Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1658/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1658/2026

27.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1658/2026 27.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə yükdaşıma xidmətlərinə görə yaranmış 26838 manat məbləğində əsas borcun, müqavilə və qanunla nəzərdə tutulmuş halda, borcun ödənilməməsinə və gecikməsinə görə 5000 manat məbləğində pulun və iş üzrə ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərclərinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Lənkəran rayonu, Vilvan kəndidir. Həmin ünvan isə Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarının 23.14-cü bəndinə əsasən Lənkəran rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. Hazırkı işin cavabdehin hüquqi ünvanına uyğun olaraq Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmasını nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ və iddia ərizəsinin qaytarılmasının ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ var və iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar