Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1812/2026 06.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyin lazımınca yerinə yetirilməməsi nəticəsində Bakı şəhəri Nərimanov rayonu, X1 prospekti, bina B 23/25 ünvabnında yerləşən ümumi sahəsi 305.4 KV/m olan qeyri-yaşayış sahəsinə sərf etdiyi 350 000 (üç yüz əlli min) manat investisiya vəsaitinin, maddi ziyanın, ödənilmiş dövlət rüsumu 641 (altı yüz qırx bir) manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Ona görə də, müəyyən edilməli olan ilk məqam iş üzrə tərəflərin sahibkar statusuna malik olub-olmamasıdır. Qeyd edilməlidir ki, elektron məhkəmə informasiya sistemindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyata alınmasına dair hər hansı bir qeyd yoxdur, yəni cavabdeh tərəf VÖEN sahibi deyildir. Digər Cavabdeh1 məxsus VÖEN isə ləğv edilmişdir. Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir. Göründüyü kimi, işin məhkəmə aidiyyatı üzrə Kommersiya Məhkəmələrinə aid olması üçün ilk zəruri şərt, tərəflərin sahibkar statusuna malik olmasıdır. Hazırki iş üzrə isə cavabdehlər kimi qeyd edilmiş Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 sahibkar statusu yoxdur. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən Cavabdeh4 və Cavabdeh1, xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən isə Cavabdeh2 VÖEN hesabına malik olması, icarəyə verənlərin fərdi sahibkar kimi müqavilənin tərəfi kimi iştirak etmələri müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İzah edilməlidir ki, iddiaçı tərəf qeyd edilən tələblə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1812/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1812/2026
06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver