Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1167/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-1167/2026

20.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1167/2026 20.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 462.27 manat əsas borc, 66.16 manat faiz borcu və 4.09 manat cərimə borcu, xx.xx.2024cü il tarixli kredit müqaviləsi üzrə 3495.36 manat əsas borc, 507.32 manat faiz borcu, 27.68 manat cərimə borcunun və 65.63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasənCavabdeh1İddiaçı ASC-dən 120 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli kart vasitəsilə kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli online kredit verilməsinə dair məktuba əsasən Cavabdeh1İddiaçı ASC-dən illik 24% olmaqla 15 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin dekabr ayının 09-dək Cavabdeh1banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 462.27 manat əsas borc, 66.16 manat faiz borcu və 4.09 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 532.52 AZN borcu vardır. 2025-ci ilin dekabr ayının 09-dək Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3495.36 manat əsas borc, 507.32 manat faiz borcu və 55.36 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4058.04 AZN borcu vardır.Cavabdeh1 xx.xx.2024cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 55.36 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 27.68 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

İİ. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20-MCR-1-353- 24 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya görə cavabdehə 120 ay müddətinə, aylıq 2.50 % dərəcəsi ilə, 15000 manat məbləğində kredit limiti ayrılmışdır.

5. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20-MCR-1-353- 24 saylı kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq xx.xx.2024-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır.

6. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20-MCR-1-353- 24/2 nömrəli kart vasitəsilə kredit verilməsinə dair razılaşmaya əsasən cavabdehə illik 25 faiz olmaqla, 24 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir.

7. Cavabdeh1 xx.xx.2024-cü il tarixli online kredit verilməsinə dair məktuba əsasən cavabdehə iddiaçı tərəfindən illik 24 faiz olmaqla, 15 ay müddətinə, 5000 manat məbləğində kredit verilmişdir.

8. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2024-cü il tarixli, 20-MCR-1-353-24/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 462,27 manat, faiz borcu 66,16 manat, cərimə borcu 4,09 manat təşkil edir.

9. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2026-cı il tarixli, 20-MCR-1-353-24/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə əsas borcu 3495,36 manat, faiz borcu 507,32 manat, cərimə borcu 55,36 manat təşkil edir.

10. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2024-cü il tarixli, 20-MCR-1-353-24/2 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 262,27 manat, faiz borcu 87,91 manat, cərimə borcu 6,94 manat təşkil edir.

11. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2026-cı il tarixli, 20-MCR-1-353-24/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə əsas borcu 3447,36 manat, faiz borcu 719,4 manat, cərimə borcu 108,06 manat təşkil edir.

12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20-MCR-1-353-24/2 nömrəli və xx.xx.2024-cü il tarixli, 20-MCR-1-353- 24/SMS_LOAN_********** nömrəli kredit müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 462,27 manat məbləğində əsas borc, 66,16 manat məbləğində faiz borcunun, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3495,36 manat əsas borc, 507,32 manat faiz borcunun tutulması xahiş etsə də, iddiaçı tərəfindən verilmiş sonuncu maliyyə arayışlarından görünür ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə ödəniş edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixə olan maliyyə arayışlarına əsasən iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 262,27 manat, faiz borcu 87,91 manat, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 3447,36 manat, faiz borcu 719,4 manat təşkil edir.

17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixə olan maliyyə arayışlarında faiz borcu iddia tələbində göstərilən məbləğdən çox göstərilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

18. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 262,27 manat məbləğində əsas bоrc, 66,16 manat faiz borcu, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3447,36 manat əsas borc, 507,32 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

19. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 4,09 manat, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 27,68 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

20. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

21. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 262,27 manat əsas bоrc, 66,16 manat faiz borcu, 4,09 manat cərimə, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3447,36 manat əsas borc, 507,32 manat faiz borcu, 27,68 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 63,15 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 2,48 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

III. Nəticə:

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə (müştərək) qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 262,27 manat əsas bоrc, 66,16 manat faiz borcu, 4,09 manat cərimə, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3447,36 manat əsas borc, 507,32 manat faiz borcu, 27,68 manat cərimə, 63,15 manat dövlət rüsumu, ümumilikdə 4378,03 (dörd min üç yüz yetmiş səkkiz manat sıfır üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2,48 (iki manat qırx səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar