üçün isə illik 5% məbləğində hesablanmaqla 593 (beş yüz doxsan üç) manat, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 127,40 (bir yüz iyirmi yeddi manat 40 qəpik) manat olmaqla, ümumilikdə 12915,90 (on iki min doqquz yüz on beş manat 90 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh QSC-dən tutulub İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar